Böyük alim, gözlərə

nur bəxş edən insan

 

Görkəmli akademik Zərifə xanım Əliyeva mənim hafizəmdə böyük alim, alicənab insan, Azərbaycan qadınının şərəf və ləyaqət rəmzi kimi qalmışdır.

Bu qənaəti istər tələbə və ya aspirant olduğum illərdə apardığım elmi-tədqiqat işlərinin nəticələ­rinin sınağı zamanı, istərsə də tələbələrin tədris-istehsalat təcrübələrinin rəhbəri kimi Bakı Şin Zavodunda, Yod Zavodunda, Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində, Mingəçevir Rezin-Texniki Məmulatlar zavodunda və "Azərelektroizolit" Zavodunda Zərifə xanımın müayinə etdiyi mühəndis-texniki işçilərdən onun haqqında eşitdiyim xoş xatirələr daha da gücləndirmişdir.

Zərifə xanım Əliyeva görkəmli elmi-tədqiqatçı olmaq­la yanaşı, həm də çox böyük praktiki işlər görürdü. O, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin yayılma qanunauy­ğunluqlarını aşkarlamaq üçün çoxlu müayinələr aparmış və görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə araşdırmış, zərərli peşələrin törətdiyi göz xəstəliklərini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli təkliflər vermişdir. Eyni zamanda, zərərli amillərin, məsələn, Bakı Şin Zavodunda və Mingəçe­vir Rezin-Texniki Məmulatlar Zavodunda ağ və qara dudanın, kaptaksın, tiuramin, tiazolların, ksantogenatların, platifikatorların və digər onlarla zəhərli inqredientlərin, Mingəçevir “Azərelektroizolit” Zavodunda fenolun, formaldehidin, Sumqayıt Üz­vü Sintez İstehsalat birliyində diafraqma və civə üsulu ilə qələvi istehsalı, xlorid turşu­su istehsalı, sulfanol istehsalı və başqa üzvi birləşmələrin istehsalı, Gəncə Gil-Torpaq Zavodunda metal tozlarının, o cümlədən boksit şlamının təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də öyrən­mişdir. Zərifə Əliyeva yodla uzun müddət əlaqədar olan işçilərin görmə orqanının zədələnməsinin kompleks əlamətlərini də tədqiq etmişdir. Tədqiqatlarının nəticələri göstərmişdir ki, yodla uzun müddət təmasda olan işçilə­rin görmə qabiliyyəti zəiflə­yir, gözün işığa qarşı həssas­lığı pisləşir və göz təzyiqi ar­tır. Görkəmli alim sanki bu istehsalat sahələrində həyə­can təbili çalmışdır. Yuxarı­da göstərilən istehsal sahələ­rində yenidənqurma işlərinin aparıldığı bir vaxtda Zərifə xanımın dəyərli elmi-tədqi­qat işlərinin nəticələri bütün zəhərli istehsal sahələrində nəzərə alınmalı və sənaye ekologiyasına xüsusi diqqət yetirilməlidir.

Alimin elmi-tədqiqat işlərinin nəticələri “Şin istehsa­lında gözün peşə patologiya­sı”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gö­zün peşə xəstəliyinin profi­laktikası” kimi monoqrafiya­larda öz əksini tapmışdır. Bu monoqrafiyalar təkcə tibb iş­çiləri üçün yox, eyni zaman­da, göstərilən istehsal sahələ­rində çalışan insanlar üçün də çox lazımlı əsərlərdir. Zərifə xanımın apardığı elmi-tədqiqat işlərinin nəticələri “Azərbaycanın kimya səna­yesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya işində öz əksini tapmışdır. O, bu mövzuya həsr olunmuş doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Zərifə xanım üçün elm məqsəd olmamışdır. Onun elmdə seçdiyi yol bunu təs­diqləyir. Xalqına, vətəninə xidmət etmək sevinci onu bu istiqamətdə tədqiqat işləri aparmağa sövq etmişdir. Və­təndaşlıq mövqeyi, elitar zi­yalılıq, parlaq zəka, geniş erudisiya onun elmi fəaliyyətinin səciyyəvi xüsusiy­yətləri idi. O, Azərbaycan oftalmologiya elmini bey­nəlxalq aləmdə tanıtmışdır. Dünyanın tanınmış oftalmoloqları Zərifə xanımın elmi tədqiqatları haqqında yük­sək fikirlər söyləmişlər. Akademik Zərifə xanım Əli­yeva ilk azərbaycanlı qadın­dır ki, beynəlxalq aləmdə ta­nınmış bir mükafata- aka­demik Mixail Averbax adına mükafata layiq görülmüş­dür.

Keçmişə nəzər salmaq la­zımdır, çünki dünən bu günün bünövrəsidir. Tarixən Azərbaycan qadınları həm ağıllı, həm də güclü olublar. Bununla Azərbaycan qadınları öz sələfləri ilə fəxr ediblər. Bu gün Azərbaycan qadını Zərifə xanım kimi görkəmli alim- ləyaqətli qadınla fəxr edir. Bugünkü gənc qızlarımız, qadınlarımız Zərifə xanımdan nümunə götürməli və gələcək nəsillərin yad etməsi üçün iz qoymalıdırlar. Zərifə xanım daim Azərbaycan xalqının yaddaşında həm görkəmli alim, həm də ləyaqətli qadın kimi yaşayacaqdır. Çünki o, vətənpərvər, insanpərvər, sadə, milli dəyərlərimizi qoruyan, təbliğ edən bu şəxsiyyət idi.

 

Tamilla Naibova,

Azərbaycan Dövlət Neft Sənaye

Universitetinin dosenti, k.ü.f.d.

 

İki sahil.- 2023.- 15 aprel.- S.14.