Polad iradəli rəhbər
Ümummilli lider Heydər
Əliyev hələ Azərbaycan SSR Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri vəzifəsində işlədiyi illərdə
ermənilərin Qarabağ iddiasında
olduqlarını və bu istiqamətdə
yorulmadan
çalışdıqlarını bilirdi.
Ona
görə də 1969-cu ildə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci
katibi vəzifəsinə təyin olunandan az sonra
bu məsələnin
dayandırılması üçün
lazımi tədbirlər görməyə başladı. Tədbirlərin
həyata keçirildiyi zamanda
bir çox maraqlı
hadisələr də olmuşdu.
Vaxtilə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışmış Nadir Hüseynbəyov həmin hadisələri belə xatırlayır: “Heydər Əliyev heç bir ay yox idi ki, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyirdi. Bir gün bildirdilər ki, Heydər Əliyev məni öz qəbuluna dəvət edib. Bu, mənim üçün gözlənilməz idi. Söhbətimizin əsasını Azərbaycanla Ermənistan arasında olan sərhəd, ermənilər tərəfindən ortalığa atılmış qurama mübahisəli torpaq məsələləri təşkil edirdi. Görüşümüz iki saata yaxın davam etdi. Mən özümlə 1903-cü ildə nəşr edilmiş Azərbaycan xəritəsini də gətirmişdim. Möhtərəm Heydər Əliyev həmin xəritəyə diqqətlə baxdı, onu 1969-cu ildəki mövcud xəritə ilə müqayisə etdi. Heyrət onu bürüdü: “Aman Allah, heç olmazsa, bu millətə sənin rəhmin gəlsin. Gör, nə qədər torpağını əlindən alıblar”, - dedi. Görüşümüzdən iki gün keçmişdi. Azərbaycan KP MK-dan mənə zəng edib dedilər ki, Heydər Əliyev qatarla Ağstafaya gedir. Mənim də onunla birlikdə Ağstafaya getməyimi tapşırıb və bildirib ki, özüm ilə bir sıra sənədləri, o cümlədən 1903-cü ilin torpaq xəritəsini də götürüm...
Qazaxda bizi rayon Partiya Komitəsinin birinci katibi Barat Qaravəliyev qarşıladı. Oradan Azərbaycanla Ermənistanın sərhədinə getdik. Sərhəddə Ermənistan KP Mərkəzi Komitəsininn birinci katibi Anton Koçinyanın rəhbərlik etdiyi nümayəndə heyəti bizi gözləyirdi. Heydər Əliyev məndə olan bütün sənədləri və 1903-cü il xəritəsini aldı, mənə dedi ki, Qazax Rayon Partiya Komitəsində məni gözləyin. Möhtərəm Heydər Əliyev Onu qarşılayanlarla Dilicana yola düşdü. Təxminən üç saatdan sonra Heydər Əliyev Qazax Rayon Partiya Komitəsinə gəldi. Hamımızla görüşdü. Məndən aldığı sənədləri qaytardı və dedi ki, 1903-cü ilin xəritəsini Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Koçinyana bağışladım və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qeyri-qanuni qərarını müzakirə etdik. Koçinyanla ümumi razılığa gəldik ki, heç bir sərhəd və mübahisəli məsələyə bundan sonra baxılmayacaq”.
Bəs 1969-cu ilin avqustunda keçirilmiş bu görüş, onun nəticələri Ermənistanda necə qarşılanmışdı? Həmin dövrdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini vəzifəsində çalışan Həbib Həsənov həmin məsələyə belə aydınlıq gətirib: “Ermənistanda Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevlə görüşə müstəsna əhəmiyyət verilirdi. Əslində, bu görüş ermənilər tərəfindən bir növ kəşfiyyat xarakteri daşıyırdı. Heydər Əliyev Ermənistan rəsmiləri üçün sirli şəxsiyyət idi. Koçinyan görüşdən İrəvana qayıdan kimi Ermənistan KP MK-nın bürosu toplandı. Koçinyan qayğılı və dalğın görünürdü. Mən həmin büroda iştirak edən yeganə azərbaycanlı idim. O, Heydər Əliyevlə görüşü barədə çox qısa və könülsüz məlumat verdi. Yerdən bir neçə nəfər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qərarının icrasına nə vaxt başlanacağı barədə suallar verərkən Koçinyan bildirdi ki, Ermənistanı və erməniləri sevən hər birinizdən xahiş edirəm ki, nə qədər Heydər Əliyev adlı adam var, heç bir sərhəd məsələsi və mübahisəli torpaq, ərazi iddiası qaldırmayın. Bunu birdəfəlik yaddan çıxarın. Elə bil ermənilərin üstünə qaynar su töküldü. Hamı sual dolu baxışla bir-birinə baxdı. Koçinyan dilxor, bir qədər də əsəbi halda iclası yekunlaşdırdı”.
