Azərbaycan zirvəsində
Heydər Əliyev
ucalığı
Tarixi şəxsiyyətləri zaman
yetişdirdiyi kimi, dahilər də əməlləri ilə rəhbərlik
etdikləri xalqın qəlbində, yaddaşında, salnaməsində
əbədi yaşam haqqı qazanırlar. Bu müdriklərin
«müəllifləri olduqları tarixə» müasirləri,
eyni zamanda sonrakı nəsillər qiymət verirlər,
sınaqdan çıxmış təcrübəsini öyrənirlər,
əməllərində yaşadırlar. Talelərinə
yazılmış qeyri- adi istedadları ilə dəyişən
ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri,
cəmiyyətin yenicə formalaşan
qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə
dərk edən bu cür fenomenlər qarşıdakı onillərin
proqnozlarını müəyyənləşdirir, zəkası
ilə xalqını irəliyə aparırlar.
Müdrikliyin əlamətlərini onların qabiliyyətlərinə görə fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə keyfiyyətləri əsasdır. Dünyagörüşünə, hadisələri təhliletmə bacarığına həsəd aparılan müdrik siyasətçi Heydər Əliyevin adının dahilər arasında ilk sıralarda çəkilməsi taleyinə yazılmış əbədi yaşam qismətidir.
Ulu Öndərin liderlik bacarığını ifadə edən «Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir, Siyasi xadimlərin heç də hamısında –nə qədər çox istedadlı olsalar da ,- bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi və və fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Heydər Əliyev , şübhəsiz bu böyük insanların sırasına daxildir» kimi sözlər dünya siyasətçiləri arasında sayılıb-seçilən, həmişə böyük hörmətlə yad olunan Ümummilli Liderin qətiyyətini, məsuliyyətli dövlət başçısı kimi müsbət keyfiyyətlərini əks etdirən epizodlardan yalnız biridir. «Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır» söyləyən Uu Öndər bütün ömrünü xalqına həsr etdi. Respublikaya rəhbərliyinin bütün dövrlərində dəyişilməz amalı, müqəddəs məqsədi, təkrarolunmaz ideyası naminə çalışan, müstəqilliyimizin qarantı kimi, xilaskarlıq missiyasını gerçəkləşdirən Ulu Öndərin həyatının mənası Azərbaycanı qüdrətli dövlət kimi görmək, xalqına övlad kimi sədaqətlə qulluq etmək olub. Buna görə də «Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi » sözləri Ulu Öndərin həyat şəcərəsinin, siyasi fəaliyyətinin ana xəttini təşkil edir. Göstərdiyi xidmətləri Azərbaycanın müstəqilliyi naminə vəfa borcu hesab edən, azərbaycançılıq ideyasını, tarixi yaddaşımızı, xalqın milli məfkurəsini, ruhunu, təfəkkürünü oyadan Ulu Öndərin Azərbaycanda demokratik inkişafın formalaşmasında göstərdiyi xidmətlər də danılmazdır. Bu müdrik şəxsiyyət haqqında söylənilən «Azərbaycan olduqca böyük təbii ehtiyatlara malik bir ölkədir. Bu qədim diyarın ən böyük sərvəti isə Heydər Əliyevdir» Tanrının taleyinə yazdığı ömür payını xalqına həsr etmiş müdrik şəxsiyyətə verilən dəyərdir. Ulu Öndərin liderlik formulunun əvəzedilməzliyini əks etdirən kəlamlar, aforizmlər tanınmış ictimai-siyasi xadimlərin onun xidmətlərinə, siyasətinə verdikləri dəyərdir. Amerika tarixində Vaşinqtona, Hindistanda İndira Qandiyə, Türkiyədə Mustafa Kamal Atatürkə, Fransada Şarl-de Qola xalqlarının yaddaşında əbədi yaşam qisməti nəsib edən Tanrı Azərbaycan xalqına xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndər Heydər Əliyev şəxsiyyətini bəxş etmişdir. Dövlətçilik təcrübəsi, yaranan imkanlarından bacarıqla istifadə etmə qabiliyyətinə görə başqaları tərəfindən qısqanclıqla qarşılanan Ulu Öndərin özünün də etiraf etdiyi kimi, dəfələrlə üzləşdiyi ağır sınaqlardan özünə inamı nəticəsində çıxmışdır. Təkrarçılığı sevməyən, daim yenilik həvəsi ilə gələcəyə baxan, zəmanəsinin korifeylərindən olan müdrik siyasətçi Heydər Əliyevi başqalarından fərqləndirən onun doğma Vətəninə tükənməz bağlılığı idi. Dövlət xadimlərinin hamısına olmasa da, bəzilərinə nəsib olan bu xoşbəxtlik onları insanlara lider kimi sevdirmiş, yaşatmışdır. Liderlik üçün gərəkli olan təşəbbüs vərdişini, fərqli düşüncə tərzini şəxsiyyətində birləşdirən, dahiliyin intellektual keyfiyyətlərinə sahib olan Ulu Öndər ağıl, zəka, təfəkkür, hikmət kimi mənəvi sərvətlərdən zamanında, düşünülümüş şəkildə istifadə etmişdir. Məhz buna görədir ki, keçmiş SSRİ-nin ilk və sonunucu prezidenti , ermənipərəst Mixail Qorbaçov müasirləri arasında fenomenliyi ilə nümunə göstərilən Heydər Əliyevi real rəqibi hesab edirdi. Azərbaycana rəhbərliyinin birinci mərhələsində SSRİ-də ən geridə qalmış respublika olan Azərbaycanı Keçici Qırmızı Bayraqlar diyarına çevirən Ulu Öndər Kremldə işlədiyi müddətdə ən çətin məqamlardan çıxış yolu tapmaq səriştəsi ilə də ətrafında olanları heyrətləndirir, İttifaq səviyyəli, çətin problemlərin düzgün, operativ həllində göstərdiyi qətiyyəti ilə də təkrarolunmaz şəxsiyyət olduğunu təsdiqləyirdi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyən Heydər Əliyevin fenomen istedadı, qabiliyyəti, hadisələri düzgün qiymətləndirmək bacarığı ilə müqayisədə özünün bivecliyinin aşkarlanmasından ehtiyatlanan Qorbaçov Ulu Öndəri Kremldən uzaqlaşdırmaq üçün «erməni kartı»ndan yararlandı.
21 oktyabr 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən azad edilməsi barədəki qərarı özünə qarşı ədalətsizlik adlandıran Ulu Öndər «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin sualına belə cavab verir : « Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir. Hərçənd əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssəlam.»
Moskvada yüksək vəzifədə işlədiyi müddətdə belə xalqının taleyi üçün narahat olan, heç bir təhdid və təzyiqdən qorxmadığını Azərbaycanın inkişafı üçün yaranan fürsətlərdən bacarıqla istifadə etməklə bildirən, 20 yanvar 1990-cı ildə Sovet tanklarının Bakıya girməsini siyasi təcavüz adlandıran Ulu Öndər etirazını Moskvadakı Azərbaycan nümayəndəliyindəki tarixi çıxışı ilə bildirdi, xalqını səbrli təmkinli olmağa çağırdı. «O vaxt çox nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun- sovet diplomat kadrları yetişdirən mərkəzin müəllimi olan oğlu İlham da atasının yanında idi. Bu , görünməmiş bir cəsarət idi və İlham bu addımı atdı. O, özünün vətəndaşlıq borcunu yerinə yetirdi və hər şeyi- işini, cəmiyyətdəki mövqeyini, sosial statusunu itirdi.» «Heydər Əliyev. Tale yollar» kitabından götürülmüş bu sətirlər Əliyevlər ailəsinin taleyinə yaxılmış xalq üçün fədakarlıq salnaməsinin ilk səhifələri idi.
