Adım Ələsgərdi, Göyçə
mahalım!
Göyçə
mahalı ulu türkün
7 minillik tarixinin şərəfli
daşıyıcısıdır və bineyi
-qədimdən türk ocağı olub və orada hər bir zaman türklər məskunlaşmışlar.
Zümrüd gözlü
Göyçə gölü şanlı
qədim tariximizə şahidlik edir...Bu yerlərdə ərənlərimiz
yağı düşmənləri diz
çökdürüblər. Babamız Sultan
Alp-Arslan 1067-ci ildə bu
gölün sahilində Bizans
imperatoru Diojenin
xaçlı ordusunu darmadağın edərək
doğma azərbaycanlılarını təhlükədən
xilas edib. Bu gün onun
atının nallarının izi və səsi
qalır o torpaqda.
Göyçə mahalı anamız Azərbaycana, böyük türk dünyasına saysız-hesabsız qiymətli övladlar bəxş edib-alimlər, şairlər, filosoflar, hərbçilər, dövlət xadimləri və s. Onlardan biri də Azərbaycan ədəbiyyatında özünün ustadnamələri, müxəmməsləri, qoşmaları, təcnisləri, qıfılbəndləri, dodaqdəyməzləri ilə məşhurlaşmış ulu ozanımız Aşıq Ələsgərdir. Böyük şairimiz Səməd Vurğun onun barəsində demişdi ki, Aşıq Ələsgər yaradıcılığı bütün mövzuları elə əhatə edib ki, bizlərə yazmağa heç nə qalmayıb. Folklorumuzda Aşıq Ələsgərin maraqlı dastanları, rəvayətləri və səfərləri xüsusi yer tutur.
O, hündürboy, iri sümüklü, pəhləvan cüssəli bir adam idi. Sazı sol əli ilə çaldığı üçün şeirlərini bəzən “solaxay aşıq” təxəllüsü ilə də yazırdı. Əsl ilham çeşməsi idi. Fitri istedadı bədahətən şeir deməsinə imkan verirdi. Azərbaycanda böyük aşıq məktəbinin yaradıcısı idi. Şeirlərinin birində fəxrlə deyirdi ki, "Adım Ələsgərdi mərdi-mərdana, on iki şəyirdim işlər hər yana." Onun baməzə danışığı vardı, baxmayaraq ki, həyatında çoxlu kədərli hadisələr baş vermişdi, hazırcavab və güclü yumor hissinə malik idi. Haqqında indi də el arasında işlənən maraqlı söhbətlər gəzir.
Söhbətlərdən birində nəql edilir ki, bir bölgədə kənd toyunu aparan Aşıq Ələsgər görür ki, onu tanımayan bir neçə cavan oğlan yekə papağına baxıb qımışırlar. Aşəq məsələni təxminən anlayır, amma üstünü vurmur. Həmin oğlanlardan biri ayağa qalxıb:
-Aşıq, səndən bir söz soruşmaq olar?-deyir.
Aşıq Ələsgər:
-Buyur, soruş,-deyir.
-Aşıq sənin qardaşın varmı?- deyə oğlan soruşur.
Aşıq Ələsgər arif adam idi, dərhal başa düşür, bilir ki, oğlanlar ona deyəcəklər ki, papağının yarısını kəs ver qardaşına. Ona görə də kəsə cavab verir:
-Var oğlum, amma onun papağı mənimkindən də yekədir.
Hamı gülüşür, cavanlar da cavabdan razı qalırlar.
Aşıq Ələsgər həmişə, hər yerdə hamı tərəfindən sevilib, hörmətə, nüfuza malik olub. İstər camaatın, istərsə də aşıq və şairlərin dərin hörmətini qazanıb.
1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya gələn böyük el aşığı 1926-cı ildə yüz beş yaşında vəfat edib. Şeirlərinin birində böyük iftixarla demişdi: “Adım Ələsgərdi, Göyçə mahalım!” Uzaq səfərlərə çıxanda ruhu Göyçədə qalırdı, səfər bitən kimi, heç yerdə ləngiməzdi, çünki doğma torpaq, uca dağlar, başında qıyya çəkib dolanan qartallı qayalar, səfalı yaylaqlar, sərin bulaqlar üçün darıxardı. Onun Göyçənin əsrarəngiz təbiətinə, igid və comərd adamlarına, gözəllərinə həsr etdiyi çoxlu şeirləri var. Aşıq Ələsgərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.
Azərbaycanın dahi oğlu Heydər Əliyevin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə 1972-ci ildə UNESCO-da Aşıq Əlsgərin 150 illik yubileyi olduqca möhtəşəm surətdə keçmiş SSRİ məkanında qeyd olunmuşdu. Bəlkə də o zamana qədər göyçək Göyçə heç bir zaman belə əzəmətli tədbir görməmişdi. Aşığın məzarı üzərində abidəsi qoyulmuşdu. Çal-çağırlı yubiley konsertləri keçirilmiş, qısametrajlı televiziya filmləri çəkilmış, radisüjetlər səsləndirilmişdi. Bu yubiley Azərbaycan xalqının dəyərli oğlu, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim qopuz el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdən xəbər verirdi. İnsanların, Aşıq Ələsgər şəxsiyyətinə olan istəklərinin bariz nümunəsi o idi ki, gələnlərin sayı- hesabı bilinmirdi. İstər qonaqlar, istərsə də sadə insanlar, ulu Göyçə belə möhtəşəm məclisi uzun illər xatırlayacaqdı. Bəli, xatırlayırıq, heç yadımızdan çıxır ki?! Təəssüflər olsun ki, bu gün Ələsgərin gözəl Göyçəsi yağılar əlində əsirdir. Nənə- baba məzarlarının, o cümlədən Dədə Ələsgərin uyuduğu məkan qarşısında günahkarıq, hələlik... Ulu Öndər Heydər Əliyev tərəfindən sənətə və sənətkara verilən qiymət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.
Aşıq Ələsgərin zəngin irsi Azərbaycan xalqı üçün bir folklor dünyasıdır, ləl-cəvahiratla, qiymətli incilərlə dolu mənəviyyat xəzinəsidir. Bizlər bu xəzinənin qədrini bilməli, onu qoruyub saxlamalı və gələcək nəsillərə çatdırmalıyıq. Bu da bizim Ələsgər babamızın ruhuna töhfəmiz olar. İndi şeir-söz xiridarlarının, ədəbi ictimaiyyətin bir arzusu var ki, bu da azman el sənətkarımızın məzarını ziyarət etməkdir.
2021-ci ildə Dədə Ələsgərin 200 illiyi Azərbaycan xalqının heç zaman unutmayacağı Zəfər salnaməsinin yazıldığı bir dövrə təsadüf etdi. Azərbaycanın rəşadətli Ordusu, Müzəffər Ali Baş Komandan və Azərbaycan xalqının birliyi sayəsində erməni işğalından torpaqlarımız azad edildi. Belə bir möhtəşəm Qələbədən sonra Dədə Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi özü də bu azman aşığımızın müqəddəs ruhuna bir mübarəkbadlıq və müjdə oldu. Artıq Dədə Ələsgərlə görüşümüzə az qaldı. Günün birində Azərbaycanın Müzəffər Ordusunun Kəlbəcərdən Göyçə mahalına enəcəyi gün sadəcə xəyal deyil, çünki “Göyçəyə gedən yollar Qarabağdan keçir” deyirik. Biz günbəgün, addım-addım üzü Göyçəyə doğru gedirik. Uğur olsun!
Vəli İlyasov
İki sahil.- 2023.- 19 aprel.- S.5.