Sənətə bağlı ömür

 

Naxçıvan Muxtar Respublikasının tanınmış rəssamlarından olan Bağırov Qədrullah Əbülhəsən oğlu 1949-cu il yanvarın 24-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Onuun doğulduğu ailə yeddi övladı öz alın tərləri ilə, elə özləri kimi də zəhmətkeş böyüdüb. Altı bacının bir qardaşı olan mənim bugünkü qəhrəmanım yaşadığı mühitin ona bəxş etdiyi hər məqamında göz oxşayan nə vardısa özü üçün yenidən kəşf edir və nəticə etibarilə ruhunu saysız-hesabsız rənglərin içində tapır.

O, ibtidai təhsilini Nursu kəndində, orta təhsilini isə Ordubad şəhər internat məktəbində alır. Orta məktəbi əla qiymətlərlə bitirən Qədrullah Bağırov 1968-1972-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda təhsil alır. Fitri istedadı, incə zövqü, dərin rəng duyumu, özünəxas yanaşma tərzi elə tələbə vaxtlarından yaradıcılığında özünü büruzə verir. Rəssamlıq Texnikomunu müvəffəqiyyətlə bitirəndən sonra o, 1973-75-ci illərdə Arpaçay Su Elektrik Stansiyasında rəssam-mühəndis kimi, 1975-80-ci illərdə M. S. Ordubadi adına Mərkəzi kitabxanada rəssam kimi fəaliyyət göstərir. Qədrullah Bağırov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1983-cü ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü olmuşdur. Rəssam istər respublika, istərsə də muxtar respublikada, eləcə də Türkiyə Cümhuriyyətində, İran İslam Respublikasında, Rusiya Federasiyasında keçirilən sərgilərdə özünün biri-birindən fərqli əsərləri ilə dəfələrlə iştirak etmişdir. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təsis etdiyi Prezident təqaüdünə layiq görülmüşdür. Dövlət tərəfindən onun əməyinə verilən bu təqaüd rəssama yarım qalan ömrünün son ilində həm maddi, həm də mənəvi dayaq olmuşdur.

Fitri istedada malik olan rəssam bu sənətdə portret, mənzərə, natürmort, xalça və digər janrlara müraciət etmiş və hər birində də uğurlu nəticələr qazanmışdır. Yaratdığı əsərlərini yağlı və ya sulu boya, quaş, pastel və kömürlə ərsəyə gətirmiş, onlara baxanları daim düşündürmüş və heyran etmişdir. Onun rəsm əsərləri çoxşaxəli olduğundan həyatın hər sahəsini onlarda müşahidə etmək mümkündür. Əlvan rəngləri məharətlə istifadə edərək yaratdığı mənzərələr, rəssam gözünün dəqiqliyinə arxalanaraq yaratdığı portretlər, naturadan çəkdiyi rəsmlərin yanı sıra çeşnisini işlədiyi və səbirlə, sevgi ilə toxuduğu xalçalar sənətkarı özündən sonra yaşadan ən dəyərli sənət nümunələridir. İstedadlı sənətçi təkcə rəssamlıqda deyil, hekəltəraşlıqda və çekanka kimi sənət sahələrində də öz məharətini göstərmişdir. Nəticələri isə hər zamankı kimi yenə də möhtəşəm olmuşdur. Rəssamın “Qarabağlar türbəsi”, “Aza körpüsü”, “Nəvəm”, “Natürmort”, saysız-hesabsız istər yerli istərsə də dünyanın tanınmış şəxsiyyətlərinin portretləri, eləcə də dünya şöhrətli rəssamların əsərlərinə çəkdiyi kopyaları tamaşaçısını əlvan rənglərin, zövq və incəliklə işlənməsinə heyran edir. Sənətkar çeşnisini göz nurundan millim-millim ayıraraq çəkdiyi, ilməsini qabar olmuş barmaqlarının uclarında atdığı xalçalara nəfəsindən nəfəs, ömur günlərindən həyat bəxş etmişdir. O, türk dünyasının dahi şəxsiyyətləri ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün portretlərini dəfələrlə xalça üzərinə köçürmüşdür. Zaman-zaman Azərbaycanın görkəmli ədiblərini də xalça üzərinə həkk etmişdir. Onun Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndələrindən biri olan H. Cavidin anadan olmasının 100 illiyinə həsr etdiyi “H. Cavid-100” adlı xalçası da bu yaradıcı insanın ərsəyə gətirdiyi möhtəşəm əsərlərindən biridir. Rəssamın əl işləri elə sağlığında hədiyyə edilərək ünvanlarına çatdırılmış, elə o ünvanlarda da layiqincə hifz olunmaqdadır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir neçə muzeydə də onun əl işləri muhafizə edilir və nümayiş olunur.

