GÖRKƏMLİ ALİM, ELM FƏDAİSİ, BÖYÜK
USTAD
MƏŞƏDİXANIM
NEMƏT - 100
2024-cü
il yanvar ayının 5-də Azərbaycan tarix elminin
tanınmış nümayəndələrindən biri,
görkəmli alim, nəcib insan, ustadım Məşədixanım
Sədulla qızı Nemətin anadan olmasının 100 ili
tamam olur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım
Sədulla qızı Nemət Azərbaycanın orta əsrlər
dövrü tarix və mədəniyyətinin müsəlman
epiqrafikası abidələrinin məlumatları əsasında
tədqiqi və təbliği sahəsində çox
böyük xidmətləri olan görkəmli və fədakar
alim olmuşdur.
Azərbaycan epiqrafika elminin ən görkəmli nümayəndəsi, həyatının
60 ildən artıq bir dövrünü Azərbaycanın,
bütövlükdə Cənubi Qafqazın müsəlman
epiqrafikası abidələrinin tədqiqinə həsr edən
Məşədixanım Nemət yaşadığı və
fəaliyyət göstərdiyi dövrdə məşğul
olduğu sahə
üzrə elmin yüksək zirvəsinə qalxa bilmiş,
öz tədqiqatları ilə nəinki Azərbaycanda,
bütövlükdə keçmiş İttifaqda, hətta
dünyada tanınmış bir alimə çevrilmişdir.
Yetirməsi, onu yaxından tanıyan və
yardıcılığına bələd olan bir şəxs
kimi deyə bilərəm ki, Məşədixanım Nemətin
adı çəkiləndə ilk növbədə nəzərimizdə
Azərbaycan Epiqrafika elmini sistemli şəklə salan və
yaradan bir elm fədaisi, görkəmli alim, zəhmətkeş
tədqiqatçı, müqəddəs ana,
qayğıkeş və nəvazişkar nənə canlanır.
Məşədixanım Nemət çox çətin,
ancaq zəngin bir həyat yolu keçmişdir. 1924-cü ildə
Bakının II Zabrat kəndində dünyaya göz
açmış Məşədixanım Nemət uşaq
vaxtlarından valideynlərini itirməsi səbəbindən
böyük çətinliklərlə üzləşməsinə
baxmayaraq təhsilini dayandırmamış, 1941-ci ildə orta
məktəbi bitirmişdir. Bütün çətinliklərə
baxmayaraq ali təhsil almaq istəyən gənc Məşədixanım Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nin) filologiya fakültəsinə daxil
olmuş, sonradan görkəmli alim və pedaqoq Mir Cəlal
Paşayevin köməkliyi ilə yeni açılan şərqşünaslıq
ixtisasına köçürülmüşdür. 1948-ci ildə
həmin ixtisası bitirmişdir. Bundan sonra Məşədixanım
Nemət həyatını elmə həsr etmək qərarına
gəlmiş, buna görə də Azərbaycan SSR Elmlər
Akademiyasının Tarix İnstitutunun aspiranturasına daxil
olmuşdur. Bununla da, bəzi vaxtlarda Azərbaycan Dövlət
Universitetində (indiki BDU-da) Epiqrafika fənnini tədris etməsi
istisna olmaqla həyatını tamamilə Elmlər
Akademiyası ilə bağlamışdır. Məşədixanım Nemət
namizədlik dissertasiyası mövzusu üçün
Şirvanın epiqrafik abidələrini tədqiqat obyekti kimi
seçmişdir. Beləliklə, Bakı mühitində
böyüyən gənc qız tariximizin çox çətin
və nadir sahələrindən, həm də islam dini ilə
sıx bağlı olduğu üçün sovet
ideoloqları tərəfindən heç də xoş qarşılanmayan
bir mövzu ilə – Azərbaycanın müsəlman
epiqrafikası abidələrinin tədqiqi ilə məşğul
olmağa başlamışdır.
Kitabələr əsasən açıq
havada olduqları üçün təbii
qüvvələrin təsirinə daha çox məruz qalaraq
aşındığından qalan sözlərə əsasən
kitabələrin mətnlərini bərpa etmək, müxtəlif
vasitələrdən istifadə edərək oxumaq da tədqiqatçının
bacarığından çox asılıdır. Müsahibələrinin
birində epiqraf-alimin işinin çətinliklərindən
bəhs edən alim qeyd edirdi ki, “daş kitabələri
oxumağa gedən tədqiqatçı əvvəlcə həmin
yerlərin tarixini, islam fəlsəfəsini, təriqətləri,
mədəniyyəti, sənətşünaslıq tarixini,
incəsənəti, tətbiqi sənəti dərindən
bilməlidir. Başqa cür heç zaman daş kitabələr
ona öz sirlərini açmaz”.
