Kosalar-Qarabağın qaragünlü qəhrəman kəndi
Düşmənin beş irimiqyaslı hücumunu mərdliklə
dəf edən Kosaların işğalı
ermənilər üçün
niyə xüsusi əhəmiyyət daşıyırdı...
Ermənilər ötən əsrin 80-ci illərin sonunda Qərbi Azərbaycandakı
yüzminlərlə soydaşımızın
öz tarixi torpaqlarından zorla qovulması prosesini yekunlaşdırdıqdan sonra
növbə “dənizdən
dənizə böyük
Ermənistan” xülyasının
növbəti mərhələsini
həyata keçirməyə
çatmışdı. Cəzasızlıq,
dəyirmanlarına su
tökən qanlı sovet imperiyası rəhbərlərinin açıq
dəstəyi azğınlaşmış
ermənilərin iştahasını
daha da artırır,
onları onillərdir
gizli hazırladıqları
planlarının icrasına
şirnikləndirirdi. Hədəf
isə Qarabağın
barlı-bərəkətli torpaqları, bu torpaqlarda minillərdir yaşayan dinc azərbaycanlılar idi.
Acı tarixə baxış və ya erməni
“əməkçilərinə” xüsusi qayğı...
1988-ci ilin martında SSRİ rəhbərliyinin, daha dəqiqi İttifaqın ermənipərəst başçısı Mixail Qorbaçovun ermənilərin təsiri və təzyiqi ilə qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” xüsusi qərarı əzəli torpağımız olan Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılması üçün atılmış ilk addım oldu. Heç bir əsası olmayan, qondarma səbəblərlə qəbul edilmiş bu qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verilmiş, külli miqdarda vəsait ayrılmış, vilayətin bir çox məsələlərinin həlli birbaşa İttifaqın nazirlik və qurumlarına həvalə edilmişdi. İctimaiyyətdə belə bir fikir formalaşdırılırdı ki, guya Qarabağda yaşayan ermənilərin iqtisadi-sosial çətinlikləri var və vilayət “əməkçilərinin” narazılıqları da məhz bu səbəblərlə bağlıdır. Halbuki DQMV Azərbaycanın digər reginonları ilə müqayisədə daha dinamik inkişaf etmiş, erməni millətinin nümayəndələrinə təkcə vilayətdə deyil, ölkəmizin digər ərazilərində də çox geniş imkanlar və hüquqlar verilmiş, onlar müxtəlif sahələrdə yüksək vəzifələrlə təmin edilmişdilər. Təkcə onu demək kifayətdir ki, Azərbaycan SSR Ali Sovetinin 29 deputat milliyyətcə erməni idi. Yəni, Azərbaycanda ermənilərin hüquqlarının pozulmasından söhbət belə gedə bilməzdi.
Qarabağı Azərbaycanın tabeliyindən çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə Xüsusi İdarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Fərmanda göstərilirdi ki, DQMV-nin ərazisində yerləşən bütün müəssisələr, idarələr və təşkilatlar, onların filialları və digər struktur bölmələri, Azərbaycan SSR Nazirlər Sovetinin rəyini nəzərə almaqla, SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi məsələlər üzrə komitənin tabeliyinə verilir. Belə bir fərman SSRİ Konstitusiyasına və onun müvafiq maddələrinə açıq-aşkar zidd idi. Çünki həmin Konstitusiyanın 86-cı maddəsində qeyd edilmişdi ki, muxtar respublika və vilayətlər bu və ya digər müttəfiq respublikanın tərkibinə daxildir və ona görə də müvəqqəti və ya həmişəlik onun tabeliyindən çıxarıla bilməz.
Silahlandırma və tərksilah etmə.
Ermənipərəst Arkadi Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarəetmə Komitəsinin (XİK) təşkil edilməsindən sonra Azərbaycan SSR-in bütün dövlət və ictimai orqanlarının Qarabağdakı səlahiyyətləri dayandırıldı. Əslində bu qərar Ermənistan SSR ilə paralel Dağlıq Qarabağda da azərbaycanlıların kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi idi. Çünki mərkəzdən ayrılmış külli miqdarda vəsait hesabına, həmçinin Gorus-Laçın yolu ilə Ermənistandan gətirilən silahlarla ermənilərin gizli şəkildə silahlandırıldığı bir vaxtda A.Volskinin tapşırığı ilə DQMV-nin 55 yaşayış məntəqəsində azərbaycanlıların əllərində olan silahlar, bütün ov tüfəngləri yığıldı. Hadisələrin inkişafının sonrakı mərhələsində məlum olacaqdı ki, azərbaycanlılar müxtəlif üsullarla silahların bir qismini gizlədib saxlaya bilmişdilər.
