Təhsilin
inkişafında yeni mərhələ
İllər ötsə, zaman dəyişsə
də xalqımızın iftixarı olan
Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən
yollarımızı işıqlandırmağa davam edəcək
Müstəqilliyin ilk illərində Azərbaycanda yaranan siyasi vəziyyət,
Ermənistanın təcavüzü, Qarabağ
və ətraf rayonları işğal etməsi,
ölkə daxilində separatçı qüvvələrin baş qaldırması dövlət müstəqilliyimizi
sual altına almışdı. Təhsil
müəssisələri bağlanır, əraziləri zəbt
olunurdu, ziyalılar, alimlər ölkəni
kütləvi şəkildə tərk edirdilər. Bu çətin
anlarda, 1993-cü ildə xalqın tələbi
ilə hakimiyyətə gələn Ümummilli
Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan, parçalanmaqdan, vətəndaş müharibəsindən
xilas etdi, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən
çıxarmağa nail oldu
və təhsil islahatlarının
aparılması üçün də əlverişli
imkan yarandı. Beləliklə, kadr hazırlığı sahəsində əvvəllər
mövcud olmuş ənənələr
yenidən bərpa edildi və bu iş daha
geniş vüsət aldı. Məhz Ümummilli Liderimizin rəhbərliyi
ilə ali təhsil sistemində
aparılan məqsədyönlü işlərin nəticəsidir
ki, son dövrdə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin
sayı xeyli artmışdır.
Hazırda dünyanın aparıcı universitetlərində
Azərbaycanın orta məktəblərini
yüksək göstəricilərlə bitirmiş
3000-dən artıq gənc zəruri ixtisaslara
uğurla yiyələnirlər.
Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Qısa müddət ərzində “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Bununla da müstəqil Azərbaycanda təhsilin gələcək inkişaf konsepsiyası və strategiyası müəyyənləşdirildi. Həmin sənəd hazırlanarkən ölkəmizdə təhsil sisteminin ayrı-ayrı inkişaf mərhələləri, xüsusən 1970-1980-ci illərdə təhsil sahəsində toplanmış tarixi təcrübə ciddi şəkildə nəzərə alınmışdı. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.
Məhz Ümummilli Lider Heydər Əliyevin diqqət və
qayğısı sayəsində Azərbaycanda kadr hazırlığı sahəsində xüsusi rol oynayan orta ixtisas
təhsili müəssisələrinin geniş
şəbəkəsi yaradılmışdır. Ölkənin
inkişaf tendensiyalarına müvafiq olaraq bu sahədə şəbəkənin
təkmilləşdirilməsi üzrə tədbirlər
həyata keçirilmiş, 2001-2004-cü
illərdə Orta İxtisas
Təhsilinin İnkişaf Proqramı uğurla
reallaşdırılmışdır. Ulu
Öndərin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra texniki peşə təhsili sahəsində
keyfiyyət dəyişiklikləri həyata keçirildi.
Bu sahədə aparılan məqsədyönlü
işlər nəticəsində hazırda ölkədə
110 texniki peşə təhsili müəssisəsi,
o cümlədən 49 peşə liseyi fəaliyyət göstərir.
Mövcud
peşə təhsili sisteminin dövlət-biznes tərəfdaşlığına
əsaslanan sistemə transformasiyası, ölkə
iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının
ödənilməsini təmin edən, müasir iqtisadi
çağırışlara çevik reaksiya vermək
qabiliyyəti olan, icbari ümumi orta təhsil səviyyəsini
bitirən çoxminli məzunları qəbul etməyə
hazır olan peşə təhsili sisteminin yaradılması məqsədilə
“Azərbaycan Respublikasında peşə təhsili və təliminin
inkişafı üzrə Strateji Yol Xəritəsi” təsdiq
edilmiş və icrası uğurla davam etdirilir.
