Milli və dövlətçilik
maraqlarına
bağlılıq gəncliyimizin
amalıdır
2 fevral - Gənclər
Günüdür
Yeni nəslin
inkişaf strategiyası: Elm, innovasiya, beynəlmiləlləşmə
və sosiallaşma prinsiplərinin vəhdəti
Gələcəyimizin
etibarlı qarantı olan Azərbaycan gənclərinə
inamını «Mənim üçün ən əziz nemət
Azərbaycanın uşaqlarıdır, Azərbaycan gəncləridir.
Çünki Azərbaycan Prezidenti kimi mən bu gün
haqqında yox, Azərbaycanın böyük gələcəyi
haqqında düşünürəm. Azərbaycan gələcəyi
də Azərbaycanın gənclərindən və
uşaqlarından asılıdır» sözləri ilə ifadə
edən ulu öndər Heydər Əliyev 1993-cü ildə
xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra gənclər siyasətini müasir tələblər
baxımından, yeni keyfiyyətlə inkişaf etdirdi.
Vətəndaş cəmiyyətinin təkmilləşməsində, siyasi, iqtisadi isahatların, Dövlət proqramlarının həyata keçirilməsində, gəncliyin enerjisinə böyük ehtiyac yarandı. Gənclərin təşkilatlanma prosesinin təməli qoyuldu. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətləri kimi diqqətdə saxlanıldı, cəmiyyətin bütün sahələrində yeni nəslin nümayəndələrinin ən məsul vəzifələrdə çalışmasına geniş imkanlar yaradıldı.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda ümummilli lider Heydər Əliyev gənclər qarşısında çox mühüm vəzifələr qoydu. 1997-ci ildə dövlət başçısı kimi Ulu Öndərin imzaladığı Sərəncamla hər ilin 2 fevral tarixi ölkədə Gənclər Günü kimi qeyd olunur. Gənclər Fondunun yaradılması, respublikada ilk dəfə olaraq «Gənclər üçün Prezident Mükafatı”»nın təsis edilməsi, «Azərbaycan Gənclərinin İnkişaf Strategiyası»nın təsdiqlənməsi yeni nəslin nümayəndələrini daha da ruhlandırdı. Ötən il fevralın 2-də Bakıda Gənclər Gününün 25 illiyinə həsr olunmuş Forumunda respublika iqtisadiyyatının bütün sahələrində aparıcı qüvvə kimi etimadı doğruldan, böyük nailiyyətlər qazanan gəncliyin fəaliyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev müstəqilliyimizin ən çətin dövrlərində ölkə iqtisadiyyatının bütün sahələrində fədakarlıq göstərən gənclərimizin xidmətlərini bu sözləri ilə dəyərləndirib: «Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni, hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.»
Tarixi hadisələr də göstərdi ki, müstəqil, qüdrətli , azad ölkədə yaşayan, ölkədə çoxluq təşkil edən gənclərimiz gələcək həyatlarını düzgün müəyyənləşdirməklə, dövlətimizə, xalqımıza layiq kadrlar kimi onlara göstərilən etimadı doğruldurlar. Bilikli, yüksək hazırlıqlı kadrlar kimi müasir dövrün tələblərinə uyğun, yenilikçilik ruhu ilə çalışan, dünyada baş verən yenilikləri qabaqcıl təcrübə kimi öyrənən, tətbiq edən gənclərimizin milli, vətənpərvərlik ruhunda tərbiyəsi də daim diqqətdə saxlanılır. İkinci Qarabağ müharibəsində qazandığımız Qələbəmizin əsas qəhrəmanlarının gənclər olması xalqımızda müstəqilliyimizin, gələcəyimizin etibarlı əllərdə olması əminliyini yaratdı. «Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq» söyləyən Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf strategiyasını da müəyyənləşdirir: «Təhsil, elm, innovasiya, beynəlmiləlləşmə və sosiallaşma prinsiplərinin vəhdəti»
İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatmasında ürəyi Vətənə məhəbbətlə dolu gənclərin rəşadətini, döyüş bacarığını, hərbi hazırlığını yüksək qiymətləndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, milli və dövlətçilik maraqlarına bağlılıq Azərbaycan gəncliyinin başlıca amalıdır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərimizin baş qəhrəmanı olan əsgərlərimiz onlara etibar olunan missiyanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərəflə yerinə yetirdilər.
Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbçilərimiz torpaqlarımızı Ermənistanın işğalından azad etməklə əsl vətənpərvərlik nümunəsi göstərdilər. Şəhidlik zirvəsinə yüksəlməklə Azərbaycan xalqının mənəvi zənginliyini, torpağa, Vətənə bağlılığının müqəddəsliyini bütün dünyaya bəyan etdilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən keçilməz sədləri yararaq düşmənə ağır zərbələr vuran zabitlərimiz və əsgərlərimiz bütün dünyaya Vətəni sevmək müqəddəsliyinin əvəzedilməz olduğunu göstərdilər. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsindəki döyüş təcrübəsinin dünyanın ən tanınmış hərbi məktəblərində öyrənilməsi tarixi nailiyyətimiz olmaqla ölümsüzlük dastanı yazan, şəhidlik zirvəsinə ucalan gənclərimizin bayrağımıza, Vətənimizə bağlılıq nümunəsidir. Xalqımıza baş ucalığı gətirən, milli ləyaqətimizi əks etdirən, varlığımıza sahiblik ənənəsini davam etdirən gənclərimizin Qələbəyə inamının bir çağırışı, hədəfi vardı: Vətənpərvərlik!
Təkcə Şuşa uğrunda gedən döyüşlərdə əliyalın, yüngül silahlarla sıldırım qayalara dırmaşan, əlbəyaxa döyüşlərdə misli görünməyən tarix yazan, Qarabağı görməyən gənclərin belə torpaq , yurd , milli ləyaqət uğrunda ölümə getmələri qayalarda daşlaşan hərbçilərimizin cəsarəti, rəşadəti Vətəni qorumaq istəyindən qaynaqlanırdı. «Ona görə Şuşanın azad edilməsi, müharibənin ilk günlərindən bizim əsas vəzifələrimizdən biri idi. Sadəcə olaraq, mən bunu dilə gətirə bilmirdim. Çoxsaylı müsahibələrimdə çalışırdım ki, bu sualdan yayınım. Amma bir neçə dəfə artıq birbaşa sual verildiyi üçün demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olar. Hər halda maksimum nə deyə bilərdim, o idi» söyləyən Ali Baş Komandan İlham Əliyev Ermənistana qalib gələn Azərbaycanın adının yüksəklərə qaldırılmasında ölümə belə hazır olduqlarını şəhidlik adları ilə sübut edən, mümkün olmayanı reallığa çevirən gənclərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarını torpağa bağlılığın nümunəsi adlandırır. Bütün dünya bir həqiqətin şahidi oldu: Qətiyyət, düşmənə qarşı amansız olmaq, haqq-ədalət, Qələbə uğrunda vuruşmada şəhid olmaq Azərbaycan gəncliyinin simasında əbədiləşir.
Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş Azərbaycan gəncliyi üçün Vətənə bağlılıq, milli mənsubiyyəti ilə qürur duymaq, vətəndaşlığı, dövlət maraqlarını hər şeydən üstün tutmaq, qlobal hədəflərə cavab vermək bacarığı gündəlik həyat amalına çevrilib.
Ölkəmizdə və respublikamızdan kənarlarda keçirilən idman yarışlarında, möhtəşəm olimpiadalarda üçrəngli bayrağımızı birincilik pilləsinə qaldıran, yaradıcılıq uğurları, təcrübələri beynəlxalq elmi konfranslarda, simpoziumlarda yüksək dəyərləndirilən gənclərimizin uğurlarının hər biri Azərbaycanın qüdrətli dövlət kimi dünyaya təqdimatıdır.
Xankəndi-Laçın yolunda aksiya keçirməklə Qarabağ bölgəsində xalqımıza məxsus təbii sərvətlərimizin qanunsuz istismarına etirazlarını sivil qaydada bildirən ekofəallar, könüllülərin çətin hava şəraitində belə məqsədləri naminə göstərdikləri qətiyyət Azərbaycan gəncliyinin yaşam tərzi olan yenilməzlik, vətənpərvərlik ruhunun nümunəsidir.
Çalışdıqları sahələrdə əməlləri, fədakarlıqları ilə fərqlənən gənclərimizin əməyi, xidmətləri həmişə yüksək dəyərləndirilmişdir. Ölkəmizdə aparılan kadr islahatlarının icrasında gənclərimizin bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şərait həm də gələcəyimizə etibarlı qarantdır. « Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi , sevməlidir, dilimizi sevməlidir,dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir» sözləri ilə gənclərdə böyük və müqəddəs məfhum olan vətənpərvərlik ruhunun insanın formalaşmasındakı rolunu diqqətə çatdıran Prezident İlham Əliyev mənəviyyatı ən qiymətli sərvət adlandırır və tövsiyələrini də bildirir: «Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun.» Xarici ölkələrin ən tanınmış ali məktəblərində təhsil alan, təcrübəli kadr kimi respublikamıza dönən, Azərbaycanın tərəqqisi naminə çalışan gənclərimizin bəşəri dəyərləri milli- mənəvi sərvətlərimizə sadiqlik baxımından yiyələnmələri bu tövsiyələrin yerinə yetirilməsi deməkdir.
Xuraman
İsmayılqızı
İki sahil.- 2023.- 2 fevral.- S.3.