Stalinin 1947-ci il deportasiya
qərarından 76 il ötür
«Ermənistan
SSR-dən kolxozçuların və başqa azərbaycanlı
əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına
köçürülməsi haqqında» 4083 saylı qərar
ilə 150 min azərbaycanlı ağır şərtlər
altında öz dədə-baba torpaqlarını tərk etmək
məcburiyyətində qaldı
II
Dünya müharibəsi dövründə Mikoyan başda
olmaqla erməni daşnaq liderləri «böyük Ermənistan»
xülyalarını reallaşdırmaq uğrunda
ikibaşlı fəaliyyət göstərmişlər. Bir tərəfdən
onlar Hitlerin qələbə çalacağına inanıb
ona Cənubi Qafqazdan iki dövlətin - erməni və
gürcü dövlətlərinin qurulmasını təklif
etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək
istəyirdilər. Digər tərəfdən isə qələbə
Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin
Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına
birləşdirilməsi planını cızırdılar. Hər
iki halda azərbaycanlıların Cənubi Qafqazdan Orta Asiyaya və
Sibirə deportasiyasına cəhdlər edilirdi. Sonrakı
planın ilk addımı müttəfiqlərin Tehran
konfransında (28.11-01.12.1943) özünü büruzə
verdi. Ermənilər konfransda xaricdəki ermənilərin
Sovet Ermənistanına köçürülməsi
razılığına nail oldular. Məqsəd Türkiyədən
torpaq qoparmaq və Ermənistandakı azərbaycanlıları
xarici ermənilərin Sovet Ermənistanına
köçü ilə əlaqədar deportasiya etmək idi. Məqsədin
birinciliyinə nail olmaq üçün ermənilər Sovet
hökumətinə təsir göstərdilər. Sovet
hökuməti Türkiyə Respublikasına nota verib (1945)
yuxarıda adı qeyd edilən ərazini (26,4 kv.km.) və
boğazlara nəzarəti tələb etdi. Bu vəziyyətdə
az qala Sovet İttifaqı və Türkiyə arasında III
Dünya müharibəsi təhlükəsi yaranacaqdı.
Böyük təhlükəni görən Stalin tələbindən
imtina etdi. Beləliklə, ermənilərin bu məqsədi də
puça çıxdı. Türkiyədən torpaq qoparmaq
müşkül məsələyə çevrildikdən
sonra ermənilər Sovet Azərbaycanının üstünə
düşdülər. 1945-ci ilin noyabrında Ermənistan KP
MK katibi Q.Arutyunov İ.Stalinə məktubunda Qarabağın
Ermənistan SSR-ə verilməsini xahiş etdi. Stalin həmin
məktubu K.M.Malenkovun üstünə, Malenkov isə öz
növbəsində Azərbaycan rəhbərliyinə göndərdi.
Mircəfər Bağırov məktuba cavabında bildirdi ki,
Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə
ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan
MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla
həmsərhəd olan və tarixən Azərbaycanın
ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur,
Göyçə, Borçalı, Dərbənd və sair) də
onun özünə qaytarılsın. Bununla da emənilərin
növbəti cəhdi də puç oldu.
Qarabağın
Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa
çıxdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan
hökumətinin vəsatətini əsas götürərək
SSRİ hökuməti xaricdə yaşayan ermənilərin
Sovet Ermənistanına köçürülməsi
işinin təşkili haqqında qərar verdi. İlk təbliğatın
nəticəsində 130 min erməninin Ermənistana
köçürülməsi müəyyən edildi.
Köçə xarici erməni təşkilatları
(«Hnçaq», «Ramkavar» partiyaları, Ümumerməni Xeyriyyə
İttifaqı) 1 milyon dollar pul xərclədilər. İlk
axında 90 mindən artıq erməni (1946-cı ildə 50,9
min, 1947-ci ildə 35,4 min) gəldi. Sovet Ermənistanında
hökumət onların yerləşdirilməsini siyasi məqsəd
üçün gecikdirirdi. Onlar həftələrlə dəmiryol
stansiyalarında qalırdılar. Bəhanə edirdilər ki,
köçkünləri yerləşdirmək
üçün şərait yoxdur. Ermənistan hökuməti
çıxış yolunu azərbaycanlıların kütləvi
köçürülməsində tapdı. Moskva isə erməni
avantürasına rəvac verdi. Həmin dövrdə
SSRİ-də “xalqlar atası” ləqəbini daşıyan, əsl
həqiqətdə isə Türk xalqlarının cəlladı
olan İosif Stalin SSRİ Nazirlər Soveti adından 23 dekabr
1947-ci ildə «Ermənistan SSR-dən kolxozçuların və
başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin
Kür-Araz ovalığına köçürülməsi
haqqında» 4083 saylı qərar qəbul etdi.
