Gözlərə işıq, qəlblərə nur

bəxş edən böyük alim

 

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyidir

 

Həmkarları kimi, xəstələri də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanı belə xatırlayırlar

 

«İnsana cəmiyyətdə hörmət qazandıran, sevdirən əməli, xeyirxahlığıdır» sözləri sınaqdan çıxmış aforizmlərdəndir. Səmimiyyət, humanist duyğular şəxsiyyəti formalaşdırdığı kimi, insanlıq naminə göstərilən fədakarlıq Tanrının ən çox sevdiyi bəndələrinə nəsib olan xarakterdir. «Elm sahibləri biliklərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçir» müdrik kəlamı həyatının mənasını xəstələrinə şəfa verməkdə görən akademik Zərifə xanım Əliyevanın ömür yoluna işıq salır. Vaxtilə eyni kollektivdə çalışdığı həmkarları Zərifə xanımı belə xarakterizə edirlər: Xeyirxahlığı varlığına hakim kəsilmiş insan, ideal şəxsiyyət!

Tibbin bütün sahələrində çalışan, insanlarda yaşamaq ümidini artıran ağxalatlıların hamısının əməyi məsuliyyətli, şərəflidir. Xəstələrinə həyat mənbəyi olan Günəş işığını bəxş edənlərin yeri fərqlidir. Bu baxımdan Zərifə xanımın xəstələri üçün çəkdiyi zəhmət, keçirdiyi həyəcanlı anlar daha məsuliyyətlidir. Həyatının mənasını insanlara səadət, şəfa, ən qiymətli nemət olan sağlamlıq bəxş etməkdə görən, Zərifə xanım haqqında danışılanda istər-istəməz bu sözlər yada düşür: Tale yazısına gözəl əməllərdən başqa heç nə yazmayan şəfqətli əllər sahibi. Çünki o, təkcə həkim kimi xəstələrinin sağlamlığının qayğısına qalmır, onlara mənəvi dəstək verir, problemləri ilə maraqlanır, dərdlərinə şərik olurdu. Dünyadan köçdükdən sonra da adı hörmətlə çəkilən, xəstələrinin simasında ikinci həyatını yaşayan, bilik və bacarığını tibbin ən çətin sahəsində sınayan, əməlləri ilə insanlığın zirvəsinə ucalan şəfqətli xanım kimi xatırlanan Zərifə Əliyevanı sevdirən ən ülvi xüsusiyyəti insanlarla ünsiyyəti kamilliyin vəhdətində görməsi idi.

Azərbaycanın tibb elminə yeniliklər gətirmiş, rektor, nazir, Mərkəzi Komitənin katibi, Baş nazirin müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmış, tanınmış həkim Əziz Əliyevin ailəsində dünyaya göz açan, tez-tez eşitdiyi «Həkim hər şeydən öncə xeyirxah olmalıdır. Əsl həkim xəstələrinin ağrısını, əziyyətini özündə hiss etməlidir» sözləri Zərifə xanımın həyat fəlsəfəsinin ana xəttini təşkil edirdi. Atasının yolunu davam etdirmək arzusu onu tibbin ən çətin sahəsinə yönəltdi. Zərifə xanım biliyini oftalmologiya sahəsində sınamaq istədiyini bildirdikdə ailə üzvləri bu çətin yolda ona uğurlar arzladılar. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika fakültəsində ali təhsilini başa vurduqdan sonra Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisasartırma kursunda oxuduğu illərdə daim xatırladığı «Elmlə dirilən ölməz» ifadəsi onu daha çətin sınaqlara səslədi. Zərifə xanım həkimlik peşəsinin müqəddəsliyini Günəşə bənzədirdi: «Həkim insanlara günəş qədər lazımdır.»

Belə işıqlı, mənəvi zənginliyi ilə ictimaiyyət arasında böyük hörmət qazanan Zərifə xanım qısa ömür sürsə də onun haqqında deyilən xoş sözlər mənalı bir ömür yolunun salnaməsidir. Xəstələrinin gözlərinə nur verən, Günəşin işığını ilk görənlərin, təbiətin gözəlliyindən zövq alanların sevincini qəlbən yaşayan Zərifə xanıma dikilən minnətdarlıq dolu baxışların hər biri onun üçün yeni başlanan bir həyat yolu idi.

