Mədəniyyətimizin və mənəvi

sərvətlərimizin böyük himayədarı

 

«Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir» söyləyən ulu öndər  Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu olmaqla mədəniyyətimizin, maddi-mənəvi sərvətlərimizin də  qoruyucusu kimi  xalqımıza xidmət etmişdir.

«Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır» əqidəsi ilə xalqın mənəvi dəyərlərini, milli sərvətlərini qoruyan  Ulu Öndərin daim diqqət yetirdiyi amil  dəyişilməz idi: Soykökümüzün, tarixi sərvətlərimizin  təməlində   əsrlərdən qaynaqlanan mədəni irsimizə sadiqlik prinsipləri dayanmalıdır. İnanlara, xüsusilə gənc nəslə  müstəqilliyin nə qədər qiymətli olduğunu  tövsiyə edən Ulu Öndər bildirirdi ki, bunun üçün  hər kəs  ilk növbədə milli-mənəvi dəyərlərinin mahiyyətini, azərbaycançılığın,  mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin,  elminin  insanlara verdiyi dəyəri  qiymətləndirməlidir.

Həyatda təsdiqlənmiş bir həqiqəti  « Azərbaycan  ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətin təmas və ünsiyyət yeri olmuşdur» sözlərini söyləməklə kifayətlənməyən  müdrik şəxsiyyət Heydər Əliyev xalqımızın zəkasını, elmini, mədəniyyətini, dünyaya təbliğ edən görkəmli şəxsiyyətlərimizə həqiqi mənada əsl yaradıcılıq imkanları yaratmışdır. Tarixin sınaqlarından çıxmış « Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində  fərqlənir, bu xüsusiyyətlərdən ən yüksəyi, böyüyü mədəniyyətdir» sözlərini  həyatda reallaşdıran Azərbaycanın yaradıcı insanlarının qoruycusu olan  Ulu Öndərin əsas ideyası bu idi: « Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək,  yaşayacaq, inkişaf edəcək.» Dünyanın mədəni irsini zənginləşdirən Azərbaycanın   mədəniyyət  xadimlərinin yaradıcılıqları barədə beynəlxalq səviyyədə  səsləndirilən  dəyərli fikirlərdə  incəsənətimizin hamisi Heydər Əliyevin payı danılmazdır.

Azərbaycan mədəniyyəti çox geniş  sahəni əhatə edir. Bu  coğrafiyanın genişlənməsində xüsusi əməyi, xidmətləri olan ümummilli lider Heydər Əliyev mədəniyyətimizin sürətli  inkişafına nail olmaqla xalqımızın  milli ruhunu özünə qaytardı. Bu müdrik şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşadı.  Mədəniyyətimizin və incəsənətimizin korifeyləri  abidələrlə əbədiləşdirildi.  Nəsiminin, Cəfər Cabbarlının, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin  abidələri şəhərlərimizin ümumi görkəminə xüsusi cazibədarlıq gətirdi. Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Niyazinin, Bülbülün, M.S.Ordubadinin, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin və başqa mədəniyyət xadimlərinin ev- muzeyləri açıldı. Teatrlarımızda xalqımızın qəhrəmanlıq tarixini əks etdirən  dəyərli səhnə əsərləri  tamaşaçıların böyük rəğbətini qazandı.  Ulu Öndərin  qayğısı  sayəsində Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov, Mustafabəy Topçubaşov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna - Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.  Yaradıcı insanların layiq görüldüyü  çox əhatəli bu diqqət xalqımıza məxsus milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının parlaq təzahürü idi.

Azərbaycan xalqı qarşısında Heydər Əliyevin heç bir zaman unudulmayacaq tarixi xidmətləri çoxdur. Dahi Azərbaycan dramaturquşairi Hüseyn Cavidin nəşinin uzaq Sibirdən respublikamıza gətirilməsi, doğma yurdu Naxçıvanda dəfn olunması, Naxçıvanda Cavid ev muzeyinin açılması, Cavidlər kompleksinin yaradılması Ulu Öndərin əbədiyaşar şairin xatirəsinə hörmət və ehtiramının nümnəsidir. «Nəsimi»”, «Nizami»”, «Babək»”, «Dədə Qorqud»”, «Qaçaq Nəbi»”, «Qatır Məmməd”» kimi tarixi  filmlər  Ulu Öndərin diqqəti sayəsində  ekranlaşdırılmış, tamaşaçı rəğbəti qazanmışdır. Bütün varlığı , canı, ruhu ilə Azərbaycana bağlı olan Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra  mədəniyyətimizin inkişafına, mənəvi dəyərlərimizin qorunmasına təkcə respublikanın rəhbəri  kimi deyil, əsl vətəndaşlıq qayğısı ilə diqqət göstərirdi. Klassik şairlərimiz  Məhəmməd Füzulinin 500, Nəsiminin 600, «Kitabi- Dədə Qorqud»” dastanının 1300 illik yubileylərinin beynəlxalq  səviyyədə qeyd olunması Ulu Öndərin xalqımıza göstərdiyi  tarixi xidmətlərindəndir.

Ulu Öndər «İstedad  xalqın milli sərvətidir» sözlərini də həyatda reallaşdırdı.  Xüsusi istedada, yüksək zövqə malik uşaq və yeniyetmələrin, gənclərin  milli-mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyəsini vətənpərvərliyin başlıca amili hesab edən  fenomen insanın əsas tezislərindən biribu idi ki, gənclərimiz milli ruhda,  milli mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdırlar. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin,  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndərə layiq xidmətləri   xalqımız tərəfindən daim dəstəklənir, qiymətləndirilir.

Şuşada  görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin bərpa olunmuş abidəsinin açılış mərasimində  Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi xidmətləri milli-mənəvi dəyərlərimizin qorunması kimi dəyərləndirən Prezident İlham Əliyevin «Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq» sözləri tarixi şəxsiyyət Heydər Əliyevin  çoxsaylı əvəzsiz,  daim yaşanan xidmətlərinin yalnız bir nümunəsidir. İşğaldan azad edilmiş bölgələrimizdə  aparılan quruculuq-  abadlıq işləri,  Şuşanın yenidən dirçəlməsi, mədəniyyət mərkəzində  tarixi abidələrin bərpası  Ulu Öndərimizin mədəni irsimizin inkişafına göstərdiyi xidmətlərin davamıdır.

 

Arzu Süleymanova,

ADPU-nun nəzdində Azərbaycan

Dövlət Pedaqoji Kollecin müəllimi

 

İki sahil.- 2023.- 1 aprel.- S.11.