Bütün sahələrdə ASAN

modeli tətbiq edilməlidir

 

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində günümüzün əsas məsələlərindən biri kimi şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan addımların uğurlu nəticələrindən və cari ildə görüləcək işlərdən bəhs etdi

 

Dövlət başçısı İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlardan geniş bəhs edərək dayanıqlı inkişafın təmin edilməsində şəffaflığın, vətəndaş məmnunluğunun artırılmasının rolunu xüsusi vurğulamışdır. Ötən illərdə bu sahədə görülən işlərin uğurlu nəticələrindən geniş toxunan ölkə Prezidenti bu inamı ifadə etmişdir ki, bu il bu sahədə də mübarizə davam etdiriləcək: «Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar.» Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir.

Son 18 ildən artıq dövrdə ölkədə həyata keçirilən kadr islahatları göz önündədir. Dövrün, zamanın tələblərinə uyğun olaraq islahatların həyata keçirilməsi labüd olduğu kimi, kadr dəyişikliyi də vacibdir. Bu tələb qarşıya qoyulur ki, gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında bir vəhdət təşkil etmək lazımdır. Müasir düşüncəyə malik olan gənclik yeni dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malikdir. Gənclərin xarici ölkələrdə təhsili, əldə etdikləri təcrübəni ölkəyə qayıtdıqdan sonra tətbiq etmələri də uğurlu gələcəyə hesablanmış addımlar sırasındandır. Qeyd olunan müsahibəsində dövlət başçısı istisna olunmayan bu hallara da diqqəti yönəltmişdir ki, əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi də öz rolunu oynamalıdır.

Qeyd etdiyimiz kimi, son illər hakimiyyətin bütün qollarında ciddi kadr islahatları aparılıb. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında kadr dəyişikliyi baş verib. Bu kimi addımlar korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Xoşagəlməz halların qarşısının alınmasında ictimai nəzarət də əsas rol oynayan amillər sırasındadır. Kompleks tədbirlər uğurlu nəticələrə yol açır.

Dövlət başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri, nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, bunu dövlət idarəçiliyində olan hər kəsdən tələb edir. Ölkə Prezidenti vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan, Azərbaycanın brendi kimi nüfuz qazanan «ASAN xidmət», DOST layihələrinin həyata keçirilməsində də şəffaflığın qorunması, vətəndaş məmnunluğunun artırılması əsas hədəflərdəndir.

Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib. Dövlət başçısı İlham Əliyev «Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbiidir. Ancaq, eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm» fikirləri bugünümüzün reallıqlarının aydın mənzərəsini yaradır. Cənab İlham Əliyevin ötən il regionlara 47 səfər etmişdi ki, onların da 32-si işğaldan azad edilmiş ərazilərimizə idi. Bu torpaqlarda bərpa və quruculuq işlərinin aparılması ilə yanaşı, cənab İlham Əliyev digər bölgələrin də sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində mühüm addımlar atır. Yeni sosial obyektlərin təməlinin qoyulması, açılışı, ictimaiyyət nümayəndələri ilə görüşüb qayğılarını, onları narahat edən məsələləri öz dillərindən eşitmək istəyi dövlət başçısına xalqın sevgisini birə on qat artırır. Ölkə Prezidenti İlham Əliyev daim bildirir ki, vətəndaşlar nə zaman görülən işlərdən razı olacaqlar, onda mən də razı qalacağam.

Əvvəldə də qeyd etdiyimiz kimi, son illər yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamı təmin edilir. Ölkənin istənilən bölgəsində bir təbii fəlakət baş verəndə Prezidentimizin vaxt itirmədən xalqın yanında olduğunu görürük. Dövlət başçısı hər dəfə problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü hadisə yerlərinə baş çəkir. Bu, xalqımızın bir daha öz seçimində yanılmadığını göstərən çox mükəmməl bir örnəkdir. Dövlət başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir. İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsi bir daha bu reallığı təsdiqlədi ki, dövlətini, xalqını sevən, hər an onun gələcəyi barədə düşünən cənab İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir, məğlubedilməzdir. Məhz Vətən müharibəsində Qələbəmiz cənab İlham Əliyevin adını tarixə qalib Müzəffər Sərkərdə, Azərbaycan xalqını məğlubedilməz, qürurlu xalq, ordumuzu rəşadətli, qalib ordu kimi yazdı. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq bütün vətəndaşların dövlət başçısı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi Prezident-xalq birliyini, həmrəyliyini nümayiş etdirdi. Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin insanların rahatlığını tam təmin edəcək şəkildə həyata keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər də dövlət başçısının hər bir vətəndaşının yanında olmaqdan və onları razı salmaqdan qürur hissi keçirdiyini nümayiş etdirir. Dövlət başçısı bildirir ki, şəhər və kəndləri müasir tələblər səviyyəsində bərpa ediləcək, soydaşlarımızın yaşayışı üçün bütün imkanlar yaradılacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, ölkə Prezidentinin ictimaiyyət nümayəndələri ilə hər görüşünə diqqət yetirdikcə onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhval -ruhiyyə yaratdığını görürük. Hər zaman bu tezis irəli sürülür ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirdikcə böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Təbii ki, atılan bu addımlar insan amilinə verilən dəyərdən irəli gəlir.

