Vətən müharibəsində Zəfərimiz regionda

yeni geosiyasi reallıqlar yaradıb

 

Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Ən böyük reallıq əlbəttə ki, işğal altındakı torpaqlarımızın azad edilməsindən sonra ölkəmizin regionda əsl söz sahibinə çevrilməsidir. Postmüharibə dövründə Azərbaycanın qarşısında duran əsas vəzifə kommunikasiyaların açılması və Ermənistanla sərhədlərin  delimitasiyasını və demarkasiyasını başa çatdırmaqdır. Ermənistanın dirənişlərinə baxmayaraq Azərbaycan bu istiqamətlərdə öz hədəflərinə çatmaq üçün 2021-ci il ərzində ardıcıl şəkildə mühüm diplomatik uğurlar əldə etdi. Ötən ilin yanvarında Moskvada, noyabrında Soçidə və dekabrda Brüsseldə keçirilən üçtərəfli görüşlərdə əldə edilən razılaşmalar da bunu təsdiqləyir. Bu görüşlər göstərdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindəki hərbi Zəfərimizi diplomatik müstəvidə də davam etdirməyi bacarıb.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ötən il yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşün də məqsədi 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması idi. Bütün bunlar isə regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsini özündə ehtiva etdi ki, bu da Azərbaycanın maraqlarına, regional əməkdaşlığa dair siyasətinin məzmununa uyğundur.

Moskvada aparılan danışıqlardan sonra Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. İqtisadiregional əməkdaşlıq məsələlərini nəzərdə tutan bu Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda, bu sənəd bir daha ona dəlalət etdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Çünki bu Bəyanat 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlı idi. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədilə yeni kommunikasiyaların inşasını nəzərdə tutur. Bu Bəyanat Ermənistanı reallıqlarla barışmağa məcbur edən mühüm siyasi-hüquqi öhdəlik oldu.

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşüvacib razılaşmaların əldə olunması ilə nəticələndi. Azərbaycan üçün mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraqlarını qətiyyətlə təmin etdi.

Soçi görüşündən sonra Rusiya Prezidenti də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya Prezidentiiki dövlət arasında sərhədlərin demarkasiyadelimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Eyni zamanda, Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından bəhs etdibunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.

Bu görüşlərin ardınca Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla 2021-ci illin dekabrın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşü bir daha respublikamızın milli maraq və mənafelərinin qətiyyətlə təmin edildiyini göstərdi. Bu görüşün gündəliyinə çıxarılan və əldə olunan razılaşmalar postmüharibə dövründəki növbəti diplomatik nailiyyətimiz oldu. Konstruktiv şəkildə keçən Brüssel görüşündə münasibətlərin normallaşdırılmasına və kommunikasiyaların açılmasına dair önəmli məsələlər müzakirə olundu.

Dövlət sərhədinin delimitasiyasına gəldikdə, bununla bağlı hər iki tərəf müvəqqəti İşçi Qrupun yaradılması ilə bağlı razılığa gəldilər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu və Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticəsinə dair bəyanatı da Azərbaycanın maraqlarını ehtiva etdi. Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edildi. Şarl Mişel bildirdi ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşləri və görüşlərin nəticəsi olan bəyanatlardan irəli gələn öhdəliklər yerinə yetirilməlidir.

Ən başlıcası isə Avropa İtiifaqı Şurasının  Prezidenti bəyanatda «Dağlıq Qarabağ münaqişəsi», «status» kimi ifadələrdən istifadə etmədi. O cümlədən Minsk qrupunun da adı çəkilmədi. Bu da bir daha göstərdi ki, status məsələsi tarixin arxivinə gömülübAvropa İttifaqı da Azərbaycanın yaratdığı yeni reallıqlarla barışır.

 

Elçin Zaman

 

İki sahil.- 2022.- 12 yanvar.- S.3.