«Heydər Əliyev təkbaşına, özü də Sovet İttifaqının mərkəzində öz haqq səsini ucaltmış, xalqla həmrəyliyini göstərmiş və bu faciəni bütün dünyaya çatdırmışdır» söyləyən Prezident İlham Əliyev o ağır günlərdə xalqla bir olan Ulu Öndərin qətiyyətini qürurla xatırladır. Xalqını sevən müdrik siyasətçi Heydər Əliyevin bu hərəkəti böyük sensasiyaya çevrildi, nitqi videokameralara çəkildi, sürətlə yayıldı. Kremldə də başa düşürdülər ki, nümayəndəlikdəki bu tarixi çıxış böyük şəxsiyyətin siyasətə qayıdışının başlanğıcı ola bilər. Buna görə də Ulu Öndər başqa yerə getmək imkanından məhrum edildi.
Ulu Öndər Heydər Əliyevin yanvarın 19-da, Bakıdakı faciədən bir gün əvvəl Qorbaçovun birdən-birə ona zəng etməsi ilə bağlı xatirələrindən bəzi məqamlar: « 1987-ci ildən sonra ilk dəfə olaraq Qorbaçov mənə zəng etdi. Bizim çox kəskin danışığımız oldu… Qorbaçov dedi ki, Azərbaycanda vəziyyət qarışıqdır və bu qarışıqlıqda sən günahkarsan. Orada sovet hakimiyyətinin yıxılmasında guya mən günahkaram, buna görə də bu hərəkatın qarşısının alınması üçün məhz mən təcili tədbir görməliyəm. O, məni hədələdi ki, əgər mən bunu etməsəm, onlar bilirlər mənimlə nə edəcəklər, onlar onsuz da Azərbaycanda qayda-qanun yaradacaqlar, lakin günahkar mən olacağam. Mən ona çox kəskin cavablar verdim və bildirdim ki, bunlar hamısı iftiradır.»
«İstefa»sından
sonra da Ulu Öndəri rahat buraxmırlar. «Siyasi Bürodan
istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi
ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı,
iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni
olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat
konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir»
demiş, bu məsələ ilə əlaqədar
Qorbaçovu da qızışdırmışdı. Deməli
bu plan hələ əvvəlcədən
hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi
maneə imişəm» sözləri ilə rəqiblərindən
daha səriştəli olduğunu bildirən Ulu Öndər
Heydər Əliyev Azərbaycanı gözləyən təhlükələrdən
xilas etməklə, xalqı arxasınca apara bilmək qabiliyyəti
ilə xiaskarlıq missiyasını yerinə yetirmiş, əbədi
lider olduğunu çoxillik dövlətçilik təcrübəsi
ilə möhürləmişdi.
20 iyul 1990-cı ildə Azərbaycana gələn Ulu Öndər Vətənində «sürprizlərlə» qarşılaşır. Kremlin hər bir əmrinə itaət etməklə milli- mənəvi dəyərlərini itirən respublikanın o dövrdəki kommunist ideologiyasının quluna çevrilmiş rəhbərliyi fərdi təqaüdçü Heydər Əliyevin Azərbaycana gəlişindən təlaşlandı. Bütün Azərbaycan xalqının sevib, hörmət etdiyi bu müdrik dahini qorxutmaq, Bakıdan çıxarmaq üçün onun əlaqə saxladığı dövlət adamlarına qarşı təxribatlar hazırlandı, suş-qəsdlər törədildi. Bu, o zaman idi ki, səbatsız, dövləti idarəetmə təcrübəsi olmayan «rəhbərlərin» düşünülməmiş , ələbaxım siyasəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal olunur, ölkə əhalisi iqtisadi böhrandan əziyyət çəkir, xaos içərisində qalan insanların sabaha ümidi tükənirdi. Ən əsası isə Azərbaycanın varlığı sual altında idi. Belə bir qarışıq, gərgin zamanda hamını bir sual düşündürürdü: Hər an gözlənilən faciələrin qarşısını almaq olarmı? Məhz o zaman insanlar çıxış yolunu müəyyənləşdirdilər: Olar. Əgər hakimiyyət xalqa dəyər verən, Vətənini canından artıq sevən müdrik rəhbərin əlində olsaydı bu cür xaos yaranmazdı. O zəka sahibi isə el ağsaqqalı Heydər Əliyev idi. Xalqın bu seçimini özlərinin məhvi kimi dəyərləndirən «kommunist üsul-idarəsinin» başbilənləri hər cür çirkin əməllərə əl atdılar. Lakin uzaqgörən siyasətçi Heydər Əliyev elə parlaq bir varlığa sahib idi ki, ona heç bir ləkə yapışmazdı. Beləcə iki gün Bakıda qalan, iyul ayının 22-də Naxçıvana gələn Ulu Öndəri 100 mindən artıq həmyerlisi xilaskar kimi qarşıladı. Görüşdə həmyerlilərinə müraciət edən Ulu Öndərin nitqi tarixi dönüşün zəfər çağırışı idi. «Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» söyləyən, Vətənini canından artıq sevən Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasına xalqının xeyir-duası ilə başladı.
