Ölümdən qorxmayan millətlər
əbədi yaşam haqqını
qazanırlar
Azərbaycan
xalqı bu hikməti 20 Yanvar faciəsində, Aprel
döyüşlərində, İkinci Qarabağ müharibəsində
göstərdiyi qəhrəmanlıqlarla doğrultdu
«Azadlığı
istəmirəm zərrə-zərrə, qram-qram! Qolumdakı
zəncirləri qıram gərək, qıram, qıram!» Bu sətirlərin
müəllifi, yaradıcılığında azərbaycançılıq
ideyalarını səxavətlə «xərcləyən»
şair Xəlil Rza Ulutürkün yazdığı kimi,
qolundakı zəncirləri qırıb, azadlığa susayan
xalqlar istəklərinə heç də asanlıqla nail ola
bilməmişlər.
Tarixə nəzər salaq. XX əsrin əvvəllərində Rusiyanın çar üsul-idarəsi Putilov zavodunun fəhlələrinin etiraz aksiyalarının qarşısını almaq üçün ən alçaq vasitələrdən istifadə etdi. 1905-ci il yanvarın əvvəllərində başlanan tətildə iştirak edən fəhlələri aldadan keşiş Qapon fitnəkarlıq edərək çara ərizə vermək bəhanəsi ilə 9 yanvar bazar günü 140 mindən artıq insanı Qış Sarayınını qarşısına topladı. Çarın əmri ilə əvvəlcədən hazırlanmış qoşunlar silahsız fəhlələri, onların arvad-uşaqlarını silahla, qılınc və qamçı ilə qarşıladılar. Mindən artıq adam öldürüldü, beş min nəfərə qədər insan yaralandı. O zamandan bəri 9 yanvar tarixi Qanlı Bazar günü kimi xatırlanır. Çar üsul-idarəsi süqut etdikdən sonra yaranan Sovetlər Birliyində bir bayraq altında birləşən müttəfiq respublikaların vətəndaşları 70 ilə yaxın millətlərin «ümumi evi» hesab etdikləri SSRİ-nin əmrlərinə tabe olsalar da, azadlıq istəyi «bu evdə»ki soyuqluğu isidə bilmədi. Müttəfiq respublikaların müstəqillik arzuları yerindəcə, imperiyaya xas zorakılıqla boğuldu.
Hələ sovetlərin vaxtında Bakının istirahət güşəsi kimi tanınan Dağüstü parkın ərazisi əvvəllər Çəmbərəkənd adlanırdı. Paytaxtın yaşlı sakinlərinin söylədikləri kimi, oradakı qəbiristanlıq ötən əsrdə ermənilərin törətdikləri soyqırımlarda həlak olan Bakı sakinlərinin kütləvi dəfn edildiyi yer olub. Sovet ideologiyasının hakim kəsildiyi o illərdə işğalçılıq siyasətini pərdələyən, milli təfəkkürümüzü «qardaşlıq, birlik» psixologiyası ilə korlayan imperiya şovinist əməllərini gizlətmək üçün qatil Sergey Mironoviç Kirovun heykəlini soydaşlarımızın məzarları üstündə ucaltmaqla bir daha tariximizi saxtalaşdırmağa cəhd etdi. Amma ana torpaq onun uğrunda şəhadətə qovuşan günahsız nakamların ruhlarını Tanrı əmanəti kimi qoruyub saxladı.
…20 yanvar 1990-cı ildə Bakı səhərə gözünü qanla açdı. Həmin gün imperiya nökərləri xalqların milli oyanış istəyini susdurmaq üçün Almatıda (16 dekabr 1986), Vilnüsdə ( 11-13 yanvar 1991), Tbilisidə (9 aprel 1989) sınaqdan keçirdiyi « təcrübəni» Bakıda da tətbiq etdilər. 1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması azərbaycanlıların səbir kasasını daşırmışdı. Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülməsi imperiyanın «yaşıl paraqlılar»ını əsəbiləşdirmişdi.» Nəhayət, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün 20 Yanvar qırğınını törətdi.
Beləcə,
1990-cı ildə tarix təkrar olundu. Bir şənbə
gününə təsadüf edən 20 Yanvar hadisəsi
1905-ci ildə Rusiyada 9 yanvar qanlı bazar günü törədilən
qırğının təkrarı kimi imperiyanın iç
üzünü göstərdi. 1905-ci ildə törədilən
qanlı hadisələrin müəllifləri çar
Nikolayı və keşiş Qaponu SSRİ-nin rəhbəri,
ermənipərəst Mixail Qorbaçov, Azərbaycan KP
MK-nın birinci katibi, milli heysiyyətini itirmiş
Əbdürrəhman Vəzirov, sovetlərin güc
strukturlarının başçıları Dmitri Yazov, Vadim
Bakatin , Viktor Varannikov ... kimi qana susayan qatillər əvəzlədilər.
