MƏN HEYDƏR ƏLİYEV
MƏKTƏBİNDƏ
NECƏ DƏRS ALDIM
Jurnalist Aslan Aslanov 45 ildən
çox Azərbaycanın müxtəlif mətbuat
orqanlarında çalışıb. Ömrünün 30 ili
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə
bağlı olub. Əvvəlcə agentlikdə müxbir,
baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci
müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə
Heyətinin sədri işləyib.
Ulu öndər Heydər Əliyevin 1993-çü il
iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək
iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında
xarici ölkələrin səfirləri ilə ilk
görüşündən başlayaraq, 2003-cü ilədək
keçirdiyi görüşlərin, qəbulların,
iclasların və digər tədbirlərin, eləcə də
xarici ölkələrə səfərlərinin tam əksəriyyətində
AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının
üzvüdür.
Hazırda təqaüddə olan
Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə
yazdıgı “Mən Heydər Əliyev məktəbində
necə dərs aldım” sərlövhəli xatirələrini
oxuculara təqdim edirik.
XVII yazı
İqtisadi
əlaqələrin, iki ölkənin ən iri şirkətləri
arasında əməkdaşlıq məsələlərinin
də danışıqlarda mühüm yer tutduğunu
vurğulayan dövlətimizin başçısı Azərbaycanın
neft yataqlarının işlənməsində BP şirkətinin
iştirakı məsələsinə toxundu və Qərbin
neft şirkətləri konsorsiumu ilə imzalanmalı olan
müqaviləyə xüsusi yer verildiyini dedi.
Respublikamızın
rəhbəri parlamentdə həm Mühafizəkarlar
partiyasından, həm Leyboristlər partiyasından olan
deputatlarla, həm də Lordlarla məzmunlu söhbətlərdən
bəhs edərək dedi ki, bütün səviyyələrdə
görüşlər zamanı daxili və xarici siyasət məsələlərində
Azərbaycan rəhbərliyinin mövqeyini aydın şərh
etməyə imkanı oldu. Azərbaycanın daxili siyasətinin
hüquqi, demokratik dövlət, demokratik cəmiyyət
yaradılmasına, siyasi
plüralizmin və çoxpartiyalı sistemin bərqərar
edilməsinə, insan hüquq və azadlıqlarının
müdafiəsinə, söz, mətbuat, vicdan
azadlıqlarının, milli mənsubiyyətindən, dini
etiqadından və siyasi əqidəsindən asılı
olmayaraq bütün vətəndaşların hüquq bərabərliyinin
təmin olunmasına yönəldiyi diqqətə
çatdırıldı .
Heydər
Əliyevin fikrincə, Azərbaycan Birləşmiş
Krallığın timsalında beynəlxalq sahədə əməkdaşlıq
üçün, eləcə də Birləşmiş
Krallıq Azərbaycanın timsalında yaxşı tərəf-müqabilə
malik ola bilər. Böyük Britaniya səfərinin
yekunlarından razılıqla söhbət açan Azərbaycan
Prezidenti sonda yerli və xarici KİV nümayəndələrinin
suallarına cavab verdi.
Bir
sözlə, dünyanın ən nüfuzlu, ən çox
inkişaf etmiş ölkələrindən, BMT Təhlükəsizlik
Şurasının beş daimi
üzvündən biri olan Böyük Britaniya gənc müstəqil
dövlətin – Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevi ən ali dərəcəli qonaqlara məxsus
yüksək diplomatik səviyyədə qarşıladı və
yola saldı. Doğrudur, bu ölkənin müxtəlif dairələrində
Azərbaycan haqqında nisbətən az məlumata
malikdirlər. Lakin onu da görürdük ki,
Britaniyada Prezidentimiz Heydər Əliyevi çox yaxşı
tanıyır, ona dünyanın ən görkəmli dövlət
xadimi və siyasi xadimi kimi böyük maraq göstərirdilər.
Dövlətimizin başçısının
Londonda keçirdiyi çoxsaylı görüşlər,
apardığı danışıqlar, imzalanan sənədlər
Azərbaycan diplomatiya tarixinin parlaq səhifəsi kimi
yaddaşlara həkk olundu. Aradan 30 ilə
yaxın vaxt keçməsinə baxmayaraq, şəxsən mən
bir jurnalist, bir vətəndaş olaraq həmin tarixi səfəri
bu gün də qürur hissi ilə xatırlayıram.
