MƏN HEYDƏR
ƏLİYEV
MƏKTƏBİNDƏ
NECƏ DƏRS ALDIM
Jurnalist Aslan Aslanov 45 ildən
çox Azərbaycanın müxtəlif mətbuat
orqanlarında çalışıb. Ömrünün 30 ili
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə
bağlı olub. Əvvəlcə agentlikdə müxbir,
baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci
müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə
Heyətinin sədri işləyib.
Ulu öndər Heydər Əliyevin 1993-çü il
iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək
iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında
xarici ölkələrin səfirləri ilə ilk
görüşündən başlayaraq, 2003-cü ilədək
keçirdiyi görüşlərin, qəbulların,
iclasların və digər tədbirlərin, eləcə də
xarici ölkələrə səfərlərinin tam əksəriyyətində
AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci
ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hazırda təqaüddə olan
Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə
yazdıgı “Mən Heydər Əliyev məktəbində
necə dərs aldım” sərlövhəli xatirələrini
oxuculara təqdim edirik.
AXC-Müsavat iqtidarı dövründən yığılıb qalan problemləri saymaqla qurtaran deyil. 1993-cü ilin sonları və 1994-cü ilin əvvəlləri üçün ən xarakterik problemlərdən biri də hərbi hissələrin özbaşına tərk edilməsi, çağırışdan yayınma halları idi. Heydər Əliyev respublikada rəhbərliyə qayıdan kimi hələ sovet dövründən qurub-yaratdığı hərbi məktəblərdə təhsil almış və müəyyən təcrübə keçmiş gənclərin və keçmiş sovet hərbi hissələrində bacarıqla xidmət etmiş zabitlərin milli Azərbaycan Ordusunun qurulması işinə cəlb edilməsi öz müsbət nəticələrini verməyə başlamışdı.
İnsanlarda vətənpərvərlik hissi cəbhədə döyüş əhval-ruhiyyəsini artırdı, torpaqlarımızı işğaldan azad etmək, Vətəni qorumaq əzmi yüksəldi. 1994-cü il yanvarın 2-də Prezident Heydər Əliyev hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə keçirdiyi görüşdə son aylar ərzində əldə edilmiş müsbət nəticələri yüksək qiymətləndirməklə yanaşı, cəbhə bölgəsində narahatlıq doğuran məsələlərdən də təəssüflə bəhs etdi.
Dövlət başçısı dedi ki, orduda xidmət edən zabitlərimiz, əsgərlərimiz qəhrəmancasına döyüşür, qan tökür, xalqın hörmətini, məhəbbətini qazanır və respublikamızda son günlərdə gözəl əhval-ruhiyyənin yaranmasına səbəb olurlar. Ancaq bəziləri ordumuzun artıq qüdrətləndiyi bir vaxtda səbəbsiz olaraq qorxu, yaxud müəyyən təxribatlar nəticəsində geri çəkilir, fərarilik edirlər. Azərbaycanın hər bir vətəndaşının doğru yolla getməsi və düzgün mövqe tutması üçün öz səylərini əsirgəməyəcəyini bildirən Prezident Heydər Əliyev diqqətə çatdırdı ki, hərbi hissələri tərk etmiş, hərbi çağırışdan yayınmış fərarilərin gəlib hərbi prokukorluqda, hərbi komissarlıqda qeydiyyatdan keçmək müddətini yanvarın 10-dək artırır və həmin müddət ərzində hərbi hissələrə qayıdanların günahı bağışlanacaq.
Azərbaycan Prezidenti çıxışının sonunda gənclərə və onların valideynlərinə müraciətlə dedi: “Vətənin müdafiəsinə qalxın! Ordu sıralarına gəlin! Vətəni müdafiə etmək üçün əsgəri vəzifələrinizi şərəflə yerinə yetirin! Valideynlərə üzümü tuturam. Övladlarınızı məhz bu yola dəvət edin. Bu, həm hərbi xidmətdə olmalı gənclər üçün, həm də onların valideynləri üçün çox şərəfli vəzifədir”.
Bu görüş çox keçmədən öz müsbət nəticəsini verdi. Fərarilik etmiş, müxtəlif səbəblərdən, xüsusilə kənar təsirlərə uyaraq xidmətdən yayınmış gənclər sanki qəflət yuxusundan ayıldılar, yol verdikləri səhvin çox ağır olduğunu dərk edərək hərbi hissələrə, komissarlıqlara gəlib, orduya qayıtmaq istədiklərini bildirirdilər. Heydər Əliyevin təsirli müraciəti bütün ölkə gənclərini, qəlbində Vətən sevgisi olan, xidmətə yararlı insanları ayağa qaldırmışdı. Ölkənin hər yerindən xoş xəbərlər gəlirdi. Bu çağırışa qoşularaq cəbhəyə getmək, döyüşmək, Vətəni qorumaq, müqəddəs torpaqlarımızı düşməndən azad etmək istəyənlərin sayı günbəgün artırdı. Respublikada getdikcə yaxşılaşan ab-hava əhalinin səfərbər olmasına öz təsirini göstərirdi. Ən başlıcası o idi ki, insanların inandığı, etibar etdiyi bir lider var idi və xalqın Heydər Əliyev ətrafında sıx birləşməsi gələcəyə nikbin nəzərlərlə baxmağa əsas verirdi.
