MƏN HEYDƏR ƏLİYEV
MƏKTƏBİNDƏ NECƏ DƏRS
ALDIM
Jurnalist Aslan Aslanov 45 ildən
çox Azərbaycanın müxtəlif mətbuat
orqanlarında çalışıb. Ömrünün 30 ili
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə
bağlı olub. Əvvəlcə agentlikdə müxbir,
baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci
müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə
Heyətinin sədri işləyib.
Ulu öndər Heydər Əliyevin 1993-çü il
iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək
iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında
xarici ölkələrin səfirləri ilə ilk
görüşündən başlayaraq, 2003-cü ilədək
keçirdiyi görüşlərin, qəbulların,
iclasların və digər tədbirlərin, eləcə də
xarici ölkələrə səfərlərinin tam əksəriyyətində
AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci
ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hazırda təqaüddə
olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə
yazdıgı “Mən Heydər Əliyev məktəbində
necə dərs aldım” sərlövhəli xatirələrini
oxuculara təqdim edirik.
Süleyman Dəmirəl mətbuat nümayəndələri üçün bəyanatına bu sözlərlə başladı: “Azərbaycan Respublikasının prezidenti, əziz dostum və qardaşım hörmətli Heydər Əliyevi Türkiyədə qarşılamağı özümə böyük şərəf bilirəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında ikitərəfli qarşılıqlı münasibətləri inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır. Ermənistanın zor gücünə Azərbaycan torpaqlarını qəsb etməsi bizdə böyük narahatlıq doğurur. Türkiyə bütün dövlətlər arasında mübahisəli məsələlərin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ona görə də biz Ermənistanın qəsbkarlıq hərəkətlərini pisləyirik, Azərbaycanın öz ərazi bütövlüyünü qoruyacağına inanırıq”.
Heydər Əliyev mətbuat üçün bəyanatında dedi ki, bu gün Türkiyə torpağında, Türkiyədə olduğu üçün özünü çox xoşbəxt hesab edir: “Bizim ölkələrimiz – Türkiyə və Azərbaycan dost və qardaş ölkələrdir. Xalqlarımız arasında birlik, dostluq və qardaşlıq əlaqələri əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. Azərbaycan Respublikası indi müstəqil bir dövlətdir və öz ölkəsinin, xalqının, sərvətlərinin sahibidir. Azərbaycanın müstəqilliyini dünya ölkələri sırasında ilk dəfə Türkiyə tanımışdır. Bu da, Azərbaycanın dünya birliyi, dünya dövlətləri tərəfindən tanınmasında mühüm rol oynamışdır.
Müstəqil dövlət kimi ilk addımlarını atan Azərbaycanın üzləşdiyi çətinliklərdən danışan Heydər Əliyev dedi ki, indi qarşıda duran ən mühüm problem Azərbaycanı Ermənistanın təcavüzündən xilas etməkdir. Torpaqlarımızın bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının obyektiv və subyektiv səbəblərindən danışan Ulu Öndər bəyanatında vurğuladı ki, Azərbaycanı müdafiə etmək üçün Türkiyənin səsi həmişə gur gəlib. Türkiyənin köməyi Azərbaycan üçün həmişə mənəvi dayaq olub və biz bu gün də bu mənəvi dayaqdan, yardımdan istifadə edirik.
Bəyanatdan daha bir sitat: “Bizim başqa bir dövlətə, o cümlədən Ermənistana qarşı torpaq iddialarımız yoxdur. Ancaq indi biz BMT tərəfindən qəbul olunmuş, təsdiq edilmiş Azərbaycan Respublikasının ərazilərinin bütövlüyünü təmin etmək istəyirik. İndi müharibə Azərbaycan ərazisində gedir. Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpağındadırlar. Onların Azərbaycan torpaqlarından çıxarılması üçün biz ədalətli müharibə aparırıq. Azərbaycan xalqı, ordumuz özünün cəsarətini və qəhrəmanlığını artıq göstərib. Sizi əmin edirəm ki, bundan sonra da belə cəsarət və qəhrəmanlıq göstərəcəkdir. Biz sülh yolunu əsas tutaraq, həm də ədalətli müharibə aparırıq”.
Rəsmi bəyanatlardan sonra prezidentlər təkbətək görüşdülər. Görüş mətbuata qapalı keçdi.
“Çankaya” köşkündə Heydər Əliyevin və Süleyman Dəmirəlin başçılıq etdiyi nümayəndə heyətləri arasında danışıqlarda hər iki tərəf üçün qarşılıqlı surətdə faydalı olan bir sıra məsələlər, eyni zamanda, imzalanacaq sənədlər geniş müzakirə olundu.
