Qarabağın qaragünlü qəhrəman kəndi – Kosalar
(Əvvəli ötən sayıda)
Vaqif Ağayev: Sevinirik ki, həm Kosaların
və Xocalının,
həm də bütün digər şəhidlərimizin qisası
alınıb
...Ermənilər Xocalının azərbaycanlılar yaşayan kəndlərini ələ keçirmək üçün təxminən eyni taktikadan istifadə edirdilər – mühasirə taktikası. Yaşayış məntəqəsi əsasən gecənin qaranlıq vaxtı hər tərəfdən əhatəyə alınaraq çıxış yoları kəsilir, daha sonra Rusiya ordusuna məxsus zirehli texnikanın da köməyi ilə kənd güclü atəşə tutulur və bütün istiqamətlərdən hücum başlayırdı. 1991-ci il dekabrın 15-də Cəmilli, həmin ayın 22-də Meşəli, 29-da Kərkicahan kəndlərində və nəhayət, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində baş verənlər bir daha təsdiq edirdi ki, ermənilərin məqsədi təkcə torpaqlarımızı işğal etmək deyil, dinc insanlara qarşı kütləvi qırğınlar törətmək, bununla da Qarabağın digər azərbaycanlı əhalisi arasında xof yaradaraq onların öz ata-baba yurdlarını müqavimətsiz tərk etmələrinə nail olmaq idi. Ancaq adı çəkilən kəndlərin işğalı nəticəsində üç istiqamətdən yarımmühasirə vəziyyətinə düşməyinə baxmayaraq Kosalar ermənilər üçün Şuşanın, dolayısı ilə Qarabağın asan “açarı” olmadı. Ancaq artıq kəndin qara günləri başlamışdı...
İçimizdən
çıxın, yoxsa
sizi qıracağıq!
1989-cu il dekabrın 6-da Azərbaycanın Ali Soveti tərəfindən partiya təşkilatının rəhbərlərindən Viktor Polyaniçkonun sədrliyi ilə yaradılmış Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin üzvü, komitə fəaliyyətini dayandırdıqdan sonra isə 1991-ci il avqustun 1-dən Kosalar Ərazi İcraiyyə Komitəsinin sədri olmuş Kosalar kənd sakini Vaqif Ağayevin sözlərinə görə, ermənilər həmin proseslərə uzun illər ərzində gizli şəkildə hazırlaşmışdılar. Kosaların, həmçinin Qarabağın digər azərbaycanlılar yaşayan kənd və şəhərlərinin işğal altına düşməsini şərtləndirən ən mühüm amillərdən biri isə respublika paytaxtında gedən hakimiyyət davası, ölkə rəhbərliyinin öz vətəndaşlarına sahib çıxmaması idi.
Ağayev Vaqif İsa oğlu: Mən 1966-68-ci illərdə tam orta təhsilimi Xankəndidəki 4 saylı məktəbdə almışam. Hələ o vaxtdan Qarabağ erməniləri, həmçinin Ermənistandan gəlmiş daşnaklar gizli şəkildə təşkilatlanaraq Qarabağın Ermənistana birləşdirilməsi üçün iş aparırdılar. Yadımdadır ki, mən orta məktəbdə oxuyanda şəhərin küçələrində erməni dilində vərəqələr yaymışdılar. Həmin vərəqələri apardıq Cəmil adlı müəllimimizə göstərdik. O, erməni dilini yaxşı bilirdi. Oxuyub tərcumə elədi. Vərəqələrdə azərbaycanlılara xəbərdarlıq edilirdi ki, içimizdən çıxın, yoxsa sizi qıracağıq. Elə Xankəndidə 1967-ci ildə üzü Ermənistan istiqamətində qoyulmuş “biz-bizim dağlar” (başqa adı “baba-nənə”) abidəsi də ermənilər üçün Qarabağın Ermənistana birləşdirilməsini simvolizə edirdi.
1969-73-cü illərdə ali təhsilimi də Xankəndidə ermənilərin içində almışam. Onlar bizə açıq şəkildə olmasa da həmisə düşmən münasibəti bəsləyiblər.
