Vətən bizi çağırır...

 

Qərbi Azərbaycana qayıdış hərəkatının əsaslı nəticələri özünü ən yaxın zamanda göstərəcək

 

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə bizə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla yanaşı, xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti bərpa etmək imkanı yaradıb.

Təsadüfi deyil ki, Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycanın bu gün növbəti hədəflərindən biri də Qərbi azərbaycanlıların pozulan hüquqlarının tanınmasına nail olmaqla onları əzəli yurdlarına qaytarmaqdır. Bu hədəf öz tarixi ata-baba torpaqlarından zorla deportasiya edilmiş yüz minlərlə soydaşımızın ən böyük arzusu, xəyalıdır.

Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri “dənizdən-dənizə böyük Hayastan” xülyasına qapılaraq XIX-XX əsrlərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən bu məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – tarixi torpaqlarından zorla qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar. XIX əsrdə ermənilərin Qafqaza köçürülməsinin başlanması ilə Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın da deportasiyasına start verilib. Tarixi minilliklərə söykənən kənd və şəhərlərimizin əhalisinin etnik tərkibinin dəyişdirilməsi sonrakı mərhələdə həmin yerlərdə yerli sakinlərin sıxışdırılması, daha sonra isə onların zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələnib. Müxtəlif vaxtlarda həyata keçirilmiş deportasiya zamanı Qərbi Azərbaycanın demək olar ki, bütün bölgələrində soydaşlarımıza qarşı qətliamlar, dəhşətli işgəncələrlə dolu qırğınlar törədilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun bir neçə gün öncə yaydığı məlumatda bildirilir ki, təkcə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdundan kütləvi surətdə və zorakılıqla sürgün edilib. Minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.1988-1992-ci illər ərzində isə qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib. Belə ki, Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə məruz qoyulub. Hadisələr zamanı 216 azərbaycanlıya qarşı soyqırımı aktı həyata keçirilib, onlar erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetiriliblər.

Təəssüf ki, ötən əsrin 90-cı illərində Qərbi Azərbaycandan soydaşlarımızın tamamilə qovulması başa çatdırıldıqdan sonra aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.

Bu tarixi faciələrə hüquqi-siyasi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər

1997-ci ildə 28 May-Respublika Günü münasibətilə təntənəli yığıncaqda azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: “O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş verib. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıb”.

Ulu Öndər Qərbi Azərbaycandan zorla deportasiya edilmiş soydaşlarımızın problemlərinin həllini, onların statusunun hüquqi baxımdan müəyyənləşdirilməsini daim diqqətdə saxlamış, bununla bağlı 1997-ci il dekabrın 18-də “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də Ümummilli Liderin uzaqgörən siyasətini davam etdirərək hər zaman Qərbi azərbaycanlıların problemlərinə həssaslıqla yanaşmış, onların öz tarixi torpaqlarına qayıdışının hüquqi əsaslandırılmasının təmin edilməsini diqqətdə saxlamışdır. Dövlət başçımız 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı qətiyyətlə vurğulamışdır ki, vaxtilə öz yurdundan deportasiya edilən yüzminlərlə soydaşımız da tarixi torpaqlarına qovuşacaqlar: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

Məhz Prezident İlham Əliyevin diqqəti və konseptual tövsiyələri əsasında Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanması, Qərbi Azərbaycan İcmasının yaradılması, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın qəbul edilməsi əsrlər boyu doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın tarixi torpaqlarımıza qayıdışını şərtləndirən mühüm amillərə çevrilməkdədir. Bütün bunlar dərin inam yaradır ki, Qərbi Azərbaycana qayıdış hərəkatının əsaslı nəticələri özünü ən yaxın zamanda göstərəcək. Dünya, nəhayət ki, yüzminlərlə insanın haqq səsini eşitməyə məcbur olacaq və ermənilər soydaşlarımıza qarşı törətdikləri bütün cinayətlərin hesabını verəcəklər! Xocalı, Qaradağlı, Ağdaban, Bağanis Ayrım və digər soyqırımı aktlarının hesabını 44 günlük Vətən müharibəsində verdikləri kimi!..

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2023.- 6 aprel.- S.7.