Laçın: Ordumuzun və

diplomatiyamızın qalibiyyət simvolu  

 

Bu gün artıq Laçın səmalarında kor yapalaqlar deyil, Azərbaycan şahinləri, laçınlar uçuşur.  Düz  otuz ildir ki, bağrı yanıq, köksündə dağ boyda Vətən həsrəti ilə "Ay  Laçın,  can Laçın" deyən Azərbaycan xalqı, eləcə də laçınlılar  üçün  2022-ci ilin avqustun 26-sı kimi,  sentyabrın 21-i də heç  zaman  unudulmayacaq tarixi gün kimi yadda qalacaq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdı və bir daha dünyaya bəyan etdi ki, bu torpaqların əzəli sahibləri qayıdıblar.

Qürurla deyə bilərik ki, bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirməklə öz qətiyyətli iradəsini ortaya qoyur. Azad edilmiş ərazilərə Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi, dövlətimizin başçısının yeni nümayəndələri şəxsən qəbul etməsi və onlar qarşısında ciddi vəzifələr qoyması bu baxımdan böyük əhəmiyyət daşıyır.

Dövlətimizin başçısı İlham Əliyev mar­tın 18-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayən­dəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Laçının həm işğal tarixi, həm də azad edilməsi ilə bağlı mühüm məqamlara toxundu, çox qiymətli fikirlər səsləndirdi. Prezident haqlı olaraq qeyd etdi ki, Laçının itirilməsinin əsas səbəbi ozamankı Azərbaycan hakimiyyətindəki sonsuz intriqa və qarşıdurmalar olmuşdur. Məhz siyasi intriqalar səbəbi ilə Laçın və digər torpaqlarımızın müdafiəsinə lazımi diqqət yetirilməmiş, nəticədə Ermənistan ordusu bu torpaqları işğal etmişdir. Dövlət başçısı bildirdi ki, Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir: “Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışır­dı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu...”.

Prezident İlham Əliyev Şuşanın, ondan sonra Laçının işğal altına düşməsinin Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olduğunu, belə bir fürsətdən yararlanan AXC-Müsavat xəyanətkar cütlüyünün hakimiyyəti qanunsuz yollarla ələ keçirdiyini, bunun isə daha böyük faciələrə yol açdığını xatırlatdı. Prezident İlham Əliyev, həmçinin vurğulanan hadisədən bir il keçməmiş–1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşdüyünü və beləliklə, ovaxtkı – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldığını, nəhayət, mövcud şəraitin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti şərtləndirdiyini qeyd etdi.

Dövlətimizin başçısı sö­zügedən çıxışında xalqımızın Vətən mü­haribəsi günlərində, həmçinin hazırda milli vəhdət, vahid ideya uğrunda birləşdi­yini də diqqətə çatdırdı. Ölkə rəhbəri, eyni zamanda, Laçının ölkəmizin ən böyük ra­yonlarından biri kimi çox böyük potensiala malik olduğunu, bu coğrafiyaya qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra belə bir yaşayış məskənində rahat yaşayacaqlarını əminliklə vurğuladı:Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bü­tün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fon­dumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur”.

Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Hazırda dövlətin əsas vəzifələrindən biri Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasıdır. Bunun üçün Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri həyata keçirilib. Laçın rayonunda 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Eləcə də Prezident İlham Əliyevin Sərəncamına əsasən, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, 30-dan çox ictimai bina inşa edilir. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Beləliklə də, bu il və gələn il Laçın rayonuna təqribən 10 mindən çox keçmiş köçkün yerləşdiriləcək. Güləbird və Qorçu kəndlərinin Baş planı da təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Bir sözlə, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunacaq, laçınlılar da öz doğma yurduna qayıdacaqlar.

Göründüyü kimi, bu gün işğaldan azad edilmiş bütün torpaqlarda, o cümlədən Laçında böyük abadlıq işləri aparılır, rayonun təhlükəsizliyi etibarlı şəkildə təmin olunur. Bu il laçınlılar Laçına, öz doğma torpaqlarına qayıdacaqlar.Bunu da qeyd edək ki, işğaldan azad edilən bütün ərazilər kimi, Laçının da təhlükəsizliyinin etibarlı şəkildə təmini dövlətimizin daim diqqət mərkəzindədir. Bu gün Laçın rayonu ərazisində çoxsaylı hərbi hissələr mövcuddur ki, onların hər biri istənilən təhdid və təhlükənin qarşısını qətiyyətlə almaq iqtidarındadır.

Bu gün biz öz tarixi torpaqlarımıza qayıdırıqsa, orada bərpa-quruculuq işləri aparırıqsa, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq olanları əsla unutmamalıyıq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi bu torpaqlarda əbədi yaşayacağıq!

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2023.- 1 aprel.- S.25.