Salam, dar ağacı!..

 

“Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur” (Əbu Turxan)

 

Əqidə, məslək, dönməzlik simvolu

və ya proloq əvəzi…

 

Hər insan bu dünyaya çəkə, daşıya biləcəyi tale yükü ilə gəlir. Bəziləri 100 il, hətta daha çox ömür sürsələr də sadə və sadəcə yaşayır, əbədiyyətə zaman keçdikcə xatırlanacaq heç bir iz qoymadan köç edirlər. Bir də Tanrı tərəfindən seçilmişlər var! Bax onlar əksinə, bəzən çox qısa ömür yollarında elə uzun, çoxları üçün əlçatmaz məsafə qət edirlər, Uca Yaradanın qarşılarında qoyduğu elə bir tarixi missiyanın öhdəsindən gəlirlər ki, belələrinin həyat kitabını vərəqlədikcə sadəcə, heyrətlənməyə bilmirsən. Xalq yazıçısı Mirzə İbrahimovun məşhur “Gələcək gün” romanının baş qəhrəmanı, “21 Azər” Hərəkatının fəal iştirakçısı, Güney Azərbaycan Milli Hökumətinin qurucularından biri və baş prokuroru, Milli Hökumətin süqutundan sonra şah rejimi tərəfindən 28 yaşında dar ağacından asılmış Firidun İbrahiminin ömür yolu kimi...

Dövlət xadimi, diplomat, hüquqşünas, şair-publisist, tədqiqatçı, heç vaxt tutduğu haqq yolundan, amalından dönməyən siyasi və ictimai xadim, bütöv əqidə adamı... Azərbaycan sevdalı Firidunun qısa ömür yolunun bələdçiləri olan, bu müxtəlif peşə və titulların hər biri istiqamətində onun əvəzsiz fəaliyyətini əks etdirən faktlara nəzər salarkən heyrətdən gözlərim böyüyür. Və istər-istəməz qəlbimin dərin qatlarından bu sözlər qopur: “İlahi, bu qədər istedadı, savadı, qabiliyyəti, siyasi, diplomatik, mədəni keyfiyyətləri, nəhayət, gücü, enerjini, əqidə, məslək  bütövlüyünü, dönməzliyi, Millət və Vətən sevgisini 28 illik qısa zaman kəsiyinə necə sığışdırmaq olar?”

 

Əcəllə ölməyə doğulmamışam...

 

Firidun Qəni oğlu İbrahimi 1918-ci il noyabrın 21-də  İran Astarasında dünyaya göz açıb. O, hələ çox gənc yaşlarından, 1941-ci ildə Tehran Universitetinin hüquq fakültəsində oxuyarkən tələbə hərəkatında fəal iştirak etməyə başlayır və İran Xalq Partiyasının sıralarına daxil olur. Ölkənin bir sıra nüfuzlu qəzetləri ilə əməkdaşlıq edir, həmin nəşrlər üçün günün aktual mövzularından bəhs edən elmi, siyasi və publisistik məqalələr yazır.

1945-ci ilin mayında Tehran Universitetini müvəffəq qiymətlərlə bitirdikdən sonra gənc Firidunun həyatında mübarizələrlə dolu yeni bir mərhələ başlayır. İran Xarici İşlər Nazirliyindən və digər mötəbər dövlət qurumlarından iş təklifləri alsa da öz millətinə xidməti bütün vəzifə karyeralarından üstün tutan gənc hüquqşünas tərəddüd  etmədən doğma Azərbaycana qayıdaraq dərhal siyasi mübarizəyə qoşulur. Həmin ilin sentyabrın 5-də Azərbaycan Demokrat Firqəsinin (ADF) mətbu orqanı kimi Təbrizdə ilk sayı işıq üzü görən “Azərbaycan” qəzetində yaradıcılıq fəaliyyətinə başlayır və elə həmin ayda ADF-nin sıralarına qəbul edilir. Oktyabrın 1-də Təbrizdə öz işinə başlayan ADF-nin I qurultayına seçilmiş 237 nəfər xalq nümayədəsindən biri kimi bu ali tədbirdə fəal iştirak edən F.İbrahimi cəmi iki ay sonra-1945-ci il dekabrın 12-də Güney Azərbaycanda  Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan 39 nəfərdən ibarət  Milli Hökumətin tərkibində baş prokuror vəzifəsinə təyinat alır.

