Ana dilimizin böyük təəssübkeşi
Həyatını
doğma xalqının, Vətəninin
inkişafına, intibahına həsr edən, bu
yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə
həmişə xüsusi diqqət yetirib, tükənməz övlad
məhəbbəti, rəhbər uzaqgörənliyi ilə
qayğı göstərib
Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Onun imzaladığı Fərman və sərəncamlar, rəhbərliyi əsasında işlənib hazırlanan və qəbul edilən qanunlar ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmiş, dil mədəniyyətimizin qarşısında yeni üfüqlər açmışdır. Azərbaycan dilinə o tarixi xidmət bu gün daha böyük miqyasda davam etdirilir.
Xalqımızın Ümummilli Lideri Heydər
Əliyev 1969-cu ildə Azərbaycanda birinci
dəfə hakimiyyətə gəldikdən sonra
Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi
imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil
edən respublikaların ictimai-siyasi həyatında
dil məsələsi yenidən
gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan
sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi. Bütün bunlara baxmayaraq, o vaxt
Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz
mövqeyini çox cəsarətlə,
qətiyyətlə bildirmişdir. Məhz
Ulu Öndərin diqqət və
qayğısı nəticəsində o
dövrdə Azərbaycan dili ölkəmizdə
dövlət dili kimi
rəsmiləşmişdir. Dahi şəxsiyyətin səyi və təşəbbüsü
ilə 1978-ci il aprelin
21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasında
“Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir”
maddəsi əksini tapdı. Bundan sonra Azərbaycan dilinin
istifadəsində və inkişafında yeni
mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Bu isə nəticə etibarıilə
Azərbaycandilli məktəblərin
inkişafına da təkan verdi
və bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük
verilməyə başlandı.
Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı uzun illər müxtəlif təzyiqlərə
məruz qalmasına,
70 il SSRİ adlanan “qırmızı imperiyanın” tərkibində
olmasına baxmayaraq, öz dilinə sahib çıxaraq qoruyub. Hər bir millətin
dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin
qızıl səhifəsidir.
1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdan Ulu Öndər qısa zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın
normallaşmasına, stabilləşməsinə
nail oldu. Əlbəttə ki, Ümummilli
Liderimizin xüsusi diqqət yetirdiyi məsələlərdən biri
də məhz dil məsələsi idi. Məsələnin
ciddiliyini nəzərə
alan dövlət
rəhbəri mütəxəssislərin
iştirakı ilə
geniş müzakirələr
keçirdi və həmin müzakirələr
mövcud problemlərin
həlli üçün
kifayət qədər
məhsuldar oldu.
1995-ci ildə referendumla
qəbul edilən Milli Konstitusiyamızda Azərbaycan Respublikasının
dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin
inkişafı və qorunması işi daha da gücləndirildi.
Ana dilinin böyük
təəssübkeşi olan
Heydər Əliyev onun tarixi keçmişi
ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayır,
inkişafı və qorunması istiqamətində
bir-birinin ardınca fərmanlar imzalayırdı. Bu baxımdan
Ulu Öndərin dövlət dilinin yeni inkişaf dönəmində yaranmış
vəziyyəti nəzərə
alaraq 2001-ci il
iyunun 18-də imzaladığı
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Fərmanı xüsusi
qeyd etmək lazımdır. Heç də təsadüfi
deyil ki, sözügedən Fərmanla
Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Onu da xüsusi vurğulamaq gərəkdir
ki, Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında”
2001-ci il 9 avqust tarixli Fərmanına əsasən
hər il avqustun 1-i ölkəmizdə
Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü kimi qeyd edilir.
2003-cü
il yanvarın 2-də ümummilli
lider Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət
dili haqqında” Azərbaycan Respublikasının
Qanunu qüvvəyə
mindi. Qanunda Azərbaycan Respublikası
Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini
öz müstəqil dövlətçiliyinin başlıca
əlamətlərindən biri sayılması, onun tətbiqinin, qorunmasının və inkişaf etdirilməsinin qayğısına qalması,
dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi
üçün zəmin
yaradılması məsələləri
öz əksini tapdı. Bu isə
Azərbaycan dilinin inkişafı yolunda daha bir yenilik
idi.
Dilimizin inkişafı istiqamətində
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Ulu Öndərin dil
siyasəti, dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daim
istifadə olunacaqdır.
Bu gün müstəqil
Azərbaycanda bütün
digər sahələrdə
olduğu kimi, ana dilimizin saflığının
qorunması, daha da inkişaf etdirilməsi istiqamətində
də Ulu Öndərin siyasi kursu hərtərəfli və yüksək səviyyədə davam etdirilir.
Prezident
İlham Əliyev tərəfindən 2004-cü ildə
imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” Sərəncam
əsasında hər
il latın
qrafikalı Azərbaycan
əlifbası ilə
çap olunacaq əsərlərin siyahısı
hazırlanaraq çap
edilir. Həmin il, eyni zamanda,
“Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında”, eləcə
də 2007-ci ildə “Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
Azərbaycan dilində
nəşri nəzərdə
tutulan əsərlərinin
siyahısının təsdiq
edilməsi haqqında”
sərəncamlar imzalandı
ki, bu da
ana dilinin həyatımızın bütün
sahələrində müfəssəl
tətbiqinin gerçəkləşdiyini
söyləməyə əsas
verir.
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı” (23
may 2012-ci il), “Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi
haqqında” (29 may 2012-ci il),
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramının təsdiq
olunması haqqında”
(9 aprel 2013-cü il),
“Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” (17 iyul 2018-ci il), “Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
2018-ci il 1 noyabr tarixli Prezident Fərman və sərəncamlarında ana dilimizin qorunması məqsədilə həyata
keçiriləcək islahatlar,
hədəflər əksini
tapmış, ana dilinə dövlət qayğısının artırılması,
dilçilik sahəsində
fundamental və tətbiqi
araşdırmaların keyfiyyətinin
yaxşılaşdırılması üçün əlverişli
şərait yaratmaq məsələləri əks
olunmuşdur.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlər Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir, dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşılır.
Yaqut Ağaşahqızı
İki sahil.- 2023.- 29 aprel.- S.22.