Tolerantlıq:

Xalqlar və sivilizasiyalararası

həmrəylik körpüsü

 

İslamofobiyaya, dini, irqi ayrı-seçkiliyə qarşı mübarizə metodu olan, insanlara bəşəri dəyərlər aşılayan tolerantlığın əsas prinsipi ədalət, səmimiyyət, qarşılıqlı anlaşmadır

 

Müxtəlif dinlərə məxsus xalqların Azərbaycanda sülh, təhlükəsizlik, mehribanlıq şəraitində yaşaması ölkəmizdə əsrlərdən bəri davam edən tolerantlığın nümunəsidir.

Dövlətlərarası və xalqlararası münasibətləri möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə üçün səylərin birləşdirilməsi naminə ölkəmizdə Bakı Humanitar Forumunun, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya Dini Liderlərinin Zirvə görüşlərinin keçirilməsində məqsəd dini radikalizmə, islamofobiyaya, ksenofobiyaya qarşı mübarizəni gücləndirməkdir. Bakıda təşkil olunan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısında Avropa ölkələrindən eyni səlahiyyətli nümayəndələrin iştirakı bir daha göstərdi ki, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan dünyada tolerantlığı təbliğ edən nadir ölkələrdəndir. «Bakı prosesi» adlandırılan beynəlxalq əhəmiyyətli bu tədbir ilk təmas olsa da sonrakı illərdə sivilizasiyalararası münasibətlərin möhkəmlənməsində rolu artdı.

Təcrübə göstərir ki, dini, etnik zəmində yaranan münaqişələrə, qarşıdurmalara, terrorlara qarşı ən sınanılmış mübarizə xalqlararası dialoqun coğrafiyasının genişləndirilməsidir. Azərbaycanda keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi oyunları idman yarışları olsalar da, mahiyyət etibarilə siyasi məna daşıyan xalqlararası dostluq və həmrəyliyin ifadəsi kimi yaddaşlarda iz saldı.

Əsrlər boyu müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin bir ailə kimi yaşadığı ölkəmizdə dini və etnik müxtəlifliyimiz xalqımızın ən böyük sərvətidir. Dini və milli dözümlülüyə, tolerantlığa, multikultural dəyərlərə sadiqlik dini abidələrimizin yaranma tarixindən də bəlli olur. Cənubi Qafqazın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidi, Qafqaz Albaniyasının kilsəsi, atəşpərəstlik məbədi – Atəşgah, katolik kilsəsi Azərbaycan tolerantlığının nümunələridirlər. Respublikamızda yaşayan yəhudilər sinaqoqlarda dini ayinlərini yerinə yetirirlər. Bütün məscidlərin dağıdıldığı monoetnik dövlət Ermənistandan fərqli olaraq Bakıda beş mindən artıq kitab fonduna malik erməni kilsəsi bərpa edildi. Azərbaycana səfərləri çərçivəsində gördükləri tolerant mühiti başqalarına nümunə göstərən Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər ölkəmizdə dinlərarası dialoqun yüksək səviyyədə təşkilini etiraf etmişlər. Gələcəyi milli–mənəvi dəyərlər üzərində inkişaf etdirilən Azərbaycanda başqa xalqların adət-ənənələrinə uyğun ayinlərin icrası üçün sərbəst şərait yaradılmışdır. Başqa sözlə deyilsə xalqımızın həyat tərzi olan multikulturalizmin dünya miqyasında təbliğində çoxmillətli, çoxkonfessiyalı ölkə Azərbaycan önəmli rolu ilə fərqlənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, tolerantlıq ekstremizmə, dini radikalizmə, milli münaqişələrə, terrorlara qarşı ən sınanılmış mübarizə metodudur.

Əfsuslar olsun ki, müasir dünyamızda dözümsüzlükdən qaynaqlanan zorakı ideologiya ilə qızışdırılan, azsaylı xalqların hüquqlarının inkar edilməsindən yaranan münaqişələr multikultural və tolerant dəyərlərə kölgə salır. Roma Papası Fransiskin ölkəmizə səfəri zamanı xalqımız haqqında söylədiyi «Səmimi qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin» sözlərinin davamı olan «Qoy Tanrı Azərbaycana harmoniya sülh və çiçəklənmə nazil etsin» ifadələri xalqımızın milli-mənəvi dəyərlərə bağlılığının, başqa millətlərə hörmətlə yanaşmasının etirafıdır.