Şübhəsiz, 28 illik qısa ömür yolunun axırıncı 10 ilinin hər anını doğma xalqına, Vətəninə təmənnasız xidmətə həsr edən F.İbrahiminin tələbəlik illərindəki fəaliyyətini, Güney Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan “21 Azər” Hərəkatında iştirakını, xüsusilə cəmi bir il ömür sürən Milli Hökumətin baş prokuroru kimi yeni yaranmış demokratik dövlətin hüquq sisteminin formalaşması və inkişafı istiqamətində gördüyü misilsiz işləri nəinki bir qəzet məqaləsinə, mübaliğəsiz demək olar ki, hətta cild-cild kitablara belə sığışdırmaq mümkün deyil. Firidun İbrahiminin qələmə aldığı və 100 illik yubileyi ərəfəsində -2018-ci ildə  Azərbaycan Milli Elmlər Akademiyasının  Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə latın qrafikası ilə yenidən nəşr olunmuş Paris Sülh Konfransında iştirakından bəhs edən “Sülh uğrunda” kitabındakı biri-birindən maraqlı, məzmunlu epizodlar bu böyük şəxsiyyətin mübarizələrlə dolu mənalı ömür yoluna işıq salan ən qiymətli mənbələrdən biridir.

 

Baş prokuror “dil tələsi”ndən

necə qalib çıxdı?

 

Qısa həyatının böyük hissəsi şah rejimi ilə mübarizədə keçən F.İbrahiminin Paris Sülh Konfransında iştirakı o qədər də asan başa gəlməmişdi. İran hökuməti onun artıq mövcudluğu ilə barışmağa məcbur qaldığı Azərbaycan Milli Hökumətinin mətbuat təmsilçisi kimi planetimizin İkinci Dünya müharibəsindən sonrakı taleyini həll etməli olan bu mötəbər konfransda iştirakını hər vasitə ilə əngəlləməyə çalışırdı. F. İbrahimi Azərbaycan düşmənlərinin həmin təxribat əməllərini özünün “Sülh uğrunda” kitabında belə təsvir edir: “Mənin pasportum Təbriz polis idarəsi tərəfindən verilmiş və nəticədə Azərbaycan dilində yazılmışdır... Tehrandan Parisə getməkdən ötrü Fransa vizasından əlavə İraq, Suriya, İordaniya, Livan, Fələstin və Misir tranzit vizalarına da ehtiyac var idi.  Ona görə mən Xarici İşlər Nazirliyinin  pasport və viza şöbəsinə müraciət etdim. Bu nazirlikdə uzun  illərdən bəri mühüm və həssas postları tutub, bürokratizmin daşlaşmış fiqurlarına çevrilmiş idarə işçiləri mənim pasportumun Azərbaycan dilində yazıldığını gördükdə ildırım vurmuş kimi mat qaldılar: “Ağa, bağışlayın, biz bu pasportu qəbul edə bilmərik, çünki Azərbaycan dili rəsmi dil deyil”, - deyə pasportu əldən-ələ verib çoxlu sayda şöbələrdə gəzdirdilər. Nəhayət, pasport idarəsinin rəisi cənab Ərdəşir mənim dəlillərimi dinlədikdən sonra  göstərilən dövlətlərin səfirliklərinə notalar hazırlayıb göndərdi.”

 

Paris Sülh Konfransında

 

Mürtəce şah rejimi cidd-cəhdlə maneə yaratmasına baxmayaraq, 1946-cı il iyulun 29-da Parisdə 21 dövlətin iştirakı ilə öz işinə başlayan və oktyabrın 15-dək davam edən konfransa avqustun 10-dan etibarən Güney Azərbaycan Milli Hökumətinin mətbuat təmsilçisi kimi qatılan Firidun İbrahimi bu mötəbər beynəlxalq tədbirin bütün iclaslarında iştirak edir. O, burada gedən qızğın müzakirələri sonadək diqqətlə izləyir. Dərin müşahidələrinin  nəticələri olaraq  antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqaviləsi bağlamağı nəzərdə tutan Paris Sülh Konfransı haqqında “Azərbaycan” qəzetinin səhifələrində ardıcıl silsilə məqalələr dərc etdirir. Bu məqalələrdə F.İbrahimi əslində vəzifəsi İkinci Dünya müharibəsindən sonra  yaranmış tarixi şəraitdən yararlanmaqla öz azadlıqlarına qovuşmaq uğrunda mübarizəyə qalxan müstəmləkə və yarımmüstəmləkə xalqların  problemlərini çözmək, bununla bağlı bütün sualları cavablandırmaq olan konfransda əsas söz sahibləri rolunda çıxış edən ABŞ və İngiltərənin ikiüzlü siyasətini, bu antibəşəri siyasəti dəstəkləyən Fransanı, necə deyərlər, daşdan keçən faktlarla ifşa edir, onların yeni müstəmləkələr əldə etmək niyyətlərini ortaya qoyur.