Volskinin hakimiyyəti dövründə Xankəndi şəhərində yaşayan 12 min azərbaycanlı zorla öz evlərindən qovuldu. Bununla da torpaqlarımızın işğalının praktiki mərhələsinə start verilmiş oldu. Daha sonra SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə cəmi 3 gün ərzində Dağlıq Qarabağın müəssisələri Ermənistanın müvafiq nazirliklərinin və idarələrinin tabeliyinə verildi, vilayətin tərkibində olan beş rayonun partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bayrağı, gerbi, blankı ləğv edildi, partiya komitəsinin Xankəndidəki inzibati binasının üzərində Ermənistanın bayrağı qaldırıldı...
1989-cu il iyunun 13-dən Xüsusi İdarəetmə Komitəsinin birbaşa köməyi ilə azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Volskinin fəaliyyəti dövründə ermənilər tərəfindən Xankəndidə və keçmiş vilayətin digər rayon və kəndlərində yüzlərlə cinayət törədilmiş, dinc, mülki azərbaycanlıların qətlə yetirilməsi faktları artmışdı. Bütün bu faktlar isə təbii ki, ermənipərəst Volski və onun rəhbərlik etdiyi komitə tərəfindən ört-basdır edilir, ermənilərin yeni cinayətlər törətməsinə şərait yaradılırdı...
Müstəqil, ancaq sahibsiz...
1990-cı il yanvarın 20-də imperiya qanlı caynağını Azərbaycanın ürəyinə - Bakıya sancaraq dinc əhaliyə qarşı törətdiyi qırğından sonra ayağa qalxmış xalqın qəzəbi qarşısında geri çəkilməyə məcbur oldu. Həmin il mayın 22-də SSRİ Nazirlər Soveti muxtar vilayətin iqtisadiyyatını idarəetmə hüququnu yenidən Azərbaycana qaytardı. Bu fakt həm də ona görə əhəmiyyətlidir ki, ermənilərin iddia etdiklərinin əksinə olaraq SSRİ dağılanda və Azərbaycan öz müstəqilliyini elan edəndə Dağlıq Qarabağ Muxtar Vilayətinin idarəçiliyi tam olaraq Azərbaycanda idi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyanat qəbul etdikdən sonra müstəqil Azərbaycan Respublikasının qanunu ilə Qarabağın müxtar vilayət statusu da ləğv edildi. Ancaq həmin qanunda nəzərdə tutulduğu kimi, keçmiş vilayətin ərazisində Azərbaycan qanunvericiliyini təmin etmək, silahlı erməni dəstələrinin işğalçılıq fəaliyyətinin qarşısını almaq artıq mümkün deyildi. Necə deyərlər, iş işdən keçmişdi. Üstəlik, səriştəsiz rəhbərlik, qızışmağa başlayan hakimiyyət davası Qarabağı yenə də sahibsiz, dinc, əliyalın azərbaycanlıları isə gündən-günə azğınlaşan erməni faşistləri qarşısında Allahın ümidinə qoymuşdu...
Qarabağın “açarı” Şuşa,
onunsa “açarı” Kosalar...
Artıq Xankəndidə ermənilər tərəfindən keçirilən nümayişlər çoxdan dinc azərbaycanlıların yaşadıqları kəndlərə, şəhərlərə edilən hücumlarla, getdikcə sayı və atış intensivliyi artan raketlərlə, mərmilərlə əvəzlənmişdi. Düşmən yaşayış məntəqələrimizi bir-birinin ardınca ələ keçirir, kütləvi qırğınlar törədir, addım-addım Qarabağın “açarı” olan Şuşaya yaxınlaşırdı. Ancaq alınmaz qala olan Şuşaya girmək elə də asan olmamalı idi. Üstəlik, coğrafi mövqeyinə görə, artileriya və raket hücumları da ciddi uğur qazanmağa kömək edə bilməzdi. Şuşanı ələ keçirməyin ən ağlabatan yolu şəhərlə eyni hündürlükdə yerləşən, yüksəkliklərindən Şuşadakı hədəflərin vurulması asan, bir sözlə, Şuşanın “açarı” olan Azərbaycan kəndini– Kosaları işğal etmək idi. Ermənilər də bu reallığı başa düşürdülər. Odur ki, 1991-ci il dekabrın 15-də Cəmilli, 22-də Meşəli və 29-da Kərkicahan kəndlərinin işğalından sonra Kosalar yarımmühasirə vəziyyətinə düşmüşdü. Bu isə kəndin ələ keçirilməsinin elə də çətin olmayacağı qənaəti yaradırdı. Hər halda, ermənilər belə hesab edirdilər. Ancaq onları Kosalarda böyük sürprizlər gözləyirdi...
(Ardı var)
Mahir Rəsuloğlu
İki sahil.- 2023.- 19 avqust.- S.4.