«Şuşa İli» milli kimliyimizin,
qürurumuzun təqdimatıdır
2022-ci ilin hədəfləri
Azərbaycanın daha möhtəşəm gələcəyindən
xəbər verir
Vətən
müharibəsində tarixi Qələbəmiz Azərbaycanın
gücünü, qüdrətini, hansı imkanlara malik
olduğunu, ən əsası beynəlxalq hüququn
mövcudluğunu və onun icrası üçün vahid
mexanizmin olmasının vacibliyini dünyaya
çatdırdı. Dünya, eyni zamanda, gördü ki,
Dağlıq Qarabağ məsələsi Azərbaycan
üçün milli qürur məsələsidir. Cənab
İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin
«Şuşa İli» elan edilməsi bir daha bu kimi məqamlara
işıq salır, Qarabağ torpağının əsl
sahibinin Azərbaycan xalqı olduğunu dünyaya bəyan
edir.
Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Şuşa «Şərqin konservatoriyası»” adlandırılır. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Təsadüfi deyil ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərb tarixində bir ilk olan unikal Şuşa əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir, hərbi məktəblərin dərsliklərinə salınmasına ehtiyacın olduğu bildirilir. Şuşanı qan tökərək azad etdik. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi. Yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya daxil oldular. Düşmən Azərbaycanın gücünü, iradəsini, milli ruhunu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə olan hadisədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Şuşa əsas hədəf idi və Azərbaycan əsgəri bu hədəfə doğru gedirdi. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa işğaldan azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsində 300-ə yaxın kənd və şəhər azad edildi, düşmən məcbur olub diz çökdü və noyabrın 10-da kapitulyasiya aktına imza atdı.
İllər öncə ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən bildirmişdi ki, «Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur.» Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi. 28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə cənab İlham Əliyev Şuşanı belə dəyərləndirdi: «Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.»
Dövlət başçısı İlham Əliyevin «Şuşa İli» ilə bağlı Sərəncamında da qeyd edilir ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Bu gün isə böyük qürur və iftixar hissi ilə Şuşanın dirçəlməsindən bəhs edirik. Bu isə dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini çatırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etməklə yanaşı, Qarabağın tacını dirçəldəcəyimizi böyük inam və qürurla bildirmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Şuşanın alınması möcüzə idi. Düşmən Azərbaycanın döyünən ürəyinin azad ediləcəyini heç düşünmürdü. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müsahibələrində Şuşasız işimizin yarımçıq olacağını bildirir, bununla da Qarabağın tacının azad ediləcəyinə əminliyinə işarə edirdi. Xalqımız söylənilən bu əminliyi böyük sevinci hissi ilə qarşılayaraq, hər an bu müjdəni alacağını gözləyirdi. Şuşanın, həmçinin digər torpaqlarımızın işğaldan azad edildikləri günləri yada salmaq kifayətdir. Bütün küçə və meydanlar sanki bu sevincdən dil açmışdı. 30 illik torpaq həsrətini yaşayan xalya bu sevinci yaşadan Liderə təbii ki, minnətdarlıq sonsuz olacaq. 30 il sahibini gözləyən, gah ümidini itirən, gah da ümidlənən torpaqlarımız bu gün yaşadıqları azadlıq sevincini bu ərazilərə səfər edən qonaqlarla paylaşdıqca o illərin nigilini unudurlar. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra bərpa və qurulucuq işlərinə start verməsi ən xoşbəxt, tarixi anlardan biridir. Ötən ilin bu günlərində Şuşaya ilk səfərini edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva həmin bu xoş anların ilk təqdimatlarını həvəskar çəkilişlərlə ictimaiyyət çatdırarkən söylənilən bu fikri bir daha yada salmaq istərdik: Hətta hava da dəyişib, gün çıxıb.
Zəfər yolunun təməli qoyuldu, onun ardınca Prezidentin xüsusi nümayəndəsi fəaliyyətə başladı. Müasir idarəçilik siçtemi formalaşdı. Şuşanın hər günü toylu-büsatlı oldu. Mart ayında Şuşaya ikinci səfərini edən dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə bayram tonqalını yandırdılar və dünyaya mesajlar ünvanlandı.
