Bayatıya dönən ömür

 

Əzizim o gün olaydı,

O gün bu gün olaydı.

Rahimli günlərimin

Biri bu gün olaydı.

 

Bu yazımı 1990-cı il 20 Yanvar faciəsinin qurbanı, Naxçıvan torpağının qəhrəman yetirməsi, iftixar mənbəyi, eyni zamanda Ordubadın qaranquş Şəhidi Rahim Babayevin Anası əziz və möhtərəm Yaqut xanıma həsr edirəm. Yaqut xanımla həyatda görüşməsək də, son zamanlar telefon vasitəsilə sıx-sıx əlaqə saxlayırıq... Eyni zamanda bu kövrək, həssas, gözəl qəlbli, QƏHRƏMANLAR ANASI Yaqut Xanımla tanışlığımızdan böyük məmnuniyyət və şərəf hissləri duyuram! Və mən düşünürəm ki, Yaqut Ana elə həminki Yaqut Anadır. Yəni 1990-cı illərdən  könlü qəm dəryasındaykən mətbuat səhifələrində Şəhid Analarının kədərinə şərik çıxmaqla, həmdərdlilərinə təsəlli verən, sinəsi ağılarla, oxşamalarla, bayatılarla dolu, bala nisgilli Yaqut Ana! Dindirsən bir həzin layla kimi axıcı, kövrək, təsirli bayatı oxşayacaq qəlbini. Elə mən də Yaqut Ananı uzaqdan-uzağa bu cür tanımışam.  Həsrət, qubar dolu məktublarını, duyğulu xatirələrini oxuyarkən o ağrılı, acılı  illərin dərdli izlərini qəm hopmuş nurani çöhrəsində, dərin kədər çökmüş gözlərində, dağların qarı tək bəyazlamış saçlarında görmüşəm.

 

Əzizim, ellər ağlar,

Çiçəklər, güllər ağlar.

Nakam bir oğul üçün

Ağaran tellər ağlar.

 

Yaqut Ana ilə bu günədək uzaqdan-uzağa apardığımız səmimi söhbətlərimiz adətən bayatısız ötüşməyib. Elə bu yazımı da bayatılar əsasında yazmaq qərarına gəldim.

 

Könül aldatdı məni,

Qürbətə atdı məni.

Ana, yazdığın məktub

Xeyli ağlatdı məni.

 

Düz 32  ildir ki, nakam Şəhid oğul itkisi göynədir Ana qəlbini. Könlü darıxan zaman müəyyən səbəblərdən Bakıya Şəhidlər xiyabanına əli çatmayanda, Şəhid oğlunun Ordubaddakı rəmzi məzarını ziyarət edir. Bu soyuq rəmzi məzar daşı bəlkə də Ananın dərdli ürəyinə bir  təsəllidir. Ancaq onu bilirəm ki, həyatda bir Ana üçün övladının yerini kimsə tuta bilməz, onu heç bir qüvvə, heç bir varlıq əvəz edə bilməz: “Rahim mənim əlimə saz verib, qəm aşiqi etdi. Bala dağı bir an belə nə yaddan çıxar, nə də unudular...”- deyə nisgilli-nisgilli köks ötürür Yaqut Ana.

 

Dağlar dağımdır mənim,

Qəm oylağımdır mənim.

Dindirməyin, qəmliyəm,

Yaman çağımdır mənim.

 

Elə mən də sizin bu duyğulu, ürək dağlayan sözlərinizi heç zaman unutmayacağam, əzizim Yaqut Ana! Nə sizin haqqınızı, nə də Şəhid övladınızın haqqını əsla ödəyə bilmərik!..

1990-cı ilin qanlı 19 yanvar gecəsində müstəqilliyimiz uğrunda gedən şanlı mübarizədə Rahim 19 yaşında əbədiyyətə qovuşdu. O, həyatda əsl igid ömrü yaşadı. Tariximizin mübarizlik və hünər salnamasində qəhrəmanlıq  andı  içib, şərəfli ad qazandı. Onu da deyim ki, bilmirəm nə sirdirsə, 9 rəqəmi Rahimin taleyindən asılıb qalıb. Çünki yaxşı yadımdadır. Mən ilk dəfə Yaqut Anayla telefon əlaqəsi yaradanda təqvimdə 9 rəqəmi var idi. Həmin tarixi mən seçməmişdim, tale seçmişdi. Görünür, bu da Tanrıdan bir təsadüf imiş...

