Ulu Öndər dövlətçilik
tariximizdə silinməz
izlər qoydu
Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin «Nə
qədər ki Azərbaycan var mən də varam. Mən isə
Azərbaycanda əbədi olacağam» fikirləri dahi şəxsiyyətin
dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin
miqyasının böyüklüyünü təsdiqləyir.
Bu reallıq inkaredilməzdir ki, Ümummilli Lider 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən
danışmaq mümkün deyildi.
Azərbaycan
1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa
etdi. Xalqımız bu sevinci yaşaya bilmədi. Belə ki, müstəqilliyimizin bərpasının
ilk illərində ölkəyə idarəçilik qabiliyyəti
olmayan, səriştəsiz insanların rəhbərlik etməsi,
öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün
tutmaları ölkəmizi uçurumun qarşısında
qoymuşdu. Azərbaycan «Olum, ya ölüm» dilemması
qarşısında qalmışdı. Xalqın sabaha
ümidi itmişdi. Ölkədə xaos, anarxiya,
özbaşınalıq, iqtisadi böhran baş alıb gedir,
torpaqlarımız işğal olunurdu. Həmin dövrdə
Silahlı Qüvvələrimizin torpaqlarımızın
deyil, ayrı-ayrı dairələrin maraqlarının
müdafiəsinə xidmət etməsi ərazilərimizin
işğalına səbəb oldu. Belə bir çətin
dövrdə xalq öz xilaskarını-Ulu Öndər Heydər
Əliyevi hakimiyyətə dəvət etdi. Dahi şəxsiyyət
Heydər Əliyevin xalqın
çağırışına səs verməsi, xalqla
birlik, həmrəylik nümayiş etdirməsi sabaha olan ümidsizliyi aradan qaldırdı.
Bu fikri böyük inam və qətiyyətlə bildiririk
ki, Ulu Öndər Heydər
Əliyev istər Azərbaycan
tarixində, istərsə də
xalqın yaddaşında
müasir müstəqil dövlətin simvolu kimi
qalır və qalacaq. O, Azərbaycanın
yeni tarixində müstəqil dövlətin əsaslarını
yaradan, onların ardıcıl
inkişafını təmin
edən siyasi kursun və
inkişaf strategiyasının müəllifidir. Onun uzun illər
Azərbaycana rəhbərlik etməsinin özü Heydər
Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə
və xalqına sədaqət, millilik və Vətənə
məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
Bu fikir aforizmə çevrilib ki, SSRİ dövründə Azərbaycana
rəhbərlik edən, bəşəri düşüncəli
Ulu Öndər ölkəmizi qabaqcıl respublikalar
sırasına çıxardığı kimi, 1993-cü ildə
siyasətə qayıdışı ilə dövlətçilik
tarixinin yeni mərhələsinin əsasını qoydu.
Dövlət
başçısı İlham Əliyevin Sərəncamı
ilə 2023-cü ilin ölkəmizdə «Heydər Əliyev
İli» elan edilməsi Ümummilli Liderin xidmətlərinin
geniş təhlilində, gördüyü işlərin gənc
nəslə çatdırılmasında əhəmiyyətli
rol oynayır. Ulu Öndər Heydər Əliyev daim bu
çağırışı edirdi ki, gənclər Azərbaycanın
müstəqil yolunun heç də hamar
olmadığını, bugünkü inkişafa, tərəqqiyə
nail olmaq üçün hansı çətinliklərdən
keçdiyini bilməlidir. Ulu Öndər Heydər Əliyevin
siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev bu fikirlərin
davamı olaraq belə bir çağırışı
edir: «O dövrü bilməyən,
o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin
bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə
biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə
gəlməsəydi, bu gün Azərbaycan bəlkə də
ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi,
bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz
bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi
bu möhkəm təməl üzərində
quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.
1993-2003-cü illər həlledici illər olmuşdur.»
Ulu
Öndərin hakimiyyətə qayıdışı ilə
milli ideologiyamızın əks olunduğu dövlətçilik
konsepsiyası hazırlandı. O, milyonların ürəyindən
keçən istəkləri reallaşdırdı. «Belə
yüksək və məsuliyyətli vəzifəni üzərimə
götürərkən birinci növbədə Azərbaycan
xalqının zəkasına, müdrikliyinə, qüdrətinə
güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm
ki, bu ümidləri doğrultmaq üçün əlimdən
gələni əsirgəməyəcəyəm.» söyləyən
Ümummilli Liderin Prezidentliyinin
ilk mərhələsində həyata keçirdiyi islahatlar,
böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının
gücləndirilməsi istiqamətində atdığı
addımlar bütün sahələrdə davamlı
uğurlara imza atdı.