 

Əsarət zəncirləri əbədi deyil!..

 

Sən tarixin ironiyasına bir bax... “21 Azər” Hərəkatının  qələbəsinin düz 1 ilinin tamamında – 1946-cı il dekabrın 12-də şah rejimi 13 iyun 1946-cı il tarixli Təbriz-Tehran müqaviləsinin şərtlərini namərdcəsinə pozaraq Azərbaycana hücum etdi. Həmin gün F.İbrahimi öz məsləkdaşları ilə birlikdə ADF MK-nın binasında barrikada quraraq 34 saatlıq müqavimətdən sonra həbs olundu. 6 ay sürən məşəqqətlərlə dolu zindan həyatı zamanı İran mətbuatında onunla sual-cavab əsasında dərc olunmuş yazıların birindəki bu epizod polad iradəli qəhrəman soydaşımızın yenilməzliyini, məğrurluğunu, necə böyük əqidəyə, iradəyə sahib olduğunu bir daha nümayiş etdirir:

-Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz?

-Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs olunmuş günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik.

-Bəs o xalq haradadır, niyə sizin ölümünüzü istədi?

-Mənim kimilərinin ölümünü istəyənlər imperialist ağalarının göstərişlərini yerinə yetirən mürtəce Tehran hökumətidir. Bu gün xalqın əl-ayağı, fəhlə, kəndli, zəhmətkeş və həmçinin əli qələm tutan ziyalıların dili bağlanmışdır. Amma bu əsarət zəncirləri əbədi deyil və onların qüdrətli əlləri ilə açılacaqdır!

 

Edam öncəsi son xahiş

 

Edam hökmünün icrasından 2 gün əvvəl Firidun İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı kostyumun zindana gətirilməsini  xahiş edir. O məşum gün – 1947-ci il mayın 23-də sübh tezdən üzünü qırxdıqdan sonra ağ köynəklə həmin kostyumunu geyinir və ən çox xoşladığı qırmızı qalstukunu boynuna taxaraq edama  hazır olduğunu nümayiş etdirir. Milli Hökumətin baş prokuroru bu prosesi heyrət və təəccüblə izləyən kamera yoldaşlarının sual dolu baxışlarını belə cavablandır:

-Biz öz həyatımızı bütünlüklə paklıq və şərəf içində keçirdik, nə üçün dar ağacı altında pərişan halda görünməliyik?”

 

Məni hüzuruna bu dərd gətirdi...

 

Kim bilir, bəlkə də şair Rüstəm Behrudi məşhur “Salam, dar ağacı!” şeirini bütünlüklə şərəf və paklıq içərisində yaşadığı həyatının son anında belə ölümün gözünün içinə dik baxmağı bacaran, dar ağacının altına pərişan, kədərli halda deyil, gülümsəyərək, qürurla gedən  Firidun İbrahimi haqqında yazıb:

 

Yolumu gözlədin hər səhər-axşam,

Salam, dar ağacı!

Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, dar ağacı!

Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?

Yüz adla bölündü, yenə də birdir!

Məni hüzuruna bu dərd gətirdi,

Salam, dar ağacı!

