ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

 

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ

 

Qızıl Orda və ondan törəmə tatar xanlıqları

 

(tarixi-etnoqrafik oçerklər)

 

Qluxovun Moskvaya çatan kimi hökumətə verdiyi hesabatdan Mansurovun əlində olan qüvvə ilə heç nə eləyə bilməyəcəyi hamıya aydın idi. aşkara çıxmışdı. Strelets yüzbaşılarından Vasili Sukin və İvan Myasnoyun dəstələri təcili şəkildə odlu silah, sürsat, ərzaq və artilleriya ilə təchiz olunaraq Sibirə göndərildi. Onlar müqavimət görmədən Tura çayı boyunca hərəkət edərək qərargahlarını Tümen çayının mənsəbində qurdular və 1586-cı ildə onların gücü ilə burada ilk rus qalası olan Tümen şəhərini salındı. Tümen rus qoşunlarının istinadgahına, işğalçı hücumların mərkəzinə çevrildi. 1587-ci ildə Moskvadan buraya Daniil Çulkovun başçılığı ilə 500 nəfərlik daha bir dəstə gəldi və onun əskərlərinin də köməyi ilə İrtış çayının sağ sahilində, Sibir xanlığının paytaxtından 16-18 kilometrlik məsafədə Tobolsk şəhəri salındı, iki kilsə və qışlalar tikildi. Tezliklə “Sibir ruslarının” paytaxtı və baş qərargahı Tobolska köçürüldü. 1588-ci ildə Tobolsk voyevodası Danila Çulkov İskər (Kaşlık) üzərinə yeridi və cəmi bir neçə neçə saatın içində şəhərdəki tatar bəylərini əsir götürüb, xanın sarayını ələ keçirdi. Sibir xanlığının keçmiş paytaxtı təxirə salınmadan əskərlər və xristian mənşəli əsirlərlə məskunlaşdırıldı. Küçüm xana sadiq qüvvələr isə şəhəri tərk edərək çöllərə üz tutdular. 1591-ci ildə Küçüm qoşunlarının İşim çayı sahillərində cəmləşməsi haqqında məlumat alan voyevoda V.Koltsov-Mosalski qəfil hücum əməliyyatına başladı və Çilikul gölü ətrafında döyüşü qələbə ilə başa çatdırdı. Bu qələbədən sonra cənuba sıxışdırılan Küçüm xanın aktiv hücum mövqeyini itirib müdafiə olunmağa başladığı məlumdur. Onu təqib etmək tapşırığı alan voyevoda Y.Domojırovun dəstələri 1595-ci ildə xan qoşunlarına sarsıdıcı zərbə endirib, onu daha bir məğlubiyyətə uğratdı. Artıq Küçüm xan üzərində nisbi üstünlüyə nail olunmuşdu.

Tümen və Tobolsk şəhərlərinin qurulması ilə rus qoşunlarının Sibirdəki istilaçılıq taktikası da dəyişərək, şəhər-qala üsulu ilə əvəzləndi. Artıq yaşayış məntəqələri sürəkli hücum və yürüşlər yolu ilə deyil, tədrici yolla, çaylar və hakim yüksəkliklər üzərində qalalar qurub daimi qarnizonlar yerləşdirməklə zəbt edilirdi. Bu, həm orduda tələfatı minimuma endirməyə, həm bölgədə rus köçkünlərini, eləcə də sürgünə göndərilmiş polşalı və litvalı əsirləri yerləşdirməyə, həm də qazanılan hərbi qələbələrin dayanıqlı olmasına imkan yaradırdı. Ümumiyyətlə, Boris Qodunovun işləyib hazırladığı yeni hərbi taktikaya əsasən, ruslar artıq əməliyyat üstünlüyünü birbaşa və irimiqyaslı açıq meydan savaşlarında deyil, rəqibi qısnamaq və yorub əldən salmaq taktikasında görürdülər.