Bakıdan 3 kəndin müdafiəsi üçün 3 avtomat...
Ərazi vahidliyinə Kosalardan başqa Cəmilli və Meşəli kəndləri də daxil idi. Ermənilərin hücumları intensivləşdiyi üçün 1991-ci ilin dekabrında kömək istəmək üçün Bakıya getdik. Ancaq əksər dövlət və hökumət qurumlarına, güc strukturlarına – müdafiə və daxili işlər nazirliklərinə çoxsaylı müraciətlərimiz nəticəsiz qaldı. 15 gündən sonra 3 kəndin müdafiəsini təmin etmək üçün cəmi 3 ədəd avtomat ala bildik. Təsəvvür edin, başdan-ayağa silahlanmış, tam təhciz olunmuş ermənilərin hücumunun qarşısına biz yalnız ov tüfəngləri, bir də az sayda avtomatlarla çıxmağa məcbur idik. Ancaq heç bir çətinlik Kosalar əhalisini qorxuda, onların əzmini qıra bilmədi. Uşaqlı-böyüklü, qocalı-cavanlı hamılıqla kəndin müdafiəsinə qalxmışdı. Həmin vaxt Kosalarda cəmi 319 ailə təsərrüfatında 1433 nəfər sakin yaşayırdı. Əhali sayı çox olmasa da özünümüdafiə dəstələri yaratdıq, işğal olunmuş Cəmilli, Meşəli və Kərkicahan istiqamətlərində müdafiə postları qurub növbə ilə keşik çəkməyə başladıq. Məktəbə ibtidai hərbi hazırlıq fənnində istifadə üçün verilmiş təlim avtomatlarını kustar üsulla döyüşə yararlı vəziyyətə gətirdik. Yəni, bütün çətinliklərə baxmayaraq ermənilərin hücumlarının qarşısını alaraq Kosaların işğal edilməsinə imkan vermədik.
Rəhim Qazıyev dedi ki, nə hay-küy
salmısınız, Xocalı
yerindədir...
Kosalar Qırxqız dağının ətəyində yerləşir. Arxamız, belə demək mümkünsə, dağa söykənmişdi, üç tərəfimiz isə düşmən idi. Yeganə çıxış yolumuz olan Kosalar-Mirzələr-Xəlifəli-Şuşa torpaq yolu da həm narahat idi, həm də təhlükəli. Bütün bunlara baxmayaraq biz sona qədər döyüşdük, ermənilərin beş irimiqyaslı hücumunun qarşısını ala bildik. Sonradan müxtəlif vasitələrlə müəyyən qədər silah-sursat əldə edə bilməyimiz, bir də Bakıdan, Şamaxıdan, Gəncədən, Yevlaxdan və digər rayonlardan müvəqqəti kömək üçün gəlmiş milis dəstələri də müdafiə olunmağımıza çox kömək oldu. Elə ilk hücumlardan sonra çoxlu sayda itki verərək geri çəkilən ermənilər başa düşdülər ki, Kosaları işğal etmək elə də asan olmayacaq. Gündəlik postlararası atışmaları saymasaq, 1991-ci ilin dekabrın 29-da, daha sonra 1992-ci il yanvarın 7-8-də, 28-də, martın 29-da və nəhayət mayın 8-i və 9-da baş vermiş şiddətli döyüşlərin hər biri bizim qələbəmizlə, ermənilərin ağır itkiləri ilə nəticələnib. Bu itkilərə görə ermənilər Qarabağda üçgünlük matəm elan ediblər.
Xocalı şəhəri bizim kəndin yüksəkliklərindən görünürdü. Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hər tərəfdən dolu kimi mərmilərin tökülməsinin də, evlərin yandırılmasının da şahidi olmuşuq. Bundan əvvəl ermənilər Cəmilli və Meşəlidə kütləvi qırğınlar törətmək istəyəndə köməyə yetişib mühasirəni yara bilmişdik. Ancaq təəssüf ki, bu dəfə arada yerləşən düşmən qüvvələrinin mövqelərini, erməni kəndlərini keçib Xocalının harayına yetməyə gücümüz çatmadı.
