Texniki peşə təhsili nə üçün önəmlidir

Ölkəmizdə elm və təhsilin təşəkkülü və inkişafı bilavasitə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır

Hər bir xalqın tarixinin taleyüklü dönəmlərində, daha dəqiq desək, “olum, ya ölüm” dilemması qarşısında qalanda siyasət meydanına elə şəxsiyyətlər atılır ki, onlar nəinki öz toplumlarını, bütövlükdə dünyanı gözlənilən böyük təhlükələrdən xilas etməklə adlarını tarixə qızıl hərflərlə yazırlar. Belə tarixi şəxsiyyətlər təkcə öz xalqlarını və dünyanı kataklizmlərin qorxunc “caynağından” qoparıb inkişaf, tərəqqi yoluna çıxarmaqla kifayətlənmirlər. Onlar özlərindən sonra elə bir irs qoyub gedirlər ki, bu ideologiya tarix boyu təmsil etdikləri xalqların inkişaf, tərəqqi yoluna nur saçır, qarşıya çıxan bütün problemlərin həllində açar rolunu oynayır.

Heç də təsadüfi deyildir ki, indiyədək bəşər tarixinin yetişdirdiyi bu keyfiyyətlərə malik dahi şəxsiyyətlər sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı birincilər sırasında çəkilir. Hətta bir az da irəli gedərək əminliklə deyə bilərik ki, Heydər Əliyevin adı belə tarixi şəxsiyyətlərin siyahısında birinci çəkilməyə layiqdir. Bu məqamda sual oluna bilər: Bu əminliyimizə zəmin yaradan hansı amillərdir? Bu sualın cavabını tapmaq üçün qısaca olaraq tarixi faktlara müraciət etmək zərurəti yaranır. Faktlar isə sübut edir ki, dünya binə olandan indiyədək tarixin elə bir mərhələsi olmayıb ki, hər hansı bir lider öz xalqını iki dəfə zamanın sərt sınaqlarından, ağır imtahanlarından sağ-salamat çıxarsın, onu məhv olmaq təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna istiqamətləndirsin. Tərəddüd etmədən demək olar ki, dünya tarixində belə bir çətin missiyanı ilk dəfə məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev böyük məharətlə yerinə yetirib.

Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tutur. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Müasir Azərbaycanın dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur. Həmin ildən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elm və mədəniyyətinin intibah dövrü kimi dəyərləndirilir. Bu, bir həqiqətdir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına cavab verən hazırkı səviyyəyə çatması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisasali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmişdir. Bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır. Heydər Əliyev tərəfindən yaradılmış etibarlı iqtisadi zəmin və siyasi sabitlik əsasında təhsilin inkişafı ilə bağlı mühüm strategiyaproqramlar qəbul edilmiş, nəticədə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmışdır.

Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi.

Azərbaycan təhsilinin mühüm tərkib hissəsi olan texniki peşə təhsilinin yüksəliş dövrü də məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. 1970-ci ildə Azərbaycanın texniki peşə təhsili özünün yeni yüksəliş dövrünə qədəm qoymuş, həmin ildə texniki peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7 dəfə, təhsil alanların sayı isə 2,5 dəfə artmışdı. Həmin illərdə Azərbaycanda gedən iqtisadi quruculuq prosesi, sənaye və kənd təsərrüfatının coşqun inkişafı yüksək ixtisaslı fəhlə kadrların hazırlanması tələbatını meydana çıxardı. Bu tələbat texniki peşə təhsilinin inkişafına təkan verdi. Buna görə də o illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təhsilin bu sahəsinin inkişafını təmin edən direktiv sənədlər qəbul edildi. 1969-cu ilin sonlarında qəbul edilmişTexniki peşə təhsili sistemi məktəblərində ixtisaslı fəhlə kadrlarının hazırlanmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar təhsilin bu pilləsinin sonradan ahəngdar inkişafına təkan verdi. Heydər Əliyevin göstərişi ilə ilk dəfə olaraq 1971-1975-ci illər üçün Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı yollarına dair Strategiya müəyyənləşdirilmişdir. Həmin illərdə 35 şəhər və rayonda 54 yeni texniki peşə məktəbi yaradılmışdır. Ümumiyyətlə, bu dövrdə həmin məktəblərdə 165120 nəfər ixtisaslı fəhlə kadrları hazırlanmışdır ki, bu da əvvəlki illərdən 1,7 dəfə çoxdur.

