Özü getdi, aləmdə səsi
qaldı...
Xalq artisti Mirzə Babayevin vəfatından
19 il ötür
O,
mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə
yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”,
“Saçlarına gül düzüm”, “Sən uzaq,
yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”,
“Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin
qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk
olunurdu.
Hər dəfə
Mirzə Babayevin sənət dünyası haqqında fikirləşəndə
adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də,
sözlərini də özü yazıb. Sənətkarın
özünəməxsus üslubu və bənzərsiz ifa tərzi
dinləyicini sehrinə salırdı.
AZƏRTAC
Xalq artisti, “Şöhrət” ordenli, bir çox
mükafatların laureatı, Azərbaycan estradasının
banilərindən biri Mirzə Babayevin vəfatının 19-cu
ildönümündə sənətkarın həyat yolunun və
yaradıcılığının bəzi məqamlarına nəzər
salır.
Mirzə
Babayevin ömür kitabını vərəqlədikcə
gözlərimiz qarşısında xalqımızın musiqi
tarixinin bütöv bir dövrü canlanır. Görkəmli
estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu,
Rauf Hacıyev və digər bəstəkarlarla birgə
yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq
incilərindəndir. Onun repertuarında xarici ölkə
xalqlarının mahnıları da yer alırdı.
Mirzə
Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da
Bakıda, ziyalı ailəsində dünyaya göz
açmışdı. 1935-1940-cı illərdə Sənaye
İnstitutunun memarlıq fakültəsində təhsil
almışdı. Böyük Vətən müharibəsinin
başlanması onun gələcək həyatını
büsbütün dəyişdi: cəbhəyə getdi, bir
çox döyüşlərdə igidliklər göstərdi.
Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə
konservatoriya təhsilini başa vuran istedadlı müğənni
vokal sənətinin incəliklərinə yiyələnərək
ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin
musiqi duyumu və yüksək səhnə mədəniyyəti
ilə qısa müddətdə tamaşaçı rəğbəti
qazandı.
Müğənni
müxtəlif illərdə Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin estrada
orkestrində, Azərbaycan Dövlət Akademik
Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində
çalışıb. Dünyanın bir çox ölkələrində
yüksək ifaçılıq məharəti ilə Azərbaycanın
musiqi sənətinin təbliğatçısı kimi
çıxış edib, milli estrada musiqimizi zirvələrə
qaldırıb.
Mirzə
Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı
var. O, Mirzə Ələkbər Sabirin sözlərinə
yazılmış mahnıları xüsusi ustalıqla oxuyub.
Eyni zamanda otuzdan çox filmdə rol alıb: “Kölgələr
sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli
Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”,
“Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun”
filmində Məşədi İbadın mahnılarını
Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?”
filmində isə Tərlanın mahnısını səsləndirib.
Müxtəlif
vaxtlarda çəkildiyi filmlər müğənninin xalq
arasında şöhrətini daha da artırıb. “Dərviş
Məstəli şah”da Dərviş, “Bəyin
oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də
Dərviş obrazlarını məharətlə yaradıb.
“Qorxma, mən səninləyəm”, “Telefonçu qız”,
“Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və
rəngarəng obrazları kino tariximizə həkk olunub.
Sözsüz
ki, Mirzə Babayevin fəaliyyətində əsas yeri
müğənnilik tutur. Məhsuldar
yaradıcılığa malik sənətkarın 1998-2002-ci
illərdə üç diski çıxıb, 1999-cu ildə
isə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı)
solo konsert verib. Onun milli musiqi mədəniyyətimizin
inkişafındakı xidmətləri yüksək qiymətləndirilib:
Xalq artisti fəxri adına layiq görülüb, Azərbaycan
Respublikası Prezidentinin fəxri təqaüdçüsü
olub, “Şöhrət” ordeni ilə təltif edilib.
Mirzə
Babayev Azərbaycan estradasının ən
uzunömürlü müğənnilərindən biridir.
Söz vermişdi ki, 100 yaşında səhnəyə
çıxıb oxuyacaq. Müsahibələrinin birində
deyirdi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən
də nənəm kimi 130 il yaşayacağam”. Amma
ömrünün 90-cı ilində səhhətində
gözlənilməz problem yaşandı və 2003-cü il
yanvarın 13-də bənzərsiz sənətkarımızı
itirdik.
Bəlkə
də çoxları bilmir ki, o, həm də memar idi. Bakı
şəhərində, Gəncədə, Sumqayıtda, Mingəçevirdə
və başqa şəhər və rayonlarda onun layihələrinə
əsasən binalar tikilib.
Kimlər
gəldi, kimlər getdi bu dünyadan,
Arif olan
nakam getməz bu dünyadan...
Bəstəsi
Soltan Hacıbəyova, sözləri Zeynal Xəlilə aid olan
bu möhtəşəm mahnını çox müğənnilər
ifa edib. Amma onu Mirzə Babayev qədər ürəkdən,
yanğılı oxuyan olmayıb. Mahnıda deyildiyi kimi, bu
dünyadan nakam getmədi. Həm sənətkar, həm də
insan kimi şərəfli bir ömür yaşadı. İllər,
qərinələr keçəcək, lakin Mirzə
dayının ürəyəyatımlı səsi, bənzərsiz
ifası yenə könülləri oxşamaqda davam edəcək.
İki sahil.- 2022.- 14 yanvar.- S.7.