Mədəniyyət hər bir
insanın
ən başlıca təqdimat
formasıdır
İctimaiyyət
arasında özünü düzgün aparan,
başqaları ilə söhbət edərkən,
danışarkən etik qaydalara
riayət edən, nəzakətli davranışları ilə
seçilən insanlara “mədəni”
insandır deyirik. Mədəniyyət hər
bir insanın
ən başlıca təqdimat formasıdır. Onu digərlərinin gözündə
hansı kriteriyalara sahib
olduğunun, tanıtımının,
şəxsiyyətinin əsas göstəricisidir.
İnsanın davranış mədəniyyəti onun tərbiyəsindən asılıdır.
Tərbiyə isə hər bir evdə ən kiçik yaşlardan başlayır. Valideynlərimizdən gördüklərimizi təqlid etməyə çalışır, onların bizi bilərəkdən və ya bilməyərəkdən yönləndirmələri ilə formalaşıb cəmiyyətin bir parçasına çevrilirik. Davranış mədəniyyətimiz də elə bu andan formalaşmağa başlayır. Bəs nədir davranış mədəniyyəti?
Davranış mədəniyyəti bir elmi termin olaraq, insanın mənəvi və əxlaqi prinsiplərinin ifadə olunduğu bütün davranış formalarının məcmusunu ifadə edir. Bu konsepsiya insanın daxili və xarici mədəniyyətinin bütün sahələrini cəmləşdirir. İctimai yerlərdə davranış, etiket, gündəlik həyat, digər insanlarla münasibətlər, maraqların və ehtiyacların təbiəti, gigiyena, fərdi vaxtın təşkili, estetik zövqlər, üz ifadələri və nitq mədəniyyəti və s. davranış mədəniyyətinin ayrı-ayrı göstəriciləri hesab edilir.
Fərdin davranış mədəniyyəti onun mənəvi və estetik görünüşünü xarakterizə edir. Bu, bir insanın yaşadığı cəmiyyətin dəyərlərini nə qədər mənimsədiyini, qəbul etdiyini və onlardan məharətlə istifadə etdiyini göstərir. Hər birimiz davranış qaydalarına riayət etmək bir məsuliyyət daşıyırıq. Davranış qaydaları çox gənc, hətta uşaq yaşlarından insana aşılanmalıdır. Yalnız bu vəziyyətdə uşaq gələcəkdə bacarıqlarından məharətlə istifadə edə biləcək.
Davranış mədəniyyəti dişləri fırçalamaq, əl yumaq qabiliyyətini də əhatə edir. Uşaqlar üçün yaxşı davranış məktəbə getməyə başlayanda xüsusilə vacibdir. Körpə tamamilə yeni bir həyata başlayır. Bu zaman bir çox qaydaları öyrənməlidir. Bunlara daxildir: dərslərə vaxtında gəlmək, düzgün oturmaq, yazı stolunu qaydada saxlamaq, əlini qaldırmaq və müəllimlərə düzgün müraciət etmək. Ancaq qaydaları bilmək kifayət deyil, bunlara əməl etmək lazımdır.
Xarici mədəniyyət göstəricilərindən biri hesab edilən küçə mədəniyyəti bu gün ən çox müzakirə olunan mövzular sırasındadır. Küçə mədəniyyəti əslində çox kiçik şeylərdən başlanır. Bir çoxlarının bəlkə də ağlına gəlmir ki, küçədə qışqıra-qışqıra danışmaq, söyüş söymək, əlindəki yemək qalığını və ya digər tullantıları hara gəldi tullamaq, çeynənmiş saqqızı küçənin ortasına atmaq, hələ bu azmış kimi, hər iki addımdan bir yerə tüpürmək ədəbsizlik, mədəniyyətsizlikdir. Bu saydıqlarımız insanlar üçün o qədər adiləşib ki, artıq hər kəs küçədə, insanların arasında yolun ortasına tüpürməyi normal qəbul edirlər. Mədəniyyət uşaqlıq yaşlarından insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərdir. Əslində isə mədəniyyətli olmaq özünüdərkdən irəli gəlir ki, bu da milli şüurun inkişafı ilə bağlıdır. Onu da unutmamalıyıq ki, yaşadığımız cəmiyyət bizim evimizdir. İnsan əgər öz evini çirkli saxlamırsa, təmizliyi həm sağlamlığı və də vizual görüntü olaraq vacib bilirsə, deməli ətraf aləmi də o şəkildə saxlamağa məcburdur. İnsanların təmizliyə riayət etməmələri, küçədə gedərkən, hətta avtomobilin pəncərəsindən zibil atmaları demək olar ki, hr gün rastlaşdığımız neqativ hallara nümunələrdir. Çox təəssüf ki, bu gün paytaxtın küçələrində yol gedərkən yerə baxmamağa çalışırıq. Çünki hər addımda tüpürcək görürük. Bir çox insanlar yolda, pilləkənlərdə, hətta metro stansiyalarında da tüpürməkdən çəkinmirlər. Onlar xəstəlik yaymaları bir yana, həmin yolun, küçənin, metronun hamıya aid olduğunu belə düşünmürlər. Nəzərə almaq lazımdır ki, yerə tüpürməklə yaranan xəstəliklər sırasında tənəffüs yolu ilə keçən vərəm, bronxit, qrip kimi xəstəliklər yer alır. Eləcə də psixoloji baxımdan tüpürmək hərəkəti insanlarda diksinmə, əsəbilik, stress kimi amillərə səbəb olur. Onu da qeyd edək ki, cəmiyyətin səviyyəsi baxımından tüpürmək, az inkişaf etmiş ölkələrdə müşahidə edilən bir davranış şəkli, mədəniyyətsizlik kimi qəbul edilir. Keçmişlə müqayisədə yerə tüpürənlərin sayı bu gün daha da çoxalıb deyirlər. Ancaq keçmişə baxsaq, bu pis vərdiş əvvəlki dövrlərdə də olub. Hətta bəzi ölkələrdə sözlə, pul cəzası ilə bu pis vərdişin qarşısını ala bilməyənlər daha ciddi üsul tətbiq ediblər.
Təəssüflər olsun ki, bu gün çoxları həmin mədəniyyətsiz hərəkəti edən insanların yanından sakitcə keçib gedir, etirazlarını bildirmirlər. Xarici ölkələrdə ictimai qınağın vacib olmasına baxmayaraq, bu, hələ ki, bizdə reallaşmayıb. Bu da təsadüfi deyil. Çünki əgər küçəyə zibil atan, yaxud tüpürən bir insana yaxınlaşıb bu hərəkəti ilə bağlı fikir bildirsən, onun sərt baxışları, kobud rəftarı ilə rastlaşacaqsan. Hətta hərəkətinə bəraət qazandırmağa çalışanlar da olacaq. Ona görə də bu cür qeyri-etik davranışlarla qarşılaşdığımız zaman çox vaxt əsəblərimizi cilovlaya bilməsək də heç bir söz demədən keçib gedirik.
Sözsüz ki, cəmiyyət çox geniş bir anlayışdır. İnsanlar isə fərqlidir. Təbii olaraq fikirlər, düşüncələr, dünyagörüşləri də fərqlidir. Ancaq nəzərə almalıyıq ki, biz eyni cəmiyyətin nümayəndələriyiksə özümüzdən başqa etik norma olaraq digərlərinin də rahatlığını düşünməliyik.
Nilufər
Mustafaqızı
İki sahil.- 2022.- 28 yanvar.- S.7.