Müasir müstəqil Azərbaycan dövləti

Ulu Öndər Heydər Əliyevin bizlərə

və gələcək nəsillərə əmanətidir

 

Məlum olduğu kimi, bu il Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

Azərbaycan tarixində intibah dövrü və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz əbədiyaşar liderimizin sayəsində əbədi və dönməz xarakter alıb. Dövrünün ən nüfuzlu siyasətçisi olan Heydər Əliyev Azərbaycanın dünyada tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması istiqamətində məqsədyönlü iş aparıb. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həll olunması məqsədilə bütün qüvvələri səfərbər edən Ümummilli Lider tarixi ədalətin bərpası üçün fədakarlıqla çalışıb, yüksək əzmkarlıq göstərib. Ulu Öndərin memarı olduğu güclü Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmaqla ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olduğunu bütün dünyaya sübut etdi.

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanətidir. Müstəqilliyimizi və Ulu Öndərin miras qoyduğu zəngin irsi göz bəbəyi kimi qorumaq hər birimizin ən ümdə vəzifəsidir. Dünya Azərbaycanlıları Ümummilli Liderin əziz xatirəsini daim uca tutur və minnətdarlıqla yad edir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləməyim, eləcə də onunla şəxsi tanışlığım mənim üçün böyük şərəf və qürurdur. 10 May - Ümummilli Liderin doğum günü ərəfəsində fürsətdən istifadə edərək daim xatirələrimdə yaşayan ən mühüm məqamları bölüşmək istərdim. Hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin rolu danılmazdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun taleyində əsaslı dönüş yaradan, müstəqilliyi itirmək təhlükəsindən xilas edən, dövlətçiliyi əbədi və dönməz edən Heydər Əliyev kimi dahi rəhbəri olub. “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm” deyən dahi şəxsiyyət qüsursuz, aydın və dolğun çıxışları ilə həm də ustad bir müəllim idi. Hələ Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə Heydər Əliyevin çıxışlarını izləyir, hətta imtahan verərkən onun fikirlərindən sitatlar gətirirdim. Yaxşı yadımdadır ki, elə həmin dövrdə də bütün SSRİ-də Heydər Əliyev şəxsiyyətinə böyük maraq vardı. Hər kəs onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, barəsində çox müsbət fikirlər səsləndirirdi. O illərdə bütün azərbaycanlı gənclər kimi, mənim də Heydər Əliyevə xüsusi rəğbətim vardı. Sonrakı illərdə mənə Ümummilli Liderlə şəxsən tanış olmaq və onun müdrik rəhbərliyi altında çalışmaq imkanı nəsib oldu.

Sovet rəhbərliyi tərəfindən 1990-cı ilin yanvarında Bakıda xalqımıza qarşı faciə törədildiyi ən ağır vaxtda Heydər Əliyev həyatını böyük təhlükə altına qoyub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Ulu Öndər SSRİ və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etdi. Tarixin məsuliyyətli və çətin dövründə xalqı ilə olmağı, onun haqq səsini dünyaya çatdırmağı vacib bilən Ümummilli Lider həmin ilin iyulunda Bakıya qayıtdı. Azərbaycan tarixinin və dövlətçiliyimizin ağır günlərində, həyatı boyu qəlbi Vətən və xalqı ilə döyünən dahi şəxsiyyət bir daha əsl vətənpərvər kimi qətiyyət göstərdi. Həmin günlərin və görüşlərin iştirakçısı kimi Ulu Öndərimizlə ilk tanışlığımız yarandı. Məlum olduğu kimi, həmin dövrdə ölkədə vəziyyət olduqca ziddiyyətli və gərgin idi. Müəyyən siyasi qüvvələr vəziyyətdən sui-istifadə edirdi və proseslər, demək olar ki, idarə olunmaz hala çatmışdı. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı barışmaz mövqedə dayanan və kritik dönəmdə xalqın yanında olmağa qərar verən Ulu Öndər özünün həyat fəlsəfəsini belə izah edirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

O zaman Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrinin kəsildiyi, iqtisadi və siyasi böhranın dərinləşdiyi Naxçıvanda təxribatlar baş alıb gedirdi. Sərhədyanı kəndlər ermənilərin mütəmadi hücumlarına məruz qalır və qarət olunurdu. Belə bir çətin durumda xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan blokada şəraitində olan Naxçıvana getdi və yekdilliklə muxtar respublikanın Ali Məclisinin sədri seçildi. Ulu Öndər Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün mühüm qərarlar qəbul etdi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında region dövlətləri ilə əlaqələr yaratması və xalqı öz ətrafında birləşdirərək erməni təcavüzünə qarşı müqavimət hərəkatına bacarıqla rəhbərlik etməsi mürəkkəb hərbi-siyasi şəraitdə Naxçıvanı işğaldan qorudu. Mən həmin günləri çox yaxşı xatırlayıram. O illərdə dəfələrlə Bakıdan Naxçıvana Ulu Öndərin yanına gedir, ölkədə gedən siyasi proseslər barədə fikir mübadiləsi aparır və dəyərli məsləhətlər alırdım. Mən çox xoşbəxt insanam ki, Ümummilli Liderin rəhbərliyi altında uzun illər məsul vəzifədə çalışmışam və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında çalışıram.

XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə çatdırılmış qarşıdurma dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaratdı. Həmin dövrdə hüquq-mühafizə orqanlarında çalışdığımdan hadisələrin yaxından iştirakçısı kimi deyə bilərəm ki, bütün bunlar liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək bacarığından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin ölkəyə rəhbərlik etməsinə görə baş verirdi. Prosesləri düzgün qiymətləndirə və lazımi məcraya yönəldə bilməyən hakimiyyət əhali arasında nüfuzunu gündən-günə itirirdi.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı, gərginləşən siyasi vəziyyət, əhalinin acınacaqlı sosial durumu şəraitində ölkəmizi bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olan Liderə və Şəxsiyyətə ciddi ehtiyac yaranmışdı. Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışlarına səs verərək Bakıya qayıtdı. Həmin tarixi anların iştirakçısı kimi deyə bilərəm ki, bu qayıdış, sözün əsl mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Tarixə nəzər salsaq görərik ki, xalqların tarixində elə günlər vardır ki, həmin günlərdə onun gələcəyini müəyyən edən təməllərin əsası qoyulub. Bu tarix isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyinin və sabitliyin bərqərar olunmasını təmin edə bildi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, respublikada ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Burada bir məqamı xüsusilə vurğulamaq istərdim. Umutmamalıyıq ki, bütün bunlar asanlıqla başa gəlməmişdir. Ölkədəki hərc-mərcliyin və anarxiyanın qarşısını almaq böyük cəsarət və gərgin iş tələb edirdi. Müstəqilliyin bərpasından sonra ölkəyə rəhbərlik etmiş şəxslər yarıtmaz əməlləri ilə bütün sahələrdə ciddi problemlər yaratmış, ölkəni dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Əhali arasında sosial narazılıqlar son həddə çatmışdı. Uzun illər ərzində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə çalışdığımdan vəziyyətə yaxından bələd olduğum üçün deyə bilərəm ki, ölkədə kriminogen vəziyyət nəzarətdən çıxmışdı, cinayət əməlləri baş alıb gedirdi. Dövlətinə və xalqına bağlı olan milli kadrların bir çoxu mənim kimi siyasi əqidəsinə görə təqiblərə məruz qalmış və həmin illərdə hüquq-mühafizə orqanlarından xaric olunmuşdular. Ölkədə siyasi sabitliyin bərpası, vətəndaş həmrəyliyinin formalaşdırılması, ordu quruculuğu, cinayətkarlıqla mübarizə və sair bu kimi həyati vacib sahələrə peşəkar və sadiq kadrların cəlb olunması və islahatların aparılması böyük çətinliklər yaradırdı.

Lakin bütün bunlara baxmayaraq, Ulu Öndərin fədakar zəhməti hesabına ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu və Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Ümummilli Liderin şəxsiyyəti, onun siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində və beynəlxalq aləmdə xalqımızın strateji mənafelərinin təmin olunmasında həlledici rol oynadı. Siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün neft sektoruna xarici sərmayələrin cəlb edilməsi məqsədilə “Əsrin müqaviləsi” imzalandı. Nəticədə ölkə iqtisadiyyatına külli miqdarda investisiya yatırılması ilə yanaşı, ən müasir innovasiya və informasiya texnologiyalarının gətirilməsi, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsi, vətəndaş cəmiyyətinin formalaşması, habelə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi təmin olundu.

Ulu Öndər diplomatik yolla 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu və Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə edilməsi istiqamətində mühüm addımlar atdı. Bütün gücünü və diqqətini ordu quruculuğuna yönəldən Ulu Öndər əminliklə bildirirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq. Bu, Heydər Əliyevin ən böyük arzusu idi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar apardı. Qırx dörd günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu dilə gətirdi.

Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı Heydər Əliyev ideyalarının sadiq davamçısı Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində verilən tapşırıqlar bu gün uğurla həyata keçirilir və Ordumuz Ali Baş Komandanımızın əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır vəziyyətdədir.

 

Məhərrəm Əliyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri

 

İki sahil.- 2023.- 28 aprel.- S.4.