…Yanvarın
19-dan 20-nə keçən gecə ermənilərin
çoxluq təşkil etdiyi imperiya qoşunları
Bakını gülləbaran etdilər. O gecədən əvvəl
isə Sədərəkdə (Naxçıvan MR) ermənilərin
silahlı hücumları zamanı ilk şəhidlərimiz
azyaşlı Maliklə Elvin qardaşları oldu.
Qaniçən ermənilərdən,
peşəkar döyüşçülərdən təşkil
olunmuş « xilaskar qızıl ordu»nun zirehli hərbi
maşınları, tankları sovetlərin buxovundan, əsarətindən
qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin
üzərinə yeridildi. Heç bir xəbərdarlıq
edilmədən insanlara qarşı vəhşiliklər
törədən «paqonlular» Bakıda qanlı
qırğınlar törətdilər. İnsanların
azadlıq, istiqlaliyyət, müstəqillik səslərini
güllələrin «dili» ilə susdurmağa
çalışdılar. Amma unutdular ki, zalımın
zülmü olsa da, haqqın da bükülməz qolu, dönməz
üzü vardır. Canlı sipər çəkməklə
tankların qarşısını kəsən, düşmənə
meydan oxuyan oğullarımız ölümləri ilə
imperiyanın gücsüzlüyünü göstərdilər.
20 yanvarda da insanların azadlıq uğrunda mübarizəsi
qansız- qadasız ötüşmədi. Qəribəsi
budur ki, xalqlara qarşı belə «dərsvermələr» adətən
yanvar ayının payına düşür.
Bu
zülmə qarşı ilk etirazını bildirən, o zaman
Moskvada yaşayan xalqımızın müdrik oğlu, Vətənini,
xalqını canından artıq sevən Heydər Əliyev
ona qarşı olan təhdid və təzyiqlərdən
çəkinməyərək Azərbaycanın Moskvadakı
Nümayəndəliyinə gedərək 20 Yanvar
qırğınlarını ölkəmizin suverenliyinə
qarşı törədilmiş zorakılıq, təcavüzkarlıq
adlandırdı və faciəyə siyasi qiymət verilməsini
tələb etdi: « Belə qərar qəbul etmiş
adamların hərəkətini siyasi qəbahət sayıram.
Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar sadəcə
olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə
bilməmiş, Azərbaycan xalqının
psixologiyasını anlamamış, əhalinin müxtəlif
təbəqələri ilə əlaqələri zəiflətmişlər.
Onlar görünür işlərin belə ağır faciəyə
çevriləcəyini əvvəlcədən
düşünməmişlər. Bütün bunlar qabaqcadan
nəzərə alınmalı və vaxtında vacib, zəruri
tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş,
günahsız adamlar həlak olmuşlar» söyləməklə
əsl günahkarların cəzalarına
çatmasını tələb etdi. Əlavə olaraq
bildirdi ki, belə qərar qəbul edən Azərbaycan rəhbərliyi,
hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı
qoyub qaçan Vəzirov xalqı qarşısında məsuliyyət
daşımalıdır.
Prezident
İlham Əliyevin «1990-cı illərin əvvəllərində
- xalqımız üçün ən ağır dövrdə
yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini
göstərmiş, böyük cəsarət, vətənpərvərlik
göstərmiş və qanlı 20 Yanvar hadisələrini
Sovet İttifaqının mərkəzində, Moskva şəhərində
pisləmişdir. Mən o günü yaxşı
xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla
birlikdə idim və Heydər Əliyevin o qətiyyətli
çıxışı, Vətəninə, xalqına olan
bağlılığı bütün Azərbaycan xalqına
bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük
bir liderdir» sözləri 20 Yanvar, torpaqlarımızın
işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin
ruhuna əbədi hörmətdir.
O illərdə
dövlətçilik təcrübəsi, siyasi
hazırlığı ilə Kremldə böyük hörmət
və nüfuz qazanan, Azərbaycanı canından artıq sevən,
Qorbaçovun təhdidlərinə baxmayaraq xalqının dərdinə
şərik olan Heydər Əliyevin «Azərbaycan KP MK-ya, Ali
Sovetə, Nazirlər Sovetinə. Azərbaycan xalqına.
