Saz, söz ustadı Aşıq Ələsgər

 

Azərbaycan aşıq sənətinin nəhənglərindən olan Aşıq Ələsgər 1821-ci ildə əsrarəngiz təbiəti ilə göz oxşayan qədim yurd yerlərimizdən olan İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kişi əkin-biçinlə, dülgərliklə məşğul olub, uşaqları böyüdükdən sonra güzəranını yaxşılaşdırmaq üçün dəyirman işlədib. Ələsgər xüsusi təhsil almasa da, el məclislərində hədislərə, nağıllara, dastanlara böyük maraq göstərmiş, eşitdiklərini güclü yaddaşında hifz edib saxlamışdır. El aşıqlarının məclisləri, toy-şənliklər onda saza, sözə ciddi maraq oyatmışdır.

Oğlunun istedadını görən atası onu aşıq sənətinin sirlərini öyrənmək üçün Aşıq Alının yanında şəyirdliyə qoymuşdu. Aşıq Alıdan aldığı ustad dərsləri Ələsgərin sənətkar kimi püxtələşməsində böyük rol oynamışdı. Çox keçməmiş Aşıq Ələsgərin apardığı məclislərin sorağı hər tərəfə yayılmış, o, Göyçə ilə yanaşı, İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə, Kəlbəcər və digər yerlərə toy, şadlıq məclislərinə dəvət edilmişdir. Aşıq sazı, sözü, ədəb-ərkanı ilə el-oba içində ustad sənətkar kimi böyük şöhrət qazanmışdır. Ahıl yaşlarında ailəsində baş verən bədbəxt hadisələr aşığa ağır təsir etmişdir.

Erməni daşnaklarının Göyçə mahalında törətdiyi qırğın nəticəsində Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndinə, oradan da Tərtərə köçüb. İki il sonra doğma kəndinə qayıdan aşıq 1926-cı ildə orada vəfat edib.

Böyük ustad çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi ilə əlaqədar Ağkilsə kəndində onun qəbirüstü büstü qoyulub. Ustad sənətkarın yubileyi Azərbaycanda böyük təntənə ilə qeyd edilib. Aşığın ikicildliyi işıq üzü görüb. Adı dillərdə gəzən qoşmalarına mahnılar yazılıb. 1988-ci ildə erməni vandalları azərbaycanlılara məxsus mədəni irsin böyük nümunələrindən olan Aşıq Ələsgərin Ağkilsə kəndindəki abidəsini dağıdıblar.

Ustad Aşıq Ələsgərin zəngin bədii irsi toy və şənlik məclislərində, çeşmə başında, yaylaqlarda bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlarda olan əsərlərdən ibarətdir. Şeirlərində başlıca yeri məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği, ictimai eyiblərin tənqidi tutur.

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına daim böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.

Qərbi Azərbaycan İcması bildirib ki, Aşıq Ələsgərin poeziyası Azərbaycan aşıq sənətinin qorunan dünya qeyri-maddi mədəni irs siyahısında yer almasında böyük rol oynayıb: “Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb. Bu gün biz-Ermənistandan qovulmuş azərbaycanlılar, yaradıcılığı ümumbəşəri sərvət kimi əziz tutulan Aşıq Ələsgərin doğum gününü fəxarətlə qeyd etməklə bərabər, Qərbi Azərbaycanda dağıdılmış mədəni irsimizi kədərlə anırıq.

Biz Aşıq Ələsgərin məzarını və Ermənistanda qoyub getməli olduğumuz digər mədəni irsimizi, müqəddəs yerlərimizi, qəbiristanlıqlarımızı hələ də ziyarət edə bilmirik. Bu yerləri ziyarət edə bilməyimiz üçün beynəlxalq ictimaiyyətə etdiyimiz müraciətlər cavabsız qalıb. Etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün Ermənistana müvafiq mandatla missiya göndərmiş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə bu məsələ barədə göndərdiyimiz müraciətimizə hələ də cavab gözləyirik”.

 

Zahid Rza

 

İki sahil.- 2023.- 13 aprel.- S.4.