ORTAQ KEÇMİŞDƏN ORTAQ
GƏLƏCƏYƏ
ÇARİZMİN
İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK
TARİXİ KONTEKSTİNDƏ
Qızıl Orda və ondan törəmə
tatar xanlıqları
(tarixi-etnoqrafik oçerklər)
S
İ B İ
R X A
N L I
Ğ I
Əksər
tarixçilər Sibir əhalisinin əksər hissəsinin
şaman dininə etiqad etməsi faktını əsas
götürərək, Küçüm xanın
taybuğalarla mübarizəsində din amilini önə
çəkir, onların hər ikisini qatı müsəlman təəssübkeşi
kimi səciyyələndirir, diqqəti Küçümün
bütpərəst (bəlkə də şamanist?) rəqiblərinə
qarşı amansızlığına (Yadigar və Bəybulatı
qəddarcasına qətlə yetirmişdi) yönəldirlər.
Küçüm xanın, həqiqətən də, Sibir
bölgəsində İslam dininin yayılmasında müstəsna
xidmətlər göstərməsi şübhəsizdir
(Abdullah xana müraciət edərək təbəələrinin
müsəlmanlaşdırılması, dini qayda-qanunların
təlim və təbliği üçün İskərə
vaiz və müdərrislər göndərilməsini
xahiş etmiş və 1572-1573-cü illərdə buna nail
olmuşdur). Bununla belə Küçüm xan daha çox
çarizmin istilaçılıq siyasətinə
qarşı barışmazlığı ilə məşhurdur.
Onun taxta keçən kimi Moskva ilə əlaqəni kəsməsi,
xərac toplanmasını dayandırması və bu məqsədlə
göndərilmiş səfiri öldürməsi, Perm
diyarında ruslara yasaq verməyə davam edən voqul və
ostyakları cəzalandırması bir çox mənbələrdə
təsdiqini tapır. Amma deyilənlərə rəğmən,
1571-ci ildə Küçümün rus çarına “yasaq”
kimi min samur xəzi göndərdiyini, yəni xəracı
ödəməkdə davam etdiyini göstərən qaynaqlar
da yox deyil. Odur ki, Küçüm xanın Moskva ilə
münasibətlərə birdən-birə yox, tədricən,
tam şəkildə isə 1572-ci ildə- idarəçilik
işlərini sahmana salandan və mövqeyini gücləndirəndən
sonra xitam verməsi və bunun Krım xanı Dövlət
Gireyin 1571-1572-ci illərdə Moskva üzərinə
yürüşü ilə birbaşa əlaqəli olması
qənaəti, zənnimizcə, daha doğrudur. Bu qənaəti
qüvvətləndirən başqa bir arqument isə
1573-cü ildə Küçüm xanın öz
qardaşı (bəzi mənbələrə görə isə
oğlu) Məhəmmədqulu Kama çayı boyuna- rus tacirləri,
Sibirdə Moskva Rusu dövlətinin maraqlarını təmsil
edən Stroqanovların votçinası üzərinə
axına göndərməsidir.
Stroqanovlar
ailəsi vaxtilə qiymətli xəz dəri
axtarışı üçün Novqoroddan bu ərazilərə
gəlmiş, sonra burada məskunlaşmış, ticarətlərini
qurub genişləndirmiş və 1558-ci ildə “Ağ ev”in
(Moskva çarının sarayını “Belokamennıy”, yəni
ağ daşdan tikilmiş saray adlandırmaq o zamandan dəb
idi) dəstəyi ilə Perm votçinasını
yaratmışdı. Stroqanovlardan qayğı və diqqətini
ölənə qədər əsirgəməyən çar
İvan Vasilyeviçin əmri ilə bu ailəyə
istehkamlar qurmaq, şəhərlər salmaq,
özünümüdafiə dəstələri yaratmaq, yerli
ostyak, samoyed, voqul və yuqralardan muzdlu işçi və
döyüşçülər tutmaq səlahiyyətləri
verilmişdi. Məhəmmədqulun
basqınlarından qorxuya düşən Stroqanovlar çara
müraciət edərək malikanələrinin müdafiəsini
möhkəmləndirmək üçün yeni hərbi
qüvvələr yaratmağa icazə istədilər və
tezliklə belə bir razılığı aldılar. Vaxtilə
rus knyazlarının zülmündən qaçaraq, Don və
Dnepr çayları arasında, ətraf ərazilərdə,
Polşa və Litva torpaqlarında, hətta Qara dənizin
Anadolu sahillərində soyğunçuluqla məşğul
olmuş, Moskva ilə Azak və Kəfə arasında ticarətə
ciddi ziyan vurmuş, bir çoxu yaxalanıb
öldürülmüş başıpozuq kazak dəstələrindən
bəziləri bu ərəfədə ataman Yermak
Timofeyeviçin başçılığı altında
Kama sahillərində düşərgə
salmışdılar. (Qeyd edək ki, Yermakın türk-tatar mənşəli
kazak, yaxud daha konkret şəkildə bir çuvaş
olması barədə iddialar əvvəllər də
ara-sıra eşidilirdi, son vaxtlar isə daha gur səslə səsləndirilməkdədir.)
