Mən gözəl
oluram şair olanda
Şah babamız Xətainin
qurduğu bütöv Azərbaycanıma şeirlər
pıçıldadım...
Müsahibimiz Azərbaycan Dövlət
Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynovadır
Qısa
arayış
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr
üzrə prorektoru, filologiya elmləri doktoru, professor, həmçinin
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının
filologiya elmləri və pedaqogika üzrə ekspert
şurasının sədri, Dövlət dil Komissiyası
yanında Monitorinq Mərkəzi Müşahidə
Şurasının üzvü, “Linqvistika problemləri” Beynəlxalq elmi
jurnalının təsisçisi və baş redaktoru, “Euroasia Journal of Social Sciences &
Humanities”, “Azərbaycan dili və ədəbiyyatın tədrisi”
jurnallarının redaksiya heyətinin üzvü.
Azərbaycan
Yazıçılar Birliyinin üzvü və Birliyin “Səməd
Behrəngi” Beynəlxalq mükafatının nominantı.
- Mahirə
xanım, sizinlə tanışlığa daha nələri əlavə
etmək istərdiniz?
- Dünyaya gəlməyimi... Azərbaycanın zəngin, zəngin olduğu qədər də möhtəşəm və təlatümlü tarixini özündə ehtiva edən Naxçıvanda, Babək rayonunun Xalxal kəndində, sadə bir ailədə doğulmuşam. Ailəmiz, elə o vaxtlar üçün də adi hal sayılmayacaq çoxuşaqlı ailələrdən olub və ailədə 11 qardaş-bacı olmuşuq. Mən də hamı kimi, orta məktəbdə təhsil aldım, orta məktəb illərindən sonra isə bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olundum. Ali təhsili başa vurandan sonra orta məktəbdə müəllim kimi çalışdım. Daha sonra pedaqoji fəaliyyətlə bərabər, apardığım elmi araşdırmalar o qədər intensivləşdi ki, seçim qarşısında qaldım və elmi seçdim. Günlərin birində tale məni məzunu olduğum ali məktəbdəki Müasir Azərbaycan dili kafedrasına gətirdi. O vaxtdan elmin çətin-hamar yollarındayam. Bir də onu deyim, elmi və pedaqoji fəaliyyətindən çox-çox əvvəl yoldaşlıq etdiyim bədii yaradıcılıqla intensiv məşğul olmağa da vaxt tapıram.
- Xalxalda keçən
yeniyetməliyinizi necə xatırlayırsınız?
- “Təəssüf ki, bütün uşaqlar rəssam olaraq qalmırlar”. Bu, dünyaca məşhur italyan rəssamı Pablo Pikassonun ifadəsidir və deyim ki, uşaqlığı xarakterizə edə bilən ən sərrast fikirdir. Bu ifadə özündə yalnız uşaq yaddaşının unikal keyfiyyətlərini deyil, o təfəkkürün biz böyüklər üçün sərhədsiz sayıla biləcək yaradıcılıq imkanlarının da göstəricisidir. Bu prizmadan yanaşsaq, uşaqlıq və yeniyetməlik çağlarım yaddaşımın mənimlə ömürlük yaşayacaq ən mərhəm səhifəsidir.
Əvvəl onu deyim ki, zəhmətə alışmağı, əməyi sevməyi və xeyirxah olmağı uşaqlıqdan öyrənmək lazımdır. Bu ən vacib insani keyfiyyətlərin formalaşması üçün ailədə yaranan mikromühiti isə ən vacib element olaraq qəbul etmişəm. Xalxal dünyanın ən ilıq və möcüzəli kəndi kimi yadımda qalıb. Əlbəttə, bütün çoxuşaqlı ailələr kimi, bizim ailədə də uşaqlıqdan hər birimiz üçün iş bölgüsü olub və deyim ki, həmin bölgüdən yaranan vəzifə öhdəliklərinin kiminsə yadına salındığını xatırlamıram. Oğlanlar və qızlar arasında “aparılmış” bu bölgü saat mexanizmi kimi işləyirdi. Onu da qeyd edim ki, həddindən artıq, bugünkü leksikonumuzla, demokratik qurulan bu bölgü, hər birimizi ancaq ev işlərinə “məhkum” etmirdi. Bizim qonşu uşaqlarla əylənməyimiz və əlbəttə, dərslərə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olurdu. Bu həyat xeyli davam etdi və günlərin bir günü məlum oldu ki, Xalxaldan köçürük.
