MƏN HEYDƏR ƏLİYEV

MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

 

XIV yazı

 

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik.

 

Prezident Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri Türkiyə qəzetlərində, televiziya kanallarında geniş işıqlandırılırdı. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyev, ölkələrimizin bir-birinə arxa, dayaq olması kimi başlıqlar hər gün manşetlərdə yer alırdı. Ölkənin ən nüfuzlu, populyar mətbuat orqanları olan “Milliyyət”, “Hürriyyət”, “Cümhuriyyət”, “Zaman”, “Türkiyə” və digər qəzetlər səfərin əhəmiyyəti, məqsəd və nəticələri barədə dolğun yazılar dərc edirdilər.

Türkiyə qəzetlərində bu cümlələri oxumaq çox təsirli və qürurverici idi: “Ankaranın Esenboğa hava limanı çox təntənələrin şahidi olub. Saysız-hesabsız qonaqlar qəbul edib. Amma fevralın 8-də hörmətli qonağın qarşılanma mərasimi doğma ab-havası ilə diqqəti daha çox cəlb edirdi. Həmin gün buraya toplanan insanların sifətində də, havanın özündə də xoş bir istilik, mehribanlıq, ilıq bir intizar var idi. Gümüşü qanadlı təyyarə yerə enən kimi Esenboğa dost və qardaş ölkənin – Azərbaycan Respublikasının dövlət başçısını əziz qonaq kimi salamladı, bağrına basdı. Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl təyyarənin pilləkənləri qarşısında Prezident Heydər Əliyevi qolları arasına alıb qucaqladı. Azərbaycan Prezidenti də, onu müşayiət edən nümayəndə heyətinin üzvləri də Türkiyə torpağına ayaq basan kimi özlərini doğma Vətəndə olduqları kimi hiss etdilər”.

Yadımdadır ki, “Hürriyyət” qəzeti dövlət başçıları Heydər Əliyevin və Süleyman Dəmirəlin imzaladıqları sənəddən – dostluq və hərtərəfli əməkdaşlıq haqqında Azərbaycan-Türkiyə Müqaviləsindən,  “Cümhuriyyət” qəzeti isə Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisindəki çıxışından geniş bəhs etmişdi. Çıxışı şərh edən müəllif Prezidentimizin bu sözlərinə  diqqət çəkirdi: Türkiyə və Azərbaycanın din, dil və mədəniyyəti bir-birinə bağlıdır, heç bir qüvvə keçmişdə də bizi bir-birimizdən ayıra bilmirdi və bundan sonra da ayıra bilməyəcək.

Türkiyə mətbuatı bu tarixi səfərlə bağlı bütün materiallarında Heydər Əliyevi türk dünyasının görkəmli dövlət və siyasi xadimi kimi təqdim edir və vurğulayırdı ki, məhz onun rəhbərliyi altında Azərbaycan Ermənistanın təcavüzünə qarşı qəti tədbirlər görəcək, öz ərazi bütövlüyünü qoruyub saxlayacaq, beynəlxalq aləmdə geniş nüfuz qazanacaqdır.

Bir sözlə, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çox uğurlu oldu, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Soy kökü bir, dini və dili bir olan xalqlarımız 70 illik ayrılıqdan sonra bir-biri ilə sıx ünsiyyət saxlamağa, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmağa və möhkəmləndirməyə başladılar.

