Şuşa - Mənəvi
varlığımızın
ayrılmaz parçası
2022-ci ilin
"Şuşa İli” elan edilməsi 28 il düşmən əsarətində
olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən
bu şəhərin tarixi şöhrətini özünə
qaytaracaq
Son 1 ildə
görülən işlər bir daha göstərir ki,
Şuşa Qarabağın incisi kimi dünyanın ən
gözəl şəhərlərindən birinə
çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan
xalqının Şuşaya hər zaman xüsusi münasibəti
olub. Tarixən Azərbaycanın tarixi-mədəni,
ictimai-siyasi həyatının mühüm mərkəzlərindən
biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi
də 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə baş tutub.
Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar.” İşğaldan azad edilmiş torpaqlara ötən il ərzində 32 dəfə səfər etdiyini, Qarabağın böyük tikinti-quruculuq meydanına çevrildiyini, işlərin sürətlə getdiyini diqqətə çatdıran Müzəffər Ali Baş Komandan Şuşa şəhərinə etdiyi 7 səfərdən, buradakı genişmiqyaslı quruculuq və bərpa işlərindən bəhs edərkən bildirib ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi təsadüfi deyil. Bu il Şuşa şəhərinin 270 illiyi tamam olur. Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və bu şanlı tarix - mədəniyyət paytaxtımızın yubileyi cari ildə böyük təntənə ilə qeyd olunacaq. Şuşa yenə də elmi-mədəni tədbirlərin keçirilməsində əsas mərkəz rolunu oynayacaq. Bu uğurlu dövlət siyasəti Şuşanın keçmiş şöhrətini özünə qaytarmağa xidmət edir; Azərbaycanın mədəni irsinə sevgini, hörməti və ehtiramı ifadə edir.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. 2021-ci il 14 yanvar tarixindən – Prezidentin ilk Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya Füzulidən yüksəkgərginlikli xətlər çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən şəhərin su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev-muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürdü. "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu.
29 ildən sonra 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı baş tutdu. Bundan sonra hər il “Xarıbülbül” festivalı Şuşada keçiriləcək. 2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. “Şuşa İli”ndə bu cür festivalların, mədəni tədbirlərin sayı daha da artacaq. 2022-ci ildə dünya bir daha Şuşanın mədəni-mənəvi baxımdan Azərbaycanın ayrılmaz parçası, xalqımızın tarixi şəhəri olduğunu görəcək.
Bu gün biz tarixin "Şuşa İli”ndə yaşayırıq. Nə xoşbəxtik ki, Şuşanın 270 illiyini özümüz qeyd edirik. Təkcə müqəddəs şəhərimizi deyil, onun tarixini də yadelli işğalçıların əlindən qurtarmışıq. Şuşa öz övladlarınındır. Xalqımızındır. Və sonsuzluğa qədər belə olacaq!
Sevinc Azadi
İki sahil.- 2022.- 12 yanvar.- S.4.