Humanizm və xeyirxahlıq missiyası

 

Böyük mesenat, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin misilsiz əməlləri xeyirxah və insani dəyərlərə tapınan, çoxşaxəli fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilən Heydər Əliyev Fondunun simasında bu gün də yaşayır və inkişaf edir

 

Xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət, başqasının halına yanmaq, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuş və bu gün də olmaqdadır. XIX əsrin sonu XX əsrin əvvəllərində sadalanan tarixi-mədəni və mənəvi təməllər üzərində Azərbaycanda filantropiyanın bir növü olan mesenatlıq geniş vüsət almağa başlamışdı. Olduqca qənaətçil sahibkarlar kimi tanınmış insanlar cəmiyyətin rifahı naminə - maarif və təhsilə, mədəniyyət və incəsənətin inkişafına, mülki tikinti işlərinə külli miqdarda vəsait sərf etmişdilər. Sovet dövründə Azərbaycan milli burjuaziyasının nümayəndələri və onların gördükləri işlərdən danışmaq  və yazmaq qəti qadağan olunduğundan, onların fəaliyyəti uzun müddət xalqa məlum olmayıb. Lakin sovet imperiyası dağıldıqdan sonra bu insanların keçdikləri həyat yolu və fəaliyyətləri araşdırılmağa başlandı. Nəticədə bizə Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Musa Nağıyev kimi mesenatların həqiqi fəaliyyətləri və xalq üçün elədikləri bəlli oldu.

Böyük xeyriyyəçi, qayğıkeş insan, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Hacı Zeynalabdin Tağıyev məhz belə insanlardan biri idi. O, 25 yanvar 1823-cü ildə Bakıda dünyaya gəlmişdi. Müasirləri Hacı Zeynalabdin Tağıyevin millət və insanlıq qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onu “Qafqaz müsəlmanlarının fəxri”, “Müsəlmanların başçısı”, “İslamın böyük fəxri”, “Millətin müqəddəs atası”, “fəqir-füqəranın (kasıb və kimsəsizlərin) hamisi və ümidi”, “Müsəlmanların beynində elm və mərifət nuri işıqlandıran”, “Millətin mənəvi və mehriban atası”, "Birinci xeyirxahi-millət və maarifpərvər”, "Millətin fəxri”, “Zaqafqaziyada şöleyi-elm (elm işığı) yandıran”, “Zaqafqaziya müsəlmanlarını xabi qəflətdən (qəflət yuxusundan) oyandıran”, “Müsəlmanların xeyirxahı”, “Müsəlmanların ünasiyyə tərbiyəsinin (qadın təhsilinin) müəssisi və banisi”, “Millət bəzəyi, ruzigarın nadir əsəri” və s. bu kimi yüksək epitetlərlə öyür, təqdir edirdilər. Sözsüz, bütün bunlar səbəbsiz deyildi. Çünki bu böyük İNSAN şərəfli ömrünün ən azı 70 ilini yorulmadan Vətənin yüksəlişinə, millət və insanlığın tərəqqisinə, xalqın maarifləndirilməsinə, milli ziyalıların yetişdirilməsinə həsr etmişdi.

Şərq aləminin ilk mesenatı olan Hacı Zeynalabdin Tağıyevin xatirəsinə dərin ehtiram və hörmət bəsləyən Azərbaycan xalqı görkəmli şəxsiyyəti bu gün də unutmur, yad edir. Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, Zeynalabdin Tağıyevin qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət alır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2019-cu il martın 1-də ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı Əməkdar artist Bəhram Bağırzadənin Bakıda böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması təklifi ilə çıxış etdiyini, sözsüz, hörmətli oxucularımız yaxşı xatırlayırlar. Qaldırılan məsələyə yüksək həssaslıqla yanaşan, milli dəyərlərə hər zaman olduğu kimi böyük diqqət və qayğı göstərən dövlət başçısı həmin təklifi dəstəklədiyini bəyan etdi. "Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir”, - deyə vurğulayan Prezident İlham Əliyev böyük xeyriyyəçinin tarixi xidmətlərini yada salaraq onun on minlərlə insana köməyi dəydiyini, hətta Hacının xeyriyyəçilik əməllərindən onun ailəsinə də pay düşdüyünü məmnunluqla xatırlatdı, öz növbəsində bu böyük insana olan diqqət və qayğısının əlaməti olaraq öz şəxsi təşəbbüsü ilə  Hacının əbədi uyuduğu Mərdəkandakı Pir Həsən Ziyarətgahının abadlaşdırıldığını, Hacının şəxsi mülkünün əsaslı şəkildə bərpa olunduğunu, nəhayət, hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi yerləşən həmin sarayda H.Z.Tağıyevin ev-muzeyinin də təşkil olunduğunu həssas duyğularla görüş iştirakçılarının diqqətinə çatdırdı, müvafiq dövlət qurumlarına məsələ ilə bağlı təkliflər hazırlanmasını tapşırdı. Qısa müddətdə abidənin ucaldılması ilə bağlı təşkilati işlərə start verildi.

Artıq Hacı Zeynalabdin Tağıyevin abidəsi “İçərişəhər” metrostansiyası qarşısında ucaldılıb. Yanvarın 18-də böyük xeyriyyəçinin Bakıda ucaldılan abidəsinin açılışı baş tutdu. Açılışda iştirak edən Prezident İlham Əliyev qeyd etdi ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır: “Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi”.

O da vurğulandı ki, hazırda Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib: “Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir”.

Ölkə başçısının vurğuladığı kimi, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Çünki xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz xüsusiyyəti olub.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 20 yanvar.- S.3.