Bəzən elə düşünürəm ki, Yaqut Ana ilə duyğularımız, düşüncələrimiz, eyni zamanda könül dünyamız birdir. Çünki Şəhidlərdən yazmaq üçün səmimi can yanğısı, qəlbən cəfakeşlik  gərəkdir. Yaşamadan, duymadan yazmaqla, ötəri duyğulara yol verməklə rəngsiz, ruhsuz bir əsər yaratmağı da nəinki təsəvvürümə gətirə, məfkurəmə belə sığışdıra bilmirəm. Yəni Şəhidlərdən yazarkən bu kimi qeyri-səmimi hisslərə qapılmaq ruhuma, düşüncəmə, mənəviyyat dünyama yad gəlir. Bir halda ki, yaratdığın əsərin baş qəhrəmanı qeyrətiylə, mənəvi dünyasıyla öyündüyün, iftixar duyduğun Şəhid Rahim Babayev ola...  Rahim elə bir vətəndaş, elə bir Şəhiddir ki, barəsində söhbət açarkən insan göz yaşlarına hakim ola bilmir, hətta keçirdiyi qeyri-adi müqəddəs hisslərin təsiri  ilə Tanrıdan Şəhidlik diləyir. Bir sözlə,  Şəhidlərdən yazmağın özü də cismani olmasa da ruhani Şəhidlikdir. Burada sözün bitdiyi andır....

 

Fələk kələk eylədi,

Yaman kələk eylədi.

Girdi gül bağçamıza

Ələk-fələk eylədi.

 

Çox ağır itkidir, Anacan! Bilirəm ki, dözüləsi ağrı, çəkiləsi dərd deyil. Dərdin köhnəsi, təzəsi olmaz. Min bir əzab-əziyyətlə böyütdüyünüz oğul ilk azadlıq fədailəri sırasında qərar tutub. Belə bir şərəfə layiq görülmək, fəxri ada ucalmaq hər oğulun işi deyil, ər oğulun işidir. Bilənlər bilir ki, Rahim Vətəninə necə namuslu, vicdanlı vətəndaş, xalqına, millətinə necə layiqli oğul olub. Vətəni ötəri hisslərlə deyil, İlahi məhəbbətlə sevib. Uğrunda candan keçərkən ölümün gözünə də mərdi-mərdanə, dik baxıb. Tanrının ona göstərdiyi yolla irəliləyib. Bu nurlu yol Haqqın yoludur. Bu ölümsüz yol Şəhadət yoludur. Bu müqəddəs yolu seçməyilə şərəf duyub Rahim. Unudulmaq istəmirdin, unudulmamısan! Səni sevənlərin, sənə qibtə edənlərin, bir sözlə, bu xalqın, bu millətin qəlbindəsən, qardaş!

 

Bəsdir naçar ağlama,

Ürəyimi dağlama.

Bu qapını bağlayan

Bir gün açar, ağlama.

 

Bəzən Yaqut Anayla gecələr bayatılarla dərdləşib, səhəri bayatılarla açırıq. Vətən həsrətli, yurd sevdalı, Şəhid nisgilli bayatılarla. Təbrizdən Ordubada, Vətəndən Vətənə, ürəkdən ürəyə yollar görünür. Belə ki, Yaqut Ananın dilindən Ordubaddan Təbrizə həssas duyumlu bir el bayatısı süzülərkən duyğulanmaya bilmirəm:

 

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə igid olsa,

Heç verməz ordu bada.

 

Vətəndən Vətənə yollar görünür dedim. Bu yolun sonu isə igid, qəhrəman Rahimlərin əbədi ünvanı müqəddəs məkan-Şəhidlər Xiyabanıdır:

 

Əzizim, Xiyabana,

Yol gedir Xiyabana.

Qardaş, bacılar qurban,

Siz yatan Xiyabana.

 

Hər Şəhid bir zirvənin əbədi sakini, ölümsüz amal sahibidir. Biz öləcəyik, xatırlanmayacağıq. Ancaq Şəhidlər cismən ölsə də, ruhən ölmürlər, ölməyəcəklər, zaman-zaman fəxr və qürur hissi ilə xatırlanacaqlar. Çünki onlar Tanrı dərgahında ölümsüzlüklə mükafatlandırılaraq əbədi cənnətini qazanmışlardandırlar. Ölüm hər bir Allah bəndəsinin haqqıdır. Lakin Şəhidlərin haqqı deyildir. O müqəddəslərə ölüm yoxdur. Burada poetikanın dili ilə ölümsüz bir amalı tərənnüm edən nikbin misralar çatır dadıma. Yaqut Anaya ünvanlayıram, bəlkə Rahimsiz qəribsəyən könlünə qismən təsəlli olar deyə:

 

Şəhidəm, sönmərəm, bil,

Torpağa dönmərəm, bil.

