Ən güclü
silahımız
Vətən sevgisidir
Vətən bir millətin
varlığının, şüurunun birləşdiyi məkandır.
Bir insan üçün Vətən sadəcə coğrafi məkan
deyil, dədə-babalarımızın illərlə öz
qanları bahasına qoruyub bizə miras olaraq
ötürdükləri müqəddəs yerdir. İnsan mənəviyyatını
müəyyən edən əxlaqi prinsiplərdən biridir Vətən
sevgisi. Vətən ana qədər sevilməli, ana namusu kimi
qorunmalıdır.
Vətənimiz
zaman-zaman işğallara, hərbi təcavüzlərə məruz
qalmış, dövlətçiliyi müstəqillik,
suverenlik uğrunda böyük mübarizələr apararaq
formalaşmış, çoxsaylı faciələr,
qanlı-qadalı hadisələr yaşamış, şəhidlər
vermişdir. Lakin bunlar xalqımızın mübarizə əzmini
qırmamış, əksinə düşmənə
qarşı nifrət və qisas hissini daha da
artırmışdır. Ermənistan daim doğma
torpaqlarımıza göz dikmiş, fürsət yaranan kimi
müxtəlif təxribatlar törətməklə
torpaqlarımızı işğal etmiş və insanları
öz dədə-baba yurdlarından didərgin
salmışdır. Azğın düşmən qoca, körpə
demədən soydaşlarımızı vəhşicəsinə
qətlə yetirməklə çox sayda bəşəri
faciələr törətmişdir. Ermənistan 28 il
torpaqlarımızı işğal altında saxlamış,
bununla da BMT qətnamələrini kobud şəkildə
pozmuşdur.
İşğalçı
ordu atəşkəsi pozmaqda davam edirdi. Belə ki, Aprel
döyüşlərindən sonra düşmənin növbəti
təxribatı 2020-ci ilin iyul ayında baş verdi. Tarixə “
Tovuz döyüşləri” adı ilə daxil olan bu hərbi qarşıdurmada da ordumuz misilsiz qəhrəmanlıq
göstərdi. Tovuz döyüşlərində xüsusi
şücaət və sərkərdəlik nümayiş
etdirən general-mayor Polad Həşimov və polkovnik İlqar
Mirzəyev qəhrəmancasına şəhid oldular. Elə məhz
bu hadisələr bardağı daşıran son damla oldu və
xalqımızda qisas hissini daha da artırdı.
27 sentyabr
2020-ci il... 2 il bundan öncə, həmin gündə Azərbaycanın
tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə
açıldı. Bu səhifə Azərbaycan əsgərinin
şücaəti, zəfər yürüşü, ordumuzun Vətən
uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın
növbəti hərbi təxribatı, bütün cəbhəboyu
ağır artilleriyadan istifadə etməklə hücuma
keçməsi və birbaşa mülki əhalini hədəfə
alması nəticəsində Azərbaycan Ordusu Vətən
uğrunda ölüm-dirim savaşına qalxdı. 28 il
ağrılı-acılı ömür yaşayan Azərbaycan
xalqı başda Ali Baş Komandan İlham Əliyev olmaqla
özünü toparlayıb Vətən torpaqlarının
bütövlüyünü bərpa etdi. Bu günləri bizə
sarsılmaz iradəyə sahib xalqımızın dövlətlə
birliyi, ölkəmizin iqtisadi gücü və müzəffər
ordumuz qazandırdı.
Ali
Baş Komandan İlham Əliyevin hər zaman bildirdiyi haqq
mübarizəsinə başlamaq əmri xalqın sevincinə,
coşqusuna səbəb oldu və böyük qürurla
qarşılandı. Elə ilk gündən düşmən
üzərində qazandığımız hərbi
uğurlar xalqımızın qələbə əhval-ruhiyyəsini
daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında
sıx birləşdi. Minlərlə igid, cəsur
oğullarımız mənfur düşmənlə
vuruşmaq üçün səfərbərlik şöbələrinə
müraciət etdi. Xalq Ali Baş Komandanın ətrafında
dəmir yumruq kimi birləşərək düşmənə
sarsıdıcı zərbələr endirdi.
Qələbə
arzusu ilə irəliləyən mərd, qorxmaz əsgərlərimiz
düşmənin işğal etdiyi torpaqlarımızdakı
hərbi hissələrini, istehkamlarını, mövqelərini,
döyüş texnikalarını, canlı qüvvəsini
darmadağın etdi, bizə aid olan kəndlərimizi, strateji
yüksəklikləri tez bir zamanda düşməndən təmizlədi.
Bu gün artıq düşməndən təmizlənmiş
torpaqların hər bir qarışı əziz olduğu qədər
də müqəddəsdir. Çünki orada əsgərlərimizin
cəsarəti, şəhidlərimizin qanı var.
