Milli azadlıq uğrunda mübarizə

əzminin qırılmazlığı

 

Azərbaycan tarixinin şanlı qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən 32 il ötür. Qəlbi azadlıq eşqi ilə döyünən, illərdir hökm sürən imperiya əsarətinə qarşı zəncirlərini qırıb atmağa çalışan qürurlu Azərbaycan xalqının mərdlik, ərənlik və qorxmazlıq tarixidir 20 Yanvar.

Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi.

20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət vermək  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha  təsdiqlədi. 20 Yanvar hadisələrinin  geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar da günahkar idilər. Silahsız insanları qırğından çəkindirmək əvəzinə tankların qabağına yollayan AXC-Müsavat rəhbərləri xəyanətkarlıqlarını nümayiş etdirdilər.

20 Yanvar faciəsindən sonra yaşananlar yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu.  Xalq ümidlərinin itdiyi belə bir  çətin məqamda üzünü öz xilaskarına –ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan həmin illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas oldu. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövründə  Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisi kimi çıxış etməsi ərazilərimizin  işğalına səbəb oldu.   Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  Azərbaycan inkişaf, tərəqqi yoluna çıxdı, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Yeni dostlar, tərəfdaşlar qazanan Azərbaycan haqq səsini dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından beynəlxalq ictimaiyyətə çatdıra bildi.  

Onu da  qeyd etməliyik ki, yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti ortaya qoyuldu. Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Ulu öndər  Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ümummilli Lider  hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabınında ucalan "Əbədi məşəl" abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı verilib.

Son 18 ildə Heydər Əliyev siyasətinin layiqli davamçısı  Prezident İlham Əliyevin şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

 Son 18 ilin uğurları  yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın ədalətli mövqeyini bir daha dünyaya bəyan etdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, regionda yeni reallıqlar yaradıldı, dünyanın xarici siyasəti yenidən formalaşdı. Azərbaycan Ordusu  30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının bərpa edə bilmədiyi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra etdi.

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini qırılmazlığının sübutudur.  44 günlük İkinci Qarabağ müharibəsi isə bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş idi.

 

Nilufər Mustafaqızı

 

İki sahil.- 2022.- 22 yanvar.- S.30.