Məsələ orada idi ki, bu köç məcburiyyətdən irəli gəlirdi. Bu səbəbdən də mənim on üç yaşım olanda ailə vəziyyətimizlə əlaqədar Abşeron rayonunun Novxanı kəndinə köçdük. Buradakı yeni mühitə, yeni insanlara uzun müddət öyrəşə bilmədim. Doğma kəndimin xiffətini çəkdim. Ona görədir ki, yeniyetməlik çağlarım kəndimizdən nə qədər uzaqlarda olsa da "Xalxalda keçib”-deyirəm..
Elə indi də yuxularımın çoxu ora ilə, Xalxalla bağlı olur. Buna görədir ki, uşaqlıq və yeniyetməlik illərimin ən şirin xatirələri Xalxalda qalıb. Yeri gəlmişkən, oxucuların, demək olar ki, yekdil qənaətinə görə, uşaqlığımın portreti “Sandal” hekayəsində pis alınmayıb.
- Bayaqdan iki dəfə işarə vurursunuz ki, bədii yaradıcılıqla da məşğul olursunuz. Bədii yaradıcılığa nə vaxt başlamısınız?
- Bədii yaradıcılığımın “leqallaşması” orta məktəbimizin yubileyi ilə birbaşa bağlı olub və həmin vaxtlar keçirdiyim həyəcanı unuda bilmirəm. Bunun “baiskarı” isə məktəbimizin yubiley tədbiri ilə bağlı fikirlərini şagirdlərlə bölüşən ədəbiyyat müəllimimizin gözü mənə sataşması və sözlü adama oxşaması oldu. Belə ki, o, mənim şeir “yazmağımı” bilirdi və buna görə də üzünü mənə tutub “Əminəm ki, bədii yaradıcılığı olan şagirdlərimizin yubileyə öz hədiyyələri olacaq”- dedi. Əlbəttə, onun sözləri o qədər birmənalı səsləndi ki, sinif yoldaşlarım bir nəfər kimi dönüb mənə tərəf baxdılar. Onda anladım ki, təvazökarlıq naminə hansısa fikri səsləndirmək yersiz olar. Beləcə, sonralar ilk mətbu şeirim “Məktəbim” yarandı:
Atamla-anamla adını sənin,
Tutmuşam həmişə qoşa, məktəbim.
Boynumuzda olan haqqın, əməyin,
Getməyəcək inan boşa, məktəbim.
Deyim ki, bədii yaradıcılığımın intensivləşməsi ilə bərabər, təkmilləşməsi birbaşa Ağamla (atamıza hamımız belə deyirdik) bağlıdır və yeri gəlmişkən, “Mələk” hekayəsində bunun necə baş verdiyini, elə başa düşürəm ki, təsvir edə bilmişəm.
Bir sözlə, bədii yaradıcılıqla uzun müddətdir ki, məşğulam və deyim ki, 30-a yaxın kitabın müəllifiyəm. Ümumilikdə, şeirlərimə onlarla mahnı bəstələnib və etiraf edim ki, boş vaxt tapanda həmin mahnıları dinləməyi sevirəm.
- Necə oldu ki,
elmi araşdırmalara üstünlük verdiniz?
- Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki orta məktəbdə ixtisasım üzrə işə başladım, Bakı şəhərindəki 43 saylı orta məktəbdə, sonralar Məktəb-Lisey Kompleksi adlanan təhsil ocağında müəllim kimi fəaliyyətimi davam etdirdim. Həmin illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görüldüm, döş nişanı ilə təltif edildim, “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olaraq I dərəcəli diplom aldım. Bu müddət ərzində müəllim kimi praktik fəaliyyətlə məşğul olsam da, Azərbaycan dilçiliyinin nəzəri məsələləri sahəsində elmi axtarışlarımı davam etdirirdim. Onu da deyim ki, elmi fəaliyyəti seçməyim, onunla ardıcıl olaraq məşğul olmağımla bağlı tərəddüdlərimə həyatını elmə bağlamış dayım-Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, ictimai-siyasi xadim Həsən Mirzəyev son qoyub. Hələ tələbəlik illərimdən hər bir uğurumu hadisə kimi qarşılayan dayımın ən böyük arzusu o idi ki, onun elmi yolunu davam etdirim və bu arzu o qədər ürəkdən gəlir, o qədər səmimi səslənirdi ki, nəhayət, günlərin birində dayımın nə vaxtdandır mənə gördüyü məsləhətləri həyata keçirmək qərarına gəldim. Həyat belədir, bəzən qərar vermək üçün illər lazım olur və şəxsən mən öz təcrübəmlə əminəm ki, bu, heç də asan proses deyil. Məsələ bundadır ki, tələbəlik illərimdə, təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, Tələbə Elmi Cəmiyyətinin ən fəal və məhsuldar nümayəndələrindən biri hesab olunurdum və ilkin tədqiqatlarım da Azərbaycan dilinin üslub xüsusiyətləri ilə bağlı idi. Universitet illərində və sonra araşdırmalarım müxtəlif qəzet və jurnallarda intensiv olmasa da dərc edilirdi. Lakin orta məktəbdə müəllimlik həyatına o qədər bağlandım ki, elmi tədqiqatlarla sistemli və ardıcıl məşğul ola bilmirdim. Nəhayət, rəhmətlik professor Həsən Mirzəyevin qətiyyəti tərəddüdlərimə son qoydu.
- Namizədlik və
doktorluq dissertasiyalarınız hansı mövzulara həsr
olunub?
- “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusu üzrə dissertasiya üzərində işlədim, müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Əlbəttə, professor Həsən Mirzəyev Azərbaycan dilçiliyinin azsaylı nümayəndələrindən biridir ki, Azərbaycan dilçiliyinin ən mübahisəli məsələlərinə aydınlıq gətirib. Onu demək kifayətdir ki, Azərbaycan filologiyasının inkişafında Həsən Mirzəyevin xidmətlərini onun tədqiqata cəlb etdiyi mövzuları sadalamaqla da göstərmək mümkündür. İstənilən ani peşəkar baxış kifayət edər ki, onun mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etdiyinin şahidi olasan. Buna görə, cəsarətlə onu demək olar ki, professor Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası və s.) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. Xatırladım ki, ümumi dilçilikdə, o cümlədən türkologiyada mübahisəli, həmçinin maraqlı səciyyəvi xüsusiyyətləri ilə zəngin olan Azərbaycan dilində feili sifət və təsirli-təsirsiz feillər mövzusu 70-80 ildən artıq müddətdə gah feil, gah da feili sifət bəhsinə daxil edilmişdir. O faktı xatırladım ki, onun “Müasir Azərbaycan dilində təsirli və təsirsiz feillər” kitabı 1979-cu ildə nəşr olundu. Nəşr olunan kitab haqqında onlarla rəy yazıldı və həmin rəylərin birində kitab dövrün aparıcı dilçiləri tərəfindən bu cür qiymətləndirilirdi: “Olduqca zəngin və ziddiyyətli cəhətlərə malik olan feilin təsirli-təsirsizlik kimi ilkin və əhəmiyyətli, leksik-qrammatik xüsusiyyətləri məhz bu əsərdə ilk dəfə geniş planda, kompleks şəkildə öyrənilmişdir. Həsən Mirzəyevin 20 ilə yaxın feilin müxtəlif qrammatik xüsusiyyətlərini öyrənməsi, xüsusilə təsirli və təsirsiz feillərə aid zəngin material toplaması əsərin müvəffəqiyyətlə yazılmasına səbəb olmuşdur”.
Sonralar elmi məclislərin birində tanınmış dilçi, mərhum professor Tofiq Hacıyev Həsən Mirzəyevi bu cür səciyyələndirmişdi: “Həsən Mirzəyev müasir Azərbaycan elminin feilidir”.
Məncə, bu ifadə professor Mirzəyevin alim kimi deyil, insan kimi də portretinin diqqəti cəlb edən ən dolğun cizgisidir.
Bunları ancaq Həsən Mirzəyevin elmi irsinin rəngarəngliyi və elmi əhəmiyyətinin genişliyini xatırlatmaq üçün deyil, mənim üçün o mövzuda yazmağı stimullaşdıran faktorları vurğulamaq üçün xatırlatdım.
Doktorluq dissertasiyası işimin mövzusu isə (onu diqqətinizə çatdırım ki, bu, paralel olaraq mənim ədəbi axtarış mövzularımdan biridir) “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil üslub xüsusiyyətləri” (Dərələyəz mahalı üzrə) olub.