SSRİ
Nazirlər Sovetinin yuxarıdakı qərarına
aydınlıq gətirmək üçün 10 mart 1948-ci ildə
yenidən ikinci qərar verildi. Çünki əvvəlki qərarda
giriş və izahat yox idi. Lakin həm SSRİ hökumətinin,
həm də Azərbaycan hökumətinin qərarları
qeyri-obyektiv olaraq, real həqiqət və şəraitə
uyğun gəlmirdi. 1947-ci il 23 dekabr tarixli qərarda göstərilirdi
ki, 1948-1950-ci illərdə «könüllülük» prinsipi əsasında
Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər
azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülsün. Bu qərarlarda
Ermənistanda yaşayan azərbaycanlıların guya
könüllülük əsasında
köçürülməsi xüsusi qeyd olunsa da, əslində,
bu, gözdən pərdə asmaq üçün idi. Xüsusilə
strateji məntəqələrdə adamlar
köçürülməyə Stalin dövrünə xas qəddarlıqla
məcbur edilirdilər. Belə məntəqələr
sırasına şəhər və şəhərətrafı,
dəmiryol stansiyalarına yaxın, magistral avtomobil
yollarının üstündəki yaşayış məntəqələri
daxil idilər. 1918-1920-ci illərdə erməni
daşnaklarına qarşı mübarizliyi ilə fərqlənən
azərbaycanlı bölgələri ilkin olaraq ermənilərin
qara siyahılarına düşmüşdü. Təsadüfi
deyil ki, bütün Ermənistanda ermənilər 1948-ci il
köçürülməsinə məhz Vedibasar
mahalından – mahalın dağlıq hissəsi olan
Qarabağlar rayonundan başladılar və kəndlərində
Abbasqulu bəyin silahdaşlarının böyük bir hissəsinin
yaşadığı Qarabağlar rayonu bütünlüklə
ləğv edildi, kəndlər yer üzündən silindi. Bu
faciəni 1948-1953-ci illərdə Qərbi Azərbaycandan
köçürülmüş bütün bölgələrimiz
və bütün soydaşlarımız yaşadı.
Bu
deportasiya son iki əsrdə Qərbi Azərbaycandan əhalinin
soyqırımı və deportasiyası üzrə VII
(1828,1856,1878,1905-1907,1918-1920,1937-1938,1948-1953) idi. Deportasiya 3 il
– 1948-1950-ci illər üçün nəzərdə
tutulmuşdu, lakin 5 il davam etdi, 100 min
soydaşımızın köçürülməsi nəzərdə
tutulmuşdu, lakin 150 min azərbaycanlı bu deportasiyanın
qurbanı oldu. Bundan sonra isə erməni millətçiləri
öz havadarlarının köməyi ilə Azərbaycan
xalqına qarşı kəskin mənəvi təcavüz
kampaniyasına başladılar. Azərbaycan kəndlərinin
tarixi adları kütləvi şəkildə dəyişdirildi,
toponimika tarixində misli görünməyən hadisə - qədim
toponimlərin müasir erməni adları ilə əvəzolunma
prosesi baş verdi.
1988-1989-cu
illərdə azərbaycanlıların tarixi-etnik
torpaqlarından-indiki Ermənistandan növbəti
deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı
qaçqın düşdü. Bu hadisəyə, o cümlədən
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
cəhdlərinə Azərbaycan xalqının etirazı ona
qarşı 1990-cı ilin yanvarında Sovet
qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın
digər şəhər və rayonlarında kütləvi
qırğınlara səbəb olub. Təəssüf ki, uzun
illər çar Rusiyasının və SSRİ-nin
avantürist siyasəti sayəsində ermənilərin Qərbi
Azərbaycan türklərinə qarşı tətbiq etdikləri
9 deportasiya və soyqırım siyasəti öz siyasi qiymətini
dünya miqyasında hədə də ala bilməmişdir.
Sevinc Azadi
İki sahil.- 2023.- 22 dekabr, ¹235.- S.8.