Əleyküm-salam…

 

Şahidlər söyləyirlər ki, səhər saat 4 radələrində F.İbrahimini Təbrizin Səttarxan meydanında yerləşən “Gülüstan” bağının qarşısındakı Saat meydanında qurulmuş dar ağacının altına gətirdilər. Cəllad kəndiri boynuna keçirməmişdən öncə Firidun gözlərini qapadı və üzünü Savalan dağına tərəf çevirib vida əlaməti olaraq başı ilə təzim etdi. Sonra uca və ötkəm səslə “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad!”,-deyə hayqırdı…

 

Şahidin ürəkparçalayan acı xatirələri

 

Milli Hökumətin üzvlərindən biri, zindanda Firidun İbrahimi ilə eyni kamerada saxlanılan Müseyid Muradxaninin  Bakıda yaşayan qızı Mahirə Muradxani  hər saniyəsi dəhşət saçan o müdhiş günü göz yaşları içərisində belə xatırlayır:

-O zaman mənim 10 yaşım vardı. Atam Firidun İbrahimi ilə bir kamerada saxlanılırdı. Anamın hər gün dustaqlar üçün hazırladığı yeməyi zindana mən aparırdım. Edamdan 2 gün əvvəl səhər tezdən məktəbə gedərkən gördüm ki, hərbçilər “Saat qabağı” deyilən yerdə quyu qazıb dirəklər basdırırlar. Məktəbdən qayıtdıqdan sonra gördüklərimi anama danışdım. O, qeyri-ixtiyari axan göz yaşlarını boğaraq pəncərəmizdən aydın görünən həmin dirəklərə baxdı və dərindən köks ötürərək:  “Allah evlərini yıxsın, dar ağaclarıdır. Yəqin kimlərisə asacaqlar”, - dedi.

Bugünkü kimi yadımdadır. Mayın 23-nə keçən gecə  səhərə yaxın anamla mən aləmi başına götürən gur musiqi səsinə yuxudan hövlnak oyanıb pəncərədən ətrafa baxdıq. Dar ağacları basdırılmış meydan adamlarla dolu idi. Dərhal anamla meydana tərəf qaçdıq. Sən demə, namərdlər həmin musiqi ilə Təbriz əhlini “edam səhnəsinə” tamaşa etməyə çağırırmışlar.  “Edam səhnəsi” həqiqətən ürək parçalayan idi.  Sifətlərindən qəddarlıq, əclaflıq yağan qaniçən cəlladlar yan-yana basdırılmış 10 ədəd dar ağacının altında başlarını dik tutaraq məğrur dayanmış fədailərin boğazlarına kəndiri keçirərkən Təbriz əhlinin ah-nalə dolu hıçqırtıları aradan 70 ildən artıq müddət keçsə də qulaqlarımdan getmir…”

 

“Gələcək gün” hökmən gələcək

və ya epiloq əvəzi...

 

“Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır. Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını açacaq, bütün cəllad və zülmkarları məhv edəcəkdir. Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur  olacaqlar.”  Edam ərəfəsində belə demişdi Firidun İbrahimi.

Bəli, o gün hökmən gələcək! O gün gəlib bəlkə də və bəlkə də o gün elə bu gündür! Nə gənc həyatının yenicə çiçəklənməyə başladığı bir vaxtda İranın qəddar şah rejimi tərəfindən amansızlıqla qətlə yetirilən Firidun İbrahimi, nə onunla eyni taleyi bölüşmüş azadlıq mücahidləri həyatda olmasalar da onların amalları yaşayır. Çünki Güney Azərbaycan bu gün öz sələfindən də qəddar başqa bir qaniçən rejimin- fars-molla istibdadının caynaqları altında əzilməkdədir. Odur ki, minlərlə, onminlərlə, milyonlarla əcəllə ölməyə doğulmamış Firidunlar bu gün də dar ağacına salam verməyə hazır vəziyyətdə Vətən üçün ayaqdadırlar! Bu gün də böyük bir millətin İranın qəddarlıqda heç də şah istibdadından geridə qalmayan, “İslam”, “müsəlman”  donuna bürünsə də bütün varlığı ilə şeytana xidmət edən molla  rejiminə qarşı AZADLIQ savaşı, istiqlal mücadiləsi davam edir. Və bu mücadilənin Güney Azərbaycana AZADLIQ Günəşinin al şəfəqlərini saçacağı  günlərə çox qalmayıb! O gün hökmən gələcək! Bax, o zaman Firidun İbrahiminin timsalında Vətən yolunda, haqq savaşında şəhid olmuş bütün Cənublu soydaşlarımızın müqəddəs ruhları rahatlıq tapacaq!..

 

Əhməd Qurbanoğlu

 

İki sahil.- 2023.- 7 aprel.- S.6.