Qərbi Azərbaycana qayıdacağıq

 

Növbəti hədəf

 

Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və təsdiq edilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası özündə bütün çağırışları ehtiva edir

 

Dövlət başçısı İlham Əliyev 2010-cu ildə Qarabağ icmasının mərkəzi qərargahının açılışında bu əminliyi ifadə etmişdir ki, bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir: «Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır.»

Son iki ildən artıq dövrün reallıqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu əminliyinin təsdiqidir. Qarabağ və Şərqi Zəngəzur azaddır. 30 illik torpaq həsrətinə son qoyuldu. Soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdaraq bu ərazilərdə yeni həyatın başlamasına görə özlərini xoşbəxt hiss edirlər. Ötən il «ağıllı kənd» layihəsi çərçivəsində yenidən qurulan Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev həm Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə müraciətində, həm də bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsi zamanı cari ildə görülən işləri, hədəfləri açıqlayarkən bildirdi ki, bu il laçınlılar Laçına qayıdacaq. Hər bir hədəfin zamanında və yüksək səviyyədə həyata keçirilməsi yeni-yeni hədəflərə yol açır.

Dövlət başçısı İlham Əliyevin ötən il doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi də təsadüfi deyildi. Bu, Ermənistana və havadarlarına ciddi mesaj idi- Qərbi Azərbaycana qayıdışımız qaçılmazdır. Cənab İlham Əliyev görüşdə diqqəti tariximizin faciəli səhifələrinə yönəldərək bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi: «Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər.» Cənab İlham Əliyev bu çağırışı da etdi ki, biz Qərbi Azərbaycana qayıtmalıyıq. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.

Tarixə nəzər salaq. İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, Türkdilli Dövlətlərin Zirvə görüşlərinin keçirilməsi ilə bütün türk dünyasını birləşdirməyə səy göstərilir. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıb. Bu baxımdan cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır. Dövlət başçısı eyni çağırışla Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə çıxış etdi: «Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi də tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, çoxəsrlik tariximizin ayrı-ayrı mərhələlərinin müqayisəli təhlili əsasında reallıqların təbliğində öz sözünü dedi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşü ziyalılarla olmuşdu. Ümummilli Lider ziyalıların qarşısında bu mühüm vəzifəni qoymuşdu-Tarixin saxtalaşdırılmasına göz yummamalı, tarixi faktlarla bu saxtalaşdırmanın qarşısını almalı. «Tarix heç nəyi silmir» söyləyən Ulu Öndər tarixi araşdırmaların daha da genişləndirilməsini, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılmasını ən vacib məsələ kimi önə çəkmişdir. Dövlətimizin başçısı İlham Əliyev 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağında bildirmişdir ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: «Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.»

Prezident İlham Əliyevin Azərbaycan dövlətinin, xalqının keçdiyi bu zəngin yolu təhlil edərkən dünyaya səs salan tarixi Zəfərimizdən bəhs edərək son iki ildə keçirilən görüşlərdə verilən «Siz bu Qələbəyə necə nail oldunuz» sualına cavabı olduqca qürurvericidir. Cənab İlham Əliyev bu suala cavab olaraq bildirir ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız: « Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.» Azərbaycan ötən 30 ildə tarixinə sahib çıxaraq hər bir səhifəsini əziz bilərək dünya ictimaiyyətini dolğun şəkildə məlumatlandırmaq üçün bütün səylərini birləşdirdi. Hər bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Dünya azərbaycanlılarının bir araya gəlməsi, yumruq kimi birləşməsi, yaşadıqları ölkələrdə cərəyan edən proseslərə təsir imkanlarını artırmaq üçün ciddi səylər göstərildi. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Məhz bu qurultay soydaşlarımızın birliyinin möhkəmləndirilməsinə böyük töhfə oldu. Hər beş ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı Azərbaycanın bu illər əldə etdiyi uğurların təhlili, həmçinin qarşıda dayanan hədəflərin təbliği baxımından əhəmiyyətli hadisəyə çevrildi. Ötən ilin mühüm hadisəsi isə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi oldu. Onlar bir araya gələrək postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu hədəflərin reallığa çevrilməsində üzərilərinə düşən vəzifələri müzakirə etdilər.

Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə də təbliğat işində diasporun fəaliyyətinə xüsusi diqqət göstərdi. «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bununla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir.

Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanan Azərbaycan 30 il dünyaya belə bir çağırışı etdi ki, bu meyarların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ölkəmizi dünyanın ikili standartlara əsaslanan siyasətindən ruhdan düşməyərək daim həqiqətlərimizi faktların dili ilə dünya ictimaiyyətinə çatdırdı. Qarabağ münaqişəsinin bu gün tarixə qovuşmasında, tarixi Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Belə ki, ölkəmiz bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu öz əksini tapıb. Baxmayaraq ki, bu qətnamələr 30 il kağız üzərində saralaraq həllini gözlədi, amma Azərbaycan sonadək haqqın, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirdi və 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə bunu bir daha təsdiqlədi.

Bu gün Qarabağ və Şərqi Zəngəzur həyatının yeni mərhələsini yaşayır. Genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyev məhz qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıdışlarını önə çəkərək ötən ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrildiyini bildirdibu inam ifadə olundu ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırdır. 5 müddəadan ibarət Qayıdış Konsepsiyasının «Hədəf, məqsədlər və yanaşma» müddəasında Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri öz əksini tapıb. Prinsiplər bunlardır: indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olanhüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi; geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması; geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi və sair. O da bildirilir ki, Qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir. Qovulmuş şəxsin geriyə qayıtmaq barədə qərarı könüllü olmalıdır. Qayıdış prosesi zamanı qadınlar, uşaqlarsosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin maraqları əsas prioritet kimi nəzərə alınacaq.

İcma ötən iki əsr ərzində erməni və Azərbaycan xalqları arasında dərin nifaq olduğunu və Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində hal-hazırda əhəmiyyətli sayda insanın təhlükəsizlik problemlərindən əziyyət çəkdiyini anlayır və yaranmış bütün siyasi, təhlükəsizlik, hüquqi, sosialhumanitar problemlərə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü hesab edir. Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsi regional təhlükəsizliyin və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin bərpa olunması kontekstində ən ilk sırada baxılmalı olan vəzifədir.

Göründüyü kimi, tarixi Zəfərimiz yeni-yeni hədəflərin reallığa çevrilməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyev ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bildirmişdir ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Ötən il dekabrın 24-də verilən tövsiyələr yerinə yetirilir: «Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək.»

 

Yeganə Əliyeva

 

İki sahil.- 2023.- 5 aprel.- S.6.