Sülhə gəlin, ey
insanlar!..
29 yanvar - Nüvə Silahı Əleyhinə Səfərbərlik
Günüdür
Bəşəriyyətin
qatili sayılan bu silahlar ətraf mühitə, müharibələrin
bitməsindən çox illər sonra da ekosistemin
vəziyyətinə, təbii sərvətlərə, hətta
bütöv bir nəslin
həyatına ölümcül zərbə
vura bilmək imkanına malikdir Birləşmiş
Millətlər Təşkilatının
Baş Assambleyası 5 noyabr
2001-ci il tarixli qərarı
ilə yanvarın 29-nu Nüvə Silahı Əleyhinə Səfərbərlik
Günü elan edib. Həmin təqvim hər il
yanvarın 28-29-da 1985-ci ildə Hindistanın paytaxtı Yeni Dehlidə qəbul edilmiş
Dehli Bəyannaməsinin ildönümü
kimi qeyd olunur. Dehli Bəyannaməsi
ilk olaraq Hindistan, Argentina,
Yunanıstan, Meksika, Tanzaniya
və İsveç hökumətləri
tərəfindən imzalanıb.
Bəyannamədə nüvə silahlanması rəqabətinin dayandırılmasına və beynəlxalq səviyyədə nüvə silahı cəbbəxanalarının tədricən aradan qaldırılmasına çağırış edilib. Bəyannamənin imzalanmasına səbəb hərbi konfliktlər zamanı ətraf mühitə vurulan zərər, müharibələrin bitməsindən çox illər sonra da ekosistemin vəziyyətinə, təbii sərvətlərə, hətta bir nəslin həyatına olan mənfi təsir haqqında hər kəsi məlumatlandırmaqdır.
Qeyd edək ki, ilk atom bombası İkinci Dünya müharibəsinin sonunda ABŞ -da hazırlanıb və 1945-ci ildə iki dəfə istifadə olunub. 9 avqust 1945-ci ildə Naqasakidə nüvə göbələyi 1945-ci ilin avqustun 6-da səhər ABŞ-ın B-29 "Enola Gay" bombardmançısı (ekipaj komandiri polkovnik Pol Tibbets) Yaponiyanın Xirosima şəhərinə "Little Boy" uran atom bombasını atdı. Partlayışın gücü, müxtəlif hesablamalara görə, TNT ekvivalentində 13 ilə 18 kiloton arasında dəyişirdi. Üç gün sonra, 9 avqust 1945-ci ildə "Fat Man" plutonium bombası pilot Çarlz Suini tərəfindən Naqasakiyə atıldı. Bunun gücü daha böyük idi və 15-22 kt təşkil edirdi. Bu onun daha inkişaf etmiş dizaynı ilə əlaqədar idi. Hücumlar nəticəsində baş verən insan itkisini təxmin etmək çox çətindir. Xirosimada partlayış və onun nəticələrindən 140000 insanın öldüyü təxmin edilir, Naqasaki üçün oxşar bir qiymətləndirmə 74000 nəfərdir. 1946-cı ilin fevral ayında ABŞ ordusunun Yaponiyadakı qərargahı tərəfindən nəşr olunan bu saylar, 1946-cı ilin fevralından sonra şüa xəstəliyindən və partlayışlar zamanı şüalanmanın digər təsirlərindən ölənləri nəzərə almır.
Bombardman ilə nümayiş olunan nüvə silahının müstəsna dağıdıcı gücü, sonradan digər ölkələrin də qatıldığı ABŞ və SSRİ arasındakı nüvə silahlanması yarışının başlanğıc nöqtəsi oldu. İkinci Dünya müharibəsinin bitməsindən sonrakı ilk illərdə ABŞ dünyada yeganə "nüvə dövləti" idi. ABŞ rəhbərliyi Sovet İttifaqının özünə bomba yaratmaqdan çox uzaq olduğunu düşünürdü. Birləşmiş Ştatlar ən azı 1950-ci illərin ortalarına qədər SSRİ-də atom silahının yaranmayacağına inanırdı. Lakin 29 avqust 1949-cu ildə Sovet nüvə fiziklərinin işi müvəffəqiyyətlə nəticələndi. Həmin gün partladılan RDS-1 bombası, Qərbdə Stalinin şərəfinə "Co-1" adlandırıldı. Beləliklə, dünyada nüvə yarışı başladı.