Ümumiyyətlə, şifahi ədəbiyyatımızın parlaq xüsusiyyətləri aşıq və el şairlərinin yaradıcılıq nümunələrində ifadə olunur. Bu nümunələrin spesifikliyi isə ondadır ki, onlar özlərində yarandığı arealda yaşayan insanlarımızın ancaq dil xüsusiyyətlərini saxlamır, azca diqqətli oxucu belə, həmin nümunələrdə dövrün ictimai-siyasi ab-havasını da müəyyənləşdirə bilər. Bunlardan əlavə, həmin nümunələrdə hər bir əsər yarandığı zamanda xalqın yaşantılarının mükəmməl ifadəsidir. Onu qeyd edək ki, mövzumuzun əhatə dairəsinə düşən Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığı bütövlükdə Azərbaycan folklorunda ciddi ədəbi hadisə hesab olunur. Bu xüsusda professor Həsən Mirzəyevi bir daha ehtiramla anaraq onun tədqiqatlarının nəticəsi olaraq ədəbi ictimaiyyətimizə təqdim etdiyi Aşıq Cəlil, Aşıq Qəhrəman, Aşıq Paşa, Aşıq Fətulla, Aşıq Məhəmməd, Aşıq Bəhman kimi ustad aşıqlar, Aşıq Mehdi, Aşıq Rzaqulu kimi el şairlərinin adlarını çəkmək kifayət edər. Bir sözlə, doktorluq mövzusu ilə birbaşa bağlı olan bu cür və hətta tədqiqatlardan kənarda qalan xeyli yaradıcı insanlarımız kifayət qədərdir, hesab edirik ki, onların yaradıcılıq irsi bundan sonra da tədqiqatların subyekti olacaq.
- Demək olar ki,
elmi tədqiqatlarınız bədii
yaradıcılığınızla paralel gedir və diqqətimizi
çəkən faktorlardan biridir ki, sosial şəbəkələrdə
minlərlə izləyiciniz və
pərəstişkarınız var. Belə deyək,
yaradıcılığınızı onlardan gələn
“sosial sifarişlər”lə sinxronlaşdırmaq çətin
deyil ki?
- Sosial sifariş yaşadığın mühitin ab-havasından yaranan, insanın çiyninə düşən yükdür və hesab edirəm ki, yaradıcı şəxslərdə o yükün ağırlığı bir az da artır. Yeri gəlmişkən, o “yük”ü eramızdan əvvəl böyük filosof Aristotel belə təqdim edirdi: "Tarixçi ilə şair bir-birindən ancaq nitqinin qafiyəli və ya qafiyəsiz olması ilə fərqlənmir, onları fərqləndirən bir də odur ki, biri baş verənlərdən danışır, digəri baş verə biləcəklərdən. Ona görə də poeziya tarixdən daha fəlsəfi və ciddidir, çünki o, ümumini, tarix isə yalnız fərdi göstərir."
Nəcib Fazıl Kısakürək isə şeirə "Mütləq həqiqəti axtarış işidir" deyirdi. Hə, hər bir şeir həqiqət axtarışına gedən yoldur. Buna görədir ki, XX əsrin ən böyük şairlərindən biri kimi qəbul edilən Nazim Hikmət “Şairlər yolçuluk ediyor”- deyirdi.
Şairlik missiyadır və onların digər sənət adamlarından fərqi ondadır ki, şair ömrü qısa, çox qısadır. Mən bu “qısa”lıqla bağlı şəxsi təəssürratımı şeirlərin birində bu cür ifadə etmişəm:
Mən
gözəl oluram şair olanda,
Müqəddəs oluram şair olanda.
Ağlı
silkələyən, ruhu oynadan,
Həzin səs oluram şair olanda.
Onu diqqətinizə
çatdırım ki, həmin missiyanın ən möhtəşəm
nümayəndəsi sufi şairimiz Yunus
Əmrəni oxumaq, yenə oxumaq istəyirsən ki, yasamın
fəlsəfəsinə agah olasan. Bunun üçündür
ki, yaradıcı insanlar üçün “sosial sifariş” anlayışı
şəxsən bəndəniz üçün
aydın olmayan anlayışdır. Şair kimi
qəbul edilən insanlar cəmiyyətin üzvləridir və
digərləri ilə bərabər onlar da eyni hissləri
yaşamırlarmı? Ona görə də,
istənilən yaradıcı insanın hansısa
sinxronlaşmanı yaratması və yaxud saxlaması şəxsən
mənim üçün anlaşılmaz ifadə olaraq
qalır.
