Bir qərib şəhidəm...

 

Aramızdan Araz kimi axıb getmiş qardaşım Arazın əziz ruhuna ehtiramla

 

O gün baharın nəfəsi tutuldu, göy üzü qara bağladı, buludlar qan ağladı ki, ürəyi boşalsın...

O gün göz yaşları gölləndi, selləndi, axıb-axıb Araza qarışdı. Arazsa bulandı, aldığı qara xəbərdən qaraldı, yatağına sığmaz oldu! Araz bu dəfə bu dünyadan vaxtsız gedən Araz üçün coşdu, daşdı, qəzəbini günahsız sahillərinin üstünə tökdü...

O gün zaman dayanmalıydı! Tumurcuqları partlamış ağaclar qurumalıydı! Güllər, çiçəklər ləçəklərini töküb solmalıydı! Allahın insafı olsaydı o gün – aprelin 10-da bir ananın ürəyinin dağlanmasına, bir atanın qəddinin əyilməsinə, bir bacının üzünə əl atıb al-qana bələməsinə, üç qardaşın heyinin-hayının kəsilməsinə qıymazdı! Allahın insafı olsaydı müsibətlər yaşamış, yurdundan didərgin düşmüş bir elə-camaata bu acını yaşatmazdı! Allahın insafı olsaydı o il – 2000-ci ildə baharı qışa çevirərdi...

O gün illər öncə gördüyüm yuxunun gerçək olacağı gün imiş. Mən balaca, dünya hələ gözəl olanda görmüşdüm. Görmüşdüm ki, əlimin beş barmağından biri – şəhadət barmağım qopub aralaşır, nə qədər çalışıram yerinə qaytara bilmirəm. Uşaq fəhmimlə bunun yaxşı yuxu olmadığını anlamışdım. Bəlkə inanmayacaqsınız, ancaq yenə elə onda uşaq fəhmimlə üç qardaşımın, bir bacımın qayğısı dolmuşdu ürəyimə. Yaşına görə şəhadət barmağım Arazı şəhadət verirdi...

O gün bir yalanla aldadıb Gəncəyə, Hacıkənddəki Vətəndə Vətənsiz doğmaların yanına aparırdılar bizi. Nənəmiz xəstələnibmiş guya. Kaş ki, elə olaydı! Ağsunun dolaylarında qarşımızı duman kəsdi, gündüzümüzü zülmət, yolları görünməz elədi. Elə bil sonunda eşidəcəyimiz xəbərə, tökəcəyimiz göz yaşlarına görə yazığı gəldiyi üçün sonsuza çevirmək istəyirdi yolumuzu. Kaş ki, sonsuza çevriləydi o yol...

O gün nur üzlü, gözəl üzlü, gözəlqəlbli Arazımızı öz yanına apardığı üçün qeyri-iradi Allaha qarşı üsyana çıxmışdım! “Qardaş!” deyə səsim tutulana qədər hayqırmaq istəyirdim, bəlkə harayıma bir hay verər ümidiylə! Bəlkə dizlərimin sözümə baxmadığını, məni ayaqda dik saxlaya bilmədiyini görüb özünü yetirər, qolumdan yapışar deyə! Yenə əlini kürəyimə söykəyər, acizliyimə dözüm, gücsüzlüyümə güc qatar deyə...

Mənə Arazın məzar daşına bir bənd şeir yaz deyənlər, bir qardaşa belə zülm verməzdilər axı! Heç düşünmədinizmi ki, qardaş qardaşının toy dəvətnaməsi yerinə qəbri üstünə şeir yaza bilməz?! Söz-söz tükənirdim, misra-misra ağlayırdım, bənd-bənd çarəsizləşirdim, vərəq-vərəq əzilib atılırdım. Və qəfildən əvvəlki kimi əlini kürəyimdə, ətirli nəfəsini üzümdə hiss elədim. Qulağıma pıçıldadı nə yazmalı olduğumu. Dedi ki,

Bir qərib Şəhidəm, yaralı ruham

Soldu bəxt çiçəyim ilk bahar çağı...

Dostlar, məzarıma söyləyin barı

Azad edən kimi siz Qarabağı!

Gəncənin Şəhidlər xiyabanı yaman böyüyüb, qardaş! Yəqin ilk müjdəni yanına gələn müqəddəslər vermişdi sənə. Çox şükür, Vətənimiz azad, ruhun şad oldu illər sonra! Mən hələ gedə bilməmişəm, gedə bilmirəm, gedə bilmərəm. Sən göylərdən kəndimizə boylan mən əvəzdən! İtirdiyimiz uşaqlığımızı, o qayğısız günlərdəki məni orada tapsan mənə də xəbər edərsən! Yenə səssizcə gəlib əlini kürəyimə qoyarsan, ətirli nəfəsini üzümdə hiss edərəm, qulağıma pıçıldayarsan...

Tək təsəllim odur ki, məqamın uca, yerin cənnətdir, aramızdan Araza kimi axıb gedən Arazım! Allaha əmanət ol, qardaş!

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2023.- 8 aprel.- S.26.