1590-cı illərdə Sibirdə işğalçılıq siyasətinin hərbi bazası rolunu oynayan qalalardan bütöv bir şəbəkə qurulmuşdu. Lozvinsk (1590), Pelım (1592-1593), , Beryozov (1593), Surqut (1594) qalaları tikilən kimi burada  qarnizonlar yerləşdirildi. Obdorsk (1595) şəhərciyi, əsasən, ostyak və samoyedlərdən yasaqların yığılması və bu işin mərkəzləşdirilməsi məqsədilə salınmışdı. Sadalanan və eləcə də sonradan salınan Tara (1595), Verxoturye (1598), Turinsk (1600), Tomsk (1604) və b. şəhərlər coğrafi baxımdan Sibirdə rus hərbi təcavüzünün hərəkət trayektoriyasını əyani əks etdirirdi. O da qeyd olunmalıdır ki, Sibirdə şəhərsalma işi yüksək dəqiqliklə işlənilmiş vahid plan əsasında aparılırdı. Şəhərlər, ilk növbədə ya hərbi-inzibati, ya da ticarət-sənaye mərkəzləri olmalı, hər bir halda “dövlətə gəlir gətirməli idi”. Bununla birlikdə hər bir şəhər və ya istehkam konkret funksiyalar daşıyır, müəyyən məqsədlərə xidmət edirdi. Misal üçün, Ufa şəhəri 1586-cı ildə qurulanda rus qoşunlarının və piyadaların, habelə “yam” (poçt) əməkdaşlarının və yüklərinin sürətli və təhlükəsiz irəliləməsinin təmin olunması vəzifəsinə uyğunlaşdırılmışdı. Lozva çayı üzərində qurulmuş Lozvin istehkamında isə yüklərin böşaldılması və yola salınması işləri həyata keçirilirdi.

Küçümlə və Rusiyanın Sibirdəki planlarını pozmaqda qərarlı olan yerli feodallarla mübarizənin son mərhələyə qədəm qoyması bu istiqamətdə tədbirlərin vahid mərkəzdən idarə edilməsi zərurəti yaradırdı. Çarın əmri ilə ordu komandanlığının baş qərargahı Tobolskdan cənubda, Tara çayının İrtışla qovuşduğu yerdə məhz bu cəhətdən strateji mərkəz rolu oynayacaq yeni bir şəhərin salınması məsələsinin  müzakirəsinə başladı. Adını üzərində tikiləcəyi çayın adından alan Tara şəhərinin salınması haqqında yekdil qərar aktiv diskussiya və fikir mübadiləsi nəticəsində kollegial şəkildə alındı. Sibirin cənubuna yolun açılmasında, Sibir xanlığının aradan qaldırılmasında və Küçüm xanla müharibənin başa çatdırılmasında bu şəhərə və onun rəhbərliyinə həlledici rol ayrılmışdı. Düşünürük ki, Taranın yaranma tarixçəsi haqqında bir qədər ətraflı bəhs olunması oxucuları yormaz.

1593-cü ilin sonlarında Volqa müdafiə xəttində polk komandiri olan Andrey Vasilyeviç Yeletski təcili əmrlə Moskvaya çağrıldı. Kremldə ona planlaşdırılan Tara ekspedisiyasına rəhbərlik etmək təklif olundu. Təklifi qeyd-şərtsiz qəbul edən Yeletski qarşıdakı ekspedisiyanın planı ilə tanış oldu. Planda təzə şəhərin salınması üçün əsas mal-materialların su yolu ilə ölkənin mərkəzi rayonlarından gətirilməsi nəzərdə tutulurdu. Yüklərin daşınacağı marşrut da məlum idi. Ekspedisiyaya gedəcək qoşunun sayı və tərkibi, rəhbər heyətin siyahısı isə onun iştirakı müəyyənləşdirildi. Yeletski rəhbər heyətlə, mal-material göndərəcək rayonların başçıları ilə görüşür, müzakirələr aparır, böyük təşkilatçılıq fəaliyyəti ilə məşğul olurdu. 1594-cü ilin qışında 147 nəfərdən ibarət ilk dəstəni (bu, 1500 nəfərlik ekspedisiyanın nüvəsini təşkil edirdi) Moskvadan Kazan marşrutu üzrə Sibirə göndərən baş voyevoda çox keçmədən özü də rəhbər şəxslərlə yola düşdü. Yeletskinin hərəkət marşrutu elə qurulmuşdu ki, o, malların nəql ediləcəyi yerlərdən keçir, vəziyyətlə şəxsən tanış olur, baxışlar, yoxlamalar keçirirdi. Lozvində olanda artıq yüzlərlə pud ağırlığında barıtvə qurğuşunun, 20 topun yola salınmağa hazır olduğu haqda məlumat almışdı. Habelə Böyük Ustyuqdan 32 ton un, Vyatkadan bir neçə yüz kisə suxarı, Permdən minlərlə mişar və balta Lozvinə göndərilmişdi. Kazandan başlayaraq (Ufada, Tümendə, Tobolskda) voyevodanın dəstəsinə hərbi bölüklər, müxtəlif peşə ustaları (əsasən dülgərlər), ruhanilər də qoşulmuşdu.

