İnsanlıq tarixinin qara
ləkəsi - Ağdaban faciəsi
1992-ci il
aprelin 7-dən 8-nə keçən
gecə Kəlbəcər
rayonunun Ağdaban kəndində törədilən
faciə iki yüz ilə yaxın müddətdə
erməni millətçiləri
tərəfindən azərbaycanlılara
qarşı davamlı
olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin
davamı idi
31 il
öncə erməni cəlladları tərəfindən
törədilən Ağdaban
soyqırımı tarixdə
bəşəriyyətə qarşı törədilmiş
ən böyük cinayətlərdən biri
hesab edilir. Bu hadisə Qarabağın
qala qapısı Kəlbəcəri ələ
keçirmək üçün
erməni seperatçılarının
"böyük Ermənistan"
yaratmaq xülyasıyla
Azərbaycan xalqına
qarşı törətdiyi
dəhşətli soyqırım
faktıdır. İstər
hərb qanunlarına,
istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayacaq səviyyədə
soyqırıma "imza
atan" erməni qəsbkarları qırğın
zamanı bütöv
bir kəndi tamamilə yandırmış,
yüzlərlə dinc
sakini öldürmüş,
işgəncələr vermiş,
yurdundan didərgin salmışlar.
Qeyd edək ki, Ağdaban
kəndinin işğalına
aparan yol 1989-cu il iyulun
10-da başlamışdı. Həmin gün Ağdabanda baş verən hadisə erməni quldurlarının həyata
keçirmək istədiyi
çirkin planın tərkib hissəsi idi. Həmin dövrdə bu cür hücumların qarşısının alınması
məqsədilə Ağdaban
kəndində yaradılan
yerli özünümüdafiə
könüllülər dəstəsinin
komandiri Nəsimi Səfərov xatırlayır:
“1989-cu il iyulun 10-da sübh tezdən Ağdabanın ətrafındakı
təpələrdə toplanan
şübhəli adamlar
narahatlığa səbəb
olduqları üçün
bir qrup sakinlə onların yanına getdik. Təxminən 150-200 nəfər silahlı erməninin qruplar şəklində “Ağdabanın yalı” deyilən ərazidə toplaşdığını gördük.
Həmin
qrupa hamının “daşnak Suren” kimi tanıdığı
Qaqo adlı qoca kolxoz sədri
başçılıq edirdi.
Onlar açıq şəkildə
bizə bildirdilər ki, Yerevandan gələn əmr əsasında Ağdabanı
boşaltmalıyıq. Əgər müqavimət olarsa kənd yandırılacaq,
əhali gülləbaran
ediləcək. Kəndə qayıdan
kimi bu barədə
Kəlbəcər rayon rəhbərliyinə
məlumat versək də, hayımıza yetən olmadı. Elə həmin gün kənd əhalisini, xüsusilə yaylaqda olan qız-gəlini erməni təcavüzündən
qorumaq üçün
yerli özünümüdafiə
dəstəsi təşkil
etdik. Ov və tir tüfəngləri ilə
silahlanmış kənd
əhalisi həmin gecəni səhərədək
keşik çəkdi.
Ertəsi gün ermənilər
hiylə işlədərək
yaylaqlarımıza soxulmaq
istəsələr də,
qarşısını aldıq
və 9 silahlı erməni əsir götürüldü. Sonradan
əsirlərdən biri
qaçmağa nail olsa
da, digər 8 ermənini kəndə gətirərkən rus komendaturasının əsgərləri
onları bizdən alıb rayon mərkəzinə
apardı. Həmin hadisədən sonra
Ağdaban kəndinin dincliyi pozuldu”.
1992-ci il aprelin
7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri
Dağlıq Qarabağdakı
separatçı erməni
quldur dəstələrinin
köməyilə Ağdaban
və Çayqovuşan
kəndlərinə hücum
etdilər. Ermənilər planlı surətdə
hərəkət edirdilər.
Evləri kimlər qarət
edəcək, mal-qaranı
kimlər aparacaq, əliyalın insanları
kimlər əsir götürəcək, müqavimət
göstərənləri kimlər
qətlə yetirəcək
əvvəlcədən müəyyənləşdirilmişdi.
Hücumdan xəbərsiz olan
kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara
dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən
məhv edildiyindən
əhali müdafiəsiz
qalmışdı. Erməni daşnakları
Ağdaban kəndinə
soxularaq 130-dan çox
evi tamamilə yandırdılar, 779 nəfər
dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca,
qadın, uşaq demədən dünyada görülməmiş ən
qəddar üsullarla dinc əhalini qətlə yetirərək
soyqırım aktı
törətdilər. Bu faciə zamanı 32 nəfər amansızcasına
qətlə yetirildi,
8 nəfər 90-100 yaşlı
qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı. Həmçinin 2 nəfər itkin düşdü, 12 nəfərə
ağır bədən
xəsarəti yetirildi,
5 nəfər isə girov götürüldü.
Ağır işgəncələrə məruz qalan, evləri viran qoyulan ağdabanlılar doğma kəndlərini tərk etmədilər.
Ağdaban camaatı kəndi
yenidən bərpa edib yaşamağa başladılar. Lakin
1993-cü il mart ayının 27-də erməni
separatçıları Kəlbəcər
rayonuna hücum edən zaman işğalı yenidən
Ağdaban kəndindən
başladılar. Erməni silahlıları
kəndə yenidən
hücum edərək
onu viran qoydular. Beləliklə də onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin
tamamilə Ermənistan
tərəfindən zəbt
olunması demək idi. Kəlbəcər
hər tərəfdən
mühasirəyə alınaraq
1993-cü il aprel ayının 2-dək
erməni silahlı birləşmələri tərəfindən
tamamilə işğal
edildi.
Ermənilər Ağdabanı təkcə
strateji məkan olduğu üçün
deyil, əslində, Kəlbəcəri ədəbi
mühitinin beşiyi kimi də çoxdan
hədəfə almışdılar. Onlar Ağdabanda
yalnız soyqırımı
törətmədilər. Erməni quldurları tərəfindən
tarix, memarlıq və mədəniyyət
abidələri dağıdıldı,
müqəddəs ziyarətgah
və məzarlıqlar
təhqir olunaraq məhv edildi. Erməni seperatçılarının Azərbaycan
mədəni irsinə
qarşı törətdikləri
vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları
yandırılıb və
talan olunub. Onu da vurğulayaq ki, faciə qurbanlarının 15 nəfəri
Dədə Şəmşirin
nəslindən idi.
Erməni cəlladları
Dədə Şəmşirin
28 yaşlı nəvəsi
Qulu Qurbanovu diri-diri tonqalda yandırmış, 8 yaşlı
Ülviyyənin gözləri
qarşısında atası
Camalı güllələmiş,
özünü isə
kartof quyusunda diri-diri basdırmışdılar.
Ağdaban qətliamı törədilmə
spesifikasına və xarakterinə görə
BMT Baş Assambleyası
tərəfindən 9 dekabr
1948-ci il tarixli “Soyqırım cinayətinin
qarşısının alınması
və ona görə cəzalar” Konvensiyasının müddəalarına
uyğundur və Beynəlxalq hüquq əsasında soyqırım
cinayəti aktı kimi tövsiyə etməyə imkan verir və Ağdaban
kəndinin dinc əhalisinə qarşı
erməni-rus silahlı
qüvvələri tərəfindən
törədilən bu
qırğın soyqırım
cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalıdır.
Sevinc Azadi
İki sahil.- 2023.- 7 aprel.- S.8.