Bütün bu çətinliklərə
baxmayaraq nəinki Azərbaycanın, həmçinin
vaxtilə Azərbaycana məxsus olan, ancaq XX yüzilliyin əvvəllərində
qondarma erməni dövləti yaratmaq üçün Sovet
hakimiyyəti tərəfindən ermənilərə hədiyyə
edilən ərazilərdə, həmçinin Gürcüstan
Respublikasında, Dağıstan Respublikasında qalan müsəlman
epiqrafikası abidələrinin tədqiqi ilə məşğul
olmuş, bu sahədə çox ciddi tədqiqatlara və nəşrlərə
imza atmışdır. Onun bu yerlərdə, xüsusilə Qərbi
Azərbaycan ərazisində tədqiq etdiyi kitabələrin nəşr
olunduğu əsərlər çox böyük tarixi əhəmiyyətə
malikdir.
Sovet hakimiyyəti illərində
digər respublikaların ərazisində
tədqiqatlar aparmaq üçün respublikalar arasında
razılıq əldə olunmalı idi. Dövrün tələblərinə
uyğun olaraq bu iş çox şətin idi. Bəzi qüvvələr Azərbaycan
alimlərinə bilərəkdən bu sahədə çətinliklər
tğrədirdilər. Ona gğrə də, Məşədixanım
Nemət Gürcüstanda və Rusiyada (Dərbənddə) tədqiqatlar
aparmaq üşün tanışlıqlarından istifadə
edərək gizli yolla tədqiqatlar aparmışdı. Ermənistanda
isə vəziyyət başqa cür olmuşdu. Məşədixanım
müəllimə minnətdarlıqla xatırlayırdı
ki, həmin vaxt akademik Yusif Məmmədəliyev Ermənistan
SSR EA-nın prezidenti Ambarsumyanla aralarında olan dostluq
münasibətlərindən istifadə edərək hər
iki tərəfdə ekspedisiya yaradaraq erməni alimlərinin
Azərbaycanda, Azərbaycan alimlərinin isə Qərbi Azərbaycanda
tədqiqatlar aparmasına razılıq almışdı.
Bundan istifadə edərək Məşədixanım müəllimə
1961-ci ildə Qərbi Azərbaycanın bir sıra yerlərində
mğvcud olan kitabələri tədqiq edə bilmişdi. Alim
tədqiqatlarının nəticələrini nəşr
etdirdikdən sonra erməni alimləri sanki yuxudan
ayılmış, buna kəskin etiraz etmişdilər. Onlar Məşədixanım
Nemətin əleyhinə silsilə yazılar nəşr etdirsələr
də, artıq gec idi. Ox yaydan çıxmış, kitabələrin
qeydə alındığı torpaqların kimə məxsus
olması haqqında həqiqətlər elmi dövriyyəyə
daxil edilmiş və beynəlxalq elmi ictimaiyyətə
çatdırılmışdı.
Şübhəsiz ki, alimin əldə
etdiyi uğurlar heç də birdən-birə, göydəndüşmə
əldə olunmamışdı. Aspiranturanı bitirdikdən
sonra, Şirvanın XIV-XV əsrlər tarixinin epiqrafik abidələr
əsasında tədqiqinə həsr etdiyi namizədlik
dissertasiyasını 1954-cü ildə müdafiə edən Məşədixanım
Nemət, 1968-ci ildə epiqrafik abidələr və onların
Azərbaycanın XIV-XIX əsrlər sosial-iqtisadi tarixinin
öyrənilməsində əhəmiyyətinə həsr
etdiyi doktorluq dissertasiyasını uğurla müdafiə
etmişdi. Mənalı ömür yolunun böyük bir hissəsini
müsəlman epiqrafikası abidələrinin tədqiqinə
həsr edən alim dünyada tanınan və qəbul edilən
tədqiqatçıya çevrilmişdi. Təsadüfi
deyildir ki, Sovet Epiqrafika elminin banilərindən və ən
görkəmli nümayəndələrindən biri olan V.A.Kraçkovskaya 1976-cı ildə Moskvada nəşr
olunan “Sovet tarix ensiklopediyası”nın
16-cı cildində dünyda
müsəlman epiqrafikası
ilə məşğul olan ən məşhur
bir neçə alim ilə birlikdə Məşədixanım
Nemətin də haqqında məlumat vermişdi.