Çox təəssüf ki, tolerant, multikultural dəyərlərə sadiq Azərbaycana qarşı ədalətsiz yanaşmalar hələ də davam edir. Avropanın insan hüquqlarının qorunması ilə məşğul olan təşkilatlarının, xüsusilə adı korrupsiya qalmaqalında hallanan Avropa Parlamentinin fəaliyyəti yalnız Azərbaycana qarşı saxta, iyrənc bəyanatlar qəbul etməkdən ibarətdir. 30 ildə işğalçı Ermənistanın qeyri-qanuni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri «görməyən» və yaxud görmək istəməyən bu təşkilat antimilli şəbəkənin, ölkəmizi istəməyən dairələrin tirajladıqları yalanları bəhanə edərək ölkəmizə təhdidlər ünvanlayır. Hazırda Ermənistanda əsir kimi işgəncələrə məruz alan iki azərbaycanlı hərbçinin taleyi ilə maraqlanan yoxdur. Erməni terrorçusuna vurulan çırtmanın səsini həmin dəqiqə eşidən «avropalı demokratlar» azərbaycanlı əsirlərin işgəncələrdən dağıdılan üzlərini görmək istəmirlər. Düşüncələrində kök salan islamofobiya «insan hüquqlarını qoruyan» avropalı parlamentariləri dini ayrı-seçkilik yuxusundan oyatmır. Ermənistanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın dövlət bayrağını yandıran erməninin bu vandallığı da hayların dəstəkçiləri tərəfindən təbii qəbul olundu.

Guya xalqların milli-mənəvi sərvətlərinin qorunması, millətlər arasında mədəni münasibətlərin möhkəmlənməsi ilə məşğul olan UNESCO dünya mədəni irsinə kifayət qədər önəmli töhfələr verən Azərbaycanın həyəcanlı çağırışlarına hələ də biganədir. Bu təşkilat Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarında təkcə məscidləri deyil, digər xalqlara məxsus dini abidələrin erməni vandalları tərəfindən dağıdılmasına bir dəfə də olsun etirazını bildirmədi. İkinci Qarabağ müharibəsindən sonra belə missiyasına uyğun hərəkət etməkdən boyun qaçıran qurum « vədinə sadiq qalaraq» yenə də ermənilərin işğal altında saxladıqları ərazilərə missiya göndərməkdən çəkindi. Çünki günahkar Fransanın əl buyruqçusu Ermənistan idi. «Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnək olmalıdır. Bunu mən demirəm, bunu dünya dini liderləri deyirlər. Bakıda səfərdə olan Roma Papası Fransiskin bəyanatlarına fikir versinlər. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarına fikir versinlər. Bakıda dəfələrlə səfərdə olan digər dini liderlərin, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarına baxsınlar. Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur» söyləyən Prezident İlham Əliyev 30 il ərzində erməni vəhşiliyi ilə bağlı məsələ qaldırmayan UNESCO-dan öz missiyasına sadiq qalmağı, məsələni siyasiləşdirməməyi, ədalətli mövqe göstərməyi tələb edir. Ermənistanın havadarı Fransanın nümayəndəsinin başçılıq etdiyi quruma etirazını bildirir: «UNESCO hər hansı ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”.» Azərbaycan-UNESCO əlaqələrinin yüksələn xətlə inkişafına, təşkilatın dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunmasına göstərdiyi dəstəyə baxmayaraq bu təşkilat tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməməsi təbii ki, narahatlıq doğururdu. Bu baxımdan Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verməsi ən düzgün seçim idi.

Bu günlərdə Azərbaycanın pravoslav xristian icmasını dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi Pasxa bayramı münasibətilə təbrik edən Prezident İlham Əliyevin təbrik məktubunda qeyd edildiyi kimi, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycanda bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır. Demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Bu birlik tolerantlıqdan qaynaqlanan milli həmrəyliyin nümunəsidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2023.- 19 aprel.- S.6.