Son illərdə peşə təhsili sisteminin
yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi
məqsədilə 24 ixtisaslaşmış peşə təhsili
mərkəzi yaradılmış, mühəndis-pedaqoji heyətin
diaqnostik qiymətləndirilməsinə və
əməkhaqqının artırılmasına
başlanmışdır. Məzmunun əmək
bazarının tələblərinə
uyğunlaşdırılması istiqamətində beynəlxalq
təcrübə nəzərə alınmaqla peşə təhsilinin
yeni dövlət standartları təsdiq edilmiş, nəticə yönümlü
təhsil proqramları (kurikulumlar), yeni dərsliklər və tədris vəsaitləri
hazırlanmışdır. Beynəlxalq təşkilatlarla
birlikdə layihələrin icrasına
başlanmışdır.
Strateji Yol Xəritəsinə uyğun olaraq peşə
təhsilinin əhatə dairəsinin genişləndirilməsi,
daha çox məzunun
bu təhsil pilləsinə cəlb edilməsi,
qeyri-formal yollarla əldə
edilmiş səriştələrin
tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji
heyətin fəaliyyətinin qiymətləndirilməsi və
stimullaşdırılması, peşəkarlığının
artırılması istiqamətində tədbirlər
hazırda davam etdirilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanda ən müasir tələblərə cavab verən və milli brendə çevrilmiş ADA Universiteti, Bakı Ali Neft Məktəbi təsis edilmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılmışdır. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlamışdır. Burada 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfiyyatı və istismarı) ingilis dilində tədrisə başlanmış, Fransanın Strasburq və Renn 1 universitetləri ilə ikili diplomun verilməsi nəzərdə tutulmuşdur. Son illərdə bir sıra ali təhsil müəssisələri üçün ən müasir kampuslar yaradılmış, bütün ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası əhəmiyyətli şəkildə yenilənmişdir.
2013-cü il oktyabrın 24-də təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmişdir. Uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumtəhsil müəssisələrinin kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi son illər uğurla davam etdirilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini və xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi nəzərdə tutulmuşdur.
1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında Ümummilli Lider Heydər Əliyev məktəb tikintisinə diqqətin artırılması barədə iş adamlarına çağırış etdi. Həmin çağırışdan sonra bu sahəyə diqqət əhəmiyyətli şəkildə artdı, dövlət təşkilatlarının vəsaitləri, beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının tikintisinə başlandı. ABŞ-ın humanitar təşkilatları, Yaponiya hökuməti, Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf Bankı, bir sıra nazirliklər və dövlət şirkətlərinin maliyyə vəsaitləri hesabına ölkənin müxtəlif regionlarında yeni məktəb binaları inşa edildi.
Sonrakı illərdə bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilmişdir. Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Hazırda ölkəmizdə 4472 orta məktəb binası var və onların 3 mindən çoxu əsaslı təmir olunub. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmış, ikinci növbədə oxuyan şagirdlərin sayı 16.8 faizə enmiş, başqa sözlə, şagirdlərin 83.2 faizinə birinci növbədə təhsil almaq imkanı yaradılmışdır. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna rolu olmuşdur.
Prezident İlham
Əliyev demişdir: “Həm müəllimlər,
həm valideynlər uşaqları vətənpərvərlik
ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə
bağlı olsunlar, milli
ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən
üstün tutsunlar. Ona görə mən həmişə deyirəm
ki, milli dəyərlərimiz,
mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları
qorumalıyıq, milli ruhumuzu
saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz
üçün əsasdır.” Bununla da Prezident
təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək
azərbaycançılıq ideologiyasının təbliği,
Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin,
milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət,
vətəndaşlıq mövqeyinin
formalaşdırılması, vətənpərvərlik tərbiyəsi
məsələlərini önə çəkmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan
dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər
ötsə də, nəsillər bir-birini
əvəz etsə də, zaman dəyişsə
də Azərbaycan xalqının iftixarı olan
Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən
yollarımızı əbədi məşəl kimi daim
işıqlandırmaqda davam edəcək.
Cavid Əkbərov
İki sahil 2023.- 15 avqust.- S.4.