Dahi
şəxsiyyət Heydər
Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin
bütün mərhələləri bir-birini
tamamlamış, öz xalqına sıx
bağlılığın, milli dövlәtçilik məfkurəsinə
sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş
bilik və dərin təfəkkür sahibi olan Ümummilli
Lider
düşünülmüş və cəsarətli qərarları
ilə təkcə müstəqillik dövründə deyil,
bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən
ciddi şəkildə düşündürən məsələləri
uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının
müxtəlif sahələri arasında üzvi
bağlılığı aydın görərək, müəllifi
olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial,
iqtisadi, mədəni və digər sahələrdə
qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş
və məharətlə həyata keçirmişdir. Heydər
Əliyevin milli neft strategiyasının uğurla
reallaşdırılması nəticəsində
xalqımız öz təbii sərvətlərinin tam sahibinə
çevrilmiş və qısa müddətdə ölkəmizin
inkişafına güclü təkan verən resurslar əldə
edilmişdir. Müstəqil Azərbaycanın ilk
Konstitusiyasının qəbul olunması və bütün
sferaları əhatə edən köklü islahatların həyata
keçirilməsi, demokratik, hüquqi dövlət
quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin
Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
Xalqımızı vahid amal ətrafında birləşdirən
azərbaycançılıq ideologiyasının
formalaşdırılması, ana dilinin dövlət
qayğısı ilə əhatə olunması, ictimai-siyasi,
elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin
müntəzəm qeyd edilməsi ənənəsinin
yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni
irsə sahib qədim diyar və sivilizasiyaların
qovşağında yerləşən tolerantlıq məkanı
kimi geniş şöhrət qazanması Heydər Əliyevin
mükəmməl quruculuq proqramının tərkib hissələri
olmuşdur.
Ümummilli
Liderin hakimiyyətinin birinci dövründə
yaratdığı möhkəm təməl 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qaydışından sonra gördüyü işlərin əsası
oldu. Hələ 1969-1982-ci illərdə
Azərbaycanın müstəqil gələcəyini
düşünən Ulu Öndər Heydər Əliyev
biri-birindən əhəmiyyətli addımlar
atmışdır. Azərbaycan gənclərinin
keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi, hərbi kadrların
hazırlanması üçün Cəmşid
Naxçıvanski adına hərbi liseyin yaradılması
görülən işlərin sırasındadır. Həmçinin
o illərdə Ümummilli Lider Azərbaycan dilinin dövlət
dili statusu qazanması istiqamətində səylər göstərdi.
Belə ki, 70-ci illərin
ortalarından başlayaraq
SSRİ-ni təşkil edən
respublikaların
ictimai-siyasi həyatında
dil məsələsi yenidən gündəmə gətirildi.
SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi. Belə
bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul
olmaq cəsarət tələb
edirdi. 30-cu illərdə dil məsələsini
qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli
respublikaların rəhbərləri də ana dili məsələsini
gündəmə gətirməkdə aciz idilər.
Bütün bunlara baxmayaraq o
vaxt Azərbaycanın rəhbəri
olan Ulu Öndər dil məsələsində öz mövqeyini çox cəsarətlə,
qətiyyətlə bildirmişdir. Azərbaycan dilinə
dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər
Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dili dövlət dili
kimi Konstitusiyada təsbit olundu.
Ulu
Öndər Heydər Əliyev
azərbaycançılıq ideologiyasının
inkişafından bəhs edərkən dilin öyrənilməsini
və inkişaf etdirilməsini prioritet məsələ kimi
qarşıya qoymuşdur. Onun 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonrakı dövrdə də bu
istiqamətdə mühüm addımlar atıldı. Belə ki, 1995-ci ildə Azərbaycan
Respublikasının
Konstitusiyası hazırlanarkən dövlət dilinin necə
adlandırılması ilə
bağlı müxtəlif təkliflər
irəli sürülmüşdü. Bu təkliflərin
çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan
dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən
sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyanın
21-ci maddəsində Azərbaycan
Respublikasının dövlət dilinin Azərbaycan dili
olması öz əksini tapmışdır.