SSRİ-də
1951-ci ilin yanvar-fevral aylarında daha dörd atom bombası istehsal edildi.
Beləliklə, 1951-ci il martın 1-ə qədər SSRİ-də
RDS-1 tipli 15 atom bombası
mövcud oldu. 1951-ci ilin sonunda
ilk üç seriyalı
istehsal atom bombası da daxil olmaqla
SSRİ-də ümumilikdə
29 ədəd RDS-1 atom bombası
istehsal edildi. 29 avqust 1951-ci ildə
SSRİ Nazirlər Soveti
ilk hərbi anbarların
- atom bombalarının saxlanması
və istifadəyə
hazırlanması üçün
nüvə bazalarının
inşasına başlamağı
qərara aldı.
Bunların sayı yalnız dörd idi: Krımın şimalında, Ukraynanın
qərbində, Belarusda
və Rusiyanın şimal-qərbində. İlk iki
nüvə silah bazasının inşası
1955-ci ildə başa
çatdı. 1956-cı
ildə mərkəzi
nüvə silah bazası istismara verildi.
Silahların keyfiyyətini yaxşılaşdırmaq və saylarını artırmaq üçün böyük miqdarda vəsait sərf edilirdi. Hər iki tərəf qısa bir zamanda termonüvə silahının inkişafına başladı. Birləşmiş Ştatlar belə bir silahı 1952-ci ilin noyabrın 1-də sınaqdan keçirdi. Yenidən hamını təəccübləndirən Sovet İttifaqı cəmi 8 aydan sonra termonüvə partlayışı keçirdi. RDS-6s hidrogen bombası tamamilə Sovetin öz inkişaf məhsulu idi, çünki ABŞ-dan casusluqla nəsə əldə etmək nəticə vermədi. Ən əsası isə bu bomba ABŞ-da olduğu kimi, ikimərtəbəli ev ölçüsündə deyildi, təyyarənin bomba bölməsinin ölçülərinə uyğun gələn ilk bomba idi.
Nüvə silahlarının çatdırılması vasitələri kimi ilk növbədə strateji bombardmançılar aktiv şəkildə inkişaf etdirilirdi. Bu sahədə ABŞ aşkar şəkildə öndə idi, lakin reaktiv ələkeçirici təyyarələrinin meydana çıxması bu üstünlükləri ləğv edirdi. 50-ci illərin ikinci yarısında SSRİ-də ilk qitələrarası ballistik raket (QABR) R-7 hazırlandı. 1957-ci ilin oktyabrın 4-də bu raket ilk süni Yer peykini kosmosa çıxardı. İlk ABŞ QABR-ı isə 1959-cu ilin oktyabrın 31-də buraxıldı.
Xatırladaq ki, müasir dövrdə 9 ölkə nüvə silahına sahibdir: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya. ABŞ cəmi 6190 ədəd döyüş başlığına malikdir, onlardan 1600 ədədi aktivdir; SSRİ/Rusiya cəmi 6500 ədəd döyüş başlığına malikdir, onlardan 1600 ədədi aktivdir; Böyük Britaniya cəmi 220 ədəd döyüş başlığına malikdir, onlardan 120 ədədi aktivdir; Fransa cəmi 300 ədəd döyüş başlığına malikdir, onlardan 280 ədədi aktivdir; Çin Xalq Respublikası cəmi 300 ədəd döyüş başlığına malikdir, onlardan 290 ədədi aktivdir. "Gənc" nüvə güclərindən olan Hindistan cəmi 140 ədəd döyüş başlığına malikdir, onlardan 130 ədədi aktivdir; İsrail təxminən 90 ədəd döyüş başlığına malikdir, onlardan 80 ədədi aktivdir; Pakistan cəmi 160 ədəd döyüş başlığına malikdir, onlardan 150 ədədi aktivdir; KXDR cəmi 30 ədəd döyüş başlığına malikdir, onlardan 20 ədədi aktivdir.
Stokholm Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIRPI) hesabatına görə bu ölkələr 4400 ədəd nüvə silahı daşıya biləcək hərbi texnikanı döyüş növbətçiliyində saxlayırlar.
Sevinc Azadi
İki sahil.- 2022.- 29 yanvar.- S.21.