Rəssam çox gənc yaşlarında, uşaqlıq məhəbbəti olan bibisi qızı ilə ailə qurur. Həm ailə saxlamaq, eyni zamanda, təhsil almaq çətinlik törətsə də bu bacarıqlı və əzimli insan bütün çətinliklərin öhdəsindən asanlıqla gəlir. Ailəsini halal zəhməti ilə saxlayır və övladlarını halallığa alışdıraraq, zəhmətlə çörək qazanmağı, alnı açıq, üzü ağ yaşamağı öyrədir. Bunlarla yanaşı evin balaca sakinləri atalarının boya qoxan emalatxanasında saatlarla işləyərək biri-birindən gözəl rəsm əsərlərini yaratmasının şahidi olur və bu sahəyə meyl edirdilər. Əlvan rənglərin ecazkar cazibəsinə olan sevgi onlara atadan qalan mirasdır deyir övladı Ülviyyə Məmmədova. Gözünü açdığı və ağlının kəsdiyi ilk günlərdən atanın sənəti onda da, qardaşı Hüseyn Bağırsoyda da maraq oyadır. Zamanla bu maraq sənətə sevgiyə çevrilir və elə onlar da rəssamın yolunu tuturlar. Ata qız övladı üçün hər zaman bir addım öndə olur deyirlər. Atasını özünə həyat meyarı seçən Ülviyyə xanımın atasına və onun sənətinə olan sonsuz sevgisi onun 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət və rəsmxət ixtisasını seçməsinə səbəb olur. “Atam mənim həm həyat məşqçim, həm də bu sahədə ilk müəllimimdir”-deyir Ülviyyə xanım. Atasından danışarkən Ülviyyə xanım qürur və qəhər içində fikirlərini ifadə edir. O, bildirdi ki, atasının işdən sonra asudə vaxtının boş keçirməsini heç görməyiblər. Mütləq yaradıcılıqla məşğul olar, nələrsə çəkər və ya hazırlayardı. Bir tərəfdən qurulan hana üzərində xalça toxuyar, bir tərəfdən hazırladığı heykəl üzərində çalışar və ya yenicə başladığı çekanka üzərində işləyərdi. Arada isə çəkdiyi əsərinə dönər, onu bitirməyə çalışar, bəzən də yarım qalmış ağac üzərində oymasına üz tutardı. Bir sözlə, heç dincəlməzdi, zamanı yetməyəcək kimi, nə isə yarım qalacaq deyə qorxar, işini bitirmək üçün elə hey tələsər, hər şeyin yaxşı olmasına çalışardı.

Ustadın ömür-gün yoldaşı Gülsüm ana onun hələ gənclik vaxtlarından ədalətli, mehriban, qayğıkeş, mərhəmətli, çalışqan bir insan olduğunu dedi. Yaşı üstə yaş gəldikcə isə insani keyfiyyətlərinin ən pik həddinə nail olmuşdur. Gülsüm ana həyat yoldaşının istər ona, istərsə də övladlarına daim ehtiramla yanaşdığını vurğuladı. Dostcanlı, qohumcanlı, yardımsevər olan bu gözəl insan ömrü boyu hamının sevimlisi olmuş, özünə saysız-hesabsız dostlar qazanmışdır. Böyüklə böyük, kiçiklə kiçik olar, heç kimin xeyir-şərindən qalmazdı. Bir sözlə, el atası, el ağsaqqalı idi görkəmli rəssam Qədrullah Bağırov. Amma təəssüf ki, rəssamın həyatı da, yaradıcılığı da 2013-cü il 5 noyabr tarixində əbədi olaraq son nöqtəsini qoymuşdur. Beləcə bir yaradıcı insan ömrü də başladıqlarını bitirmədən yarım qalır. O, ən son evdən gedərkən başladığı ağac üzərində oymasını əlinə alaraq həyat yoldaşına “deyirdim gedənə kimi bu işimi bitirərəm, amma, heyif bitirə bilmədim” deyir. Əslində hamı evdən evə dönmək ümidi ilə ayrılır, lakin dönüb-dönməmək də alın yazısıdır. Bəlkə də sənətkar böyük təəssüf hissi ilə ifadə etdiyi bu cümləsini içindəki bir boşluqdan gələn ümidsizlikdən təsirlənərək söyləmişdir, ya da ki, söylədən söylətmişdir onu da bilmirəm. Bildiyim tək bir şey var ki, bəzi insanlar əbədiyyətə qovuşsalar da özlərindən sonra əbədi iz buraxarlar. Elə sənətkarımız Bağırov Qədrullah Əbülhəsən oğlu kimi.

Cənnətdəki 73-cü yaşın mübarək ustad.

 

Sevinc Səbzəliyeva,

Naxçıvan Dövlət Xalça

Muzeyinin baş elmi işçisi

 

İki sahil.- 2022.- 25 yanvar.- S.6.