Bir də,
Spenserin bir fikrini xatırlatmaqla, yaradıcı insanların cəmiyyətdə
oynadığı və ya oynaya biləcəyi rolu yada
salardım: "Memarlıq, heykəltəraşlıq, rəssamlıq,
musiqi və poeziya haqlı olaraq sivil həyatın
çiçəyi olmaqla bərabər, hər bir cəmiyyətin
generasiya mənbəyidir".
- Qarşıdan görkəmli alimimiz, rəhmətlik
professor Həsən Mirzəyevin 95 illiyi gəlir. Universitetdə bununla bağlı hazırlıq
görülürmü?
- Sizin də
qeyd etdiyiniz kimi, 2022-ci ildə böyük dilçi-alim, Azərbaycan
üçün ən taleyüklü məqamda öz vətəndaş
mövqeyini ortaya qoyan ictimai-siyasi xadim, dəfələrlə
Azərbaycan Milli Məclisinin deputatı olmuş Həsən Mirzəyevin
95 illiyi tamam olur. Ümid edirəm ki, alim və
ictimai xadim xadim kimi onun elm və cəmiyyət
qarşısındakı xidmətləri haqq verir ki, bu yubiley
yüksək səviyyədə keçirilsin. Təbii ki, bu işdə ağırlığı
professorun öz ömrünün 60 ildən çox hissəsini
bağladığı Azərbaycan Dövlət Pedaqoji
Universitetinin üzərinə düşəcək və bu
istiqamətdə Universitetimizdə ilkin hazırlıq işləri
görülür. Yaxın günlərdə
Beynəlxalq konfrans düzənləyəcəyik və həmin
konfransa dünya miqyasında tanınan nüfuzlu
türkoloqların dəvəti nəsərdə tutulub.
Əminik ki, Azərbaycan dilçilik məktəbinin
görkəmli nümayəndələrindən olan Həsən
Mirzəyevin 95 illik yubileyi yüksək səviyyədə
qeyd olunacaq.
- Siyasət sizin işiniz olmasa da
maraqlanırsınızmı?
- Bəli.
Siyasi hadisələrin belə qaynar
çağında onunla maraqlanmamaq olarmı? Vətənimizin taleyi ilə bağlı olan
bütün siyasi hadisələrlə maraqlanıram. Son günlərdə ABŞ Konqresinin Nümayəndələr
Palatasının ermənipərəst spikeri Nensi Pelosinin
İrəvana qalmaqallı səfəri diqqətimdədir.
Ancaq əminəm ki, onun səfərinin ciddi nəticələri
olmayacaq və bundan narahatlıq keçirmək lazım deyil.
Axı, o, ABŞ dövlətinin rəsmi
mövqeyini deyil, öz partiyasının mövqeyini bildirib.
Orada isə partiyaların öz mövqelərini
tez-tez dəyişdiyinin şahidi olmuşuq.
-KİV-lə əlaqəniz
varmı?
-Əlbəttə.
- Ara-sıra, yoxsa...?
- Xeyr, o əlaqələrin
kifayət qədər intensiv olduğunu qeyd etmək olar. İstər elektron, istərsə də çap
kütləvi informasiya vasitələrində
vaxtaşırı müxtəlif mövzularda yazılarla
çıxış edirəm. Həmin mövzuların
isə spektri genişdir: sosial mövzulardan ədəbi
mövzulara qədər. Onların arasında Azərbaycan
Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Azərbaycan
müəllimi”, “Xalq”, “Ədəbiyyat” qəzetləri, “Ulduz”
jurnalı və başqa dövri nəşrləri xüsusilə
qeyd etmək istərdim.
- Gənc nəsli necə görmək
istərdiniz?
- Bəşəri
olmaqla bərabər, milliliyini qoruyub saxlayan və o milliliklə
bir yerdə xalqımızın qədim və zəngin mədəniyyətinin
daşıyıcısı olan nəsil kimi. Bunlarla bərabər,
dünyəvi, zəhmətkeş, savadlı və ən
başlıcası, səmimi..! Hesab edirəm
ki, səmimi və zəhmətkeş olan hər bir insan qiymətlidir
və bu keyfiyyətlərlə o, dünyanın hər
hansı ölkəsində yaşaya və cəmiyyətin rəğbətini
qazana bilər.
