Vətənimizi tanıyaq:
Dərələyəz Qafqazın
İsveçrəsidir
Qərbi Azərbaycan ərazisindəki
ən qədim yaşayış məskənlərindən
biri, qədim türk-oğuz yurdu olan Dərələyəz
mahalı Zəngəzur mahalı ilə bitişik olub 2908
kvadrat-kilometr ərazini əhatə edir. Bir tərəfi
dağlıq, bir tərəfi aran olan bu qədim yurdumuz əsl
gözəlliklər məskənidir. Gözəl mənzərələri,
göz oxşayan yamyaşıl meşələri, ov
heyvanları və quşları, müxtəlif giləmeyvə
kolları və ağacları ilə zəngin olan bu yurdda
saysız şirin sulu sərin bulaqlar, qiymətli balıq
növləri yaşayan çaylar var.
Dərələyəz toponimi Azərbaycan dilində “iki dağ və ya təpə arasında çuxur” mənasında işlənən dərə sözü ilə alagöz türk etnonimi əsasında yaranmışdır. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxanşura dairəsində Alagöz, Naxçıvan qəzasında Alagöz-Məzrə, Şərur-Dərələyəz qəzasında Alagöz kənd xarabalığı, Qars əyalətinin Kaqızman dairəsində Alagöz kənd xarabalığı, Şərur-Dərələyəz qəzasında Alagöz çayı, Qars əyalətinin Ərdəhan dairəsində Alagöz adları ilə mənşəcə eynidir. Adın birinci komponenti olan ala sözü türk dillərində “geniş, böyük, uca” mənasında işlənir.
Tarixi faktlar sübut edir ki, həmin ərazi V əsrdən yaşayış məskəni olmuş, VIII əsrdə vulkan püskürməsi nəticəsində həmin ərazi, o cümlədən qədim insan məskəni olan Moz yaşayış məntəqəsi dağılmışdır. Arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış Dərələyəz mahalının torpaq altında qalan şəhər izləri də bunu sübut edir. Dərələyəzin Oğuz yurdu olması faktı dəfələrlə sübut olunmuşdur. Tarixdən məlumdur ki, türk dünyasının böyük sərkərdəsi və dövlət xadimi, Səlcuq imperiyasının hökmdarı Məhəmməd Alp Arslan 1065-ci ildə bu yerlərə səfər edərək burada qayda-qanun yaratmışdı. Bu faktları ermənilər də çox yaxşı bilirlər. Qeyd edək ki, Oğuz yurdu Dərələyəzin qədimliyini sübut edən milli-mədəniyyət abidələri də mövcuddur. Dərələyəzdəki qoç, qoyun, at daş abidələri bu mahalın qədimliyini və Oğuz yurdu olduğunu sübut edir. Tədqiqatçılar təəccüblənirlər ki, ermənilər hansı ağılla Dərələyəz sözünü erməni sözü hesab edirlər. Bu toponim göründüyü kimi, dərə və ələyəz sözləri birləşərkən “ə” saitinin birinin düşməsi ilə formalaşmışdır.
XIV-XVI yüzilliklərdə Dərələyəz bölgəsinin Əmir Teymurun və onun tərəfdarlarının tabeliyində olmasına, sonralar, yəni 1504-cü ildə isə Şah İsmayıl Xətai tərəfindən idarə olunmasına dair də faktlara rast gəlinir. İrəvan şəhərini Şah İsmayılın vəziri və sərkərdəsi Rəvanqulu xanın tikdirdiyi Rəvan şəhəri çox uzaq və ya mübahisə doğuran tarix deyil.
İndiki Ermənistan ərazisində olan qədim tarixi abidələrin böyük bir qismi Dərələyəzdədir. Bütün Qafqazı qarış-qarış gəzən alman səyyahı və tarixçisi İohan Şopen demişdi ki, Dərələyəz Qafqazın İsveçrəsidir.
Ölkə mahallara bölünəndə Naxçıvan əyaləti tərkibində 5 mahal, o cümlədən Dərələyəz mahalı təşkil olundu ki, bu da sonralar Şərur mahalı ilə birləşdirilərək Şərur-Dərələyəz qəzası adı ilə İrəvan quberniyası tərkibinə daxil edildi. Şərur-Dərələyəz qəzası İrəvan xanlığı dövründə ( 1827-1840) Şərur mahalı kimi onun tərkibinə, Dərələyəz isə Naxçıvan xanlığına daxil idi. Çar Rusiyası Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra burada "Erməni vilayəti" yaratmışdı. 1840-cı il inzibati-ərazi bölgüsü zamanı "Erməni vilayəti" ləğv edildi, İrəvan və Naxçıvan qəzaları təşkil olundu. 1870-ci ildə isə Şərur və Dərələyəz torpaqları əsasında yeni qəza – Şərur-Dərələyəz qəzası təşkil olunmuşdu.