Stroqanovların Sibir xanlığına qarşı muzdlu
döyüşçülər
yığdığını eşidən Yermak 1577-ci ildə
(digər mənbələrə görə 1579-cu ildə) 540
nəfərlik dəstəsi ilə onların xidmətinə
girmək üçün müraciət etdi. O və tabeliyindəki dəstə
başçıları (Mixaylov, Pan, Meşeryakov və b.) rus
hökuməti tərəfindən “qanundankənar” elan
olunsalar da vəziyyətin ciddiliyini nəzərə alan
Stroqanovlar müəyyən şərtlər daxilində bu
“oğru və qaçaq-quldurları“ qulluğa almaqdan imtina
etmədilər. Doğrudur, kazakların xidmət
dövründə (1581-ci ilin sentyabrına qədər) də
ara-sıra qarətçilik etdikləri məlumdur, amma onlar
öz əsas işlərinin öhdəsindən gəlməyi
bacarmışdılar.
1581-ci
ilin iyulunda Küçüm xanın Stroqanovlar üzərinə
növbəti hücumunun qarşısını alıb,
qoşunlarını geri oturdan Yermak “Sibir sultanı” ilə
onun öz torpaqlarında döyüşmək fikrini irəli
sürdü və bu fikrini gerçəkləşdirmək
üçün hərəkətə başladı. O,
Çimki (Tümen) şəhərini zəbt etdi və orada
möhkəmlənib şəhərətrafı əraziləri
də ələ keçirərək get-gedə genişlənmək
qərarına gəldi. Bu isə faktiki olaraq Sibir
xanlığı uğrunda Küçüm xanla
açıq müharibəyə başlamaq anlamına gəlirdi.
Yermakın ideyası, şübhə yoxdur ki, Stroqanovların
təqdirini qazanmış və onların vasitəsi ilə
Moskvada razılaşdırılmışdı. 1581-ci ilin
sentyabrında 3 illik məşhur yürüşünə
çıxanda Yermak Timofeyeviçin xeyli muzdlu
döyüşçü və toplarla təmin olunması
buna dəlalət edir. Kazaklar Sibir xanlığının
ucsuz-bucaqsız torpaqlarını tutdular, İskər şəhərini
aldılar, yerli əhaliyə vergi kəsdilər. Ən əsası
isə Rusiya ərazilərindən İrtış vadisinə
yol açıldı. Lakin türk tarixçilərindən
Akdes Nemət Kurat və Əhməd Dəmirin qeyd etdikləri
kimi, “Sərsəri ikən az bir zamanda hökmdar səviyyəsinə
yüksələn Yermak mövqelərini möhkəmləndirmək
üçün canlı qüvvəyə ehtiyac duyurdu. O,
Moskva çarına elçi göndərib, əvvəlki
günahlarını bağışlamasını və onu təbəəliyə
götürməsini xahiş etdi. Çar kazakların Sibirdəki
müvəffəqiyyətlərindən xəbər tutunca
çox sevindi və bu münasibətlə Moskva kilsələrində
əhaliyə car çəkdirib Rusiyaya “yeni bir
padşahlığın” daxil olduğunu böyük bir təntənə
ilə elan etdirdi. Öz səfirini də Yermakın
elçisi ilə birgə Sibirə göndərdi”.