Xalqımız hər gün bir rayonun işğaldan azad ediləcəyi
xəbərini səbirsizliklə gözləyir, bir gün o
torpaqlara gedəcəyi günü arzu edərək nisgilli qəlbinə
təskinlik verirdi. Hər dəfə bir rayonumuzun
işğaldan azad olunması ilə bağlı verilən xəbərlər
xalqımızda yüksək əhval-ruhiyyə
yaradırdı. Azərbaycan torpaqları
qarış-qarış, kənd-kənd işğaldan azad
edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan,
Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini,
Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər,
4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər
işğaldan azad olundu. Üçrəngli şanlı
bayrağımız yenidən doğma torpaqlarımızda
ucaldıldı.
Noyabr
ayının 8-də isə Qarabağın tacı sayılan,
mədəniyyət paytaxtımız olan Şuşa şəhəri
erməni işğalçılarından azad edildi. Azərbaycanın
Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda
qayalıqları dırmaşaraq, yüngül çaplı
silah-sursat ilə Şuşaya daxil oldular, əlbəyaxa
döyüşərək düşməni vahiməyə
saldılar və geri çəkilməyə məcbur etdilər.
Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan
hərbçiləri müzəffər ordunun
gücünü, qüdrətini, cəsarətini, Vətən
sevgisini dünyaya göstərərək qəhrəmanlıq
dastanı yaratdılar. Həmin gün Azərbaycan tarixinə
Zəfər Günü kimi düşdü.
2 gün
sonra, 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı İlham Əliyev: "Bu gün ölkəmiz
üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli
bəyanat məsələnin həlli istiqamətində son
nöqtə olacaqdır” deyərək doğma xalqını
böyük Zəfər xəbəri ilə müjdələdi.
Həmin o 10 noyabr tarixi 30 il davam edən Dağlıq
Qarabağ münaqişəsinə nöqtənin qoyulduğu
gün oldu. Haqq savaşımız əzmkar
oğullarımızın sarsılmaz iradəsi sayəsində
cəmi 44 gün ərzində qələbə ilə
başa çatdı, tarixi ədalət bərpa olundu. Azərbaycan
parlaq qələbə qazanaraq Ermənistanı məğlub
etdi.
Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Anım Gününün
ikinci ildönümündə Füzuliyə, savaşın
ilk günündə azad edilən Qaraxanbəyli kəndinə
səfər edərək orada Vətən uğrunda şəhid
olan qəhrəmanlarımızı hüznlə və
ehtiramla yad etdilər. Bu kədər ehtiramı həm də
qürurlu idi. İkinci Qarabağ savaşının şəhid
qəhrəmanları Azərbaycan tarixində bundan sonra
dünya durduqca ucalığını, möhtəşəmliyini
qoruyub saxlayacaq Qələbə və qürur abidəsi
yaratdılar. Prezidentin şəhidlərimizin şərəfinə
ucaldılan bu abidəni ziyarət etməsi həm də
simvolik xarakter daşıyırdı. Abidə önündə
çıxış edən dövlət
başçısı Vətən müharibəsi və
ondan sonrakı dönəm üçün hər bir Azərbaycan
vətəndaşının missiyasını açıq
ifadə etdi.
Ali
Baş Komandan kimi “Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini
və bundan sonrakı müdafiə xətlərini yarmaq
üçün ölümə gedirdi, öz canını fəda
edirdi ki, üçrəngli Bayrağımız Şuşada
və o vaxt işğal altında olan digər bütün torpaqlarda
dalğalansın”, deyə ordumuzun qəhrəmanlığını
ifadə edən İlham Əliyev Prezident kimi də hər bir
vətəndaşın üzərinə məsuliyyət
qoyur:
“Bu
gün şəhidlərimizin əziz xatirəsini yad edərək,
bir daha hər birimiz özünə söz verməlidir, vəd
verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin
keşiyində əbədi duracağıq, biz ərazi
bütövlüyümüzün keşiyində əbədi
duracağıq.”
Prezidentin
son Füzuli səfəri tarixi əhəmiyyəti ilə
yanaşı, dünya birliyinə, Azərbaycan cəmiyyətinə
bir sıra mühüm mesajları özündə ehtiva edirdi.
Prezidentin çıxışında hər zamankı kimi Azərbaycana
və dünyaya bəyan edilən əminlik mesajı var idi.
Bir daha düşmənin baş qaldırmasına, ölkəmizin
suverenliyinə hər hansı bir təhdidə imkan verilməyəcəyini
inamla söyləyən Prezident əks təqdirdə ölkəmizin
gərəkli addımları atacağını bir daha bəyan
etdi.
İndiki
dönəmdə, Ermənistanın hərbi-siyasi xaos
içində olduğu bir zamanda Prezident İlham Əliyevin
Füzuli səfəri müharibənin fərqli nəticələrini
də ortaya qoymuş oldu. Ermənistanda öz xalqından gizlənən
Paşinyanı gördüyümüz zaman Azərbaycanda
dövlət başçısı İlham Əliyevi qalib
komandan kimi həm Anım Günündə, həm də Zəfər
Günündə işğaldan azad olunmuş bölgələrdə
müzəffər ordu, xalq ilə birgə görürük.
Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi
strategiyada üstünlük qazanmış Prezident İlham
Əliyev savaşdan sonra yeni Zəfər tarixi yazır.
Röya
Rasimqızı
İki sahil.- 2022.- 29 sentyabr.- S.6.