Doğma yurdunda el ağsaqqalı, sonra deputat, nəhayət Naxçıvan MR Ali Məclisinin Sədri kimi ən vacib problemlərin əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin Naxçıvanda həyata keçirdiyi islahatların hər biri özlüyündə Azərbaycanın gələcək inkişafı üçün təməl idi.
17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına ağsaqqal deputat kimi sədrlik edən Heydər Əliyev müstəqilliyin ən çətin yollarını dövlətçilik məharəti ilə müəyyənləşdirdi. Həmin sessiyada «Naxçıvan MSSR»nin adından «sovet, sosialist»» sözlərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərarın qəbulu müdriklik, cəsarət tələb edirdi. Ulu Öndər Naxçıvanda olarkən 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə təşəbbüsü, bununla bağlı qərarın qəbuli ilə diaspor təşkilatının təməlini qoydu. O dövrdə Ulu Öndərin tarixi xidmətlərindən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, İran və Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi oldu. Hər iki qonşu dövlətdən Naxçıvana ərzaq , sənaye malları, ən başlıcası isə enerji verildi. «Ümid körpüsü» salındı. Naxçıvanda hava limanı, Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı. Ulu Öndər bazar iqtisadiyyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasətini həyata keçirdi. SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş motoatıcı diviziyanın Naxçıvanın ərazisindən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu.
O illərdə görülən işləri müstəqilliyimizin təməli adlandıran Prezident İlham Əliyevin sözləri daha xarakterikdir: « Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.» Muxtar Respublikanın Ali Məclisinin Sədri kimi antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn Ulu Öndər Heydər Əliyev növbəti dəfə Azərbaycanın müstəqilliyini qorudu,əbədiləşdirdi. 1993-cü ilin iyunun 9-da parçalanmaqda olan ölkəni daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən qorumaq üçün xalqın tələbi ilə Bakıya qayıdan Ümummilli Lider daha mühüm xidmətlər göstərdi. Bu gün Azərbaycanın dünyada qüdrətli dövlət kimi tanınması Ulu Öndərin ideyalarının reallaşması deməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya , böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasının başlanğıcı oldu. O ideyalar , bu gün Onun varisi, siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. 2003-cü ildə keçirilən prezident seçkilərində ona göstərilən etimadı tarixi şəxsiyyət Heydər Əliyevə ümumxalq ehtiramı kimi qiymətləndirən, torpaqlamızı Ermənistanın işğalından azad etməklə Azərbaycanı əbədi qaliblər ölkəsi kimi tanıdan dövlət başçımız Şuşada, Xankəndidə… dalğalandırdığı bayraqları bu irsə sadiqlik nümunəsi adlandırır: «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!»
Xuraman İsmayılqızı
İki sahil.- 2023.- 7 dekabr, ¹224.- S.6.