Beləliklə, bəzi ərazilərin Ermənistana verilməsini mümkün sayan Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qərarı kağız üzərində qaldı. Heç şübhəsiz ki, Heydər Əliyevlə ilk görüşün Anton Koçinyanda yaratdığı təəssürat erməniləri ərazi iddialarını dayandırmağa məcbur etmişdi. Koçinyanın Ermənistan KP MK-nın büro iclasında Heydər Əliyev haqqında dediyi sözlər də məhz belə düşünməyə əsas verir: “Heydər Əliyev mənə dərin zəkası, ağlı, biliyi olan, kəskin məntiqli, fikrinə müsahibini inandırmağı bacaran şəxs və rəhbər təsiri bağışladı”.
Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev Kremldə çalışdığı 1982-1987-ci illərdə təkcə azərbaycanlıların deyil, Orta Asiyanın türkdilli respublikalarının, tarixi köklərini, milli varlığını itirmək təhlükəsi qarşısında qalan tatarların, başqırdların, qaraçaylıların, qaqauzların və digər azsaylı xalqların da taleyüklü maraqlarının müdafiəçisi idi. Ətrafdakı hiyləgər, namərd düşmənlərin məkrli planları bitib-tükənmək bilmirdi. Ermənilər yenə də öz iddialarından əl çəkmir, onu reallaşdırmaq üçün Heydər Əliyevin əleyhinə təbliğatı gücləndirirdilər. Çünki erməni millətçiləri bilirdilər ki, nə qədər ki Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Mərkəzi Komitənin Siyasi Bürosunun üzvüdür Dağlıq Qarabağ məsələsində uğur qazana bilməyəcəklər. Ona görə də 1986-1987-ci illərdə onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün imza toplamağa başladılar. Bununla bərabər Heydər Əliyevi ləkələmək üçün böhtan, şantaj və hədə-qorxu kampaniyasına da start verdilər.
Separatçı Qarabağ hərəkatının fəallarından biri olan Ermənistan ermənisi İqor Muradyan 1987-ci ilin martında Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü A. Yakovlevin ünvanına məktub göndərərək həyasızcasına bildirirdi ki, Heydər Əliyev ermənilərin qədim torpağı olan Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana qaytarılmasına ciddi maneə yaradır. Muradyan qeyd edirdi ki, Heydər Əliyevə qarşı cinayət işi qaldırılması üçün SSRİ Ali Məhkəməsinə 600 nəfərin imzası ilə ittiham materialı təqdim olunub.
Həmin Muradyan Heydər Əliyevin özünə göndərdiyi məktubda isə Onu təhqir və təhdidlərlə Qarabağ məsələsindən geri çəkilməyi xəbərdar edirdi. Həmin məktubda Muradyan ayrı-ayrı illərdə erməni terrorçularının qətlə yetirdikləri Azərbaycan və Türkiyə diplomatlarının, siyasi, ictimai və dövlət xadimlərinin siyahısını yazmışdı. Sonda bildirirdi ki, əgər geri çəkilməsə onu da onların aqibəti gözləyir.
Ancaq cahil erməni səhv edirdi, bilmirdi ki, Heydər Əliyev polad iradəyə malik, əqidəsindən dönməyən qorxmaz rəhbərdir. Onu tutduğu yoldan heç kim və heç nə döndərə bilməz. Heydər Əliyevə qarşı hücumda İqor Muradyan tək deyildi, başda SSRİ rəhbəri Mixail Qorbaçov olmaqla, Zori Balayan, Silva Kaputikyan, Viktor Hamparsumyan, Qalina Starovoytova, Andrey Saxarov, Yelena Bonner-Əlixanyan, Georgi Şahnazarov, Raisa Qorbaçova, Moskvada yüksək vəzifələrdə işləyən bir çox ermənilər və ermənipərəstlər onun arxasında durmuşdular. Yoxsa mikroskopik bir şəxs olan İqor Muradyanda o cəsarət haradan idi ki, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Heydər Əliyevə hədə-qorxu gəlsin? Halbuki Heydər Əliyevin bir sərt baxışından Dövlət Təhlükəsizliyi Komitəsinin yüksək çinli zabiti infarkt keçirərək xəstəxanaya, oradan da istefaya getmişdi. Muradyan da bunu bilməmiş deyildi...
Ancaq bu dünyanın enişi-yoxuşu var. Həmin adamlar sonda öz qara fikirlərinin girdabında nifrətəşayan bir şəkildə məhv oldular. Heydər Əliyev isə öz xalqının Ümummili Lideri səviyyəsinə yüksəldi və milyonların məhəbbətini qazandı. Bu gün Ulu Öndərimiz cismən aramızda olmasa da əziz xatirəsi qəlbimizdə, tariximizdə əbədi yaşayır və nə qədər ki Azərbaycan var, biz varıq, O da yaşayacaqdır!
Vəli İlyasov
İki sahil.- 2023.- 5 aprel.- S.4.