Erməni silahlı qüvvələrinin hücumlarına layiqincə cavab verməyə, düşmənə sarsıdıcı zərbələr endirməyə qadir hərbi hissələrin yaradılması o dövrün ən mühüm vəzifələrindən biri idi. Keçmiş iqtidar dövründə əksəriyyəti başıpozuq dəstələrdən ibarət olan ordu ağır məğlubiyyətlərdən sonra sanki müqavimət qabiliyyətini itirmişdi. Ona görə də Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ordu quruculuğu məsələləri ilə şəxsən məşğul olurdu. Ön cəbhədə xidmət edən yüksək rütbəli zabitlər o zaman danışırdılar ki, Heydər Əliyev hərbi hissə komandirlərinə gün ərzində dəfələrlə zəng edir, problemlərlə maraqlanır, tövsiyələrini verirdi və bu da orduda böyük ruh yüksəkliyi yaradırdı. Əslinə qalsa, orduda xidmət edən zabitlərin əksəriyyəti 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə yaradılan hərbi məktəblərdə təhsil almış şəxslər idi. Onların bir çoxu müstəqil Azərbaycanda sürət götürən ordu quruculuğu prosesində, nizami hərbi hissələrin yaradılmasında fədakarlıqla çalışır, yaxud cəbhədə qəhrəmancasına vuruşur, torpaqlarımızın etibarlı şəkildə müdafiə edilməsində, düşmənə sarsıdıcı zərbələr endirilməsində igidlik nümunələri göstərirdi.
Prezident Heydər Əliyev o vaxtlar iş gününün əksər hissəsini ordu quruculuğu məsələlərinə həsr edirdi. Onun bu sahəyə dair keçirdiyi yığıncaqlarda, görüşlərdə və digər tədbirlərdə ordunun maddi texniki bazasının möhkəmləndirilməsi, potensial kadr ehtiyatlarından düzgün istifadə edilməsi, ön cəbhəyə göndərilən əsgər və zabitlərin hazırlıq səviyyəsinə xüsusi diqqət yetirilməsi, təlim proseslərinin səmərəliliyinin artırılması məsələləri ətraflı təhlil edilir, lazımi tapşırıqlar və tövsiyələr verilirdi. Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi diqqət ön cəbhədə döyüşən əsgər və zabitlərdə böyük ruh yüksəkliyinə səbəb olurdu.
1994-cü il yanvarın 14-də Prezident Aparatında keçirilən görüşdə də ordu quruculuğu problemlərinin sürətləndirilməsi məsələlərindən danışıldı, problemlərin həlli üçün təcili tədbirlərin görülməsi barədə tapşırıqlar verildi. Ali Baş Komandan görüşdə çıxış edərək dedi ki, indi hərbi çağırış məntəqələrimizdə gənclərin sayı çoxalıb və onlar hərbi xidmətə başlamalıdırlar. Gənclərin hərbi təlimi ilə məşğul olacaq zabit kadrlarına çox ciddi ehtiyac var. Heydər Əliyev hərbi hissələrdə komandir vəzifələrinə təyin olunacaq zabitələrin orduda layiqincə xidmət edəcəklərinə əminliyini bildirdi.
Beləliklə, görüşə qatılan zabitlər əmr alan kimi ön cəbhəyə, yaxın bölgələrə yola düşərək orada hərbi hissələrin işlərinin daha yaxşı qurulmasında, xidmətə yeni çağırılmış gənclərin döyüşə hazırlanması prosesində fəal iştirak etdilər. 1994-cü il yanvarın 24-də “N” saylı hərbi hissədə ön cəbhəyə yola salınan əsgər və zabitlərin hazırlığı ilə bağlı görülən tədbirlərlə tanış olan Ali Baş komandan onlara müraciətlə dedi: “Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir”.
Heydər Əliyevin zəngin təcrübəsi, müdrik siyasəti və güclü iradəsi sayəsində ordu quruculuğu prosesi böyük uğurla davam edir, ön cəbhədə düşmənlə üz-üzə dayanan hərbçilərimiz onlara göstərilən diqqətdən güc alaraq daha ürəklə, inamla döyüşürdülər. Düşmən isə qarşısında getdikcə güclənən bir ordunun olduğunu hiss etsə də, öz havadarlarına arxalanıb yenə də azğınlıq etməkdən çəkinmirdi.
Öz mənalı həyatını bütünlüklə doğma xalqına həsr etmiş Ulu Öndər 1990-cı il qanlı yanvar faciəsini həyata keçirən sovet imperiyasının qaniçən rəhbərlərinə və o vaxt respublikamızdakı xəyanətkarlara nifrət və qəzəbini açıq bəyan edirdi. Heydər Əliyev o dönəmdə sovet hakimiyyətindəki vəzifələrindən istefa verərək ciddi nəzarət altında olsa da, faciənin baş verdiyi ilk gün heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək etiraz səsini ucaltdı, doğma xalqı ilə bir yerdə olduğunu söylədi.