Həkim kimi diplomunu alan Zərifə hiss etdi ki, aldığı bilik və təcrübə ilə kifayətlənsə zamanın tələbi ilə ayaqlaşa bilməz. Yenilik həvəsi ilə biliyini təkmilləşdirməyə çalışan gənc mütəxəssis Zərifə institutda qazandığı elmi bilikləri təcrübədə sınamaq üçün öz üzərində çalışdı. Tədqiqat işlərinə başlamaqla biliyini zənginləşdirdi. İlk mərhələ kimi Azərbaycan Oftalmologiya Elmi -Tədqiqat İnstitutunda həkim-ordinator kimi fəaliyyətə başlayan Zərifə Əliyeva qısa müddətdə çalışqanlığı ilə dünyada tətbiq olunan tibb elminin ən müasir texnologiyaları ilə maraqlandı. Oftalmologiyaya yenilik gətirən araşdırmaları ilə sözünü deməyi də bacardı. Tibbi kadrların, xüsusilə göz həkimlərinin azlıq etdiyi o dövrlərdə respublikada troxoma xəstəliyi ilə mübarizə aparan Zərifə xanım tez-tez ucqar kəndlərə gedir, əhali arasında olur, maarifləndirmə işlərinə xüsusi diqqət yetirirdi. «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə» adlı namizədlik dissertasiyasında xəstəliklə mübarizə yollarını tibb ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində elmi işini davam etdirirdi. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsinə aid kitablar, monoqrafiyalar yazırdı. Çətinliklə qazanılan qələbədən daha çox zövq alan, «həyat mübarizlər üçün sınaq meydanıdır» söyləyən alim elmə gətirdiyi yeniliklərlə xəstəliyi törədən simptomların tam öyrənilməsi üçün mütəmadi sənaye müəssisələrində olur, zəhərli maddələrin görmə orqanlarına təsiretmə yollarını araşdırırdı. Çoxillik təcrübə və tədqiqatlarının nəticəsi olan «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini aldı. Zəhmətinin bəhrəsi isə 1983- cü ildə AMEA-nın akademiki adını qazanması oldu. Misilsiz xidmətləri yüksək dəyərləndirilən Zərifə xanım oftalmologiya elmində ən yüksək təltif olan M.İ.Averbax adına mükafata layiq görüldü. Qazandığı uğurlarla kifayətlənməyən Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu. Akademikin görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi nailiyyəti Bakı Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya oldu. Bu laboratoriya keçmiş İttifaq miqyasında ilk təşəbbüs olmaqla Zərifə xanımın qarşıdakı uğurlarına bələdçilik etdi. Həmin laboratoriyada zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. Laboratoriyada çalışdığı illərdə onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası sahəsi cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin öyrənilməsi baxımından zəruri idi. Bu sahənin ilk tədqiqatçısı olan, elmi-tədqiqat laboratoriyası yaratmaqla dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran alim elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Dünya elmi ictimaiyyətinin marağına səbəb olan «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», « Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası», « Şin istehsalında gözün peşə patologiyası» adlı monoqrafiyalar həmin elmi axtarışların nəticəsi kimi bu gün də tətbiq edilir.

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanların göz önündə kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. İnsanlar tərəfindən bu dərəcədə sevilmək hər kəsə nəsib olmur. Laboratoriyada elmi-tədqiqatlarını davam etdirdiyi illərdə istehsalatda çalışan qadınlarla ünsiyyətdə olan, onların qayğıları, problemləri ilə maraqlanan Zərifə xanım kiminə ana, kiminə övlad kimi yanaşaraq nəcib şəxsi keyfiyyətləri ilə çoxlarına nümunə oldu, qadın adının ucalığını öyrətdi. Sadə, xeyirxah insan kimi həkimlik fəaliyyətinə vətəndaş mövqeyindən yanaşan Zərifə xanım çalışdığı kollektivdə olduğu kimi zavodda işləyən qadınların da hamisi idi.

Bilik və bacarığı, oftalmologiya elminə gətirdiyi yenilikləri ilə keçmiş İttifaq səviyyəsində tanınan, alim, əsl ziyalı adını insanlarla ünsiyyəti ilə doğruldan akademikin şeirə, musiqiyə, insanlara olan sevgisi onu daha da kamilləşdirmiş, cəmiyyətdə , çalışdığı kollektivdə yeri daim görünən şəxsiyyət kimi formalaşdırmışdır. Onun haqqında deyilən «Bu bizim Zərifədir!» sözləri yüzlərlə xəstəyə həyatın şirinliyini bəxş edən gözəl insanın mərhəmət, xeyirxahlıq əməllərinin simvolu kimi səslənirdi. Bu hörməti isə peşəsinə vurğunluğu, elmə gətirdiyi yeniliklərlə başqalarına xeyir vermək amalı ilə qazanmışdı. Bu gün də oftalmologiya ilə bağlı bütün simpoziumlarda, konfranslarda Zərifə xanım Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən səmərəli müalicə üsulu kimi bəhs olunur. Elə buna görə də Zərifə xanımın adı əvəzsiz insan, bacarıqlı həkim, böyük şəxsiyyət kimi hörmətlə çəkilir. Zərifə xanım Əliyeva haqqında söhbət açılanda nəzərlərdə ilk olaraq nur, işıq canlanır. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: Ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara… Onun əməyinə verilən ən dəyərli ifadə isə bu idi: «Nurdan yaranmışdı, nurdu baxışı..»

