20 Yanvar qırğınına

verilmiş ilk siyasi qiymət

 

Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri, sonra Moskvada yüksək vəzifələrdə olanda elə bir şəxsiyyət idi ki, respublikamıza olan hücumların qarşısını ala bilirdi. Ona görə Azərbaycanı istəməyən qüvvələr daim çalışırdılar ki, Heydər Əliyev vəzifədən getsin və sonra respublikamıza qarşı öz çirkin niyyətlərini həyata keçirsinlər. Bu qüvvələr başda Mixail Qorbaçov olmaqla 1987-ci ilin oktyabrında Heydər Əliyevin istefasına nail oldular.

İstefadan çox qısa müddət sonra Qorbaçovun müşaviri olan erməni Abel Aqanbekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində bildirdi ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır və Ermənistana verilməlidir. Eyni zamanda, əlavə etdi ki, mənim bu məsələ ilə əlaqədar Qorbaçovla söhbətim olub. Elə özü də bilmədən büruzə verdi ki, bu işin arxasında Mixail Qorbaçov durur. Ondan sonra məlum hadisələr başladı.

XX əsrin 80-ci illərinin sonlarında ərazi bütövlüyümüzə, suverenliyimizə yaranan təhlükə xalqımızı coşdurdu, milli azadlıq hərəkatı inkişaf etməyə başladı. Mütəmadi etiraz mitinqləri keçirilirdi. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı Sovet imperiyası müstəqil görmək istəmirdi. Bu məqsədlə imperiyanın xüsusi xidmət orqanlarının hazırladığı 20 Yanvar qırğını həyata keçirildi. Həmin gün öz konstitusion hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız Sovet ordusunun zirehli texnikaları, tərkibində xarici görünüşləri şübhə doğuran adamların və hətta ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. Bu dəstələr heç nəyə baxmadan dinc vətəndaşlarımızı gülləbaran etdilər, qətlə yetirdilər, tankların tırtılları altında əzdilər. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi.

O vaxt istefada olan Heydər Əliyev səhhətinin pis olmasına baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına başsağlığı verdi və bu hadisələrdə əsas günahkarları kimi ovaxtkı SSRİ və respublika rəhbərliyini, birinci növbədə Qorbaçovu göstərdi. Bu, 20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət idi.

Bu hadisədən sonra məlumdur ki, Ulu Öndərimizə qarşı çox böyük hücumlar başladı. Mən o vaxt Elmlər Akademiyasında çalışırdım. Kollektivimiz adından Heydər Əliyevə qarşı aparılan çirkin kampaniyaya öz kəskin etirazımızı bildirirdik. Əvvəllər bu müraciətləri Bakıdan göndərirdik, lakin başa düşdük ki, onlar öz ünvanına çatdırılmır. Odur ki, məcbur olub Moskvadan göndərməyə başladıq. SSRİ-nin tanınmış ictimai, siyasi xadimlərinə, müvafiq dövlət qurumlarına göndərdiyimiz teleqramlarda ovaxtkı respublika və SSRİ rəhbərliyini ittiham edirdik. Heydər Əliyevin dövlət və xalq naminə gördüyü işləri göstərərək ona qarşı aparılan çirkin kampaniyanın dayandırılmasını tələb edirdik. Mən o dövrdə Heydər Əliyevin əleyhinə yazı dərc edən qəzetlərin redaksiyasına gedərək hazırladığımız cavabları təqdim edərək danışırdım, amma dərc etmirdilər. Biz Moskvada olanda xarici agentliklərin və qəzetlərin nümayəndəlikləri ilə də əlaqə yaratmağa çalışırdıq.

Qeyd etmək lazımdır ki, xalqımızın azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olmuşdur. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli Sərəncamına əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması mühüm tarixi əhəmiyyət daşıyır.

Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra andiçmə mərasimində bəyan etdi ki, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Cənab Prezident Heydər Əliyev siyasətini davam etdirərək ölkəni daha da inkişaf etdirdi, güclü ordu yaratdı. Çox fəal xarici siyasət apardı. Qardaş Türkiyə ilə çox yaxın əlaqələr qurdu. Bu işlərlə 17 il məşğul oldu. Hiss edəndə ki, əlverişli geosiyasi vəziyyət yaranıb, dünya ölkələri artıq başa düşüblər ki, bizim işimiz haqq işidir və güclü ordumuz var, Ermənistanın təmas xəttində yaratdığı təxribata cavab olaraq orduya əks-hücum əmri verdi.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan bütün imkanlardan istifadə edərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsi olmaqla erməni faşizminin belini qırdı. Bu tarixi Qələbə Ulu Öndərimizin və bütün şəhidlərimizin ruhunu şad etdi.

Şəhid ailələrinə diqqət və qayğının daha da artırılması, ölkəmizə gələn dövlət və hökumət başçılarnın, məşhur qonaqların Şəhidlər xiyabanını ziyarət etmələri Vətən uğrunda qurban gedənlərə dövlət səviyyəsində rəsmi ehtiramın təzahürüdür.

 

Novruz Quliyev,

AMEA-nın müxbir üzvü, professor

 

İki sahil.- 2022.- 18 yanvar.- S.6.