Əlverişli coğrafi mövqedə yerləşməsi ilə əlaqədar olaraq, Dərələyəz mahalı ermənilər tərəfindən daha çox hücumlara məruz qalan bölgələrdən biri olmuşdur. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin minilliklər ərzində azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan ərazisinə, o cümlədən Dərələyəz mahalına kütləvi surətdə köçürülməsinə başlanmış, Rusiya imperiyasının dəstəyi ilə azərbaycanlılar öz dədə-baba torpaqlarından tədricən sıxışdırılıb çıxarılmış, mərhələlərlə deportasiyaya məruz qalmışlar. Belə ki, 1828-1830-cu illərdə İran və Türkiyədən Dərələyəzə 2773 erməni köçürülüb məskunlaşdırılmışdır. Bundan sonra azərbaycanlıların qədim yaşayış məskənlərinin adları dəyişdirilib erməniləşdirilmişdir.
1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 kv.km, əhalisi 76551 nəfər idi. Əhalinin 70,5 faizi azərbaycanlı, 27,5 faizi erməni olmuşdur. 1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Terrorçu general Andronik Ozanyanın hücumundan müsəlman-türk əhalisini xilas etmək üçün Azərbaycan hüdudlarına daxil olan Osmanlı Türkiyəsinin IV Qafqaz Türk İslam Ordusunun bir hissəsi Kazım Qarabəkir Paşanın komandanlığı ilə Dərələyəz mahalında olmuşdur.
Şərur-Dərələyəz qəzasında 40 şiə məscidi fəaliyyət göstərib.
1919-cu il avqustun 28-də Azərbaycan Demokratik Respublikasının baş naziri Fransaya Sülh Konfransının sədrinə yazdığı məktubda göstərir ki, respublikanın tərkibində olan Naxçıvan, Şərur-Dərələyəz, Sürməli və İrəvan qəzalarının etnik tərkibi əsasən azərbaycanlılardan ibarət olmaqla, Şərur-Dərələyəz qəzasında azərbaycanlılar 72,3 faiz, ermənilər 27,1 faiz, digər millətlər 0,4 faiz təşkil edir.
1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxarmışdı. Lakin naxçıvanlıların kəskin tələbləri ilə bu qərar ləğv edildi. Zaqafqaziya MİK-in qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilmiş, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılmışdır. Bu, Moskva və Qars müqavilələrinin (1921) şərtlərinə, eyni zamanda, beynəlxalq hüquq normalarına tamamilə zidd idi. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Paşalı (Keşişkənd) və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 kilometr, ən hündür zirvəsi Kükü dağıdır. Sovet dövlətinin başçısı, “ellər atası” İosif Stalinin əmri ilə 1948-53-cü illərdə Dərələyəz və bütün digər mahallar demək olar ki, boşaldılaraq ermənilərin ixtiyarına verildi. Ermənilər bütün kəndlərdə məskunlaşmadılar. Çünki sayları az idi və elə kəndlər var ki, o vaxtdan indiyədək boş qalıb.
Həmin dövrdə Dərələyəz mahalında əhalinin yenidən zorla deportasiyası başlamış, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə davam etmiş, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalmış, dağıdılmış və ləğv olunmuş, əhalisi zorakılıqla qovulmuşdur. Azərbaycanlıların sıxışdırılıb qovulması ilə paralel olaraq, ermənilərin bu ərazilərə köçürülməsi prosesi də davam etmişdir.
Şərur-Dərələyəz qəzasının xəritəsi 1902-ñu ilin "Qafqaz təqvimi"ndə verilmiş xəritə əsasında hazırlanıb. Dərələyəzdə anadan olanların böyük bir hissəsi indi Bakıda və Azərbaycanın bütün bölgələrində yaşamaqdadırlar. Aralarında görkəmli alimlər, tarixçilər, jurnalistlər, şair və yazıçılar var. Onlar bizim canlı tariximiz və şahidlərimizdir. Zaman gələr, Dərələyəzə də gedərik, inşallah!
Vəli
İlyasov
İki sahil.- 2022.- 25 yanvar.- S.4.