Azərbaycan xalqı dünyanı bürüyən pandemiyaya qarşı mübarizədə də ölkə Prezidentinin atdığı hər addımda əhalinin sağlamlığını, sosial müdafiəsinin gücləndirilməsini düşündüyünün şahididir. Pandemiyanın ilk günündən iş yerlərinin azaldılmayacağını, sosial layihələrin təxirə salınmayacağını bildirən dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə etməklə 10 yardım proqramını özündə ehtiva etdi. Dövlətin həyata keçirdiyi məşğulluq və sosial dəstək tədbirləri Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirilərək, Azərbaycanın bu qlobal bəladan az itki ilə çıxacağı böyük əminliklə ifadə olundu. Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizədə Azərbaycanın həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirdiyi tədbirləri önə çəkərək bildirir ki, yeganə məqsəd bu mübarizədən az itki ilə çıxmaqdır. Karantin rejiminin dövrün tələblərinə uyğun olaraq yumşaldılması, yaxud sərtləşdirilməsi, insanların daha çox evdə qalmalarına çağırışlar edilməsi, özünütəcrid prinsipinə uyğun olaraq insanların sosial məsafəni gözləmələri, əlaqələrin müasir dövrün imkanlarından istifadə edərək qurulması və sair kimi addımlar vətəndaşlara olan diqqət və qayğıdan irəli gəlir.

“Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Xalqımız tam əmindir ki, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər yüksək səviyyədə reallaşacaq. Azərbaycanın həyatında başlanan yeni quruculuq, bərpa dövrü başa çataraq həmin bölgələrin malik olduğu resurslardan səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına böyük dəstək olacaq. İqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaranır. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. İqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur. Əsas hədəflərdən biri budur ki, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır, prioritetlər seçilməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Bu baxımdan ki, bu torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. İxrac potensialımız artırılmalı və şaxələndirilməlidir. Həm yeni bazarlar axtarılmalı, həm də kənd təsərrüfatı məhsullarının çeşidi artırılmalıdır. Dövlət başçısı bildirir: «Əlbəttə, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik.»

Korrupsiyaya, inhisarçılığa və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, bu istiqamətdə aparılan islahatların ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi sübut edir ki, cəmiyyətdə şəffaflığın təmin olunması naminə dövlətin apardığı siyasət kampaniya xarakterli deyil, ciddi, qətiyyətli, davamlı prosesdir. Qarşıya qoyulan məqsədə çatmaq üçün görülən profilaktik tədbirlər, əhali arasında aparılan maarifləndirmə işinin intensivləşməsi, Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələrinin dəstəklənməsi, yeni texnologiyalar əsasında formalaşan «Elektron hökumət»in bütün sahələri əhatə etməsi, «ASAN xidmət» şəbəkəsinin genişləndirilməsi insanları narahat edən neqativ və bürokratçılıq hallarının aradan qaldırılmasında səmərəsini göstərməkdədir. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamı xüsusi qeyd etmişdir ki, vacib amillərdən biri korrupsiya üçün meydanı daraltmaqdır. Bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı 98 faizdir.

İctimai və sosial xidmətlər sahəsində inqilab adlandırılan, beynəlxalq səviyyədə təbliğ olunan «ASAN xidmət»in funksiyalarının genişləndirilməsi, xidmət növlərinin artırılması korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya qarşı mübarizədə dövlətin siyasi iradəsinin göstəricisidir. İqtisadiyyatın, aqrar sahənin, həyatımızın bütün sahələrində gündəlik tələbatın, iş prinsipinin «ASAN xidmət»in funksiyalarına uyğunlaşdırılması, biznes sahəsində əməliyyatların elektron variantlarda həyata keçirilməsi demək olar ki, korrupsiyaya qarşı mübarizədə özünü doğruldur. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq olundu. «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun qəbulu, neqativ hallara qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların yaradılması bu «ictimai bəla»ya qarşı ictimai nəzarəti gücləndirən, gündəlik məsələ kimi aktuallaşdı. Korrupsiyanın qarşısının alınması üçün əsas amil olan kadr siyasəti bu prinsiplərə əsaslanır: Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Bu cür mənəvi keyfiyyətləri şəxsiyyətində formalaşdıran, gündəlik iş prinsipi kimi yerinə yetirən, haqqında müsbət mənada ictimai rəy formalaşan məmurlar layiqli xidmətləri ilə vəzifə məsuliyyətlərini dərk edir, təvazökarlıqları, mədəni davranışları, səmimiyyətləri ilə etimadı doğruldurlar. Bu isə öz növbəsində onların ölkənin inkişafına töhfələrinin miqyasını genişləndirmələri ilə müşayiət olunur. Prezident İlham Əliyev bildirir ki, yerlərdə insanların dolanışığı, rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır.

Bu gün regionlarımız sürətli inkişaf dövrünü yaşayır. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası yeni-yeni hədəflərə yol açır. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafı dair Milli Prioritetlər»ə uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa işləri həyata keçirilir. Bütün bu addımlar ümumilikdə Azərbaycanın iqtisadi möcüzələr ölkəsi imicinə yeni əlavələr edir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2022.- 15 yanvar.- S.6.