Faciənin səhəri günü mən şəxsən Rəhim Qazıyevlə danışıb baş verənləri bildirində dedi ki, nə hay-küy salmısınız? Xocalı yerindədir, cəmi 2 nəfər şəhid olub. İndi görün ki, həmin vaxtlar kimlər Azərbaycana rəhbərlik edirdilər, nə oyunlar gedirdi?
Son döyüş,
son qələbə, acı nəticə...
Ermənilər Kosalar qarşısında hər məğlubiyyətdən sonra daha da azğınlaşırdılar. Çünki məqsəd nə yolla olursa-olsun əvvəl Kosaları, daha sonra Şuşanı işğal etmək idi. Ancaq tam tərsinə oldu. 1992-ci il may ayının 8-də ermənilərin həm Kosalara, həm də Şuşaya böyük qüvvəylə hücumları başladılar. Qısaca onu deyim ki, günün sonunda biz yenə də qələbə qazanaraq hücumun qarşısını almışdıq və düşmənin itkilərinin sayı-hesabı yox idi. Məhv edilmiş yerli və muzdlu ermənilərin ciblərindən çıxan kağızlarda yazılmışdı ki, “Qan çanağı”na son hücum. Verdikləri itkilərə görə ermənilər Kosaları öz aralarında “Qan çanağı” adlandırırdılar...
Mayın 9-u səhər-səhər məlum oldu ki, Şuşa şəhəri ermənilər tərəfindən ələ keçirilib. Düzü, heç birimiz bu xəbərə inanmaq istəmirdik. Necə ola bilərdi ki, biz kiçik bir qüvvəylə Kosaları müdafiə edə bilirdik, ancaq o cür alınmaz qala olan Şuşa elə ilk irimiqyaslı hücumdaca təslim edilib? Axı son döyüş günü bütün sursatımız, gülləmiz demək olar tamamilə tükənmişdi və biz Şuşadan kömək gözləyirdik. Ancaq nəinki kömək gəlmədi, əksinə Şuşanın işğalı ilə sonuncu çıxış yolumuz da bağlandı. Beləliklə, mayın 9-da ermənilər kəndin Qırxqız tərəfindən də yolumuzu kəsərək bizi mühasirəyə salmasınlar deyə, döyüşə-döyüşə dağlara doğru geri çəkilməyə məcbur olduq. Biz Kosaların başına çatanda artıq kəndin ayağında ermənilər gözümüz baxa-baxa evlərimizə od vururdular...
Çox şükür, qisasımız
alınıb!
O qanlı döyüşlərdə itkilərimiz də az olmadı. Ümumilikdə 17-si mülki insanlar olmaqla 21 kənd sakini şəhid oldu, 4 nəfər girov düşdü. Ancaq Kosalar Qarabağın yeganə kəndlərindəndir ki, azsaylı əhalisinə rəğmən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə biri sağ olmaqla 2 nəfər sakini “Azərbaycanın Milli Qəhrəmanı”, bir nəfəri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, 4 nəfəri isə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Bu gün bizi ən çox sevindirən, bizə təsəlli verən odur ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə sayəsində həm Kosaların və Xocalının, həm də bütün digər şəhidlərimizin qisası alınıb. Rəşadətli Ordumuz alnımızda olan ləkəni təmizlədi və bu gün artıq təkcə erməni dığalarının deyil, hər kəsin qarşısında alnımız açıqdır, qürurluyuq. Bir də hamılıqla əminik ki, Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə və digər işğaldan azad edilmiş torpaqlarımıza qayıtdığımız kimi, Xocalıya, Kosalara qayıdacağımız gün də uzaqda deyil. Biz bu ümidlə, bu əminliklə yaşayırıq!
Mahir Rəsuloğlu
İki sahil.- 2023.- 22 avqust.- S.5.