Azərbaycanın müxtəlif yerlərində,
həmçinin tarixi Azərbaycan
torpaqlarında tədqiq etdiyi kitabələrin köməyi ilə
Məşədixanım Nemət müsəlman Şərqində
VIII yüzillikdən etibarən təşəkkül tapan və
Azərbaycanın bir sıra yerlərində də fəaliyyət
göstərən müxtəlif sufi təriqətlərinə
mənsub xanəgahların fəaliyyətini təhlil
etmişdir. Alimin qənaətincə Azərbaycanda XII-XIX
yüzilliklərdə Qələndəriyyə, Bektaşiyyə,
Nəqşibəndiyyə, Xəlvətiyyə, Səfəviyyə
və s. sufi cəmiyyətlərinə məxsus xanəgahlar
fəaliyyət göstərmiş, böyük təsir
gücünə malik olduqlarından onlar dövrün
ictimai-siyasi və mədəni həyatında mühüm rol
oynamışlar. Həmçinin alim tərəfindən bu
xanəgahlara, zaviyələrə, ribatlara rəhbərlik edən
çoxlu sayda şeyxlərin adı müəyyənləşdirilmişdir.
Məşədixanım müəllimə
Azərbaycan ərazisində
zəmanəmizədək gəlib çatan İslam dini ilə
bağlı ziyarətgahlarla əlaqədar tədqiqatlar aparan
çox görkəmli alimdir. Onun
elmi yaradıcılığında ölkə ərazisində
əhali tərəfindən hörmətlə ziyarət edilən
ziyarətgah-pirlərin tədqiqi xüsusi yer tutur.
Müşahidələrimizə əsasən deyə bilərik
ki, zəvvarlar bəzən ziyarət etdikləri pirin
haqqında ətraflı məlumata malik olmur, ziyarət olunan
obyektin mahiyyətini bilmir, ziyarətlərini kor-koranə, ənənəyə
uyğun olaraq həyata keçirilər. Azərbaycan ərazisindəki
ziyarətgahların əksəriyyətini tədqiq edən və
kitabələri əsasında onların əsl mahiyyətini
açan, bu səbəbdən də onlar haqqında zəngin
biliyə və məlumata malik olan Məşədixanım
Nemət ateist dövlət olan Sovet hakimiyyəti illərində
dövrün tələblərinə uyğun olaraq həmin
ziyarətgahların əsl mahiyyətini aça və xalqa
çatdıra bilməmişdi. Ona görə də, o, Azərbaycan
müstəqilliyini bərpa etdikdən az sonra, uzun illərdən
bəri arzusunda olduğu işi həyata keçirdi və
1992-ci ildə “Azərbaycanda pirlər” kitabını nəşr
etdirdi.
Keçmiş İttifaqda, bütövlükdə
dünyada müsəlman epiqrafikası
üzrə tanınmış bir neçə görkəmli
alimdən biri olan Məşədixanım Nemət bir sıra
xarici ölkələrdə, o cümlədən qonşu
ölkələrdə şox məşhur idi. O, İran
İslam Respublikasının paytaxtı Tehran şəhərində
1991-ci ildə keçirilən kitab sərgisində müxtəlif
vaxtlarda nəşr olunan kitabları ilə iştirak
etmişdi. 2011-ci ildə Türkiyə Respublikasının
Qars şəhərində keçirilən “Qazi Qars
şehrengizi” simpoziumuna qatılmış və orada türk-islam
mədəniyyətinə xidmətlərinə görə
mükafatlandırılmşdı.
Tədqiqatları və insani keyfiyyətləri ilə Azərbaycan
xalqının sevimlisinə çevrilən görkəmli
alim Məşədixanım
Neməti Ümummilli Lider Heydər Əliyev də şəxsən
tanıyırdı və onun elmi fəaliyyətini yüksək
qiymətləndirirdi. Məhz bunun nəticəsi idi ki,
Naxçıvan Muxtar Respublikasının 75 illiyi ilə əlaqədar
yaradılmış Dövlət Komissiyasının
iclasında və AMEA Naxçıvan Bölməsinin
yaradılması münasibəti ilə 12 avqust 2002-ci ildə
Naxçıvan Muxtar Respublikası Ali Məclisində
keçirilən, mənim də iştirak etdiyim
müşavirədə Ulu Öndər ona söz vermiş və
çıxışını dinləmişdi.
Müşavirədə alimin xahişinə cavab olaraq
Ümummilli Liderin verdiyi tapşırığa əsasən Məşədixanım
müəllimənin uzun illərdən bəri nəşrini
gerçəkləşdirmək arzusunda olduğu “Azərbaycanın
epiqrafik abidələri korpusu”nun qalan cildləri qısa
müddətdə işıq üzü gördü.