- Bildiyimizə görə, bir
çox xarici ölkələrdə olubsunuz və
yadınızda qalan ən unudulmaz təəssüratlarınız
varmı?
- Hə,
düzdür, dünyanın çox yerlərində
olmuşam. Xəyalımda dəfələrlə gedib gəldiyim
İraqda- türkman ellərində səyahətdə olanda,
Bağdadda, nağıl və dastanlarımızdan təhtəlşüuruma
həkk olunan, xurma bağlarının ekzotik mənzərələri…
Ərdəbili, Xoyu, Mərəndi, Təbrizi, Qəzvini və
digər şəhərləri gəzəndə
gözümün önündə Şah babamız Xətainin
qurduğu bütöv Azərbaycanıma şeirlər
pıçıldadım… Səudiyyə Ərəbistanı-Məkkə,
Mədinə, Ciddə şəhərlərini gəzdikcə
Allahın sonuncu elçisi Məhəmməd peyğəmbərin
ayağı dəyən torpaq kimi qürurlandım… Bundan başqa Almaniya, Avstriya, Fransa, İtaliya,
İsveçrə, Çexiya, Slovakiya, Sloveniya və digər
Avropa ölkələrində də səyahətdə
olmuşam. Təbii ki, müxtəlif mədəniyyətlərin
çarpazlaşdığı, bir harmoniya
yaratdığı Türkiyəmizi, demək olar ki, qarış-qarış
gəzmişəm. Olub da, tarixi abidələrini, məscid
və kilsələrini bir-bir dolaşdığım həmin
yerlərin arasında Tbilisidən beş addım o tərəfdə,
Msxetada, Araqvi ilə Kürün qovuşduğu yerin kənarında,
bazalt daşların üzərində salınmış Cvari
məbədinin divarları arasında keçirdiyim nadir hissləri
unuda bilmirəm. Bimirəm, o hissləri
yaşadıqca Müqəddəs Ninonun dünyaya ədalət
diləyən dualarının
pıçıltısını həqiqətən unuda
bilmirəm. 2017-ci ilin payızında
yaşadığım o hisslər şeirə dönənə
qədər mənə rahatlıq vermirdi:
Heyrəti
donduran haray- həşirlə,
Gəlir çay suları bəndlər aşaraq.
Burda,
Msxetada Araqvi Kürlə,
Birlələşir əbədi, qucaqlaşaraq.
Qovuşan
çayların qıjıltısında,
Qalxıb da dağların yüksəkliyindən.
Danışan
daşların pıçıltısında,
Müqəddəs Ninonu dinləyirəm mən.
Donub
Msxetada sanki əbədi,
Əsrlər adladan ömrün həyatı.
Elə
bil dil açır eşqin məbədi,
İndi danışacaq onun hər qatı.
Xəfif
şam şöləsi titrək, hürkəcək
Asılıb məbədin divarlarından.
Cəlladı
qarşımdan gəlib-keçəcək,
Həzrəti İsayla durub yanbayan.
Adamlar
heyrətdə, qulaq dinşəyir
Yerlə sürüklənən çarmıx səsinə.
Yəhuda
xəlvəti qoymaq istəyir,
Gümüş sikkələri pul kisəsinə.
Həmin
kisədir ki, o vaxtdan bəri,
Hey doldu,
yiyəsi doymadı ancaq.
Bəlkə
bu dünyanın pul kisələri,
Dünyanın özünə çarmıx olacaq.
Dayanmır
sellənən, qurumayan qan,
Çəkdi çox ürəyi, əydi
başları.
Həzrəti
İsaya atılammayan,
Oldu Msxetada məbəd daşları.
Heyrəti
donduran hayla, həşirlə,
Gəlir çay suları çatdırıb soraq.
Burda,
Msxetada Araqvi Kürlə,
Birləşib əbədi qucaqlaşaraq.
-
Suallarımızı cavablandırdığınız
üçün çox sağ olun!
-Mən də "İki sahil" qəzetinin kollektivinə uğurlar arzulayıram!
Vəli
İlyasov
İki sahil.- 2022.- 24 sentyabr.- S.17-18.