Zəfər zirvəsinə yüksəlmiş Prezident

 

Son 18 ilin uğurları bu qənaəti bir daha təsdiqləyir ki, dövlətinin, xalqının gələcəyini düşünən Liderə milyonların sevgisi şəksizdir

 

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazılıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından, ən əsası parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev yeni Azərbaycan qurdu.

2003-cü ildən isə ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yerini və rolunu möhkəmləndirir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa müraciətində bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin, seçicilərin 76 faizdən çoxunun səsini qazanaraq Prezident seçildi. Keçirilən andiçmə mərasimində bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 18 ildə bu siyasətə sadiqlik cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbəsini təkrarlamasını şərtləndirdi. Belə ki, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Prezident seçildi. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Prezident seçildi.

“Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.” 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilən cənab İlham Əliyev 31 oktyabr tarixində andiçmə mərasimində bu vədini də vermişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.” Ölkə Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevə bu müraciətindən 17 il sonra, 44 günlük Vətən müharibəsinin hər gününü xalqımıza qələbə sevinci yaşatmaqla noyabrın 8-də Qarabağımızın tacı Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Bu Qələbə möhkəm təmələ əsaslanan siyasətin son 18 ildə uğurla davam etdirilməsinin nəticəsidir.

18 il zaman baxımından qısa dövr olsa da uğurların miqyasına və onların zirvəsində dayanan Zəfərimizə diqqət yetirdikdə böyük qürur hissi keçiririk. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident kimi ölkəmizə rəhbərlik etdiyi 18 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən böyük qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal –azərbaycançılıq ideyası ətrafında birliyi dövlət başçısı İlham Əliyevin siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Azərbaycan Qərblə Şərqin qovuşağında yerləşən ölkə olaraq reallaşdırdığı layihələr, atdığı addımlar, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi. Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən ilk Avropa Oyunlarına ev sahibliyi etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın özünü qabarıq şəkildə büruzə verdiyi Azərbaycanın tolerantlığı belə mühüm tədbirləri həyata keçirməyə geniş imkanlar açır. Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq ölkə olduğunu sübut edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmləndirilməsinə yönəldi.

Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır.

44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Bir daha təsdiqləndi ki, dünya ikili standartlardan yaxa qurtara bilmir, ədalət meyarı zamana və məkana görə tətbiq edilərək maraqların arxasında əriyir, ölkələr arasında münasibətlərdə «əbədi dost yox, əbədi maraqlar» prinsipi əsas götürülür, ən əsası dəyişən dünyada güc amili öndə dayanır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürdü, 30 ilə yaxın müddətdə bu gün artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də iqtisadi imkanlara söykənərək ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə hərb meydanında mübarizəyə hazırlığı həyata keçirdi. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu məqama diqqət yönəldirdi ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “Kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: «Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.»

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrilib. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi.

Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqlar ki, erməni yalanlarını, mifini dağıtdı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi. Hələ də bu günə qədər Ermənistana dəstəklərindən əl çəkməyən dövlətlər reallıqda nə qədər yanlış yolda olduqlarının fərqindədirlər. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə öz əksini tapıb ki, bu sənədlərin də qəbulunda ABŞ, Fransa və Rusiya qurumun daimi üzvləri kimi iştirak ediblər. Demək, münaqişənin həlli prosesinin 30 ilə qədər uzanmasında işğalçı Ermənistanla yanaşı, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri də az məsuliyyət daşımırlar.

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünyaya “sirr” olan bu sualın ən düzgün cavabı son hadisələrin gedişində bütün təfsilatı ilə açıqlandı. Bir daha təsdiq olundu ki, dünya nə qədər ki, hüquq problemini yaşayır, maraqlar ədaləti üstələyir, bu kimi yanaşmalar davamlı olacaq. Ötən il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsi bizə işğal altında olan torpaqlarımızın azad olunması sevincini yaşatmaqla yanaşı, eyni zamanda, 30 ildə kağız üzərində qalan bəyanatların sadəcə söz olaraq verildiyini təsdiqlədi.

Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi. Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistanın irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum Bəyanatı imzalamağa məcbur edildi. Bir məqamı da unutmayaq ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə koçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, 10 noyabr Bəyanatına uyğun olaraq geri qaytarılan Ağdamda, Kəlbəcərdə, Laçında yeni həyat başlayır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Artıq Ermənistana 30 ildə havadarlıq edən dövlətlər də bu reallığı təsdiqləyir, öz bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirirlər. Yalan təbliğat, yazılan saxta tarix heç zaman zamanın hakimliyini, tarixin yaddaşını üstələmək iqtidarında deyil. Son bir ildə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva və Soçi görüşləri, həmçinin bu günlərdə Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüssel görüşü ölkəmizin ədalətli mövqeyinin təsdiqi oldu.

Günümüzün reallığı budur ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı. Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaratdı. Bu format bu günədək üç və dördtərəfli idisə, artıq beş formatına keçdi. İşğalçı Ermənistanın yeni əməkdaşlıq formatında iştirakı isə bu ölkənin siyasi iradəsindən asılı olacaq.

Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Bu baxımdan həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi kimin ədalətin, kimin şərin, kimin dostun, kimin düşmənin yanında olduğunu ortaya qoydu. Əsas olan budur ki, beynəlxalq münasibətlərdə rol oynayan güc amili ilə yanaşı, beynəlxalq hüquq da unudulmasın. Yalnız bu halda münasibətlərin uğurlu və yeni prioritetlər üzrə inkişafından ürəklə danışmaq mümkün olar. 44 günlük müharibənin işıq saldığı əsas məqamlardan biri məhz beynəlxalq hüququn qorunması üçün qəbul edilən qərar və qətnamələrin lazım gəldikdə bir saat ərzində icrası, maraqlara uyğun olmadıqda isə 30 il tətbiqini gözləməsi oldu. Amma Azərbaycan yaratdığı yeni reallıqlarla, beynəlxalq hüquq normalarını tətbiq etməklə bir daha dünyaya bu günədək hökm sürən yanaşmanın yanlışlığını göstərdi.

Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətimizin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Düşünülmüş siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ərazi bütövlüyümüzün bərpası idi. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyu bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Böyük Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən xəbər verir. İşğaldan azad olunmuş ərazilərdə icra olunacaq yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində – 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərində bu layihə həyata keçirilir. İlin sonuna qədər layihənin tam başa çatması nəzərdə tutulub. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaq. Bu cür müasir layihələr bütün digər ərazilərdə də icra olunacaq.

Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.

18 ilin uğurlarının təhlilinin ümumiləşdirilmiş ifadəsi Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində «Siz tarixdə necə qalmaq istərdiniz» sualına cavabıdır. Dövlət başçısı bildirmişdir: «Bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

Prezident İlham Əliyev son 18 ili Azərbaycan tarixinə Zəfərə gedən yol və sonda dünyaya səs salan Qələbəmiz nəticəsində torpaqlarımızın işğaldan xilası, ərazi bütövlüyümüzün bərpası kimi yazdı. Qarşıda bizi daha möhtəşəm uğurlar gözləyir. Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq keçmişlə deyil, gələcəklə yaşayırıq. O gələcək ki, onun inkişaf strategiyasının müəllifi Prezident İlham Əliyevdir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2022.- 8 yanvar.- S.12-13.