Pandemiya turizm

sahəsinə də təsirsiz ötüşməyib

 

Turizm şirkətləri yaranmış vəziyyəti şərh edirlər

 

İki ilə yaxın bir müddətdir ki, davam edən pandemiyadan ən çox əziyyət çəkən sahələrdən biri də turizm sektoru oldu.

Azərbaycan Turizm Bürosunun Turizm Sənaye və Destinasiyasının İnkişafının İdarəedilməsi Departamentinin rəhbəri İlkin Cavadov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, pandemiyanın yaratdığı məhdudiyyətləri iki mərhələyə bölmək olar: Birinci mərhələ 2020-ci ildəki sərt məhdudiyyətlərin daha çox qüvvədə olduğu dönəm idi. İkinci mərhələ kimi isə 2021-ci ildən başlayan nisbətən daha yüngül məhdudiyyətlərin mövcud olduğu dönəmi hesab edə bilərik. 2020-ci ildə ölkədə daha sərt karantin qaydaları tətbiq edildiyi üçün xaricə səfərlər demık olar ki, mümkün olmadığı üçün vətəndaşlar yalnız yerli turistik məkanlarda istirahət edə bilirdilər. Həmin dövrlərdə bu, qiymətlərə bir o qədər də kəskin şəkildə təsir etməmişdi. Daha sonrakı mərhələdə isə Azərbaycan Respublikası vaksinin mövcudluğunu, PSR testinin nəticələrini nəzərə alaraq bir neçə dövlət ilə sərhədləri açdı. Bununla da əvvəlki qədər olmasa da bizə də xarici turistlər səfər etməyə başladılar. Daxili bazara tələbatın artımı qiymətlərə çox böyük şəkildə olmasa da təsirsiz ötmədi. Burada əsas şərt mövsümi olaraq dəyişir. Qış və yay aylarında qiymətlər daha yüksək müşahidə olunur. Həftəsonları, bayram günləri, istirahət günləri isə qiymətlər dəyişə bilir.”

Luna TravelTurizm Agentliyinin direktoru Rəhman Quliyev isə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, pandemiyanın aktuallığını saxladığı bir dönəmdə dünya ölkələri, eləcə də Azərbaycanla qonşu dövlətlər və digər ölkələr arasında hava nəqliyyatı və yerüstü sərhəd keçid məntəqələri qapandı, turist mübadiləsi tamamilə dayandı: “Bu da xarici turizmin demək olar ki, süqutuna gətirib çıxardı.  Bir ildən çox müddətdə bütün turizm sektoru işini tamamilə dayandırdı. Kütləvi vaksinasiyadan sonra ölkələr arasında uçuşlar qismən bərpa olundu. Bununla bərabər,  Azərbaycanda da otellər öz fəaliyyətlərini yavaş-yavaş bərpa etməyə başladılar. Pandemiya dövründə insanların səyahət etməyə çəkinmələri, aviabiletlərdəki və xarici ölkələrdə olan otellərdəki bahalaşmalar, virusun yayılma sürəti insanları ölkəmizin daxilində istirahət etməyə sövq edirdi. Buna görə də daxildə fəaliyyət göstərən otellər daha böyük məsuliyyət ilə işləməyə başladılar. Hesab edirəm ki, bu, müştəri bazasını daha yaxından və yaxşı mənimsəmək, xidmət səviyyəsini artırmaq  baxımından yerli otellər üçün bir şans idi. Ancaq müşahidələr və pandemiyanın yaratdığı reallıqlar onu göstərdi ki, daxili turizmə tələbatın artımı qiymətlərdən də yan keçmədi. Doğrudur, həftəiçi otellərin qiymətlərində ötən illərlə müqayisədə kəskin artım müşahidə olunmasa da bayram günlərində, həftəsonlarında, insanların istirahətə daha çox üz tutduqları vaxtlarda əvvəlki illərə nəzərən müəyyən artımların mövcudluğunu qeyd edə bilərik. Ancaq bu hal bütün dünya praktikasında da belədir. Pandemiyadan əvvəlki zamanlarda da xüsusi günlərdə otellərdə qiymət artımına rast gəlmək mümkün idi. Pandemiyanın yaratdığı çətinlikləri, insanların işlərində yarananbirbaşa olaraq gəlirlərinə təsir edən halları nəzərə alaraq hesab edirəm ki, otellər də qiymətləri əhalinin xeyrinə tənzimləməlidirlər. Bu baxımdan müəyyən kompaniyalar təşkil edilə bilər.”

Avantaj Groupturizm şirkətinin rəhbəri  Orxan Məmmədli də hesab edir ki, pandemiya dövründə bütün dünyada olduğu kimi, Azərbaycanda da prioritet istiqamətlər olub. O, “İki sahil”ə açıqlamasında bildirdi ki, ölkə vətəndaşlarının yeni yerlər görmək istəyi hər zaman olub: “Bu, çox gözəl bir haldır. Amma Azərbaycanın hər yerini görmüsünüzmü? Vətəndaşlara hər zaman ilk sualımız bu olur. Hazırda ölkəmizin hər yerinə maraqlı turizm marşrutları var. Şimal, cənub, qərb, şimal-qərb marşrutları, eləcə də Naxçıvana olan turlar turistlərin  xüsusi maraqlarını  çəkir. Azərbaycanın kəşf edilməli yerləri isə hələ çoxdur. Ölkəmizin müalicəvi turizm potensialı da son dərəcə cazibədardır. Məsələn,  Duz dağı, Naftalan insanların müalicə üçün ən çox üz tutduqları yerlər sırasındadır. Yeni yerlər kəşf etmək insanlara həm də daha prestijli istirahət kimi görünür.”

Pandemiya dövründə  bizə həm də ümumi trendi dəyişərək daxili turizmi inkişaf etdirmək üçün gözəl şans yaranıb”,- deyə vurğulayan Orxan  Məmmədli onu da qeyd etdi ki, daxili turizmə tələbatın kəskin şəkildə artması, pandemiyanın hələ də davam etməsi müəyyən qədər qiymətlərin artımına da səbəb olub: “Pandemiya başlayandan  sonra otellərdə qiymətlərdə artım müşahidə olunur. Bu da təbii haldır. Çünki əvvəllər otellərdə  100 faiz doluluğa icazə verilirdisə, indi pandemiya ilə əlaqədar olaraq sıxlıq olmasın deyə otellər də müştəriləri az qəbul etməlidirlər. Həmin faiz  dərəcəsi bu səbəbdən aşağı düşdüyünə görə, qiymət artımında bu il pandemiyadan əvvəlki illərə nisbətən  yüksək artım müşahidə  olunur. Onu da qeyd edim ki, Azərbaycanda  700-ə yaxın otel fəaliyyət göstərir. Onların təxminən üçdə biri paytaxt Bakı və ətraf ərazilərdə yerləşir. Otellərin sayının bölgələrdə az olması da qiymət artımına birbaşa təsir edən amillərdən hesab edilir.”

Bu günün reallığı ondan ibarətdir ki, pandemiya bütün sahələrin günlük fəaliyyətinə öz mənfi təsirini göstərməkdə davam edir. Yaranan çətinliklərin  isə pandemiyadan sonrakı dövrdə aradan qaldırılacağına ümidlər böyükdür.

 

Nilufər Mustafaqızı

 

İki sahil.- 2022.- 13 yanvar.- S.16.