Dövlət başçısı İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. Belə bir qərar böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir. İşğaldan azad edilən torpaqlarımızın minalardan tam təmizlənməməsinə baxmayaraq, keçən il Şuşada müxtəlif əhəmiyyətli tədbirlər keçirilməsi həm də dünyada erməni uydurmasının ifşasına yönəlmişdi. Qarabağın tacının 270 illik yubileyi münasibəti ilə keçiriləcək təbliğati işlər dünyaya səs salacaq və əvvəldə də qeyd etdiyimiz kimi, Şuşanın kimə məxsus olduğu aydınlaşacaq. Bununla da ermənilərin illərlə Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqda dünyada apardıqları təbliğat iflasa uğrayacaq. Keçiriləcək tədbirlərlə 270 il öncə inşa edilən Şuşa qalası şəhər mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyada tanınacaq. Dünya ictimaiyyətinə bir daha çatdırılacaq ki, Şuşa Azərbaycan xalqı tərəfindən əsası qoyulan, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir.
Dövlət başçısı İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi möhtəşəm hadisəyə çevrildi və ölkənin şanlı tarixinin qızıl salnaməsinə yazılacaq. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacaq.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 28 ildən artıq işğal altında olan Qarabağın tacı Şuşamızdan bu gün yeni həyatın başlandığını böyük qürur hissi ilə vurğulayır. Şuşa 28 il yolumuzu gözləyirdi və gəldik. Təbii ki, torpaqlarımızı azad etmək üçün güc toplamalı idik və topladıq. Azərbaycan iqtisadi gücünü artırmaqla bütün sahələrdə uğurlara imza atdı. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas yaratdı. Azərbaycanın istər iki, istərsə də çoxtərəfli çərçivələrdə əlaqələri yüksələn xətlə inkişaf etdi. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. İqtisadi imkanların artması ordu quruculuğu sahəsində davamlı addımları təmin etdi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olmasını önə çəkən dövlətimiz Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atdı. Azərbaycan real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində erməni yalanlarını ifşa etdi, münaqişənin həlli ilə bağlı möhkəm hüquqi baza formalaşdı.
Dövlət başçısı İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən, həmcinin gənclərdə torpaq, Vətən sevgisinin böyüklüyünü xüsusi önə çəkir: “Elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim Prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.”
Son 18 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlərinin xalqımızda yaratdığı qürur hissi ölçüyəgəlməzdir. Son bir ildə dövlət başçısı bu ərazilərə 32 səfər edib ki, onun 7-si Şuşayadır. Qarşıdakı illərdə ölkə Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Soydaşlarımız tezliklə Böyük Qayıdışın şahidi olacaq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycan postmüharibə dövründə qarşıya qoyulan bütün məqsədlərə nail olub. İndi isə yeni bir mərhələyə - postböhran dövrünə qədəm qoyur. Əlbəttə ki, bu dövrdə də uğurların davam etməsi üçün qarşıya qoyulan tapşırıqlar vaxtında layiqincə icra edilməlidir. 2022-ci ili “Şuşa İli” elan edən dövlət başçısı əminliklə ifadə etmişdir ki, Azərbaycan bu il də bütün sahələrdə yüksək uğurlar qazanacaq. Bunu şərtləndirən isə cənab İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında görülən tədbirlərdir. Bu sənəd qarşıdakı dövrdə inkişafın yol xəritəsi hesab olunur. Dünya iqtisadiyyatına hələ də ciddi təsir etməkdə olan qlobal pandemiya ilə mübarizə tədbirləri iqtisadiyyatımıza təsirsiz ötüşməsə də, dövlətin qüdrəti imkan verir ki, həm işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri, həm pandemiyaya qarşı mübarizə tədbirləri, həm də qarşıdakı dövr üçün yeni mütərəqqi islahatları reallığa çevirsin.
Milli Prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022-2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, o cümlədən qeyri-neft sektorunda 5 faiz səviyyəsində formalasması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaq. 2022-ci ildə ÜDM-in 3,9 faiz, qeyri-neft məhsulları üzrə 4 faiz artım proqnozlaşdırılır. Həmçinin kənd təsərrüfatında 4 faiz, qeyri-neft sənayesində 8,7 faiz, turizm sektorunda 48,2 faiz, nəqliyyatda 4,5 faiz, informasiya və rabitədə 9,5 faiz artım nəzərdə tutulur.
Qısa təhlil bu fikri böyük inamla söyləməyə əsas verir ki, Böyük Qayıdış başlayır. 2022-ci il də tariximizə uğurlu il kimi yazılacaq.
Yeganə
Əliyeva
İki sahil.- 2022.- 22 yanvar.- S.21.