Göründüyü
kimi, hər kəsə Azərbaycanı sevməyi öyrədən
Ulu Öndər Heydər Əliyev
azərbaycançılıq ideologiyasının əsas
tərkib hissəsi olan dilimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin,
mədəniyyətimizin öyrənilməsini və qorunmasını vacib amil kimi
önə çəkirdi.
Ümummilli
Lider Azərbaycanın müasir simasının,
xalqımızın zəngin dəyərlərinin
tanıdılması və ölkəmizin beynəlxalq
münasibətlər sistemində layiqli mövqe
qazanmasında müstəsna rol oynamışdır.
Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri əsasında həlli Ulu Öndərin
qarşıya qoyduğu başlıca vəzifə olmuş,
ölkəmizin bütün resursları, xalqımızın
potensialı tarixi ədalətin bərpası
üçün səfərbər edilmişdir.
Ulu
Öndər Heydər Əliyevin Azərbaycan üçün
göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti
ölçüyəgəlməz dərəcədə
çoxdur. Azərbaycanın ermənilər tərəfindən
elan olunmamış müharibəyə cəlb olunduğu,
ideoloji blokadaya alındığı bir vaxtda-1994-cü ildə
dünya ictimaiyyətinin diqqətini cəlb edən, o
dövrdə çoxlarına xəyal kimi görünən
«Əsrin müqaviləsi»nin imzalanması ilə üç dəniz
əfsanəsini gerçəkləşdirən Ulu Öndər
misli görünməmiş, mühüm əhəmiyyətli,
qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Bu
gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin
təminatçısı kimi tanınmasının əsasında
Ulu Öndərin işləyib hazırladığı neft
strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli
dayanır.
Ulu
Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə biri-birindən çətin, o dövrdə həyatı
əhəmiyyətli məsələlərin həlli
üçün vacib olan xalqın birlik və həmrəyliyinin
əsası qoyuldu. Dünya Azərbaycanlılarının I
Qurultayını keçirməklə,
soydaşlarımızın həmrəyliyini təmin etməklə
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılmasında əsas amil olan diaspor
quruculuğu üçün
hüquqi baza yaradıldı.
Bu
gün Azərbaycana hansı sahədən baxsaq Heydər
Əliyev siyasətinin uğurlarını görərik. Dahi
şəxsiyyətin Azərbaycanın bu günü və gələcəyi
üçün gördüyü işləri bir yazıda əhatə
etmək qeyri-mümkündür. Çünki Ulu Öndər
2003-cü ildə xalqa tarixi müraciəti ilə Azərbaycanın davamlı
inkişafının əsasını qoydu. Cənab İlham
Əliyevə Özü qədər inandığını
bildirən Ümummilli Lider sona
çatdıra bilmədiyi işləri xalqın və Yeni Azərbaycan
Partiyasının dəstəyi ilə Onun həyata keçirəcəyinə
əminliyini ifadə etdi. Son 20 ilə yaxın dövrün
nailiyyətləri Heydər
Əliyev siyasətinin uğurlu nəticələridir. Bu
uğurların zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatıdır. Artıq hər zaman arzusunda
olduğumuz hədəfimiz
reallığa çevrildi. Torpaq həsrətinə son
qoyuldu, soydaşlarımız mərhələli şəkildə
doğma yurd-yuvalarına qayıdırlar. Böyük
Qayıdış proqramı uğurla icra edilir. Ulu Öndərin şah əsəri
olan güclü Azərbaycan dövləti öz suverenliyini,
müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük
Vətən Müharibəsində şanlı Zəfər
qazanmaqla sübuta yetirdi.
Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan
Ordusunun gücü, qüdrəti sayəsində bu gün qalib ölkənin qalib vətəndaşı
olmağımızla qürur duyuruq. Tarixi ədalətə
söykənərək yeni-yeni hədəflərə
doğru addımlayan Azərbaycan xalqı Qərbi Azərbaycana
qayıdışımızın da reallıq olacağına
əmindir.
Cavanşir Paşazadə,
Milli Məclisin deputatı
İki sahil.- 2023.- 19 aprel.- S.5.