1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə “Orta kənd texniki peşə məktəblərinin şəbəkəsini genişləndirmək və onların işini yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar qəbul edilmişonun qəbulundan ötən 4 il ərzində kənd texniki peşə məktəblərinin şəbəkəsi 3 dəfə artaraq 44-ə çatdırılmışdır. Demək olar ki, həmin məktəblər respublikanın bütün rayonlarını əhatə etmişdir. Heydər Əliyevin göstərişi ilə 1976-1980-ci illərdə texniki peşə təhsili sisteminin iqtisadisosial inkişaf planı hazırlanıb təsdiq olunmuşdur. Bu plana uyğun olaraq peşə təhsili müəssisələri 235 peşə və ixtisas üzrə 43 nazirlikbaş idarə üçün ixtisaslı fəhlə kadrları hazırlamışdır. 1970-1982-ci illərdə respublikada texniki peşə təhsili şəbəkəsinin inkişaf dinamikasının təhlili göstərir ki, 1970-ci ildə 76 texniki peşə məktəbi fəaliyyət göstərir və orada 40,9 min şagird təhsil alırdısa, bu rəqəm müvafiq olaraq 1980-ci ildə 173 məktəbə və 99,8 min şagirdə, 1982-ci ildə isə 184 məktəbə və 109 min şagirdə çatdırılmışdır. Deməli, məktəblərin sayı bu illərdə 2,5 dəfə, təhsil alanların sayı isə 2,5 dəfədən çox artmışdır. Bu rəqəmlər Heydər Əliyevin təhsilin bu vacib sahəsinə qayğı və diqqətini çox dəqiq əks etdirir.

Heydər Əliyev o illərdə ölkə iqtisadiyyatının durmadan inkişafı, sənaye və kənd təsərrüfatı sahələrinin modernləşdirilməsi ilə bağlı kadr hazırlığını yaxşılaşdırmaq sahəsində texniki peşə təhsili sistemi qarşısında ciddi vəzifələr qoyur və onların reallaşdırılması üçün hər cür şərait yaradırdı. 1978-1987-ci illərdə Azərbaycanda 5276 şagird yeri olan texniki peşə kompleksləri, 2400 şagird yeri olan tədris binaları, 2800 şagird yeri olan laboratoriya-təcrübə korpusları, ümumi sahəsi 15559 kv.m olan yataqxana binaları tikilib istifadəyə verilmişdir. Bu illərdə 194 tədris-istehsalat emalatxanası, 786 tədris kabineti və laboratoriyası, ümumi torpaq sahəsi 1427 hektar olan 22 təlim təsərrüfatı yaradılmışdır. SSRİ-də 1982-1987-ci illərdə təhsil sisteminə rəhbərlik etmiş Heydər Əliyev ümumtəhsil, o cümlədən texniki peşə təhsili sahəsində əsaslı islahatların aparılması istiqamətində böyük xidmət göstərmişdir. İslahat Proqramı respublikada da texniki peşə təhsilinin inkişafına və təkmilləşdirilməsinə böyük təkan vermişdir. Nəzərə almaq lazımdır ki, o illərdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan ixtisaslı fəhlələrin 70-80 faizini məhz texniki peşə məktəblərinin məzunları təşkil edirdi.

Heydər Əliyevin 1982-1987-ci illərdə keçmiş SSRİ kimi böyük dövlətin təhsil siyasətinə rəhbərlik etməsi bütün Sovetlər Birliyində, o cümlədən Azərbaycanda ümumilikdə təhsilin inkişafına, keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. 1984-cü ildə keçmiş SSRİ-də ümumtəhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, internat tipli müəssisələrin işinin təkmilləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin illərdə ümumi təhsilə 6 yaşdan başlanılması, onun müddətinin 11 illik olması təklifləri də Heydər Əliyev tərəfindən irəli sürülmüşdü.

 

Cavid Əkbərov

İki sahil 2023.- 12 avqust.- S.4.