Həmin gün Prezident Heydər Əliyev öz iqamətgahında Türkiyənin Baş naziri Tansu Çillərlə, Ana Vətən Partiyasının sədri Məsud Yılmazla, daha sonra Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Alparslan Türkeşlə görüşlər keçirdi.
Ertəsi gün səhər tezdən Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Dəniz Baykal Heydər Əliyevlə görüşə gəldi. Söhbət zamanı partiya sədri Azərbaycanda baş verən hadisələri diqqətlə izlədiklərini, müstəqilliyi möhkəmləndirmək yolunda atılan bütün addımları bəyəndiklərini söyləyərək dedi ki, Azərbaycan çətinliklərin aradan qaldırılmasında Türkiyənin köməyinə arxayın ola bilər.
Heydər Əliyev dost ölkələrimizin qarşılıqlı surətdə faydalı münasibətlərindən söhbət açdı, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsindən geniş bəhs etdi, xalqımızın təcavüzkara layiqli cavab vermək üçün var qüvvə ilə döyüşdüyünü diqqətə çatdırdı.
Türkiyə Avropaya açılan pəncərədir. İndiki inkişaf səviyyəsinə çatmaq üçün bu ölkə çox çətinliklərdən, sınaqlardan keçib. Tarixi keçmişi, qədim mədəniyyəti, incəsənəti ilə Şərq ölkələri arasında özünəməxsus yer tutan Türkiyə çox qədim dövlətçilik ənənələrinə malik olsa da, Avropanın dövlət quruculuğu təcrübəsinin mənimsənilməsinə xüsusi diqqət yetirib. Ona görə də 1990-cı illərin Türkiyəsi gənc Azərbaycan Respublikası üçün həm bu ölkənin keçdiyi iqtisadi islahatlar yolunu, həm də demokratik hüquqi dövlət quruculuğu təcrübəsini öyrənmək baxımından xüsusi maraq doğururdu. Odur ki, nümayəndə heyətimiz qardaş ölkədə ictimai-siyasi proseslərin axarını öyrənməyə böyük diqqət yetirirdi.
Azərbaycan Prezidenti də dost ölkənin ayrı-ayrı siyasi partiyalarının liderləri ilə görüşə xüsusi yer ayırırdı. Çünki inkişaf etmiş ölkələr sırasında olan Türkiyədə müxalifət və iqtidar münasibətləri Qərbin nüfuzlu dövlətlərinin təcrübəsi əsasında qurulub. Hər iki tərəf - həm müxalifət, həm də iqtidar ölkənin qanunları çərçivəsində hərəkət edir və heç kəs dövlətin mənafeyinə zərər vuran fəaliyyətə əl ata bilməz. Başlıca prinsip hakimiyyətə kimin, yaxud hansı partiyanın gəlməsi deyil, əsas olan odur ki, hakimiyyətdəki qüvvə dövlətin xarici və daxili siyasətini daha çevik həyata keçirsin, ölkənin və xalqın mənafeyinə daha çox fayda verə bilsin. Hansı partiya və ya müstəqil namizəd öz proqramı ilə xalqı daha çox inandıra bilirsə, seçkilərdə də o qalib gəlir.
Bu mənada yenicə müstəqillik qazanmış Azərbaycanın Türkiyədəki siyasi prosesləri diqqətlə öyrənməsinə böyük ehtiyacı var idi. Türkiyədə görüşdüyümüz, təmasda olduğumuz şəxslərin bəziləri Azərbaycandakı iqtidar-müxalifət münasibətlərindən söhbət açırdılar. Onların hamısı Heydər Əliyevi dünyanın görkəmli siyasi xadimlərindən biri kimi qiymətləndirirdi. Bütövlükdə Türkiyə Cümhuriyyətində siyasət adamlarının bir çoxunun fikri belə idi: Azərbaycanı müharibə və dərin böhran şəraitindən yalnız və yalnız Heydər Əliyev kimi dahi bir insan çıxara bilər.
Türkiyədə sadə adamlar da imkan düşəndə bizə yaxınlaşıb suallar verir və eyni fikri bölüşürdülər: müharibə aparan ölkənin bütün vətəndaşları, xüsusən müxalifət ümumxalq mənafeyinə xidmət etməli, vəzifə iddialarını kənara qoyub təcavüzkara layiqli cavab verilməsinə çalışmalı, yalnız bundan sonra öz siyasi məqsədləri naminə qanun çərçivəsində mübarizə aparmalıdır.