Bakı
şəhərinə sovet ordusu hissələrinin yeridilməsi
ilə əlaqədar xalqımızın başına gətirilən
faciədən- dinc əhalinin qırılmasından
böyük ürək ağrısı ilə xəbər
tutdum. Bu matəm günündə həlak olanların ailələrinə
və yaxınlarına, bütün Azərbaycan xalqına dərin
hüznlə başsağlığı verirəm.
Mən
düşünülmüş aksiyanı pisləyir, onu
antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır
gündə sizi ağıllı, kamallı olmağa , həmrəyliyə
və birliyə çağırıram.
Mənim
teleqramımın respublika mətbuatında dərc
olunmasını, radio və televiziya ilə verilməsini, matəm
mitinqində oxunmasını xahiş edirəm.
Heydər
Əliyev Moskva, 21 yanvar 1990-cı il» məzmunlu teleqramı da
gizli saxlanıldı.
19 yanvarda
Azərbaycan Televiziyasının enerji blokunu dağıtmaqla əsl
həqiqətləri, Ulu Öndərin teleqramını
xalqdan, dünya ictimaiyyətindən gizlədənlər vəhşiliklərini
ört- basdır etmək üçün haqqını tələb
edən vətənpərvərlərə ekstremist adı
verməkdən belə utanmadılar.
Kremldə
əyləşən ağalarına üz tutan, xalqa xəyanət
edən Vəzirov Azərbaycana qoşun yeridilməsinə
şərait yaratdı. Onun xahiş və tələbinə
uyğun olaraq 1990-cı ilin yanvar ayının əvvəllərindən
etibarən SSRİ Müdafiə Nazirliyinin, Daxili
Qoşunların, və Dövlət Təhlükəsizliyi
Komitəsinın böyük hərbi kontingenti Azərbaycana gətirildi
və Qala, Nasosnı aerodramlarında, Salyan kazarmasında yerləşdirildi.
Bu faktlar göstərir ki, 1988-ci ildə baş verən,
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin
hazırladığı Sumqayıt hadisələri kimi 20
Yanvar qırğınına da əvvəlcədən
hazırlıq görülmüş, ordu döyüş vəziyyətinə
gətirilmişdi. Beləliklə, ermənipərəst M.
Qorbaçovun erməni əsilli arvadının və
yaxını Aqanbekyanın istəyinə uyğun olaraq
Dağlıq Qarabağın Azərbaycandan qoparılması
planının ilk mərhələsi həyata keçirildi.
Bakıda,
Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət
elan olundu, qadağan saatı tətbiq edildi. Gündüzlər
belə küçədə gördükləri insanlara
qarşı zorakılıq tətbiq edən, içində
insan olan maşınları tanklarla əzən «xilaskar sovet əsgəri»
«qardaşlıq» himnini güllərin səsi ilə «oxudu.»
Bir vaxtlar «soldat nişan yest» dedikləri qırmızı
ulduzlu paqonlulara oxşamaq istəyən kiçik yaşlı
oğlanlar artıq onların çiyinlərində gəzdirdikləri
silahdan qorxaraq yan keçirdilər. Hadisələrin ilk mərhələsində
Bakıda 82 nəfər amansızcasına qətlə
yetirilmiş, 20 nəfər ölümcül
yaralanmışdır. Fövqəladə vəziyyət elan
edildikdən sonra da Bakı şəhərində daha 21 nəfər
öldürülmüş, paytaxtdan kənar rayonlarda -
Neftçala və Lənkəranda daha 8 nəfər qətlə
yetirilmişdir.
Beləliklə,
hərbi əməliyyatlar nəticəsində Bakıda və
rayonlarda 132 nəfər öldürülmüş, 744 nəfər
yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi
qulluqçular tərəfindən 200 ev və mənzil, 80
avtomaşın, o cümlədən təcili yardım
maşınları, yandırıcı güllələrin
törətdiyi yanğın nəticəsində dövlət
əmlakı və şəxsi əmlak məhv edilmişdi. Həlak
olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin,
təcili yardım işçiləri və milis nəfərləri
olmuşdur. Bütün dünya isə bu qətliama göz
yumdu.
