Heydər Əliyev
Fondundan mədən-tarixi irsimizin
bərpasına böyük dəstək
Fondun azad olunmuş ərazilərimizdə
reallaşdırdığı layihələrin əhatə
dairəsi olduqca genişdir
Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi səfərləri davam edir. Ölkə başçısı mayın 27-də Kəlbəcərdə bir neçə önəmli infrastruktur layihələrin təməlini qoyandan bir gün sonra Laçına daimi yaşamağa qayıdan laçınlı məcburi köçkünlərlə elə Laçın şəhərində görüşdü. Ali Baş Komandanımızın 28 May Müstəqillik Günündə- azad Laçından ilk dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verməsi bir daha xalqımızda əminlik yaratdı ki, biz bir dövlət və millət olaraq bölgədə əsl söz sahibiyik və geosiyasi məsələlərdə Azərbaycanla hesablaşmaq qaçılmazdır.
Eyni zamanda,
beynəlxalq ictimaiyyət Qarabağ və
Şərqi Zəngəzurda həyata keçirilən bərpa
və yenidənqurma işlərinin fonunda
Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına
necə nəhəng layihələr həyata keçirdiyini
də heyrətlə izləyir. Bundan başqa,
Prezident İlham
Əliyev Qafqazın incisi hesab
olunan və 28 illik düşmən əsarətindən
qəhrəmancasına azad edilən Şuşaya hər
səfərində şəhəri dünya
ictimaiyyətinə təkcə mədəniyyət
paytaxtı kimi deyil, həm
də beynəlxalq -siyasi tədbirlərin
məkanı kimi təqdim edir.
Bu bir gerçəklikdir ki, bu gün ən çox məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin olunan Laçın rayonunda da böyük quruculuq işləri gedir. Qeyd edək ki, son 7-8 ay ərzində Laçında 700 bina inşa edilib ki , onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır. Ümumilikdə ilkin mərhələdə 800 –dən çox ailə Laçın şəhərində yaşaya biləcək. Bir daha aydın görünür ki, Qarabağda və Şərqi Zəngəzurdakı möhtəşəm layihələrin sürətlə həyata keçirilməsi davam edir. Məlumdur ki, Prezident İlham Əliyev 2023-cü ildə də Böyük Qayıdış üçün genişmiqyaslı işlərin həyata keçiriləcəyinin anonsunu bu ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. Vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri yenə də dövlətin əsas diqqət mərkəzində olacaqdır: «Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq… 2023-cü ildə laçınlılar Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlar.»
Qeyd edək ki, Böyük Qayıdışın təməli hələ Vətən müharibəsinin davam etdiyi günlərdə qoyulmuşdu. Düşməndən azad edilən Suqovuşan və Talış kəndlərinə gedən yolların çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Tarixi Qələbəmizdən dərhal sonra isə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri də Zəfər yolunun təməlinin qoyulması ilə yadda qaldı. Bununla da Qarabağ və Şərqi Zəngəzur əsl tikinti meydançasına çevrildi. Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının qısa müddətdə istifadəyə verilməsi, həmçinin Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması, Güləbird Su-Elektrik Stansiyasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə daha 7 yarımstansiyanın inşası, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, « Xarıbülbül» və «Qarabağ» hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır.
Hazırda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 kilometrdən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Hətta orada yeni iş yerlərinin yaradılması üçün də istehsalat müəssisələrinin- aqroparkların təməlləri qoyulur ki, onlar da yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Bir məsələni də xüsusi
qeyd etməliyik ki, Qarabağ və
Şərqi Zəngəzurun bərpasını Azərbaycan
dövləti öz maliyyə imkanları
hesabına həyata keçirir. 2022-ci ildə
bu məqsədlə dövlət büdcəsindən
2,2 milyard manat vəsait
ayrılmışdı. 2023-cü ilin
dövlət büdcəsində isə bu
vəsait daha 50 milyon manat artırılıb.
İşğaldan azad olunmuş ərazilərimizin
yenidən qurulmasında Heydər Əliyev Fondu
da yaxından iştirak
edir, tarixi və dini abidələrin, məscidlərin bərpası
ilə bağlı layihələr həyata keçirir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri
ilə Fondun
reallaşdırdığı layihələrin əhatə
dairəsi olduqca genişdir.
İndiyədək bu layihələrin bir qismi tam
icra olunub. Məsələn,
2021-ci ildə Şuşada dahi Azərbaycan şairi və
ictimai xadim Vaqifin muzey-məqbərə kompleksinin
yenidənqurulması cəmi bir neçə
aya başa
çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub
saxlanılıb. Fondun dəstəyi ilə Şuşada
Vaqifin büstü və görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin heykəli bərpa
olunub. Üzeyir
Hacıbəylinin Şuşadakı ev-muzeyi,
mühüm tarixi
memarlıq abidəsi olan Mehmandarovların
malikanə kompleksi, «Şirin
su» hamamı da Heydər
Əliyev Fondu tərəfindən bərpa
olunub. Azərbaycanın
tanınmış tarzəni Sadıqcanın
Şuşadakı evinin bərpasını
da Fond həyata keçirir. Fondun işğaldan azad olunmuş ərazilərdə
reallaşdırdığı layihələrin bir qismi də məscidlərin
bərpası ilə əlaqəlidir. Hazırda Şuşa məscidləri, həmçinin Ağdam «Cümə» və Zəngilan məscidləri
Heydər Əliyev Fondu tərəfindən
bərpa edilir.
Bəli, bu gün
bütün dünya görür ki, Azərbaycan
ermənilərin darmadağın etdiyi torpaqlarımızda gülüstan
yaradır. Belə ki, 2023-cü ilin sonunadək işğaldan
azad olunan ərazilərin
bərpa-quruculuq işinə 12 milyard manat xərclənəcək. Bütün
bunlara rəğmən hər iki xalqın xarakteri
aydın görünür:
dağıdıcı ermənilər və qurucu
azərbaycanlılar... Təbii ki,
buradakı tikinti-quruculuq işləri həm
də Xankəndidə yaşayan erməni
əhalisinə bir mesajdır ki, siz qüdrətli Azərbaycanın
himayəsində daha rahat
və firavan yaşaya
bilərsiniz.
Elçin Zaman
İki sahil 2023.- 5 avqust.- S.4.