Ürəklərdə yaşaram,

Canlıyam, ölmərəm, bil.

 

Şəhid məramı, Şəhid məsləki necə də şərəfli, ali və müqəddəsdir. Biz də Vətən aşiqləri qəlbən bu müqəddəs məslək və mərama sığınanlardanıq, Rahim qardaşım! Yetər ki, qanınız bahasına xalqımıza bəxş etdiyiniz azad və müstəqil Azərbaycanın istiqlaliyyəti əbədi, şanlı bayrağı başımız üzərində daima uca olsun. Bu torpağın bağrından nahaqdan axan Şəhid qanları yerdə qalmasın.

Bir gün köksümə sıxdığım al qərənfillərlə bərabər Rahimin əbədiyyət ünvanlı ziyarətgahına “Heç xəbərin varmı, Şəhidim, sənin haqqında kitab işıq üzü görür?”- deyə xoş müjdəli  xəbəri ruhu ilə bölüşmək üçün təşrif apardım. Düşünürəm ki, bəlkə də o anda Rahim qardaşımın ruhu fərəhlənərək, nicat tapdı. Beləliklə, şərəfli Rahim ömrü Yaqut Ananın nakam oğul həsrətli, yanıqlı bayatısının təsiri altında dastanlara belə sığmayan kitaba çevrildi. Tarixə əmanət qəhrəmanlıq salnaməsi, gələcək nəsillərə qürur dolu, əsl hünər və vətənpərvərlik  nümunəsi kimi:

 

Rahimə Vətən ağlar,

Daş ağlar, torpaq ağlar.

Hamı aşkar ağlasa,

Bir gözəl pünhan ağlar.

 

Beləcə Şəhidimiz haqqında ilk kitab işıq üzü gördü, (təbii ki, bu kitabla kifayətlənməmək şərtilə) hətta Bakıda Şəhidlər Xiyabanında məzarına  da hədiyyə edildi. Rahimin Ordubadın Şəhidlər Xiyabanındakı rəmzi məzarına kitab aparmağı isə Yaqut Anadan şəxsən özüm xahiş etdim. Yaqut Ana da çox sağ olsun, xahişimi yerinə yetirdi. Əllərinizdən öpüb, qarşınızda dərin minnətdarlıq hissi ilə baş əyirəm, Şəhid Qəhrəmanımın mərd Anası!

Bir zamanlar qərib məzarını Ordubad bənövşələri bəzəyərmiş, gül-çiçəyi sevən Rahim qardaşım! Sənin əlçatmaz Təbriz arzun məni duyğulandırdığı halda, ümidvaram ki, Bakıda Şəhidlər Xiyabanındakı məzarını bir gün Araz diyarı, Şəhriyar yurdu, qoca Şərqin qapısı sayılan qədim Təbrizin al-əlvan çiçəkləri bəzəyəcək!..

Fikrimdə, xəyalımda ümid çırağı yanır. Ordubada Yaqut Ananın görüşünə getmək, əllərini öpmək üçün səbirsizlənirəm. Axı, Yaqut Ana ilə görüşmək çoxdanki arzularımdan biridir. Bir gün arzumun gerçəkləşməsi diləyilə bu məqamda son sözü bayatıya vermək istəyirəm. Çünki nakam Şəhid Anası Yaqut Xanıma həsr etdiyim bu yazımı bayatıyla başladığım kimi elə bayatıyla da bitirməliyəm. Necə ki, “Rahimə Vətən ağlar” kitabını hazırlayıb ərsəyə gətirdiyim müddətdə ürəyimdə gecə-gündüz Yaqut Anayla danışıb-dərdləşdiyim kimi...

 

Əzizim, anam ağlama,

Vəfalı sonam, ağlama.

Qorxuram ah çəkəsən,

Od tutub yanam, ağlama.

 

Sevinc Ədalətqızı

 

İki sahil.- 2022.- 20 yanvar.- S.8.