Heydər Əliyevin Türkiyədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşü də yadda qalan, çox səmimi bir tədbir oldu. Həmvətənlərimiz dönə-dönə deyirdilər ki, ən böyük arzuları Azərbaycanı tam müstəqil, hüquqi dövlət kimi görməkdir. Onlar Heydər Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşməndən azad olunanacağına inandıqlarını bildirirdilər.
Azərbaycan Prezidenti Türkiyə torpağında keçirilən görüşlərdən və danışıqlardan məmnun olduğunu bildirərək dedi ki, qədim tarixə malik xalqlarımızın dostluğu əsrlərin sınağından mətanətlə çıxıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz onları bir-birindən ayıran sədləri qarşılıqlı surətdə aradan qaldıraraq əməkdaşlığı gündən-günə genişləndirirlər. İndi hər bir azərbaycanlı və yaxud türkiyəli istədiyi vaxt bir-birini ziyarət edə bilər.
Türkiyədəki müəyyən qüvvələrin Azərbaycanın müstəqilliyi haqqında cürbəcür fikirlər yaymasına da münasibət bildirən Ulu Öndər dedi: “Mən bir Prezident kimi sizi əmin edirəm ki, heç bir qüvvə bizim dövlətimizin müstəqilliyini əlindən ala bilməz. Torpaqlarımızda altı ildir ki, müharibə gedir, ərazilərimizin bir hissəsi ermənilər tərəfindən işğal olunub. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı bu sınaqlardan mətanətlə çıxacaq, öz ərazi bütövlüyünü qoruyub saxlayacaq”.
Heydər Əliyev respublikamızda gedən ictimai-siyasi proseslərdən də söhbət açaraq bildirdi ki, indi bütün azərbaycanlıların birliyi, həmrəyliyi xüsusilə vacibdir. Türkiyədə yaşayan azərbaycanlılar da öz vətənlərinin mövqeyini müdafiə etməli, köməklərini əsirgəməməlidirlər. Prezident soydaşlarımızı Azərbaycanın haqq işinin müdafiəçisi, təbliğatçısı olmağa çağırdı.
Ankaradakı Hacəttəpə Universiteti Türkiyədə çox məşhur təhsil ocaqlarından biridir. Burada Heydər Əliyevi hərarətlə qarşıladılar. Universitetin prorektoru, professor Süleyman Yıldız Azərbaycan Prezidentinin həyat və fəaliyyəti, mənalı ömür yolu barədə görüş iştirakçılarına ətraflı məlumat verdi. Sonra ali məktəbin rektoru, professor Yüksəl Bozər hörmətli qonağa universitetin Fəxri doktoru adı verilməsi barədə qərarı oxudu, Fəxri diplomu və fəxri libası Heydər Əliyevə təqdim etdi.
Respublikamızın rəhbəri Fəxri doktor adını xalqımıza və onun elminə verilən yüksək qiymət kimi dəyərləndirərək universitetin professor-müəllim heyətinə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın xalq rəssamı Mikayıl Abdullayevin əsərini - böyük türk şairi Yunus Emrenin yağlı boya ilə çəkilmiş portretini Hacəttəpə Universitetinə hədiyyə etdi.
Bilkənd Universiteti idarə heyətinin sədri, xalqımızın böyük dostu İhsan Doğramacının evində Heydər Əliyevlə görüş də əlamətdar və unudulmaz hadisə oldu. Yüksək zövqlə, gözəl memarlıq üslubunda tikilmiş evdə universitetin simli orkestri həmyerlimiz Sərvər Quliyevin rəhbərliyi altında konsert proqramı ilə çıxış etdi, Qara Qarayevin, İvli Camal Erkinin, Fikrət Əmirovun əsərlərindən parçalar ifa olundu.
Xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrindən danışan Prezident Heydər Əliyev İhsan Doğramacıya minnətdarlığını bildirdi və qeyd etdi ki, Türkiyənin görkəmli oğlu, bütün həyatını təhsilin inkişafına həsr etmiş İhsan Doğramacı Azərbaycanda da böyük hörmətə və ehtirama malikdir.
Azərbaycan Prezidenti söhbət əsnasında xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirməyin vacibliyini vurğuladı, görüş iştirakçılarını respublikamızdakı ictimai-siyasi vəziyyət və müharibənin gedişi barədə ətraflı məlumatlandırdı.
/Ardı var/
İki sahil.- 2023.- 4 aprel.- S..4.