1994-cü
il martın 1-də, Prezident Heydər Əliyevin
Londona səfəri başa çatandan bir neçə
gün sonra ATƏM-in (indiki ATƏT) Minsk konfransının
İsveçdən olan yeni sədri Yan Eliasson Azərbaycana gəldi.
Minsk qrupunun fəaliyyətinin indiyədək səmərəsiz
olmasına baxmayaraq, biz yenə də Ermənistan–Azərbaycan
münaqişəsinin aradan qaldırılmasında ona
ümid bəsləyir və hesab edirik ki, Minsk qrupu bu
missiyanı yerinə yetirməyə tamamilə qadirdir. Azərbaycan dövlətinin başçısı
ümidvar olduğunu bildirdi ki, isveçli diplomatı Minsk
qrupunun bütün bu dövrdəki fəaliyyətini təhlil
edəcək, sanballı nəticələrə nail olmaq
üçün daha fəal səylər göstərəcək.
“Biz atəşin,
hərbi əməliyyatların dayandırılmasını
istəyirik, lakin bir şərtlə ki, respublikanın ərazi
bütövlüyü, onun sərhədlərinin
toxunulmazlığı, Azərbaycanın bütün ərazisində
vətəndaşların təhlükəsizliyi təmin
edilsin”, - deyən Heydər Əliyev sülh yaratmaq yolunda
göstərilən bütün təşəbbüslərin,
səylərin Ermənistan tərəfindən pozulduğunu
diqqətə çatdırdı. Tələb etdi ki, haqq-ədalət prinsipləri beynəlxalq
birliyin çox vaxt etdiyi kimi “anlaşılmaz bitərəfliyi”
gözləməyi deyil, münaqişədə iştirak edən
hər iki tərəfin hərəkətlərinə obyektiv
qiymət verməyi tələb edir.
Moskvada və
Ankarada apardığı məsləhətləşmələr,
Minsk konfransına daxil olan bir sıra ölkələrin
nümayəndələri ilə görüşlər barədə
Prezident Heydər Əliyevə məlumat verən Yan Eliasson da
öz növbəsində bildirdi ki, münaqişə mərhələlərlə,
tədricən aradan qaldırılmalıdır. Həmin addımlar qoşunların işğal
olunmuş ərazilərdən çıxarılmasından,
kommunikasiyaların bərpasından, qaçqınların
daimi yaşayış yerinə qayıtarılmasından ibarət
olmalıdır. Bundan sonra münaqişənin
siyasi yolla aradan qaldırılmasına dair
danışıqlara başlamaq mümkündür. Yan Eliasson Minsk prosesinin bərpa olunmasının əlaməti
kimi, münaqişə zonasında atəşin
dayandırılmasını təklif etdi.
Kənd təsərrüfatı Azərbaycan
iqtisadiyyatının həmişə böyük bir hissəsini
təşkil edib. Statistik məlumatlara görə, respublika əhalisinin
yarıya qədəri kənd təsərrüfatı məhsulları
istehsalı ilə məşğul olub, hələ sovet
dönəmində Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi illərdə Bakı ilə yanaşı,
respublikanın regionlarında da çox sürətli sosial
inkişaf, daha doğrusu, inqilabi dəyişikliklər baş
vermişdi. Amma 1980-ci illərin sonu, 1990-cı
illərin əvvəllərində respublikada səriştəsiz,
bacarıqsız insanların günahı ucbatından kənd
təsərrüfatı bərbad hala salınmışdı
ki, bu da əhalinin güzəranına ağır zərbələr
vurmuşdu. İndi isə müharibə vəziyyəti
bu sahədə daha ciddi problemlər yaradırdı.