1583-cü
ilin sonlarında Moskva hökuməti tərəfindən təyin
edilən canişin Bolxovski və onun müavini Qluxov 500-ə
qədər rus əskəri ilə İskər şəhərinə
daxil oldu. İlk baxışdan düşünmək
olardı ki, hər şey rusların planına uyğun gedir.
Əslində isə Küçüm xan Yermakın irəliləməsi,
onun torpaqlarında meydan sulaması ilə heç cür
barışmır, kazaklara qarşı aktiv müqavimət
göstərir, gözlənilmədən gah orda, gah burda peyda
olaraq, onlara amansız zərbələr endirir, itkilər
verir, lakin düşməni
göz açmağa qoymurdu. Rusların Sibirin içərilərinə
irəliləməsi yerli bəy və mirzələrin, tayfa
başçılarının da mənafeyinə uyğun
deyildi. Əhali Yermakla əməkdaşlıqdan bütün
mümkün vasitələrlə boyun
qaçırdığı üçün kazak və rus əskərləri
aclıq çəkirdilər. İskərdə xəstəlik
baş qaldırmış, hətta rus canişini Bolxovskinin də
həyatını qurtarmaq mümkün olmamışdı.
Onun ölümündən sonra idarəçiliyi ələ
alan Qluxov Yermakdan təcili tədbirlər görülməsini
tələb edirdi. 1584-cü ildə (bəzi mənbələrdə
1585-ci il göstərilir) ərzaq axtarmaqdan ötrü
növbəti dəfə ətraf ərazilərə
çıxan Yermak Timofeyeviç Küçüm xanın
adamları tərəfindən həlak edildi. Atamansız qalan
kazaklar dəstə-dəstə dağılıb Sibir
çöllərinə səpələndilər. Vəziyyətin
get-gedə pisləşdiyini görən Qluxov da İskəri
tərk edib, Moskvaya doğru yol aldı. Sibirin
işğalı ideyası iflasa uğradı,
xanlığın suverenliyi qısa müddətdə bərpa
olundu.
Amma bu,
yalnız başlanğıc idi.
Həmin ərəfədə
IV İvan ölmüş, onun xələfi çar Fyodr isə
Sibirdəki hadisələrdən gec xəbər tutmuşdu.
Çarın qaynı, Moskva dövlətinin idarəçiliyini
faktiki olaraq əlinə almış Boris Qodunov Sibirdən xəbər
almayınca 1585-ci ildə oraya
xristianlığı qəbul etmiş tatar mirzələrindən
İvan Mansurovun rəhbərliyi altında 100 streletsdən
ibarət hərbi dəstə və bir neçə
kiçik top göndərdi.
Voyevoda Mansurov, aydın məsələdir ki, baş verənlərdən
xəbərdar deyildi. Vəziyyəti öyrəndikdən
sonra hər tərəfdən düşmənlə əhatə
olunduğunu anlayıb, qışlamaq və Moskvadan kömək
gözləmək üçün xanlığın
şimal ucqarlarına doğru çəkilərək,
İrtış və Ob çaylarının birləşdiyi
məntəqədə mövqe tutmağı lazım bildi.
Amma fəaliyyətsiz də qalmadı. Mütəmadi
yaylım atəşləri ilə o vaxta qədər top
gurultusu eşitməmiş ostyakları vahiməyə salaraq,
boyun əydirdi və mümkün hücumlardan qorunmaq məqsədi
ilə Obski istehkamını qurdu. İmkan düşdükcə
bu dəfə artıq şimal tərəfdən
xanlığın içərilərinə doğru irəliləyən
Mansurovun səyləri sayəsində Sibirin ruslar tərəfindən
işğalı prosesi, əslində, özünün ikinci
mərhələsinə qədəm qoyurdu. Amma əlbəttə
ki, Sibir xanlığı ilə tammiqyaslı hərbi
qarşıdurmaya girmək üçün onun da gücü
yetərli deyildi. Bunu artıq Boris Qodunov da bilir və başa
düşürdü.
N.MUSTAFA
Davamı növbəti sayda
İki sahil.- 2022.- 29 sentyabr.- S.6.