Xatirələrdə yaşayan
böyük alim, dəyərli
ziyalı
Zərifə xanım Əliyeva-100
Azərbaycan oftolmologiya elminin
inkişafında müstəsna
xidmətləri olan böyük oftolmoloq, Azərbaycanın əməkdar
elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilir.
Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə
böyük töhfələr
vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda
həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində
dayanan görkəmli
elm fədaisinin işıqlı
çöhrəsi canlanır. Eyni zamanda,
onun simasında nəcib Azərbaycan qadını, vəfalı
ömür-gün yoldaşı,
fədakar ana obrazı görürük.
Yüksək intellekt və
mədəniyyət, dərin
bilik, insanpərvərlik,
Vətənə məhəbbət
və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın
portretini tamamlayan əsas cizgilərdir.
Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına
bəslədiyi müqəddəs
məhəbbət duyğuları
insanı riqqətə
gətirəcək qədər
təsirlidir. Zərifə xanım Ümummilli
Liderlə çiyin-çiyinə
addımlayır, qayğısına
qalır, çətin
günlərdə ona
arxa-dayaq olurdu. Bu yükü kövrək
çiyinlərində böyük
mətanət və fədakarlıqla daşıyırdı.
Eyni zamanda, övladlarını
vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi
dəyərlərinin varisi
kimi yetişdirirdi.
Sıravi həkimlikdən akademikliyə
qədər yüksəlmiş
Zərifə xanım
oftalmologiya elminin inkişafına dəyərli
töhfələr verib,
bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük
əmək sərf edib. Akademik Zərifə xanım
Əliyevanın zəngin
irsi, tibbin müxtəlif sahələri
üzrə apardığı
tədqiqatlar, yaratdığı
fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı
həyat dərsi dayanırdı. Doğulub boya-başa çatdığı
mühitin onun taleyində həlledici rolu olub. Zərifə xanım
1923-cü il aprelin 28-də Naxçıvan
Muxtar Respublikasının
Şərur rayonunun Şahtaxtı kəndində,
dövrünün görkəmli
dövlət xadimi Əziz Məmmədkərim
oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı.
Atası
Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Baş nazirin müavini kimi yüksək vəzifələrdə çalışmış,
dərin intellekti və təşkilatçılıq
bacarığı ilə
böyük nüfuz qazanmışdı. Atasının yolunu davam etdirməyi,
gələcək taleyini
tibb elminə həsr etməyi qarşısına məqsəd
qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə
bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva
şəhərinə aparıb
çıxarır və
o, Ümumittifaq Mərkəzi
Həkimləri Təkmilləşdirmə
İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq
ixtisasına yiyələnir.
Həmin dövrdə Azərbaycanda
bir sıra göz xəstəlikləri
geniş yayılmışdı,
traxoma deyilən dəhşətli bəla
tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə
dair fundamental tədqiqatlar
aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq
lazım idi. Zərifə
xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan
vətənə qayıdır
və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda
elmi işçi vəzifəsində çalışmağa
başlayır. Gənc tədqiqatçının
elmi araşdırmalarının
mövzusunu həyat özü müəyyənləşdirir
və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın
müalicəsinə həsr
edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara
gedir, xəstəlik ocaqlarını aşkarlayır,
göz həkimlərinə
mühazirələr oxuyur,
əhali arasında söhbətlər aparırdı.
Çox keçmədən
Zərifə xanım
traxoma xəstəliyinin
başlanğıc dövründə
sintomisinin tətbiqində
uğurlu nəticələrə
nail oldu. Tədqiqatlarının yekunu olaraq
1960-cı ildə “Traxomanın
digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda
namizədlik dissertasiyasını
uğurla müdafiə
etdi. Onun təklif etdiyi
müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada
traxoma bir xəstəlik kimi ləğv olundu.
Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına
Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya
kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra
müdiri vəzifələrində
işləyir, oftalmologiyanın
aktual problemlərinə
həsr edilmiş çoxprofilli tədqiqatlar
aparır. Həmin dövrdə
Zərifə xanım
oftalmologiyanın aktual
problemlərinə xüsusi
diqqət yetirirdi.
Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının
iltihabının müalicəsi
xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın
elmi cəhətdən
az araşdırılmış
sahəsi – görmə
orqanının peşə
patologiyası cəlb
edir. Bu problemin
aktuallığı yalnız
kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə
orqanına təsirinin
elmi şəkildə
tədqiqi ilə əlaqədar idi. Zərifə
xanım bu sahənin ilk tədqiqatçısı
olub. Görkəmli alim dünyada
ilk olaraq görmə orqanının peşə
patologiyasını araşdıran
elmi-tədqiqat laboratoriyası
yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının
əsasını qoyub.
Zərifə xanım
Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin
nəticələrini ümumiləşdirərək
Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda “Azərbaycanın
kimya sənayesi işçilərində görmə
orqanının vəziyyəti”
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. 1977-ci ildə
Zərifə Əliyevaya
tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı
elmi-tədqiqat işləri
aparıb. Bu tədqiqatların
nəticələri “Şin
istehsalında gözün
peşə patologiyası”,
“Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası”
kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə
patologiyası sahəsində
apardığı elmi-tədqiqat
işlərinin uğurlu
nəticələrinə və
oftalmologiyanın inkişafına
verdiyi töhfələrə
görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın
oftalmologiya sahəsində
ən mötəbər
mükafatı olan
SSRİ Tibb Elmləri
Akademiyasının M.İ.Averbax
adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların
arasında “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”,
“Kəskin virus konyuktivitləri”,
“Keratitlər, gözün
damarlı traktının,
torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”,
“Qlaukoma və gözün hipertenziyası”,
“Görmə orqanının
zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə
göz xəstəlikləri”,
“Gözün mikrocərrahiyyəsi”,
“Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” əsərləri
xüsusi yer tutur. Alimin göz
yaşı xəstəliklərinə
həsr etdiyi “Yaşaparıcı yolların
fiziologiyası”, “Yaşaparıcı
yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının
qoruyucu cərrahiyyə
üsulları” və
digər əsərləri
tibb ictimaiyyəti tərəfindən böyük
maraqla qarşılanmışdı.
Bunlarla yanaşı, Zərifə
xanım Əliyeva
nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə
dair iki monoqrafiya hazırlayıb.
Dünya
miqyasında iridodiaqnostikaya
aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Təsadüfi deyildi ki, Zərifə
xanımın birbaşa
rəhbərliyi altında
gənc elmi işçilərin və
həkim-oftalmoloqların böyük
bir nəsli yetişmiş, o özündən
sonra dəyərli məktəb qoymuşdu.
Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın,
12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin
müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın
açdığı yol
ildən-ilə genişlənir,
zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır,
öyrənilir və
neçə-neçə tədqiqat
əsərinin mövzusuna
çevrilir.
Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Təranə Paşayeva,
Psixologiya üzrə fəlsəfə doktoru
İki sahil.- 2023.- 8 aprel.- S.11.