Prezident
Heydər Əliyev 1994-cü il martın
4-də Prezident Sarayında kənd təsərrüfatı
problemlərinin həllinə həsr olunmuş böyük
bir müşavirə keçirdi. O, müşavirədəki
çıxışında mövcud problemləri ətraflı
təhlil etdi, sahənin əsaslı sürətdə
dirçəldilməsi üçün lazımi tövsiyələr
və tapşırıqlar verdi. Təxminən iki saatdan çox davam edən
görüşdə kənd təsərrüfatı ilə
məşğul olan rayonların, bu sahədəki mərkəzi
idarənin rəhbərləri çıxış etdilər
və görüləcək işlər barədə Ulu
Öndər Heydər Əliyevdən lazımi istiqamət
aldılar.
Elə həmin günlərdə məlum oldu ki, Azərbaycan
Prezidenti yaxın vaxtlarda Çinə səfər edəcək. Gördüyü
kimi, Heydər Əliyev istirahət, rahatlıq bilmədən
işləyir, dövlət əhəmiyyətli mühüm
tədbirlər bir-birini əvəz edirdi.
Martın 6-da axşam Heydər Əliyev Çin Xalq
Respublikasının Sədri Tszyan Tszeminin dəvəti ilə
Pekinə yola düşdü. İki ölkə
arasında əlaqələr qədim tarixə malik olsa da, bu
səfər Azərbaycan dövlət
başçısının Çinə ilk səfəri
kimi tarixə düşdü.
Azərbaycan Respublikası Prezidentinin Pekinə səfər
proqramı Çin Xalq Respublikasının Sədri Tszyan
Tszemin ilə görüşlə başladı. ÇXR-in Sədri Azərbaycanla
münasibətlərin inkişaf etdirilməsinə
böyük əhəmiyyət verdiyini və bütün sahələrdə
dostcasına əməkdaşlığın daha da genişləndirilməsi
üçün Heydər Əliyevlə birgə səylər
göstərməyə hazır olduğunu dedi. Vurğuladı ki, Çin xalqı
Azərbaycan xalqına daim dostluq hissləri bəsləyib,
indi isə Azərbaycanın istiqlaliyyət qazanması Pekinlə
Bakı arasında diplomatik münasibətlər
qurulmasına, ikitərəfli əlaqələrin genişləndirilməsinə
əlverişli imkanlar açıb. Bu əlaqələrin
sabit və sağlam əsasda inkişafında maraqlı
olduğunu bildirən Çinin Sədri beynəlxalq təşkilatlarda,
o cümlədən BMT çərçivəsində tərəflərin
qarşılıqlı fəaliyyətini gücləndirməyin
mümkün olduğunu söylədi. Həmçinin
Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsindən
narahatlığını dilə gətirərək dedi ki,
çoxlu insan tələfatına və maddi itkilərə gətirib
çıxaran bu münaqişənin davam etdirilməsi hər
iki tərəf üçün sərfəli deyil.
Prezident
Heydər Əliyev BMT Təhlükəsizlik
Şurasının üzvü olan ÇXR-in beynəlxalq
arenada güclü təsirə malik aktor olduğunu
vurğulayaraq, Azərbaycanda Çinin islahatlar təcrübəsinə
böyük maraq göstərildiyini dedi.
Görüşdə hər iki ölkənin əlaqələrində
öyrənilməmiş və istifadə edilməmiş
kifayət qədər mənbələrin olduğu qeyd edildi. Bu fikir həm
Çinin iqtisadi islahatları həyata keçirmək təcrübəsinin
öyrənilməsinə, həm də Azərbaycana kredit
verməsinə və digər iqtisadi yardımlara aid idi.
Razılıq əldə olundu ki, Çin tərəfi
Azərbaycanda əsasən yüngül sənaye məhsulları
istehsalına, eləcə də müştərək müəssisələr
yaradılmasına kreditlər ayıracaq. Eyni
zamanda, yeni istehsal sahələrinin işə sàlınmàsınà
kömək göstərəcək, yüksək texnoloji
tutumlu məhsulların istehsalı və ixracı sahəsində
əməkdaşlığın inkişafına diqqəti àrtıràcaq.
Hər
iki ölkənin rəhbərləri belə bir yekdil fikir
söylədilər ki, dövlətlərarası münasibətlər
dinc yanaşı yaşamağın beş
prinsipi əsasında qurulmalıdır.
/Ardı var/
İki sahil.-
2023.- 21 aprel.- S.7.