Azərbaycan Prezidentinin qardaş Türkiyəyə səfəri barədə mənim hazırladığım sonuncu material ölkə mətbuatında 1994-cü il fevralın 19-da dərc olundu. Üstündən heç iki gün keçməmiş məlumat aldıq ki, tezliklə Böyük Britaniyaya səfər gözlənilir. Böyük Briyaniyaya səfərdən əvvəl fevralın 20-də isə Heydər Əliyevin sədrliyi ilə Prezident Sarayında operativ müşavirə keçirildi. Prezident dedi ki, havaların kəskin sürətdə soyuması ölkənin sosial-iqtisadi həyatındakı çətinlikləri daha da artırmış, respublikanın bir sıra şəhər və rayonlarında elektrik enerjisi, qaz, su təchizatı sarıdan hələ də xeyli problemlər vardır. Bu müşavirə respublikada mal və məhsulların idxal-ixracında, ölkənin maliyyə imkanlarının pul dövriyyəsində mövcud vəziyyəti, kənd təsərrüfatında, sənayedə istehsalın gedişini araşdırmaq, iqtisadiyyatda böhranın daha da dərinləşməsinə imkan verməmək üçün fikir mübadiləsi aparmaq və təcili zəruri tədbirlər görmək məqsədi daşıyır. Müzakirələr zamanı respublikanın rəhbəri bildirdi ki, hər şeyə qənaət etmək lazımdır. Bu, birinci növbədə elektrik enerjisindən və qazdan istifadəyə aiddir. Bakıda nəqliyyatın vəziyyəti çox bərbaddır. Nazirlər Kabineti şəhər rəhbərliyi ilə məsələni müzakirə edərək tezliklə lazımi ölçü götürməlidir. Ərzaq təchizatı, xüsusilə xəstəxanaların ərzaqla təminatı məsələsi həmişə diqqətdə saxlanmalı və problemlər dərhal həll edilməlidir. Müşavirədə ölkə həyatının bütün sahələrində problemlərin həlli yolları barədə müzakirələr aparıldı və bunun üçün lazımi tapşırıqlar verildi.

Ulu Öndər Heydər Əliyev iş gününün böyük bir hissəsini hərbi işlərə sərf etsə də,  xarici səfərlərdə olsa da heç vaxt ölkənin daxili ictimai-siyasi, sosial-iqtisadi problemlərinin həllini diqqətdən kənarda qoymurdu. Prezident Londona səfərə hazırlaşsa da ölkədə yaranmış problemlərin müzakirəsinə  vaxt ayırmağı vacib hesab edirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qərbin  çox nüfuzlu dövlətlərindən biri olan Böyük Britaniyaya ilk tarixi səfəri Baş nazir Con Meycorun dəvəti ilə fevralın 22-də reallaşdı.  Türkiyəyə səfər zamanı olduğu kimi, Prezident bu dəfə də Binə hava limanında jurnalistlərlə görüşərək onların suallarını cavablandırdı. Beləliklə, səfər öncəsi KİV-ə müsahibələr ənənə halını almağa başladı.

Binə hava limanına xeyli jurnalist toplaşmışdı. Təbii ki, onları ilk növbədə bu rəsmi səfərin məram və məqsədləri maraqlandırırdı. Prezident Heydər Əliyev müvafiq suala cavabında dedi ki, Azərbaycanın Böyük Britaniya kimi nüfuzlu və böyük bir ölkə ilə dövlətlərarası əlaqələr yaratması çox vacibdir. Gənc bir dövlət kimi Azərbaycan Respublikasının dünya dövlətləri ilə geniş əlaqələrə, ən əvvəl siyasi və iqtisadi, habelə elmi, mədəni əlaqələrə böyük ehtiyacı var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən, dünyanın ən inkişaf etmiş yeddi ölkəsindən biri olan Britaniya həm zəngin keçmiş tarixinə, həm də bugünkü mövqeyinə görə qlobal siyasətə və iqtisadiyyata çox güclü təsir göstərən bir ölkədir. Ona görə də Azərbaycan Respublikası ilə İngiltərə arasında sıx əlaqələr yaranması ilk növbədə bizim ölkəmizin milli mənafeyi üçün olduqca əhəmiyyətlidir.

Böyük Britaniyanın Qafqaza, o cümlədən Azərbaycana tarixən maraq göstərdiyini, 20-ci əsrin sonunda Azərbaycanla yeni bir keyfiyyətdə iqtisadi əlaqələr qurmaq istədiyini xatırladan dövlətimizin başçısı bildirdi ki, bu sahədə müəyyən hazırlıq işləri görülür, indi bunları Londonda tamamlamaq lazımdır.

Londona səfərinin rəsmi dövlət səfəri olduğunu, ona görə də bu səfərə çox əhəmiyyət verdiyini diqqətə çatdıran Prezident Baş nazir Con Meycor ilə danışıqlar aparacağını, bir neçə mühüm müqavilə imzalayacağını, parlamentdə və digər dövlət dairələrində görüşlər keçirəcəyini bildirdi. Məlum oldu ki, Heydər Əliyevin bu səfərdən böyük gözləntiləri var.  Britaniya ilə yaxınlıq, həmçinin Azərbaycanın dünyada öz mövqeyini möhkəmləndirməsi baxımından da olduqca əhəmiyyətlidir.