Azərbaycan xalqının tarixinə qara bir səhifə kimi daxil olan 20 Yanvar faciəsinin səbəblərinin və günahkarlarının dəqiq aydınlaşdırılmaması, yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməməsi Prezident Heydər Əliyevi ciddi narahat edirdi. Bu səbəbdən 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar lazımi tədbirlərin hazırlanıb həyata keçirilməsi, yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədə Fərman imzaladı. 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının yanvarın 12-də keçirilən iclasında çıxış edərək faciəyə həqiqi siyasi-hüquqi qiymət verilməsi, siyasi sənədin qəbul olunması və günahkarların, səbəbkarların aşkara çıxarılmasının vacibliyini bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Ulu Öndər yanvarın 19-da 20 Yanvar faciəsinin dördüncü ildönümü münasibətilə xalqa müraciət etdi, daha sonra 20 Yanvar şəhidlərinin ailə üzvləri, həmin günlərdə yaralanaraq əlil olmuş şəxslərin bir qrupu ilə görüş keçirdi və orada çıxış etdi.
Yeri gəlmişkən demək istəyirəm ki, Prezident Heydər Əliyevin keçirdiyi və mənim də AZƏRTAC-ın əməkdaşı kimi iştirak etdiyim tədbirlər o qədər çox idi ki, indi onların hamısını əhatə etmək həqiqətən imkan xaricindədir. Agentliyimizin əməkdaşları gücləndirilmiiş rejimində çalışır, çox vaxt günün 16-18 saatını işləyirdilər.
Fevralın əvvəlində Prezident Heydər Əliyevin dost, qardaş Türkiyəyə rəsmi səfərinin gözləndiyi barədə məlumat aldıq. Bu, bizim üçün çox sevindirici xəbər oldu. Hələ universitetdə oxuduğum illərdə qanımız, dilimiz, dinimiz bir olan qardaş ölkənin şəhərlərini gedib görmək ən böyük arzularımdan biri idi. Sevinirdim ki, bu arzum artıq reallığa çevrilir.
Ulu Öndər fevralın 8-də Ankaraya yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibə verərkən Türkiyəni Azərbaycan üçün ən yaxın, qardaş və dost ölkə adlandırdı.
Budur, xəyalımın çin olduğu an gəlib çatdı. Azərbaycan dövlətinin başçısının təyyarəsi Ankaranın Esenboğa hava limanına endi. Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl, xarici işlər naziri Hikmət Çətin və digər yüksək vəzifəli dövlət rəsmiləri Prezident Heydər Əliyevi böyük hörmət-izzətlə qarşıladılar. Respublikamızın rəhbəri onun üçün ayrılmış iqamətgahda yerləşdikdən dərhal sonra “Anıtkabir” məqbərəsinə getdi. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət etdi, məzarın önünə əklil qoydu və xatirə kitabına ürək sözlərini yazdı: “Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər dahi Mustafa Kamal Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona Azərbaycan xalqının hədsiz məhəbbətini və ehtiramını ifadə edirəm. Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır”.
“Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir”, - deyən Mustafa Kamal Atatürk haqqında bu sözləri yazan “Biz bir millət, iki dövlətik” kəlamının müəllifi Ulu Öndər, dahi Heydər Əliyev öz qənaətində tam haqlıdır. Ölkələrimizin sarsılmayan qardaşlığı hələ yüz illər bundan sonra da bu müqəddəs yolu öz nuru ilə daim işıqlandıracaq.
Respublikamızın rəhbəri “Anıtkabir” məqbərəsini ziyarət etdikdən sonra “Əsri məzarlıq” qəbiristanlığına gedərək xalqımızın görkəmli oğlu Məmməd Əmin Rəsulzadənin məzarı üstünə gül dəstəsi qoydu, xatirəsini ehtiramla andı.
Fevralın 8-də günortadan sonra Türkiyə Cümhuriyyəti Prezidentinin iqamətgahı “Çankaya” köşkündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi. Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş və fəxri qarovul dəstəsinin düzüldüyü meydanda Heydər Əliyevi Süleyman Dəmirəl və onun həyat yoldaşı hörmətlə, böyük ehtiramla qarşıladılar. 70 illik həsrətdən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən müasir, müstəqil Azərbaycan Respublikasının rəhbəri ilə çağdaş dünya nizamında böyük nüfuza və təsir gücünə malik Türkiyənin dövlət başçısının şərəfinə toplardan yayılım atəşləri açılması, eyni zamanda, prezidentlərin Azərbaycan və Türkiyənin dövlət himnlərinin sədaları altında fəxri kürsüdə yan-yana dayanması rəmzi məna daşıyırdı. Onlar fəxri qarovul dəstəsinin önündən mətin və inamlı addımlarla keçərək bir daha dünyaya mesaj verdilər ki, bu iki dost, qardaş ölkə xoş günlərdə də, çətin günlərdə də daim bir yerdə, çiyin-çiyinə olacaq.
/Ardı var/
İki sahil.- 2023.- 1 aprel.- S.7.