Burada qeyd etmək istərdim ki, alim 1961-ci ildə Ermənistanın müxtəlif yerlərində
tədqiq etdiyi 30-dan artıq kitabənin mətnini, rus dilinə
tərcüməsini və foto şəkillərini Korpusun
Naxçıvan Muxtar Respublikasının epiqrafik abidələrinə
həsr olunmuş III cildinə daxil etmişdir. Həmin kitabələr
erməni vandalları tərəfindən məhv edildiyi
üçün Məşədixanım müəllimənin
tədqiqatları onlar haqqında məlumat verən yeganə
mənbələr kimi çox qiymətlidirlər. Alim 1961-ci
ildə Qərbi Azərbaycanın müxtəlif yerlərində
tədqiq etdiyi həmin kitabələrin, o cümlədən
Dərələyəz mahalındakı Ələyəz
dağının Səlim aşırımında XIV əsrdə
inşa olunmuş karvansaranın,
İrəvan şəhəri yaxınlığında
yerləşən Cəfərabad kəndindəki XV əsrə
aid Pir Hüseyn türbəsinin, Qarakilsə (indiki Sisiyan)
rayonunun Urud kənd qəbiristanlığında öyrəndiyi
XV-XVI əsrlərə aid qəbirüstü xatirə abidələri
üzərində həkk edilən və onlarla digər kitabələrin
təkzibolunmaz məlumatları əsasında məlum həqiqətləri,
indiki Ermənistan Respublikasının yerləşdiyi ərazilərin
ermənilərlə heç bir əlaqəsi
olmadığını, onların qədim və tarixi Azərbaycan
torpaqları olduğunu bir daha sübuta yetirdi.
Məşədixanım Nemət elmi fəaliyyəti
dövründə 2500-dən artıq müsəlman
epiqrafikası abidəsini qeydə almış, foto-şəklini
çəkmiş, mətnlərini oxumuş, Azərbaycan və
rus dillərinə tərcümə etmiş,
estamplarını işləmiş, kalkaya
köçürmüşdür. Onun tədqiqatlarının
nəticələri öz əksini müxtəlif illərdə
nəşr etdirdiyi 12 kitab və monoqrafiyada, 200-dən
artıq məqalədə, xüsusilə 6 cildlik “Azərbaycan
epiqrafik abidələri korpusu”nda tapmışdır. Bu əsərlərdə
özünə yer alan epiqrafik abidələrin böyük əksəriyyəti
alimin özü tərəfindən aşkar olunaraq tədqiq olunmuş
və ilk dəfə elmi dövriyyəyə daxil
edilmişdir.
Görkəmli alim M.Nemət elmdə qazandığı böyük
uğurlara görə 2001-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir.
Onun əməyi Azərbaycan dövləti tərəfindən
layiqincə qiymətləndirilmişdir. Azərbaycanda epiqrafik
irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə
görə görkəmli alim Məşədixanım Nemət
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 4 may 2009-cu ildə imzaladığı Sərəncama
əsasən “Şöhrət” ordeni ilə təltif
olunmuşdur.
Məşədixanım müəllimə
elmi fəaliyyətlə
yanaşı ədəbi yaradıcılıqla da məşğul
olur, ”Hicran” təxəllüsü ilə
şeirlər də yazırdı.
Azərbaycan tarix elminin cəfakeş və fədakar nümayəndəsi,
apardığı elmi tədqiqatları həyatının mənası
hesab edən görkəmli alim Məşədixanım Nemət
26 dekabr 2016-cı ildə bu fani dünyaya “əlvida” dedi və
əbədiyyətə, axirət dünyasına köç
etdi.
Məşədixanım müəllimə
özündən sonra
çox böyük bir elmi irs buraxdı, özünün
dediyi kimi əsrlərin daş yaddaşında izi və
sözü qaldı. Tam əminliklə demək olar ki,
çox zəngin elmi irsi onu
tarixdə yaşadacaqdır. Dünyaya göz
açmasının 100 ili tamam olan görkəmli alim, müəllimim,
ustadım Məşədixanım
Nemət haqqında fikrimi bir məzar kitabəsinin sözləri
ilə bitirmək istərdim: İsmi pakın həmişə
yad edəlim, Ruhunu fatihəylə şad edəlim!
Ruhun şad olsun, ustad!
Hacıfəxrəddin
Səfərli,
AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru,
professor
İki sahil.- 2023.- 29 dekabr, ¹240.- S.7.