1994-cü il, 22 fevral. Londonun Hitrou hava limanında Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqları dalğalanırdı. Prezident Heydər Əliyevi təyyarənin pilləkanı yanında Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, səfirlər Mahmud Məmmədquliyev və Tomas Yanq qarşıladılar. Hörmətli qonağın şərəfinə fəxri qarovul düzülmüşdü.

Hava limanında belə təmtəraqlı qarşılama mərasimləri gənc müstəqil dövlətin vətəndaşları kimi bizim üçün də həqiqətən çox qürurverici idi. Doğrudur, Avropanın çox nüfuzlu, dünya siyasətinə qeyri-adi təsir gücünü daim öz əlində saxlamağı bacaran, köhnə qitənin lider ölkəsinin Azərbaycana belə yüksək hörmət və ehtiramı çox təqdirəlayiq idi. Amma tarixən ingilis siyasətinin görünməyən hissəsi də olub. Cənab Prezident də məhz bu amilə diqqət çəkərək dedi ki, rəsmi London ölkəmizlə keyfiyyətcə yeni iqtisadi əlaqələr qurmaq istəyir.

Dövlətimizin başçısı onun üçün ayrılmış iqamətgahına gələn kimi əməli görüşlər keçirməyə başladı. İlk görüş Böyük Britaniyanın xarici işlər və birlik işləri üzrə dövlət naziri Duqlas Hörd ilə oldu. Nazir Böyük Britaniya Kraliçasının məktubunu Azərbaycan Prezidentinə təqdim etdi. Kraliça öz məktubunda Azərbaycan dövlətinin başçısını salamlayaraq təəssüfləndiyini bildirirdi ki, ölkənin başqa şəhərində olduğu üçün onunla görüşə bilmir.

Britaniyalı nazirlə görüşdə ölkələrimiz arasında əlaqələrin möhkəm zəmin üzərində qurulması ilə əlaqədar məsələlər hərtərəfli müzakirə olundu. Heydər Əliyev nazirə respublikamızda mövcud ictimai-siyasi vəziyyət, demokratik proseslərin gedişi, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə geniş söhbət açdı. İngiltərənin xarici işlər naziri bu məsələyə öz münasibətini açıqlayaraq bildirdi ki, Böyük Britaniya Azərbaycanın mövqeyini dəstəkləyəcək. Böyük Britaniyaya səfərin birinci gününün ilk görüşündə İngiltərə diplomatiyasının rəhbərinin öz hökumətinin Azərbaycan üçün çox əhəmiyyətli mövqeyini belə açıq və birmənalı şəkildə bildirməsini bu səfərin ilk uğuru kimi qiymətləndirmək olardı.

Bir-birini əvəz edən görüşlərdə ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinin Avropa standartlarına uyğun yenidən qurulması məsələlərinin müzakirəsinə daha çox yer ayrılırdı. Məsələn, İngiltərənin ən nüfuzlu firmalarından biri olan “Ci-Pi-Ti” Azərbaycanın rabitə sisteminin modernləşdirilməsi sahəsində görmək istədiyi işlər müzakirə olundu. “Kayzer İjinirinq” şirkəti isə Sumqayıt Alüminium Zavodunda aparacaq geniş yenidənqurma işləri nəticəsində müəssisənin istehsal gücünün bir neçə dəfə artırmaq niyyətini bildirdi. Şirkətin baş direktoru dövlətimizin başçısına məruzə etdi ki, onların görəcəyi işlərin texniki-iqtisadi əsasları və layihəsi hazırdır, yenidənqurmanın birinci mərhələsinin 4-5 ilə başa çatdırılması nəzərdə tutulur. Üstəlik, onlar ölkəmizə 200 milyon dollar kredit ayrılmasına kömək edəcəklər. Prezident Heydər Əliyev görüləcək işlər zamanı ətraf-mühitin qorunmasının, elektrik enerjisinə qənaət olunmasının, ən müasir texnologiyaların tətbiqinin, əmək məhsuldarlığın artırılmasının vacibliyini vurğuladı. Danışıqların gedişində şirkətin Azərbaycan metallurgiya sənayesinin digər müəssisələri ilə də əlaqələr qurması imkanları barədə də fikir mübadiləsi aparıldı və bir sıra məsələlərdə qarşılıqlı razılıq əldə olundu.

 

Ardı var

 

İki sahil.- 2023.- 12 aprel.- S.6.