20 Yanvar
hadisələri zamanı xalqının yanında olan, fərdi
pensiyaçı kimi doğma Vətəninə qayıdan,
Kremlin oyuncağı olan Azərbaycanın o vaxtki rəhbərliyinin
təzyiqləri nəticəsində paytaxtı tərk edərək
Naxçıvana dönən, həmyerlilərinin tələbi
ilə Naxçıvan MR Ali Məclisinin Sədri seçilən,
işlədiyi müddətdə «1990-cı ilin yanvar
ayında törədilmiş Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında» qərarın qəbulu
ilə 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verən
ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
şəhidlərimizin ruhuna hörmət və ehtiram idi. 13
yanvar 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri
Heydər Əliyevin imzası ilə qəbul olunmuş Bəyanatı
da bu istiqamətdə həyata keçirilən tədbirlərin
davamı kimi qiymətləndirmək olar. Bəyanatda deyilirdi
ki, hadisələr imperiya qüvvələri ilə xalqa xəyanət
yolunu tutmuş Azərbaycanın kommunist rəhbərliyi tərəfindən
birgə həyata keçirilmişdir. Hakimiyyətini qoruyub
saxlamaq üçün xalqına qarşı çoxminli
silahlı qüvvələrin təcavüzünü təşkil
edən respublika rəhbərliyi heç bir hüquqi əsası
olmadan Bakıda fövqəladə vəziyyət rejiminin tətbiqindən
belə çəkinməmişdir.
Ümummilli
lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra da şəhidlik adını uca tutaraq
bu istiqamətdə apardığı işləri davam
etdirdi. 20 Yanvar faciələrinin geniş miqyas almasında,
kütləvi insan tələfatı ilə nəticələnməsində
özlərini «demokrat» adlandıran siyasi partiya rəhbərləri
də o dövrdə iqtidarda olan səbatsızlar qədər
günahkar idilər. Yanvar hadisələrinə geniş mənada
əsl hüquqi, siyasi qiymətinin verilməsi
xalqımızın qeyrətli oğlu Heydər
Əliyevin1993-cü ildə Azərbaycana rəhbərliyə
qayıdışından sonra mümkün oldu.
Bu
günlərdə özünün «YouTube» müəllif
proqramında 1990-cı il 20 Yanvarında törədilən
qırğını da xatırladan Rusiyanın
tanınmış jurnalisti Andrey Karaulov 1990-cı ilin
yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi
zamanı da nümayişçilərə atəş
açanlar arasında «Alfa»” xüsusi təyinatlı dəstəsinin,
Əfqanıstan müharibəsinin keçmiş
veteranlarının olduğunu qeyd edir. Onları Krasnodar vilayətindən
Bakıya gətirmişdilər: « Biz Qanlı yanvarı”
xatırlayırıq. O zaman Bakıda general Lebedin
desantçıları şəhərin dinc sakinlərini zirehli
transportyorlarla əzdilər və süngüyə
keçirdilər. Onların qurbanları arasında südəmər
körpə və 92 yaşında qoca da var idi. Bizim
desantların bütün qurbanları Bakıda Şəhidlər
Xiyabanında dəfn olunub.»
Jurnalist
onu da xatırladır ki, həmin günlərdə Moskvadakı
Azərbaycan Nümayəndəliyində Azərbaycan
xalqına səbr diləyən Heydər Əliyevin
çıxışını bütün dünya dinləmişdi.
Xalqımızın
azadlıq, müstəqillik yolunda bayraqdar olan Ulu Öndərin
davamçısı, siyasi varisi kimi milyonların
etimadını doğruldan, 44 gün davam edən İkinci
Qarabağ müharibəsi ilə torpaqlarımızın 30
illik işğalına Ermənistanı kapitulyasiya aktına
qol çəkməyə məcbur etməklə son qoyan
Prezident İlham Əliyevin. «Əlbəttə, hər bir
insanın həyatdan getməsi böyük faciədir - həm
onun ailəsi üçün, yaxınları
üçün, qohumları üçün, həm də cəmiyyət
üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak
olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı
bu gün bütün dünyada artıq gerçək kimi qəbul
olunur. Onların qəhrəmanlığı nəticəsində
bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda
ucaldılır. Onların qəhrəmanlığı nəticəsində
xalqımız, dövlətimiz müzəffər dövlət,
müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi
yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli
ola bilər» sözləri, şəhid ailələrinin ,
qazilərin sosial şəraitlərinin
yaxşılaşdırılması istiqamətində
apardığı siyasət, dövlət
başçımızın imzaladığı sərəncamlar
Səməndər quşu kimi Vətən, torpaq yolunda
canından keçən qəhrəmanlara xalq məhəbbətinin
ifadəsidir.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 13 yanvar.- S.11.