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın elmi fəaliyyətini yüksək qiymətləndiriblər.

Akademik A.Nesterovun «Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm», Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutnevanın «Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir» kimi sözlərdən çox nümunələr gətirmək olar”.

Bu gün biri -birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın yolunu davam etdirənlərin sayı artmaqdadır. Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır. Zərifə xanım tipik Şərq qadını, ailəsini, ocağını qoruyan, cəfakeş həyat yoldaşı üçün etibarlı dost, övladlarını əsl vətənpərvər kimi yetişdirən və hamıya nümunə olan bir ana obrazıdır. O, eyni zamanda, sədaqətli ömür -gün yoldaşı, bəşəri dəyərlərə hörmətlə yanaşan, yüksək mədəniyyəti ilə də seçilən ziyalılardan olub.

Ulu Öndər Heydər Əliyev Kremldə çalışdığı illərdə Moskvada yaşayan Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, oftolmologiyada yeni müalicə metodlarının müəllifi Zərifə xanım Siyasi Büro üzvlərinin həyat yoldaşları arasında yüksək erudisiyaya malik sayılıb-seçilən qadınlardan idi. Nikolay Zenkoviçin müəllifi olduğu «Heydər Əliyev: Tale yolları» kitabında Zərifə xanımın təvazökarlığından, mehribanlığından, yüksək keyfiyyətlərindən, mənəvi zənginliyindən bəhs olunan bir nümunəni xatırladaq: «Mən Siyasi Büro üzvlərinin arvadları barədə bioqrafik məlumatları diqqətlə araşdırmışam, müqayisə etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı qadın Siyasi Büro üzvü Heydər Əliyevin xanımı olub. O, hətta Sov. İKP MK baş katibinin arvadı Raisə Maksimovnadan da savadlı idi. Özü də təkcə savadlı yox, Zərifə xanım hərtərəfli bir şəxsiyyət idi. SSRİ siyasi rəhbərlərinin o biri üzvlərinin evdar qadın olan maraqsız arvadlarından fərqli olaraq Heydər Əliyevin həyat yoldaşı dünyada tanınan bir insan idi.»

Ulu Öndər Heydər Əliyev kimi müdrik, dahi bir insanın həyat yoldaşı Zərifə xanım başqa cür ola da bilməzdi. Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında tanınmış oftalmoloqun həyatına, elmi fəaliyyətinə həsr olunmuş müzeyin açılışında iştirak edən ümummilli lider Heydər Əliyevin xatirə kitabında yazdığı « Mənim ömür-gün yoldaşım mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir» sözləri isə müdrik şəxsiyyət Heydər Əliyevin ömür gün yoldaşına sədaqət nümunəsi, vəfa borcu idi.

Bu gün Prezident İlham Əliyev dünya liderləri arasında tanınıb, adı hörmətlə çəkilirsə bu yüksəlişdə analıq vəzifəsinin müqəddəsliyini diqqət və qayğısı ilə yerinə yetirən Zərifə xanımın da payı vardır. Yuxarıda adı çəkilən kitabdan daha bir nümunə. Zərifə xanımın ictimai işlərdə fəallığını, cəmiyyətdə tutduğu mövqeyi yüksək dəyərləndirən, tanınmışların övladları barədə də münasibətini bildirən müəllif yazır: «Yuxarılarda» əyləşən 229 nəfərin uşaqlarından ən böyük uğur qazananlar 3 nəfərdir. Birinci yerdə Heydər Əliyevin oğlu İlham durur. O, Azərbaycan Respublikasının Prezidentidir. Siyasi Büronun o biri üzvlərinin övladlarından heç biri bu cür böyük uğura nail olmamışlar. Dünyanın aparıcı dövlətlərinin başçıları ONU səmimi qəbul etmişlər, onunla yaxşı, işgüzar münasibətlər qurmuşlar.»

…Həyata sonsuz dərəcədə vurğun olan, akademik, Əməkdar elm xadimi Zərifə xanımın böyüklüyü onda idi ki, hamıya ürək yanğısı ilə qayğı göstərir, ürək- dirək verir, həyatın qanunauyğunluğundan qacmağı mümkünsüz sayırdı. Xeyirxahlıq onun varlığına hakim kəsilmiş ən böyük xüsusiyyəti idi. Belə deyirlər ki, gözlər qəlbin aynasıdır. O xəstələrinin gözlərinə nur verməklə onların istəklərini, ürəklərindən keçənləri gözlərindən oxumaq istəyirdi. Akademikin şəfalı əlləri ilə nurlanan baxışlarda hiss olunan duyğular Zərifə Əliyevaya əbədi minnətdarlıq ifadəsidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2023.- 28 aprel.- S.5.