Tezliklə gələcək şəhərin salındığı yerə çatan ekspedisiya heyətində hər kəs öz işini bildiyindən, vəzifə bölgüsü əvvəlcədən aparıldığından vaxt itirmədən inşaata  başlamışdı. Sərt nizam-intizam şəraitində çalışan əskər və zabitlər gecə-gündüz işləmiş, nəticədə şaxtalar düşənə qədər tikilməli əsas obyektlər təhvil verilmişdi. Çox şeyi voyevoda Yeletckinin idarəçilik və təşkilatçılıq bacarığı həll etmişdi. Yəqin ki, burada Yeletskinin şəxsində oxucuya voyevoda anlayışı haqqında qısa bilgi verilməsi də yerinə düşər. Çünki oçerklərin başlanğıcından indiyə qədər bir çox voyevodalar xatırlansa da (qarşıda da xatırlanacaq), bu şəxslərin vəzifə səlahiyyətləri haqqında söz açmamaq müəyyən anlaşılmazlığa yol aça bilər. Əksəriyyətinin adı yalnız hərbi əməliyyatlarla əlaqədar çəkilən bu adamların “kiçik komandirlər” kimi tanınması aldadıcı bir təsəvvür olardı. Əlbəttə, voyevodaların ən əsas vəzifəsi konkret bir hərbi hissəyə, istekama, şəhərciyə komandanlıq etməkdən ibarət idi. Bu, şəksizdir. Lakin “voyevoda idarəçiliyi” anlayışı bununla məhdudlaşmır, dislokasiya yerində (kazarma, istehkam, şəhər və s.) qayda-qanunun təminatını, əskərlərin və burada məskunlaşan digər sakinlərin silah, sürsat, yemək, geyim və yatacaqla təchiz edilməsini, yasaqların toplanmasına nəzarəti, itaətsizlikdə, özbaşınalıqda, müxtəlif cinayət əməllərində və qanun pozuntularında şübhəli bilinən şəxslərin və müqəssirlərin mühakimə olunub cəzalandırlması və bu tipli onlarla funksional vəzifə və səlahiyyət də həmin anlayışa daxildir. Şəhər voyevodaları həm də ətraf ərazilərin asayişinə görə məsuliyyət daşıyırdılar. Beləliklə, A.Yeletskini Taranın həm memarı və qurucusu, həm də müdafiəçisi və sözün geniş mənasında hakimi hesab edən tarixçilər yanılmırlar. Sibirdə yeni salınan digər şəhərlərin voyevodaları da eləcə. Başqa sözlə, Yeletskinin şəxsində aydın görünür ki, Sibir şəraitində şəhər və istehkamlar arasında məsafənin uzaqlığı, daim hücuma məruz qalma təhlükəsi də nəzərə alınmaqla xanlığın işğalı proseslərində ilk voyevodalar həlledici rola malik olmuşlar (təsadüfi deyil ki, buradakı rus şəhər və istehkamlarına biri əvəzedici və köməkçi olmaq şərti ilə iki voyevoda təyin edilirdi).

 

N.MUSTAFA

 

Davamı gələn sayda

 

İki sahil.- 2022.- 30 sentyabr.- S.6.